İrəvan niyə güzəştə gedildi?
Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı ən çox mübahisə doğuran məsələlərdən biri, tarixi Azərbaycan torpağı olan İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi ilə bağlıdır.
Bəs o vaxtın dövlət xadimlərini bu addımı atmağa nə vadar etmişdi?
Əlbəttə, indi biz tarix kitablarını açaraq, əlimizdə olan materialları vərəqləyərək hər cürə ittihamlar irəli sürə bilərik. Ancaq, fikrimizcə, qəbul edilmiş qərarın səbəblərini tapmaq üçün bir qədər gerilərə getmək, mövcud tarixi-siyasi şəraiti araşdırmaq lazımdır. Qeyd edək ki, bu araşdırmamız daha çox dövrün şəraitini nəzərə alaraq çıxarılan mülahizələr üzərində qurulmuşdur.
Bəs əslində nə baş vermişdi?
1918-ci il mayın 29-da “İstiqlaliyyət bəyanaməsi”nin elan edilməsindən bir gün sonra Müsəlman Milli Şurası Ermənistanla Azərbaycan arasında sərhəd məsələlərinin müzakirəsində Aleksandropol tutulduqdan sonra ermənilərin özlərinə siyasi mərkəz seçmək üçün İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsinin qaçılmaz olmasına dair qərar qəbul etmişdi. Həmin iclasda xüsusən İrəvanı təmsil edən deputatların etirazlarına baxmayaraq 28 şura üzvündən 16-nın lehinə səs verməsi ilə İrəvan ermənilərə güzəştə gedilmişdi.
Onu da qeyd edək ki, Ermənistan dövləti əvvəllər iddia edildiyi kimi mayın 28-də deyil, İrəvanın simasında paytaxt əldə etdikdən sonra, mayın 30-da elan edilmişdir. Hətta Ermənistanın istiqlaliyyət bəyannaməsi də sadəcə çarəsiz qərar təəssüratı bağışlayırdı. Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlaliyyət Bəyannaməsindən fərqli olaraq, ermənilərin cızma-qara xarakterli “bəyanat”ında heç bir konkret siyasi məqsəd göstərilmir, heç Ermənistan adlı dövlətin də adı çəkilmir. Sadəcə qeyd edilir ki, erməni milli şurası Zaqafqaziyadakı mövcud siyasi böhran şəraitində erməni vilayətləri üzərində özünü ali və vahid administrasiya elan edir və bunun üçün üzərinə dövlətçilik funksiyaları götürür. Göründüyü kimi, burada ümumiyyətlə hər hansı dövlətin yaradılması niyyəti belə mübahisələndirilə bilər.
Daha sonra Milli Şurada ermənilərlə konfederasiya yaratmaq barədə məsələ də müzakirə olunmuş və bu yekdil səslə qəbul edilmişdi. Lakin, sonradan ermənilər Konfederasiya yaratmaq ideyasından geri çəkilmişdilər.
Yaxşı Cümhuriyyətin dövlət xadimlərini bu taleyüklü qərara nə vadar edə bilərdi?
İlk növbədə onu qeyd edək ki, bu məsələ bizim düşündüyümüz kimi sadəcə “İrəvanı təhvil vermək” xarakteri daşımırdı. Qəbul edilmiş qərarla bağlı bir neçə məqamı vurğulamaq lazımdır:
Birincisi, İrəvan tarixi Azərbaycan torpağı olsa da rəsmi şəkildə heç vaxt hüquqi cəhətdən Azərbaycan Cümhuriyyətinin tərkibində olmamışdı.
İkincisi, İrəvan şəhəri ermənilərə bağışlanmamışdı, sadəcə Azərbaycan hökuməti ona qarşı iddialarından müvəqqəti olaraq geri çəkilmişdi.
Üçüncüsü, bu qərar keçid xarakteri daşımışdı. Ermənistanla Konfederativ dövlət yaratmaq məqsədi heç də İrəvandan tamamilə əl çəkmək niyyətini ifadə etmirdi.
Bunu sonrakı hadisələr də göstərir. Belə ki, sonralar Baş nazir Fətəli xan Xoyskinin İstanbuldakı Azərbaycan nümayəndə heyətinin sədri M.Ə.Rəsulzadəyə ermənilərlə mümkün ərazi mübahisələrinin həll edilməsi və Azərbaycanın pul nişanları ilə təmin edilməli üzrə təcili tədbirlərin görülməsinin zəruriliyi haqqında məktubunda Azərbaycanın sərhədlərinin çəkildiyi xəritə göndərilir və ermənilərin Qarabağa iddia edəcəkləri halda onlara İrəvanın və Qazax dairəsinin bir hissəsinin güzəştə gedilməsindən imtina edilməsi tələb olunurdu. Əgər ermənilər şifahi sazişə riayət edəcəkləri halda xəritədə göstərilən İrəvan quberniyasının bir hissəsinin güzəştə gedilməsinin mümkünlüyü göstərilirdi.
