воскресенье, 27 июля 2014 г.

Qarabağ qeneral-qubernatorluğu dövründə Erməni Milli şurasının separatçılıq fəaliyyəti

ermeni dovleti tehlil shura Qarabağ qeneral qubernatorluğu dövründə Erməni Milli şurasının separatçılıq fəaliyyəti
1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonra yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bir çox ağır və kəskin problemlərlə qarşılaşdı. Yeni yaranmış hökümət ilk dövrlərdə yalnız mərkəzdə öz dövlətçiliyini möhkəmləndirməyə imkan tapdığından və bir sıra regionlarla hərtərəfli əlaqələr saxlamağın qeyri-mümkünlüyü, kifayət qədər hərbi qüvvəyə malik olmadığından, Qarabağ və Zəngəzur bögələrində erməni separatçılığının qarşısını almaqda çətinlik çəkirdi. Nəticədə həmin bölgələrdə yaşayan ermənilərin separatçılıq meylləri daşnak təbliğatının qüvvətlənməsi nəticəsində daha məqsədəyğun xarakter almış, onlar təcrid olunmağa və özlərinin xüsusi inzibati vahidlərini yaratmaq istiqamətində fəal işə başlamışdılar.
Belə ki, 1918- ci ilin iyulun 22-də çağırılmış Qarabağ ermənilərinin I qurultayı bölgənin ermənilər yaşayan dağlıq hissəsini müstəqil siyasi –inzibati vahid elan etmiş və öz hökümətlərinin yaradılmasını bəyan etmişdilər. Arxiv sənədlərindən məlum olduğu kimi, ümumlikdə, 1918-ci il iyul ayından 1920-ci ilin aprelinə kimi erməni separatçıları Qarabağda doqquz qurultaylarını keçirmişdilər. İkinci qurultaydan etibarən (1918-ci il 15 sentyabr) erməni separatçılarının yaratdıqları hökümət «Erməni Milli şurası» adlanmağa başlayır.
Erməni Milli şurasının Azərbaycan höküməti əleyhinə fəaliyyətinin yeni mərhələsi 1919-cı ilin yanvarında, Qarabağ –qeneral qubernatorluğunun yaradılması və fəaliyyət dövrünə təsədüf edir. Azərbaycan hökümətinin ölkənin ərazi bütövlüyünün qorunub saxlanması məqsədilə 1919-cı ilin yanvarın 15-də Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğunun yaradılması xüsusi olaraq qeyd olunmalıdır. Əslində, bununla çar Rusiyası dövründə onun tərkibində olan və müxtəlif inzibati bölgülər nəticəsində tarixi inzibati-siyasi mənasını itirmiş «Qarabağ» anlayışı, AXC dövründə (1918-1920) əvvəlki mənasını yenidən özünə qaytardı.
Çoxsaylı arxiv sənədləri göstərir ki, AXC hökuməti tərəfindən Qarabağ general-qubernatorluğunun yaradılması və Xosrov bəy Sultanovun onun başçısı təyin olunması yerli erməni separatçılarını və onlara dəstək verən Ararat Respublikası hökümətini xeyli təşvişə salmış, etirazlarına səbəb olmuş və fəallıqlarını artırmışdır. Belə ki, Ermənistan höküməti özünün 1919-cı il 21 yanvar tarixli iclasında Qarabağın və Zəngəzurun ermənilər yaşayan dağlıq hissəsini ölkənin ayrılmaz hissəsi elan etmiş və həmin ərazilərdə müvəqqəti olaraq ali hakimiyyəti Erməni Milli şurasına tapşırırdı. Ermənistan höküməti bölgədə vəziyyətə nəzarət etmək üçün hətta ali komissar vəzifəsini təsis etmiş və bu vəzifəyə Arsen Şaxmazyanı təyin etmişdir. Öz növbəsində Erməni Milli şurası 1919-ci ilin fevralın 4-də Böyük Britaniyanın Bakıdakı qoşun hissələrinin komandanı Tomsona göndərdikləri müraciətdə Paris konfransının yekunlarına kimi, Qarabağın və Zəngəzurun ermənilər yaşayan dağlıq hissəsində müvəqqəti erməni idarəçiliyinin yaradılması təklifi ilə çıxış edirlər. Həmin təklif əsasında 1919-ci il fevralın 19-21-də Qarabağ ermənilərinin IV qurultayında xüsusi sənəd qəbul olunmuşdu. Həmin sənədə əsasən Zəngəzurun və Qarabağın ermənilər yaşayan hissəsinin idarə olunması üçün mərkəzi Şuşada yerləşən Vilayət şurası təşkil olunmalı, onun tərkibinə yerli əhalidən 7 erməni və 3 azərbaycanlı daxil olmalı idi. Şuraya daimi üzv kimi Şuşadaki ingilis qoşunlarının nümayəndəsi seçilməli və bölgənin strateji yerlərində ingilis qoşunları yerləşdirilməli idi (5).
