Qubadlı rayonu – Azərbaycan Respublikasında inzibati rayon. 1933-cü ildə təşkil edilmişdir. Kiçik Qafqazın cənub-qərbində yerləşir. Qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Sahəsi 800 km2, əhalisi 35.7 min nəfərdir (01.01.2006). Mərkəzi Qubadlı şəhəridir. Rayona Qubadlı şəhəri və Gödəklər, Əliquluuşağı, Sarıyataq, Xanlıq, Qayalı, Ləpəheyranlı, Abdalanlı, Dondarlı, Diləli Müskənlı, Saray, Mirlər, Dəmirçilər, Poladlı, Fərcan, Göyyal, Hərtis, Zor, Aşağı Xocamusaqlı, Yuxarı Xocamusaqlı, Mehrili, Hal, Qəzyan, Məmər, Mollalı, Ballıqaya, Cərəli, Boyunəgər, Saldaş, Qaralar, Kavdadıq, Hüseynuşağı, Ulaşlı, Altınca, Əbilcə, Tatar, Qaraqoyunlu, Qiyaslı, Zilanlı, Kürd Mahrızlı, Seləli, Mahrızlı, Alaqurşaq, Muğanlı, Həmzəli, Çaytumas, Əfəndilər, Yusifbəyli, Xocahan, Tinli, Qılıcan, Yuxarı Mollu, Aşağı Mollu, Mollabürhan, Xocik, Mərdanlı, Balasoltanlı, Padar, Qaramanlı, Qaracallı, Qarağac, Qarakişilər, Başarat, Milanlı, Hat, Deşdahat, Armudlu, Çardaqlı, Tarovlu, Xələc, Əyin, Göyərçik, Bəxtiyarlı, Göyər Abbas, Cılfır, Seytas, Novlu, Gürcülü, Dovudlu, Qədirli, Məzrə, Eyvazlı, Teymur Müskanlı, Balahəsənli, Xıdırlı, Aşağı Cibikli, Yuxarı Cibikli, Xəliloba, Muradxanlı, Həkəri, İşıqlı, Xəndək, Məlikəhmədli, Qundanlı, Mahmudlu kəndləri daxildir. Səthi, əsasən, dağlıqdır. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayları arası) burada 450 m-ədək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılmışdır. Əqiq və inşaal materialları yatağı var. İqlimi, əsasən, mülayim isti quru subtropikdir. Orta temperatur yanvarda -4°C-dən l°C-yədək, iyulda 14- 26°C-dir. İllik yağıntı 400-600 mm-dir. Çayları Bazarçay, Həkəri və onların qollarıdır. Əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Heyvanları: canavar, tülkü, boz dovşan, süleysin, oxlu kirpi, müxtəlif qumsiçanı və s. Quşları: boz kəklik, turac, qırqovul, göyərçin və s. Qubadlı yasaqlığı rayonun ərazisindədir. Qubadlı kənd təsərrüfatı rayonudur. Əsas təsərrüfatı tütünçülük, taxılçılıq, üzümçülük, baramaçılıq və heyvandarlıqdır. Rayonda, həmçinin yağ-pendir, asfalt, beton, cihazqayırma, çörək zavodları, quşçuluq fabriki, daş karxanası, mərmər sexi və s. var. Rayonda 38 ümumtəhsil məktəbi, kitabxana, klub, 4 xəstəxana və s. var. Rayon ərazisində memarlıq abidələrindən mağara-ibadətgah (4 əsr), qalalar (5 əsr), türbələr (14 -17 əsr), məscid (19 əsr). körpü (1867) və s. qeydə alınmışdır. 31 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur. Azərbaycan Milli Ensiklopediyası.25 cilddə, “Azərbaycan” cildi, Bakı,2007, s.865
QUBADLININ öLMƏZ OĞULLARINDAN BİRİ-Kazımağa Möhsün oğlu Kərimov
Yarımçıq qalmış jurnalist ömrü
| |
Azərbaycanın ilk Milli qəhrəmanlarından olan Kazımağa Möhsün oğlu Kərimov 1 sentyabr 1951-ci ildə Qubadlı rayonunun Sarıyataq kəndində, ziyalı ailəsində anadan olub. Kazımağa ailənin səkkiz oğul övladından biri idi. Atası Möhsün müəllimin və anası Səmər xanımın ən ümdə arzusu övladlarını düzgün tərbiyələndirmək, onları xalqına, milllətinə layiqli övladlar olaraq böyütmək olub. Çətin də olsa, Möhsün müəllim və Səmər xanım övladlarının təhsili ilə bağlı arzularına çatmış, onların hər birinin istədikləri peşənin arxasınca getməsi üçün lazımi şərait yaratmışdılar. Ailənin yeddinci övladı olan Kazımağa digər qardaşları kimi orta məktəbi doğulub boya-başa çatdığı Qubadlıda bitirdikdən sonra ali təhsil almaq qərarına gəlir və bu arzu onu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə gətirir. Kazımağa beş il müddətində təhsil aldığı universitetin bütün ictimai işlərində fəal iştirak edir və dövri mətbuatda tez-tez qələmini