İndi qərarın qəbul edilməsi səbəblərini axtaraq.
Məsələ bundadır ki, o dövrdə ermənilər Qafqazın heç bir ərazisində çoxluğa malik deyildilər. Hətta Tiflisə də iddia edə bilərdilər, lakin Gürcüstanın Almaniya tərəfindən dəstəklənməsi bu iddianın üzərindən xətt çəkdi. Belə şəraitdə ermənilərin hətta zəngin neft ehtiyatları ilə zəngin olan Bakıya da iddiaları labüd idi. Xatırladırıq ki, həmin vaxtlar Bakı əsasən ermənilərdən ibarət olan Sovet hökumətinin işğalı altında idi və bu iddia heç də qeyri-real görünmürdü.
Bir az əvvəllərə yollanaq. Birinci dünya müharibəsindən bir qədər əvvəl bir çox Azərbaycan ziyalıları, o cümlədən gələcək Azərbaycan dövlətinin yaradıcılarından olan N.H.Yusifbəyli və M.Ə.Rəsulzadə imperiya təqiblərindən yaxa qurtarmaq üçün Osmanlı dövlətinə mühacirət etmiş və oradakı siyasi hadisələrdə iştirak etmişdilər. Güman etmək olar ki, həmin dövrdə Rus şovinist dairələrinin təqibindən azad olan mühacir Azərbaycan ziyalılarının milli muxtariyyət və milli dövlətçilik yaradılması istiqamətində birgə proqram və birgə fəaliyyət planı işləmək üçün münbit şərait əldə etmişdilər. N.H.Yusifbəyli ilə M.Ə.Rəsulzadənin tanışlığı da o dövrdə başlamış və hər iki ziyalı doğma şəhərləri olan Gəncə və Bakıya qayıtdıqdan sonra siyasi fikirlərinin təbliğinə başlayaraq, milli düşüncəli bütün ziyalıları vahid ideya ətrafında toplaya bilmişdilər.
Fikrimizcə, milli hərəkatın mərkəzləri kimi Gəncə və Bakı şəhərlərinin seçilməsi gələcəkdə qurulacaq müstəqil dövlətin bu əraziləri əhatə edəcəyini ehtimal edirdi. Doğrudan da həmin dövrdə nə İrəvanda, nə də ki, Naxçıvanda azərbaycanlıların milli dövlətçiliyə səsləyən siyasi qruplarına demək olar ki, rast gəlmirik. Müstəqil Azərbaycan dövlətinin neft ehtiyatları ilə zəngin olan paytaxt Bakı ətrafında yaradılması isə onun iqtisadi cəhətdən daha dayanıqlı edəcəkdi. Cümhuriyyət yaradıldıqdan sonra bütün səylərin Bakının azad edilməsi istiqamətində səfərbər edilməsi, yeni yaranmış dövlətin mövcudluğu üçün onun nə qədər vacib olduğunu göstərirdi.
Tam əminliklə demək olar ki, Azərbaycan ziyalıları İrəvan şəhərini yaradılacaq müstəqil Azərbaycan dövlətinin ayrılmaz tərkib hissəsi hesab edirdilər. Sadəcə Bakıdan fərqli olaraq o qəti şəkildə tələb olunmurdu. Halbuki, neftin beynəlmilləlləşdirdiyi Bakıdan fərqli olaraq həmin dövrdə İrəvanın ümumi etnik tərkibində türk-müsəlmanlar daha üstün mövqeyə malik idilər.
Deməli, müstəqilliklə bağlı Milli Şuranın məlum qərarı ilə İrəvanın ermənilərə güzəştə gedilməsi də bəzilərinin iddia etdiyi kimi siyasi səhv və hətta «xəyanət» deyildi. Bununla çox güman ki, ermənilərin Bakıya iddialarının qarşısını almağa və onları mümkün qədər Bakı neftindən uzaq tutmağa çalışılırdı.
Lakin, göründüyü kimi, mövcud şəraitdə bu qərarın qəbul edilməsində heç bir məcburiyyət yox idi. Həmin dövrdə Zaqafqaziyada hansısa höküməti məcburi qərarlar qəbul etməyə məcbur etməyə qadir olan yeganə qüvvə Osmanlı ordusu idi və fikrimizcə, Osmanlı rəsmilərinin İrəvan məsələsində Azərbaycan hökumətinə təzyiq göstərməsi heç də istisna deyildi. Yaxşı bəs belə olsaydı Osmanlıların marağı nə ola bilərdi?