Əslində, bu sənədlər göstərir ki erməni separatçıları Qarabağ və Zəngəzuru etnik prinsipi əsasında bölərək, bu ərazilərin bir həssəsini Azərbaycandan ayırmaq, bölgədə yerləşən ingilis qoşunlarından isə ayırıcı qüvvə kimi istifadə etmək istəyirdilər. İngilis qoşunlarının bölgədəki nümayəndələrinin ilk vaxtlarda ziddiyətli bəyanatları, ermənilərin bu məqsədlərinin həyata keçməsi üçün real zəmin yaratmışdır. Belə ki, ingilis qoşunlarının Şuşadakı nümayəndəsi mayor Mak-Mossen 1919-ci il martın 12–də Erməni Milli şurasına göndərdiyi məktubunda göstərir ki, Sultanov qeneral-qubernator vəzifəsini müvəqqəti tutur və mübahisəli bölgələrin bu və ya digər tərəfə mənsub olduğunu Sülh konfransı təyin edəcək. Öz növbəsində qeneral Tomson, 1919-ci ilin martın 25-də İrəvanda olarkən bəyan etmişdir ki, Azərbaycan höküməti tərəfindən yaradılmış Qarabağ qeneral-qubernatorluğu müvəqqəti haldır və hazırda orada Azərbaycan qoşunlarının və idarəçiliyinin olması gələcəkdə bu ərazinin ona mənsubiyyətini həl etmir (5). İngilis komandanlığının bu cür mövqeyi erməni separatçılarını ruhlandırır və onların hökümət əleyhinə fəaliyyətinin fəalaşmasına şərait yaradırdı. Erməni Milli şurasının nümayəndələri cavab məktublarında ingilislərin bu mövqeyini yüksək qiymətləndirərək, onları erməni xalqının himayəçisi və maraqlarının əsas müdafiəçisi kimi göstərirdilər (5).
Bölgədə yaranan nisbi sakitlikdən istifadə edən Erməni Milli şurası, diplomatik və hərbi hazırlıq səylərinə də artırırdı. Bununla bağlı ilk növbədə Ermənistan hökümətinə böyük ümüdlər bağlanırdı. Erməni Milli şurası tərəfindən 1919-ci ilin martın 17 və 19 –da Ermənistan hökumətinə və onun bölgəyə təyin etdiyi ali komissarına göndərdikləri geniş məktublarda aşağıdakı əsas məsələlər qoyulurdu : 1. Ermənistan höküməti bütün vasitələrdən istifadə edərək müttəfiq dövlətlərlə danışıqlarda Qarabağ qubernatorluğunun ləğvinə nail olmalıdır; 2. Qarabağ ermənilərinin nümayəndəsinə Avropaya getməsinə və Sülh konfransında iştirak edən Ermənistan nümayəndə heyətinin tərkibinə daxil olmasına şərait yaradılmalıdır; 3. Bölgədə hərbi hissələrin təşkili üçün vahid komandanlığın yaradılması, təcrübəli komandirlər, böyük sayda hərbi ləvazimat və pul tələb olunurdu. Bununla bağlı Ermənistan höküməti qarşısında məsələ qoyulurdu ki, Andranikin Zəngəzurdan çıxarılmasına imkan verilməməlidir və onun dəstələrinin Qarabağa keçməsinə nail olunmalıdır (5). Qeyd etmək lazımdır ki, qeneral-qubernator X. Sultanovun fəaliyyətinin ilk dövrlərində qarşısında duran mühüm məsələlərdən biri Andranikin silahlı dəstələrinin Zəngəzur və digər bölgələrdə yaratdığı ciddi təhlükəni birdəfəlik aradan qaldırmaq idi. Sənədlərdən aydın olur ki, Azərbaycan torpaqlarında, xüsusilə Naxçıvanda və Zəngəzur bölgələrində dinc əhaliyə vəhşiliklər törədən Andranikin quldur dəstələri nəhayət ki, 1919-cu ilin yazında bu bölgələrin hüdudlarını tərk etdilər (3 ,122-124).
1919-ci ilin aprelin 3-də ingilis qoşunlarının Şuşadakı nümayəndəsi polkovnik Şatelvort xüsusi əmri ilə Azərbaycan höküməti tərəfindən yaradılmış Qarabağ qeneral-qubernatorluğunu bölgədə ali hakimiyyət orqanı olduğunu təsdiq etmiş və onun əmrlərinin bütün əhali üçün məcburi oluduğunu bildirmişdir. Burada xüsusi ilə vurğulanırdı ki, general-qubernator Sultanovun qanuni fəaliyyəti bölgədə yerləşən ingilis komandanlığı tərəfindən tam dəstəklənəcək (5).
