Сəbгауıl rayonu – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Cənub və cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049,8 km2, əhalisi 66,4 min nəfərdir (01.01.2006). Mərkəzi Cəbrayıl şəhəridir.
Rayona Cəbrayıl şəhəri, Qumlaq, Xələfli qəsəbələri və Yarəhmədli, Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, İmambağı, Horovlu, Çapand, Safarşa, Çərəkən, Papı, Əfəndilər, Balyand, Qaracallı, Doşulu, Süleymanlı, Daşkəsən, Qışlaq, Quycaq, Şəybəy, Nüzgar, Şahvəlli, Niyazqullar, Tinli, Qovşudlu, Hacı İsaqlı, Qoşabulaq, Şükürbəyli, Şıxalıağalı, Mahmudlu, Fuğanlı, Dəcəl, Əmirvarlı, Sarıcalı, Məzrə, Yuxarı Məzrə, Soltanlı, Yanarxac, Alıkeyxalı, Maşanlı, Həsənli, Mehdili, Çaxırlı, Minbaşılı, Sədi, Ağtəpə, Kavdar, Mirək, Hüseynallar, Hacılı, Tulus, Dağ Tumas, Qaraağac, Sofulu, Çələbilər, Dağ Maşanlı, Qazanzəmi, Söyüdlü, Aşağı Maralyan, Yuxarı Maralyan, Karxulu, Cəfərabad, İsaqlı, Qalacıq, Hovuslu, Sirik, Aşağı Sirik, Şıxlar, Mollahəsənli, Əsgərxanlı, Xələfli, Qərər, Kürdlər, Nüsüs, Tatar, Qumlaq, Məstalıbəyli, Xudafərin, Göyərçin Veysəlli, Böyük Mərcanlı, Çocuq Mərcanlı, Yuxarı Mərcanlı, Xanağabulaq, Çullu, Dərzili, Daş Veysəlli, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Quşçular, Həsənqayalı kəndləri daxildir.
Səthi, əsasən, maili düzənlik (İncəçöl, Gəyan çölü), şimalda alçaq dağlıqdır (Qarabağ silsiləsinin cənub-şərq ətəkləri). Dağlıq hissədə Tabaşir, düzənlik hissədə Neogen və Antropogen çöküntüləri yayılmışdır. İqlimi yayı quraq keçən mülayim istidir. Orta temperatur yanvarda 0-2°C, iyulda 24-25°C-dir. İllik yağıntı 400-500 mm-dir. Çayları (İncəçay, Çaxmaqçay və s.) qısa və müvəqqəti axarlıdır, İran İslam Respublikası ilə sərhədindən Araz çayı axır. Dağ-şabalıdı, şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Yarımsəhra, dağ-kserofit bitki örtüyü üstündür. Heyvanları: canavar, tülkü, süleysin, çölsiçanı və s.
İqtisadiyyatında üzümçülük, heyvandarlıq və taxılçılıq əsas yer tutur.
Rayonda 60 ümumtəhsil məktəbi, 3 musiqi məktəbi, 19 klub müəssisəsi, 31 kitabxana, 8 xəstəxana, 11 həkim və 52 feldşer-mama məntəqəsi var.
Rayon ərazisində çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri (qədim yaşayış məskənləri, kurqanlar, məscid, hamam, dairəvi və səkkizguşəli türbələr, Xudafərin körpüsü və s.) var.
23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur.
Azərbaycan Milli Ensiklopediyası.25 cilddə, “Azərbaycan” cildi, Bakı,2007, s.854
Комментариев нет:
Отправить комментарий