вторник, 12 августа 2014 г.

Terror qrupları









Terror qruplarının əksəriyyəti müsəlman ölkələrində fəaliyyət göstərir
Uzun illərdir dünyanı qorxu içində saxlayan terror təşkilatlarının çoxu müsəlman ölkələrində fəaliyyətdədir. Onların məqsədi guya islamı qorumaq olsa da, əslində qətlə yetirdikləri insanlar əksərən elə müsəlmanlardır. Özü də günahsız mülki adamlar – uşaqlar, qocalar, qadınlar. Gəlin bu təşkilatların bir çoxu haqda məlumatlara nəzər salaq.
“Liva əl-Ummah» (Ümmətin alayları):
Təşkilat əslən Liviyadan olan komandan Mehdi əl-Haratinin rəhbərliyi altında qurulub. Məlumata görə, çox sayda liviyalı cihatçını öz sıralarında birləşdirir. Harati və dostları Azad Suriya ordusu ilə Bəşər Əsəd rejiminə qarşı birlikdə döyüşmək üçün Suriyaya gəlib. Facebook səhifələrində yazılan statuslara inansaq, «Liva əl-Ummah»ın da məqsədi İslam qanunları ilə idarə olunan bir dövlətin qurulması üçün digər silahlı qruplarla əməkdaşlıq etməkdir. Təşkilatın sıralarında təxminən 6 min döyüşçünün olduğu güman edilir.
«Sukur əş-Şam» (Şamın şahinləri):
Bəşər Əsədə qarşı yaradılan cihatçı qrupların ən güclülərindən biridir. Təşkilatın başında Əbu Zein dayanır. Bütövlükdə yanaşsaq, suriyalıların sıralarında döyüşdüyü təşkilatda digər ərəb ölkələri ilə yanaşı, Fransa və Belçikadan gələn silahlılar da mövcuddur. «Sukur əş-Şam» bildirir ki, fəaliyyətinin başlıca məqsədi müsəlmanları Əsəd rejiminin zülmündən qorumaqdır. İdeologiyasına görə, «Liva əl-Ummah»la eyni mövqedə dayanır.
Əl-Davla əl-İslamiyə (İslamçı dövlət):
Bu təşkilatın digərlərindən fərqi sıralarında müxtəlif xalqların nümayəndələrini birləşdirməsidir. Rəhbəri əslən Suriyadan olan cihatçı, doktor Əbu Məhəmməd əs-Suridir. Gizli mənbələrə görə, təşkilatdakı cihatçılar arasında Böyük Britaniyadan gəlmiş əslən ingilis olanlar da mövcuddur.
«Ahrar əş-Şam» (Suriyanın azad insanları):
Suriyada İslam ənənələri üzərində qurulacaq dövlət modelini təklif edən silahlı təşkilat. Döyüşçülərinin əksəriyyəti milliyyətcə kürdlərdir. Ölkədə təşkilatlanma baxımından ən güclü olduğu yer İdlib şəhəridir.
Harəkət əş-Şəbab əl-Mücahidin (Mücahid Gənclik Hərəkatı):
Təşkilata qısa Əş-Şəbab da deyirlər. Silahlı qrupun yaranma məqsədi Somalidə federal keçid hökumətini dağıdıb, məhv etməkdir. 2011-ci ildən başlayaraq, ölkənin cənub vilayətlərinin böyük hissəsi bu təşkilatın nəzarətindədir. Xəbərlərə görə, təşkilatın nəzarətində olan bölgələrdə İslam dini insanlara radikalcasına, kor-koranə anladılır. Bu yerlərdə həyat şəriətlə idarə olunur. 2011-ci ilin məlumatına görə, təşkilatın sıralarında 14426 silahlı var. Deyilənlərə görə, təşkilat 2006-cı ildə Efiopiya qüvvələri tərəfindən parçalanan İslam Məhkəmələri Birliyi ilə əlaqədədir. «İslamın düşmənlərinə qarşı» cihad etdiyini bildirməkdə və federal keçid hökuməti ilə Afrika Birliyinin Somali qüvvələrinə qarşı savaşırlar.