sınayırdı. Sevərək arxasınca getdiyi peşəsində püxtələşsin, yazılarında oxşarlıq olmasın, quru sözçülükdən uzaq olsun deyə çalışan Kazımağanın həmin zamanlar ağlına belə, gəlməzdi ki, nə vaxtsa qələmini silahla əvəz edəcək. Çünki Kazımağa son dərəcə peşəsinə bağlı bir insan idi. Görünür, bu da onun taleyinə yazılmış bir qismət, bir alın yazısı imiş. Kazımağa xarakter etibarı ilə də fərqli bir insan idi. İlk baxışdan nə qədər zəhmli görünsə də, daxilən çox səmimi, mehriban və heç zaman heç kimsədən köməyini əsirgəməyən bir insan idi. İkiüzlülükdən, riyakarlıqdan çox-çox uzaq olan bu insan ən xırda haqsızlığa, ədalətsizliyə belə, dözə bilmir və həmin an öz haqq səsini ucaldırdı. Onu həmyaşıdlarından fərqləndirən əsas xüsusiyyət isə onun son dərəcə uzaqgörən olması, ətrafda cərəyan edən hadisələri özünəməxsus şəkildə analiz edərək düzgün qərarlar çıxarması idi. Kazımağanın bu xarakteri, tələbəlik illərində onun müəllimi olmuş Bakı Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi, yazıçı-publisist Qulu Xəlilovun onunla bağlı söylədiyi və qələmə aldığı xatirələrində də öz əksini tapmışdı. Yazıçı Kazımağada olan bu xarakteri onun adında olan “ağa” sözü ilə uyğunlaşdırıb və bu sözün sanki onun xarakterinə yansıdığını dəfələrlə öz fikirlərində, yazılarında vurğulayıb. Universiteti bitirdikdən sonra Kazımağa sevib-seçdiyi peşəsinin arxasınca gedərək bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışıb. 1988-ci ildə doğma Vətəninin üzərini qara buludlar aldığı bir zamanda, heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da bir Azərbaycan övladı olaraq bu torpaqların müdafiəsinə qalxmağa borclu olduğunu hiss etdi. Evini, ailəsini və hər zaman uca tutduğu peşəsini arxada qoyaraq cəbhə bölgəsinə yollandı. Yalnız Kazımağanın döyüş yolu doğulub boya-başa çatdığı doğma Qubadlıdan deyil, Goranbaydan keçdi. Goranbay rayonunda yaradılan könüllü özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olunan Kazımağa baş leytenant rütbəsi altında doğma torpaqlarımızın müdafiəsinə qalxdı. Döyüş yolu Goranboydan keçən Kazımağa doğma Qubadlını da unutmadı. Qubadlıda yaranan III özünümüdafiə batalyonun formalaşmasında yaxından iştirak etdi. Kazımağa yeni yaradılan batalyonun silah-sursat, hərbi texnika ilə təmin edilməsi üçün əlindən gələni əsirgəmədi. Hərbi geyim Kazımağanın boy-buxununa nə qədər yaraşsa da, o, xasiyyətcə hərbçilikdən çox uzaq bir insan idi. Nəinki onu tanıyanların, heç onun özünün də ağlına belə, gəlməzdi ki, ömründə qarışqa tapdalamayan bir insan nə vaxtsa əlinə silah alacaq, nişan alıb adam öldürəcək. Əgər erməni quldurlarını adam adlandırmaq mümkünsə!... Ancaq onu da qeyd etmək lazımdır ki, Kazımağada Vətənə, torpağa qarşı olan məhəbbət təsadüfi deyildi. Çünki o, hələ XIX əsrin ikinci yarısında indiki Sankt-Peterburq şəhərində ali hərbi məktəbi bitirmiş və 1918-1920-ci illərdə Ermənistan-Azərbaycan müharibəsi zamanı doğma torpaqlarımızın müdafiəsinə qalxmış Zəngəzur Mahalının tanınmış bəylərindən olan İsmayıl bəyin nəvəsidir. Kazımağa döyüşə atıldığı ilk gündən etibarən bir çox hərbi əməliyyatlarda iştirak edib. Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tapqaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə komandanlıq edən Kazımağa üçün bu döyüşlər sanki bir sınaq olsa da, bu sınaqdan alnı açıq çıxıb. Bu uğurlarla kifayətlənməyən Kazımağa komandanlıq etdiyi batalyonu yeni bir əməliyyata hazırlayır. Bu əməliyyat planı düşmən tapdağı altında olan keçmiş Şamuyankənd rayonunun azad olunması olur. Yalnız bu əməliyyat Kazımağanın iştirak etdiyi sonuncu əməliyyat olur. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda komandir Kazımağa Kərimov ağır yaralanır. Komandirin ağır yaralanmasını görən əsgər və zabitlərdə ruh düşkünlüyünün yarandığını hiss edən Kazımağa yenidən döyüşü davam etdirmək əmri verir. Elə həmin tarix Şamuyankənd rayonunun azad olması günü kimi Azərbaycan tarixinə həkk olur. Aldığı yaranın ağır olmasına baxmayaraq, əməliyyatın sonunadək iştirak edən Kazımağa əməliyyat bitdikdən sonra Bakı şəhərində yerləşən hərbi hospitala çatdırılır. Ayağından yaralanan Kazımağa doğmalarının onun ayağını itirəcəyindən qorxduqlarını hiss edərək, həmin an belə özünü itirmədən əllərini havaya qaldıraraq, yaxşı ki, yazan əlim var deyir. Lakin Kazımağanın bir ayağını itirəcəyi qorxusu ilə yaşayan insanların heç ağlına belə, gəlməzdi ki, onu bütünlüklə itirəcəklər. Çünki o insanların heç biri bu fikri bir anlıq da olsa belə, qəbul edə bilmir, “dağ boyda” bir insanın ayağından aldığı yara ilə dünyasını dəyişəcəyini güman belə, etmirdilər. Ancaq amansız ölüm Kazımağanı sevənlərə onsuz necə yaşayacaqlarını da öyrətdi. Kazımağa 15 iyun 1992-ci ildə, ömrünün 41-ci baharında gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucaldı. Kazımağa Kərimova ölümündən bir həftə sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi. Bu ada layiq görülən Kazımağa ilk jurnalist idi ki, belə bir fəxri ada layiq görülürdü. Eyni zamanda Kazımağa Kərimovun adının əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində adına küçə verildi. Goranboy rayonunda büstü qoyuldu. Qubadlı rayon Balasoltanlı kənd orta məktəbi və Goranboy rayon Qızılhacılı kənd Mədəniyyət evi onun adını daşıyır. Son dəfə Bakı şəhərində tələbə yoldaşları və qələm dostları ilə görüşən Kazımağa onlara yaxın zamanlarda Qarabağ müharibəsində dönüşün təməlinin məhz Goranboy cəbhəsində qoyulacağını söyləyir və düşmən tapdağı altında olan bütün torpaqlarımız azad olduqdan sonra qələmini yenidən əlinə alacağına, onlarla çiyin-çiyinə çalışacağına dair söz verir. Yoldaşları ilə sağollaşan Kazımağa növbəti dəfə Bakıya iyun ayının 16-da gələcəyini söyləyir və görüş yerini Şəhidlər xiyabanı deyə verir. Həmin tarixdə Kazımağa ilə görüşmək üçün Şəhidlər xiyabanına gələn yoldaşları gözləmədikləri bir mənzərə ilə rastlaşırlar. Çünki gələn Kazımağanın özü deyil, cansız bədəni idi. Kazımağa bu dəfə onu sevənlərin çiynində son mənzilə yola salınırdı. Kazımağanın vaxtsız ölümü ilə nəinki onun doğmaları, eləcə də tələbə yoldaşları, qələm dostları da barışa bilmirlər. Zaman-zaman dövri mətbuatda Kazımağa ilə bağlı xatirələrini bölüşən onun tələbə yoldaşları, qələm dostlarına rast gəlinir. Bu, Kazımağanın ölümündən illər keçsə də, onun xatirələrdə hələ də yaşadığını göstərir. Kazımağa xarakterinə, düşüncəsinə yaxından bələd olan bir insan olaraq qeyd etmək istəyirəm ki, bu gün onun ruhu şad deyil. Cünki, canını Vətən yolunda, torpaq yolunda qurban verən Kazımağanın doğulub boya-başa çatdığı doğma Qubadlısı düşmən tapdağındadır. Kazımağanın və onun kimi doğma torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda canlarını qurban verən Azərbaycanın mərd oğul və qızlarının ruhları yalnız düşmən tapdağında olan torpaqlarımız azad olduqdan sonra şad olacaq. Bu gün bizlər nə qədər də ruhunuz şad olsun desək belə. Mən əminəm ki, o gün uzaqda deyil. Öz doğma övladlarının isti nəfəslərinə həsrət qalan torpaqlar yaxın gələcəkdə düşmən tapdağından azad ediləcək. Məhz həmin gün bizlər desək də, deməsək də, doğma torpaqlarımız uğrunda şəhid olmuş Vətən övladlarının ruhları şad olacaq! Şəfəq XANLARQIZI | |
Комментариев нет:
Отправить комментарий