Ağdam rayonu – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının cənub-qərbindədir. Sahəsi 1150 km2, əhalisi 167,3 min nəfərdir (01.01.2006). Mərkəzi Ağdam şəhəridir.
Rayona Ağdam şəhəri və Şotlanlı, Şurabad Umudlu, Qasımlı, Qurdlar, Şelli, Poladlı, Şıxbabalı, Muğanlı, Papravənd, Qarapirimli, Qullar, Qaradağlı, Gülablı, Abdal, Novruzlu, Kəngərli, Şirvanlı, Qaraqaşlı, Yusifcanlı, Göytəpə, Cəvahirli, Kosalılar, Abdınlı, Sırxavənd, Qaraşlar, Boşirlər, Məlikli, Baş Güneypəyə, Yeni Qaralar, Xatınbəyli, Sarıcalı, Dadaşlı, Həsənxanlı, Kökəltmə Birliyi, Qazançı, Açarlı, Qarazeynallı, Orta Güneypəyə, Ballıqaya, Quzanlı, İmamqulubəyli, Çullu, Eyvazlı, Üçoğlan, Alıbəyli, Kiçikli, Ballar, Baharlı, Ortaqışlaq, Böyükboyli, Qarabağlı, Rzalar, Evoğlu, Zəngişalı, Mahrızlı, Əfətli, Hacıməmmədli, İsalar, Küdürlü, Hacıturalı, Qəhrəmanbəyli, Məmmədbağırlı, Çəmənli, Şükürağalı, Xındırıstan, Sarıçoban, Paşabəyli, Baharı, Bəybabalar, Baş Qərvənd, Orta Qərvənd, Ayaq Qərvənd, Çıraqlı, Əhmədağalı, Mirəşəlli, Kolqışlaq, Yusifli, Kəbləhüseyinli, Birinci Yüzbaşılı, İkinci Yüzbaşılı, Seyidli, Sarıhacılı, Bozpapaqlar, Qiyaslı, Keştazlı, Ətyeməzli, Əlimədətli, Əliağalı, Qalayçılar, Xaçındərbətli, Mollalar, Kürdlər, Cinli, Maqsudlu, Eyvazxanbəyli, Şişpapaqlar, Tərnöyüt, Talışlar, Çullu, Təpəməhlə, Şahbulaq, Tükəzbanlı, Salahsəmədlər, Xıdırlı, Əhmədavar, Çuxurməhlə, Güllücə, İlxıçılar, Suma, Tağıbəyli, Boyəhmədli, Qızıl Kəngərli, Salahlı Kəngərli, Sofulu, Bağbanlar, Saybalı, İsmayılbəyli, Muğanlı, Pirzadlı, Şıxlar, Nəmirli, Təzəkənd, Manıklı, Mərzili kəndləri daxildir.
Ağdam rayonunun relyefi, əsasən, düzənlik, qismən dağlıqdır. Düzənlik hissədə Antropogen və Neogen, dağlıq hissədə isə Tabaşir və Yura çöküntüləri yayılmışdır. Əhəngdaşı və s. tikinti materialı (sement xammalı, çınqıl, qum) yataqları vardır. İqlimi, əsasən, mülayim isti, quru subtropikdir. Orta temperatur yanvarda -0,2°C-dən l,8°C-yədək, iyulda isə 23°C-dən 26°C-yədəkdir. İllik yağıntı 300-550 mm-dir. Rayonun ərazisindən Xaçın və Qarqar çayları axır. Şabalıdı və açıq şabalıdı, dağ tünd şabalıdı və qəhvəyi dag-meşə torpaqları yayılmışdır. Bitkiləri, əsasən, kol, quru çöl və yarımsəhra (ağot, yovşan, qarağan və s.) tiplidir.
Heyvanları: çaqqal, canavar, tülkü və s. Quşları: kəklik, turac və s. Gəmiricilər çoxdur.
Ağdam rayonunda taxılçılıq, üzümçülük, pambıqçılıq, heyvandarlıq və baramaçılıq inkişaf etmişdir.
Rayonda 148 ümumtəhsil məktəbi, orta ixtisas musiqi məktəbi, 24 klub, dram teatrı, muğam məktəbi, çörək muzeyi, şəkil qalereyası, tarix-diyarşünaslıq muzeyi. Qurban Pirimovun ev muzeyi, 69 səhiyyə müəssisəsi var.
Xaçındorbotli kəndindəki Qutlu Musa oğlu türbəsi (1314) və Kəngərli kəndindəki türbə (14 əsr) rayonun qədim memarlıq abidələridir. Papravənd kəndində 18 əsrə aid 2 türbə, məscid və s. var.
23 iyul 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur.
Azərbaycan Milli Ensiklopediyası.25 cilddə, “Azərbaycan” cildi, Bakı,2007, s.851
Комментариев нет:
Отправить комментарий