“Boko Haram”:
“Boko Haram” 2002-ci ildə Nigeriyanın Borno əyalətinin inzibati mərkəzi Maiduguridə qurulan radikal islamçı təşkilatdır. “Boko Haram”ın mövqeyi Nigeriyanın şəriət hökmlərinin xüsusilə güclü olduğu şimal vilayətlərində daha möhkəmdir. «Boko Haram» və ya «Buku Haram»ı hərfi mənada «latın əlifbası haram», «Qərb təhsili haram» kimi tərcümə etmək olar. «Boko Haram» ilk hərbi qruplarını yaranışından iki il sonra – 2004-cü ildə Niger sərhədlərinə yaxına bölgədə təsis edib. 2007-ci ilin sentyabrında «Boko Haram»la Nigeriya polisi arasında baş verən toqquşma zamanı 11 təhlükəsizlik zabiti qətlə yetirilib. Bundan sonrakı dövrdə başda polis idarələri olmaqla, ictimai-dövlət obyektləri təşkilat tərəfindən hədəfə alınıb. 2009-cu ilin iyul ayında «Boko Haram»ın hücumları nəticəsində Nigeriyanın şimalında 700-dən artıq insan öldürülüb, 3 mindən artıq vətəndaş yaşayış yerindən baş götürüb, qaçıb.
“Taliban” hərəkatı:
“Taliban” — Əfqanıstanın ən böyük etnik qrupu olan puştunların yaratdığı sünni islamçı qrup. “Taliban” 1989-cu ildə sovet ordusu geri çəkiləndən sonra Əfqanıstanda hakimiyyətin zəiflədiyini görərək, hücuma başlayıb və 1996-cı ildə iqtidarı ələ keçirib. Təşkilatın özəyini mədrəsə təhsili almış və ordudan qaçan fərarilər təşkil edir. Mənası «islam tələbələri»dir. “Taliban” hərəkatı iqtidarda olduğu müddətdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Pakistandan hərtərəfli yardımlar alaraq ölkənin 90 faizinə nəzarət edib. Amma 2001-ci ildə baş vermiş 11 sentyabr terrorundan sonra ABŞ-ın Üsəma bin Ladeni tutmaq məqsədilə başlatdığı hücum nəticəsində iqtidardan uzaqlaşdırılan “Taliban” yenidən dağlara çəkilərək terrorçu fəaliyyətini davam etdirib.
«Ənsar əş-Şəriat»:
«Şəriət köməkçiləri» mənasına gələn bu radikal islamçı qrup Malinin şimal əyalətlərində fəaliyyət göstərir. Əsasən Azavad bölgəsində aktivlik göstərən təşkilat 2012-ci ildə Tuareg üsyanında da iştirak edib. Silahın büyük hissəsini «Əl-Qaida»ya bağlı qrupların köməkliyi ilə Yəmən, Liviya, Əlcəzair və Misirdən gətirir. Sələfi ideyalı və cihadçı təşkilatdır.
ETA:
Təşkilat 1959-cu ildə Frankonun diktatorluğuna qarşı qurulub. Amma əsas məqsədi İspaniyanın şimal-şərq və Fransanın cənub-qərb ərazilərində yerləşən tarixi Bask torpaqlarının azadlığı üçün mübarizə aparmaq olub. 1968-ci ildən mübarizəyə başlayan ETA qası müddətdə mədəni haqların sivil tələbindən silahlı mübarizəyədək yol keçib. 1979-cu ildə hökumət təxminən 2 milyon insanın yaşadığı Bask bölgəsinə yüksək muxtariyyət verməsinə baxmayaraq, ETA tam müstəqillik qazanmaq istədiklərini bildirib. «Batasuna» adıyla tanınan və hazırda qadağan olunmuş partiya isə ETA-nın siyasi qanadını təşkil etməkdədir. 1968-ci ildən bu yana ümumilikdə 850 nəfərin ölümü ilə nəticələnən terror aktları törətdiyinə görə, ETA-nın adı İspaniya ilə yanaşı ABŞ və Avropa Birliyi ölkələri tərəfindən «qara siyahı»ya salınıb.