İngilis komandanlığının bu qətiyyətli mövqeyi erməni separatçıları üçün gözlənilməz oldu. Buna cavab olaraq aprelin 23-də çağırılmış Qarabağ ermənilərinin V qurultayında qəbul olunmuş qətnamədə polkovnik Şatelvortun tələblərinə açıq etiraz bildirildi və erməni əhalisinin Azərbaycanın tərkibində hər hansı bir quruma tabe olmayacağı bəyan edildi.
Buna baxmayaraq, aprelin 25-də polkovnik Şatelvort Ermənistanın ingilis hərbi missiyası yanında nümayəndəsi M. Arzumanyanla görüşündə bildirmişdir ki, onun hökümətinin nümayəndəsi Şaxmazyan Zəngəzurda Azərbaycan əleyhinə qoşun topladığı üçün, qubernatorluğu tərk etməlidir. Eyni tələb ilə mayın 5–də general Tomson çıxış edir. O, Şaxmazyan kimlərinin Qarabağda yaranmış kövrək sabitliyin pozulmasında günahlandıraraq, Ermənistan hökümətinin rəhbəri Xatisovdan onun geri çağrılmasını tələb etmişdir. Əks halda Tomson Şaxmazyanın həbs olunacağını və səhra məhkəməsinə veriləcəyini bildirirdi. 1919-ci il may ayının sonunda Ermənistanın Qarabağ və Zəngəzurda nümayəndəsi təyin olunmuş A. Şaxmazyan və Ermənistaının Şuşadakı ingilis hərbi missiyası yanında nümayəndəsi M. Arzumanyan ingilis zabitlərinin müşayəti ilə Azərbaycan ərazisini tərk etmişdilər (5). Vəziyyətin bu cür inkişafını görən erməni separatçıları 1919-ci il iyunun 4-5-də bölgədə qanlı qarşıdurma törətdilər. Məqsəd uzun illər təcrübədən keçmiş üsülla, yəni erməni qanının axılması yolu ilə beynalxalq aləmə güya türklərin onların qırdığlarını bəyan etmək idi.
1919-cu il iyunun 4-də Qarabağ ermənilərinin silahlı dəstələri Şuşa ətrafındakı azərbaycanlı hərbi hissələrin yerləşdiyi gözətçi məntəqələrinə hücum etdilər. Lakin onların bu hücumu X. Sultanovun gördüyü qəti tədbirlər nəticəsində dəf edilmişdir. Qarabağ general-qubernatoru X. Sultanov beynəlxalq ictimaiyyətə iyun hadisələrinin əsl mahiyyətini ətraflı şəkildə açıqlamaq üçün «Azərbaycan» qəzetinə verdiyi geniş müsahibədə bildirmişdir: « 4-5 iyunda Qarabağda baş vermiş hadisələri soyuq başla qiymətləndirmək üçün əvvəlcə bu hərəkətlərə gətirib çıxarmış hadisələrin gerisini diqqətlə izləmək lazımdır. Hələ üç ay bundan əvvəl ermənilərin azərbaycanlılarla dinc yaşamasına əngəl törədən erməni milli şurasının üzvlərinin fəaliyyəti ilə tanış olan ingilis komandanlığı vəd vermişdi ki, həmin şuranın üzvlərini Qarabağdan çıxardacaqlar.
Bundan sonra qərara alınmışdı ki, Şuşa şəhərinin erməni hissəsində olan kazarmalar Azərbaycan hərbi hissələri tərəfindən tutulsun. Yalnız iyunun əvvəllərində bu istiqamətdə mühüm tədbirlər görmək imkanı əldə edilmişdir. İyunun 5-də ingilis komandanlığının nümayəndəsi Azərbaycan məmurunun müşayiəti ilə Erməni Milli Şurasının separatçı üzvlərini Şuşadan çıxartmışdı. Şübhəsizdi ki, erməni əhalisinin narahat ünsürləri bu tədbirlərin həyata keçirilməsindən narazı qalmış və millətlərarası münasibətləri kəskinləşdirmişlər. İyunun 6-da Azərbaycanlı əsgərlərinin Şuşa şəhərinin erməni hissəsindəki kazarmalarda yerləşdirilməsi əhalini sakitləşdirmiş və atışmanı tamamilə dayandırmış, şəhərdə həyat öz normal axarına düşmüşdür». «Azərbaycan» qəzetinin 1919-cu il 17 iyun saylı nömrəsinin dərc etdiyi məlumatdan aydın olur ki, Qarabağın dinc erməni əhalisinin əksəriyyəti general-qubernator X. Sultanovun gördüyü tədbirləri bəyənmişlər (2).
