понедельник, 11 августа 2014 г.

SEPAH Qarabağda döyüşübmü? - Sorğu


SEPAH Qarabağda döyüşübmü? - Sorğu

İran hərbiyyəsinin mühüm strukturlarından biri olan İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 1981-1997-ci illərdə komandanı, hazırda istefada olan general-mayor Möhsün Rzayi Qarabağ müharibəsi zamanı, 1991-94-cü illərdə SEPAH-ın ermənilərə qarşı döyüşdüyünü bildirib. 

M.Rzayi deyib ki, müharibədə çoxlu sayda iranlı iştirak edib, şəhid olub: “Yaralılar İrana göndərilirdi, şəhid olanların çoxu isə Bakıda dəfn olunub. Qarabağ müharibəsində Azərbaycan ordusunun lazımi hərbi təchizatlarla təmin edilməsi və hərbi təlimlərin keçirilməsi ilə bağlı şəxsən əmr vermişəm. Bizlər Azərbaycanın çətin günlərində yanında olmuşuq. Bu gün də onların yanındayıq. Qarabağın geri qaytarılmasında da onlara yardım etməyə hazırıq. Qarabağ İslam torpağıdır və Azərbaycan Respublikasının bütün torpaqları sülh yolu ilə geri qaytarılmalıdır”.

Qeyd edək ki, M.Rzayi İran siyasətində ciddi fiqurlardan biridir. O, 27 yaşında ikən SEPAH-a komandan təyin olunub. Hələlik, İran tarixində bu yaşda çox yüksək posta təyinolunma halına rast gəlinməyib. SEPAH-ın komandanı postundan getdikdən sonra M.Rzayi Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü seçilib. M.Rzayi 12 iyun 2009-cu ildə keçirilən prezident seçkilərində namizəd qismində iştirak edərək seçicilərin 1,73 faizinin səsini qazanıb. Bu baxımdan onun açıqlaması maraq doğurur. Yeri gəlmişkən, dünən bu məsələyə İran Dövlət Televiziya və Radio Yayımları Şirkəti - İRİB də münasibət bildirib. Dövlət televiziyasının saytında yerləşdirilmiş yazıda bildirilir ki, SEPAH Qarabağda ermənilərə qarşı ön cəbhədə döyüşüb, şəhid verib, Azərbaycan ordusunu milyonlarla dollarlıq silah-sursatla təmin edib: “Lakin Azərbaycan Respublikasında Qərbə və İsrailə bağlı medialar İranın Qarabağ məsələsində Azərbaycanı himayə etmədiyini, hətta Ermənistana yardım göstərdiyini iddia edərək İranı qaralamağa çalışırlar. Belə bir böhtanla İranı müsəlman cəmiyyətində pisləyirlər. Maraqlı burasındadır ki, İranla birlikdə cəbhədə ermənilərə qarşı döyüşən bir çox igid azərbaycanlılar öz ölkəsində yox edilib. Onların bəziləri həbs olunub, bəziləri isə sui-qəsdlərlə öldürülüb”. İRİB əlavə edib ki, Qarabağda müharibənin ilk dövründə SEPAH əsgərlərinin sayəsində Qarabağın bir qarış da torpağı itirilməyib: “Lakin ABŞ oyunları və Azərbaycanda türklük, millətçilik duyğularının yayılması nəticəsində SEPAH bölgədən çıxarıldı. Elə o zamandan Qarabağın itirilməsinə başlandı. İranın bölgədən, Qarabağdan çıxarılması Azərbaycanın müharibəni uduzmasına səbəb oldu. Daha doğrusu, Qarabağ biriləri tərəfindən satıldı”.


Комментариев нет:

Отправить комментарий