Aum Şinrikyo:
Şoko Asahara tərəfindən 1987-ci ilə qurulub. Əsas məqsədi əvvəl Yaponiyanı, daha sonra isə dünyanı nəzarətə götürməkdir. Yaponiya qanunlarına əsasən, 1989-cu ildə dini təşkilat kimi qəbul edilib. Onlar inanırlar ki, dünyanın sonu ABŞ-Yaponiya müharibəsində gələcək. Rəsmi Tokio 1995-ci ildə təşkilatın fəaliyyətini dayandırıb. Buna cavab olaraq həmin il martın 20-də təşkilat Tokio metrosunda zəhərli «Sarin» qazı yayıblar. Nəticədə 12 nəfər ölüb, 6 mindən artıq insan isə müxtəlif dərəcədə zəhərləndi. Yeri gəlmişkən, qrup 1994-cü ildə ölkədə baş vermiş bir sıra kimyəvi qəzalarda da məsuliyyətli sayılır. Təşkilatın qurucusu olan Asahara 1995-ci ildə həbs edilsə də, təşkilat 1997-ci ildən bu yana sıralarına yeni üzvlər toplayır, ticarətlə məşğul olur.
Əbu Sayyaf Qrupu:
Əbu Sayyaf Qrupu Filipində fəaliyyət göstərən, müsəlmanların qurduğu terror təşkilatıdır. Təşkilat rəhbərlərindən bir çoxunun sovet işğalı zamanı Əfqanıstanda döyüşdükləri məlumdur. 18 dekabr 1998-ci ildə Filipin polisi ilə toqquşmada öldürülən Əbu Bəkr Cancalaninin liderliyindəki “Moro Milli Qurtuluş Cəbhəsi” adlı təşkilatdan 1990-cı illərin əvvəllərində ayrılaraq, müstəqil fəaliyyət göstərir. Təşkilat pul almaq məqsədilə adam oğurlamaq, bomba partlayışları törətmək, sui-qəsd, zorla xərac toplamaq kimi əməlləri ilə məşhurdur. Məqsədlərinin müsəlmanların çoxluq təşkil etdiyi Filippinin güneyində islam dövləti yaratmaq olduğunu deyirlər.
«Əl-Qaida»:
1988-ci ildə Sovet İttifaqı ilə döyüşmək məqsədilə, daha konkret desək SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsi zamanı qurulub. Təşkilatın fəlsəfəsi İsrailin yox edilməsi və müsəlman ölkələrini birləşdirərək, xəlifəliyin yaradılmasıdır. Əvvəlki lideri Üsəma bin Laden olub, onun ölümündən sonra isə bu görəvi müavini Ayman əl-Zəvahiri yerinə yetirir. «Əl-Qaida» ilə bağlılığı olan bir sıra terrorçu təşkilatlar var ki, onlardan bəzilərinin adını çəkək: «Taliban», Özbəkistan İslam Hərəkatı, «Ceyşi Məhəmməd», «Laskari Tayyiba», «Haraketül Ansar-Mücahidin», «Hizbül Mücahidin», İslam Camaatı Qrupu (Misir), Cihad Tala əl-Feth (Misir), Silahlı İslam Qrupu (GIA), «Sələfiliyə çağırış və mübarizə Qrupu» (Əlcəzair), «Hizbullah», «Həmas», Fələstin İslam Cihad Hərəkatı, Beyyiat-əl-İmam, Ogadin İttihadi İslam Hərəkatı, Moro İslam Azadlıq Cəbhəsi, Əbu Sayyaf Qrupu.