X. Sultanovun gördüyü ciddi tədbirlərdən sonra 1919—ci il iyunun 29-30 –da Qarabag ermənilərinin VI qurultayı qəbul etdiyi qətnamədə Sülh konfransının son nəticələrinə kimi Dağlıq Qarabağı Azərbaycan Respublikasının tərkib hissəsi elan etdi və Azərbaycan hökümətilə danışıqlar aparmaq üçün xüsusi komissiya yaratdı. Həmin komissiya bu fikri əsas götürərək Azərbaycan höküməti ilə bağlanacaq müqavilənin layihəsini hazırlamışdır (5).
1919-cu ilin avqustun 13-də çağrılmış Qarabağ ermənilərinin fövqəladə VII qurultayı həmin müqavilənin şərtlərini avqustun 15-də təsdiq etmişdir. Müqavilə 26 maddədən ibarət idi və onun Azərbaycan höküməti üçün ən vacib məqamları bunlar idi : 1. Qarabağın dağlıq hissəsində Şuşada, Cavanşir və Cəbrayıl qəzalarında yaşayan ermənilər özlərini müvəqqəti olaraq Azərbaycan Respublikasının sərhədləri daxilində hesab edirlər (maddə 2); 2. Azərbaycan hökuməti erməni nümayəndələri vasitəsilə erməni milli şurasının fəaliyyətinə nəzarət edir (maddə 14) ; 3. Hazırki müqavilə hər cür vəziyyətdə: mühasirə, hərbi və digər hallarda qüvvədə qalır (maddə 26) (5).
Bu müqavilə Ermənistan hökümətinin etirazına səbəb olmuşdur. Ermənistanın baş naziri Xatisov bəyanatında bildirirdi ki, 15 avqust razılaşması ermənilər tərəfindən ingilis qoşunlarının bölgəni tərk etdiyi şəraitdə özlərini qorumaq üçün məcburiyyət qarşında qəbul edilmişdi. Bundan başqa Ermənistanın xarici işlər nazirliyi özünün Gürcüstandakı nümayəndəsinə 1919-cı il sentyabrın 16–da göndərdiyi tam məhvi təlimatda polkovnik Şatelvort və digər ingilis zabitlərinin Qarabağda kı fəaliyyəti və ümümiyyətlə ingilislərin Qarabağ məsələsinin həllində tutduğu mövqe haqqında geniş məruzənin hazırlanması məsələsini qoyurdu.
Təlimatdan göründüyü kimi, bu sənədlər Parisdə olan erməni nümayəndə heyətinə çatdırılmalı idi. Eyni zamanda avqustun 28-də Qarabag ermənilərinin iki nümayəndəsi Arzumanov və Melik Osipovun imzası ilə Ermənistanın Azərbaycanda kı səfirliyinə göndərilən teleqramda ABŞ-ın yenicə Ermənistana təyin olunmuş ali komissarı V. Haskel qarşısında Qarabağda amerikan qeneral-qubernatorluğu yaradılması məsələsi qaldırılmışdır (4). Lakin avqustun 28-də Bakıya gəlmiş Haskel, Azərbaycan hökümətinin rəhbərliyi ilə görüşündən sonra, ərazi məsələləri ilə bağlı sentyabrın 1-də irəli sürdüyü planında Qarabağ və Zəngəzuru Azərbaycanın ayrılmaz hissəsi kimi tanımışdır (1,262).
Beləliklə, 1919-ci ilin 15 avqustunda bağlanmış müqavilə 1920-ci il aprelinə kimi qüvvədə qaldı. Lakin, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qarabağ qeneral –qubernatorluğu ləğv olundu və X. Sultanov həbs olundu. Bundan istifadə edən, Qarabağ erməniləri 1920-ci ilin aprelin 23-29-da keçirdikləri sonuncu IX qurultaylarında AXC höküməti ilə bağlanmış 1919-ci il 15 avqust müqaviləsini qəvvədən düşməsi haqqında qərar verdilər (4,35). Şimali Azərbaycanda hakimiyyətə gəlmiş bolşevik hökuməti 1920-ci ilin mayın 18–də keçmiş qubernatorluğun sərhədlərini əhatə edən və bölgədə ali hakimiyyəti təmsil edən Qarabağ İnqllab Komitəsini yaratmışdır. Bununla erməni separatçılarının Azərbaycanın ayrılmaz hissələri olan Qarabağ və Zəngəzur torpaqlarına ərazi iddialarının yeni mərhələsi başlamışdır.
azerbaycanli.org
İlqar Niftəliyev

Комментариев нет:

Отправить комментарий