Erməni yalanları
Erməni millətçiləri XIX əsrin sonlarında – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Qnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratmaqla, “Böyük Ermənistan” dövləti qurmaq iddialarını ortalığa qoydular. XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında qarşıya qoyduğu “Böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün öz fəaliyyətlərini genişləndirmiş, bu məqsədlə öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma ata – baba ocaqlarından qovmaqla kütləvi surətdə etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başlamışlar.
Osmanlı dövləti beynəlxalq güc mərkəzinin təzyiqi altında ağır günlərini yaşayarkən, daha bir zərbəni ölkədə yaşayan ermənilərdən almışdı. Əli silah tutan bütün ermənilər düşmən tərəfə keçərək türklərə arxadan zərbə vurmağa başlamışdılar. Ona görə də dövlət həmin erməniləri ölkənin elə yerlərinə köçürmüşdü ki, orada xarici qüvvələrlə əməkdaşlıq etmək mümkün olmasın. Təbii ki, həmin köçürmələr zamanı bir neçə yüz erməni xəstələnmiş və ya ölmüşdür. Sonra erməni siyasətçiləri (bəli, tarixçilər yox, məhz siyasətçilər – red.) bütün dünyanın başını ağrıtmağa başlamışlar ki, guya, Osmanlıda milyonlarla erməni öldürülüb. Halbuki həmin illərdə bütün regionda öldürüldüyü söylənilənlərin sayı qədər erməni yox idi. Bunu tarixçilər və tədqiqatçılar dönə-dönə sübut ediblər. Yəni, bütün soyqırımı vay-şivənləri azərbaycanlıların başına gətirilənlərin ört – basdır edilməsi məqsədini daşıyırdı.
Tarixi faktlar ondan ibarətdir ki, azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilmişdir. Soyqırımı nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir.
Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən erməni millətçiləri şovinist hərəkətlərindən əl çəkməyərək, 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Bundan sonra isə həmin ərazilərdə tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər. Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyunun 7-də muxtar vilayət statusu verildi ki, bu da Sovet Rusiyasının himayəsi və iştirakı ilə həyata keçirildi. Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu.
XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin xaricdəki himayədarlarının dəstəyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün “aşkarlıq və demokratiyadan” istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırımı və təcavüzə məruz qoydu. Bununla yanaşı, 250 min azərbaycanlı tarixən yaşadığı torpaqlardan – Ermənistandan zorakılıqla deportasiya olunmuşdur.
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur. Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Ümumiyyətlə, ermənilər tarix boyu həmişə məqam gözləyiblər. Əllərinə düşən fürsətdən istifadə edərək zaman-zaman azərbaycanlılara qarşı dəhşətli qətliam və terror aktları törətmiş, sonra isə özlərini məzlum, əzilən millət kimi göstərərək, guya, türklər tərəfindən soyqırımına məruz qaldıqları barədə cəfəng iddialarla dünyanı gəzib-dolaşır, ictimai fikri çaşdırırlar.
Bunun əsas səbələrindən biri, daha dəqiq desək, Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların hələ də göz yummaları və ikili mövqe nümayiş etdirmələridir. Azərbaycan torpaqlarının işğalı faktı beynəlxalq təşkilatlar tərəfindən lazımı formada müdafiə edilmir. Dünya birliyi, həmçinin beynəlxalq qurumlar təcavüzkar Ermənistana lazımı formada sanksiyalar və təzyiqlər göstərmirlər. Belə ikili yanaşmanın nəticəsidir ki, bu gün beynəlxalq hüquq işləmir, iflic vəziyyətinə düşüb. Bu da Azərbaycan kimi neçə-neçə suveren, müstəqil dövlətlərin ərazilərinin təcavüzkarlar tərəfindən işğal edilməsinə gətirib çıxarıb. Bəzi beynəlxalq təşkilatlar bu cür hallara quru bəyanatlar verməklə seyrçi mövqe sərgiləyir və bununla da öz işlərini bitmiş hesab edirlər. İşğalçılıq siyasətinə son qoyulması ilə əlaqədar qəbul olunan qətnamələr isə icra olunmamış qalır. Elə buna görə də ermənilərin müxtəlif qondarma iddialarla çıxış etmələri, soyqırımına məruz qalmaları barədə vay-şüvən salmaları beynəlxalq hüququn bərbad vəziyyətdə olmasından xəbər verir.
Hazırda ermənilər qondarma soyqırımına məruz qalmalarının 100 illiyinə hazırlaşırlar. Hətta Eçmiədzinin partnyorluğu altında təcavüzkar ölkənin baş yepiskopu və dünya erməniləri bu günlərdə İrəvanda qondarma erməni soyqırımının 100 illiyi ilə əlaqədar tədbir də keçirib. Həmin tədbirdə əsas məqsəd qondarma erməni soyqırımında, guya qətlə yetirilmiş 1,5 milyon ermənini əziz (müqəddəs) elan etməkdir.
Əliqismət BƏDƏLOV
Комментариев нет:
Отправить комментарий