17 Noyabr Təşkilatı:
Radikal solçu təşkilat, Yunanıstanda 1973-cü il xuntasınının əleyhinə çıxan bir qrup tələbənin xatirəsinə qurulub. Məqsədləri Yunanıstan, ABŞ, Türkiyə və NATO-ya qarşı mübarizə aparmaq, ABŞ bazalarını Yunanıstandan, Türkiyə ordusunu isə Kiprdən çıxarmaqdır. Onlar Yunanıstanın Avropa Birliyində və NATO-da olmasını istəmirlər. 1980-ci illərdə bomba partlayışları törətməyə başlayıblar. Əsas maliyyə mənbələri irimiqyaslı soyğunçuluqdur. Haqqında dəqiq məlumat olmasa da. təşkilat üzvlərinin sayının çox olmadığı güman edilir.
Ceyşi Muhəmməd (Məhəmmədin ordusu):
2000-ci ildə Pakistanda Məsut Azhar tərəfindən qurulmuş islami radikal qrupdur. Təşkilatın başlıca məqsədi Pakistanla Kəşmiri birləşdirməkdir. “Fazlur Rəhman İslam Alimləri Cəmiyyəti” adlı radikal siyasi partiya ilə əlaqədədir. 2003-cü ildən başlayaraq təşkilat «Kuddamül İslam» və «Cəmmatül Furkan» adlı iki qrupa bölünüb. «Ceyşi Məhəmməd» 2001-ci il oktyabrın 1-də Sriganardakı Cammu və Kəşmir parlamentinin binalasına 31 nəfərin ölümü ilə nəticələnən intihar hücumunun məsuliyyətini üzərinə götürməyib, hansı ki, hamı onları günahkar sayırdı. Hindistan hökuməti 13 dekabr 2001-ci ildə bu ölkənin parlamentinə edilən və 9 nəfərin ölümü, 18 nəfərin yaralanması ilə nəticələnən hücuma görə, «Laşkari Tayyiba» təşkilatı ilə yanaşı «Ceyşi Məhəmməd»i günahkar bilib. Pakistanlı rəsmilər də 2002-ci ildə İslamabaddakı xıristianlara qarşı edilən terror hücumunda günahı bu təşkilatların üzəritnə yükləyib. Təşkilat üzvlərinin çoxu İslami Cihad Hərəkatının (Harakatul-Cihadi-Islami)nin yaraqlılarıdır.
Cemaa İslamiya:
Cemaa İslamiya «Əl-Qaida» ilə bağlantılı, Cənubi Asiya mənşəli terror təşkilatıdır. Məqsədi Bruney, İndoneziya, Malayziya, Sinqapur, Cənubi Filippin və Cənubi Tayvanı əhatə edən böyük bir islam dövləti yaratmaqdır. 1990-cı illərin sonlarından təşkilatın sıralarına yeni üzvlər toplamağa və təbii ki, onların döyüş bacarığını artırmaq məqsədilə təlimlərə start verilib. Təşkilat 5 avqust 2003-cü ildə Cakartadakı «Marriott Hotel’in partladılması, 12 oktyabr 2002-ci ildə Bali partlayışları, 2000-ci ilin avqustunda Filippin səfirliyinə qarşı edilən hücumların məsuliyyətini öz üzərinə götürüb. Araşdırmalara görə. Təşkilat həm öz-özünü vəsaitlə təmin edir, həm də Cənubi və Cənub-Şərqi Asiya ölkələrindəki müxtəlif qruplardan, qeyri-hökumət təşkilatlarından və «Əl-Qaida»dan yardım yetərincə yardım almaqdadır.
Yeni Xalq Ordusu:
Yeni Xalq Ordusu Filippin Kommunist Partiyasının silahlı qanadı olub 1969-cu ildə Maoist qrup olaraq təsis edilib. Başlıca məqsədi terror hücumları ilə hökuməti devirməkdir. Qurucusu Joze Mariya Sisondur. Təşkilatın siyasi qanadı olan Milli Demokratik Cəbhənin başında Luis Calandoni dayanır. Qrup əvvəllər yol kəsmək və ya avtomobillərə hücum etməklə kifayətlənirdisə, sonradan böyük şəhərlərdə terror aktlarına da start verib. Başlıca hədəflər Filippinin təhlükəsizlik qüvvələrinə, siyasətçilərə, prokurorlara və hakimlərə yönəlib, Filippindəki ABŞ-a məxsus istənilən təsisatın ləğvini tələb edir. Təşkilatın 10 mindən artıq üzvü var.
Mərakeş İslam Mübarizə Qrupu:
1993-cü ildə qurulub, başlıca məqsədi Quranın sünnilərin qəbul etdiyi forması əsasında fəaliyyət göstərmək, xilafəti bərpa etməkdir. Təşkilat Avropadakı bir sıra dairələrdən və «Əl-Qaida»dan maliyyə yardımı almaqdadır.
Kolumbiya İnqilağçı Silahlı Qüvvələri:
1950-ci illərdə liberal və mühafizəkar milislər arasında yaranmış toqquşma və qalmaqallar zamanı meydana çıxan təşkilat 1964-cü ildə kommunistlərin nəzarətində olan bölgələrdə Kolumbiya Kommunist Partiyası tərəfindən yaradılıb. Təşkilat Latın Amerikasında ən qədim, ən geniş imkan və qabiliyyətlərə sahib Marksist təmayüllü təşkilatdır. Hərbləşdirilmiş qurum olmaqla hətta paytaxt Boqota kimi yerlərdə fəaliyyət göstərir.
Moro İslam Qurtuluş Cəbhəsi:
Filippinin cənub adalarında yerləşən islamçı təşkilat. Siyasi mövqeyinə görə, Filippin hökuməti, eləcə də onları dəstəkləyən ABŞ və digər müttəfiqlərlə qarşıdurma vəziyyətindədir. Hazırda təşkilat Bangsamoro, Mindanao, Sulu Arxipelagı, Palavan, Basilan adalarında və digər ətraf bölgələrdə fəaliyyət göstərir. Təşkilatı 1960-cı illərdə Cabidah qətliamına etiraz olaraq yaradılan Moro Milli Qurtuluş Cəbhəsinin (MMQC) tərəfdarları təsis ediblər. 1981-ci ildə MMQC-nın zorakılığı əsas götürməsindən narazı qalanlar Səlamet Haşimin başçılığı altında bu qrupdan ayrılığb, Moro İslam Qurtuluş Cəbhəsini yaradıblar. Təsisçisi Selamət Haşim olan Cəbhənin indiki lideri Murad İbrahimdir.
Ənsar Beytil Makdis Camaatı:
Qəzzə zolağında yaranan, amma həm bu bölgədə, həm də Misirdə fəaliyyət göstərən təşkilat. Ənsar Beytil Makdis Camaatının yaranma məqsədi Qüdsü İsrailin işğalından qurtarmaq, Fələstinin müstəqilliyinə nail olmaqdır. Təşkilat yarandığı ilk gündən «Həmas»la problemlə yaşayıb. Məhəmməd Mursi Misirdə hakimiyyətə gələndən sonra İsraillə «Həmas» arasında vasitəçilik etməsindən narazı qalan təşkilat İsraillə mübarizəyə davam edəcəyini açıqlayıb. Buna görə də, Qəzzada «Həmas»ın basqısı altında qalan qrupun üzvləri Misirin Sinay yarımadasına keçiblər. Hazırda Misirdə onların sayı 500-dür və Sinayda fəaliyyət göstərən «Tevhid və Cihad» hərəkatı ilə birləşiblər. Lideri İyad Ag Xali olan təşkilat Misirin yeni prezidenti Sisinin hakimiyyətini tanımır.
Vüsal Tağıbəyli

Комментариев нет:

Отправить комментарий