Bir çox mənbələr dünya müharibəsi dövründə Osmanlı rəsmilərinin Türkiyədəki və Rusiyadakı erməni icmasının nümayəndələri ilə görüşdüyünü və müharibədə onların tərəfində iştirak edəcəkləri halda keçmiş Rusiya imperiyasının ərazilərində ermənilər üçün ayrıca dövlət yaradılacağı barədə vəd verildiyini qeyd edirlər. Azərbaycan ziyalılarına da oxşar vədlər verilmişdi.
Lakin, Birinci Dünya müharibəsinin gedişatı Osmanlı dövləti üçün uğurlu davam etmədi. Bilavasitə ermənilərin xəyanəti ilə rus qoşunları Osmanlı ərazilərinin xeyli hissəsini ələ keçirmişdi. Rusiya Osmanlı dövlətinin şərq torpaqlarında müstəqil erməni dövləti yaratmaq və çox güman ki, öz ərazisinə əvvəllər süni şəkildə gətirilmiş erməniləri də oraya köçürmək niyyətində olmuşdu. Hətta bir çox şəhərlərdə ermənilərdən ibarət hakimiyyət orqanları da yaradılmışdı. Lakin, Brest sülhündən sonra rus qoşunlarının geri çəkilməyi ilə ermənilərin xülyası suya düşür və onlar “Böyük Vətən”lərindən məhrum olurlar.
Vəziyyət isə 1918-ci ilin mayının sonunda kulminasiya nöqtəsinə çatır. Gürcüstanın qəti sərhədlər müəyyən edilmədən Zaqafqaziya Federasiyasından çıxaraq özünü müstəqil dövlət elan etməsi Azərbaycanın müstəqilliyi üçün zəmin yaratsa da gələcək ərazi münaqişələrinin əsasını qoydu.Həmin dövrdə Azərbaycanın xilaskarı olmuş Nuru paşa ilə müstəqil Azərbaycan hökuməti arasında fikir ayrılığı yaranmış, heç bir əlavə təzyiq vasitəsi olmayan hökumət istefaya getməyə məcbur olmuşdu. Buradan istər istəməz İrəvan məsələsində də Osmanlıların təzyiqinin olması ehtimalı ortaya çıxır.
Vəziyyət isə 1918-ci ilin mayının sonunda kulminasiya nöqtəsinə çatır. Gürcüstanın qəti sərhədlər müəyyən edilmədən Zaqafqaziya Federasiyasından çıxaraq özünü müstəqil dövlət elan etməsi Azərbaycanın müstəqilliyi üçün zəmin yaratsa da gələcək ərazi münaqişələrinin əsasını qoydu.Həmin dövrdə Azərbaycanın xilaskarı olmuş Nuru paşa ilə müstəqil Azərbaycan hökuməti arasında fikir ayrılığı yaranmış, heç bir əlavə təzyiq vasitəsi olmayan hökumət istefaya getməyə məcbur olmuşdu. Buradan istər istəməz İrəvan məsələsində də Osmanlıların təzyiqinin olması ehtimalı ortaya çıxır.
Yuxarıda qeyd etdiyimiz kimi Osmanlı dövləti ermənilərin öz dövlətlərini qurmaq üçün iddia etdikləri əraziləri geri qaytarmışdı. Yaranmış şəraitdə Osmanlıların qanları bahasına geri aldıqları tarixi torpaqları ermənilərə güzəştə gedəcəyi ağılsızlıq kimi görünərdi. Belə bir vəziyyətdə Osmanlı dövlətinə qarşı heç bir müqavimət imkanı olmayan ermənilərin həmin dövlətin keçmiş Rusiya imperiyasının ərazisində yaradılması tələbini irəli sürmələri təbii idi. Həmin dövrdə Bakıdan Osmanlı dövlətinin sərhədlərinə kimi ən uzaq yer isə – elə İrəvan və onun ətrafı idi.
Bu qərarın müvəqqəti xarakter daşıması, sadəcə ermənilərin “səsini kəsmək üçün” qəbul edilməsi mübahisəsizdir. Çünki o vaxt siyasi şərait də Azərbaycanın xeyrinə idi. Belə ki, Mudros sülh müqaviləsinə qədər Ermənistan dövləti və ona aid olan 12 min kv km-lik İrəvan və Eçmiədzin qəzaları faktiki olaraq Osmanlı qoşunlarının nəzarəti altında olmuşdu. Dövlətin rəsmi adının da mənbələrdə daha çox Ararat Respublikası və İrəvan Respublikası kimi səsləndiyini, orada xeyli sayda müsəlman əhalinin də yaşadığını nəzərə alsaq, onun sırf erməni dövləti kimi yaradılması damübahisə doğrurur. Lakin, hadisələrin sonrakı gedişatı bu dövlətin tamamilə erməniləşməsinə, İrəvanın tamamilə Azərbaycan tarixindən silinməsinə gətirib çıxarmışdı.
Beləliklə, İrəvanın ermənilərə güzəştə gedilməsi, müəyyən qədər xarici təsirlərlə müşayət olunaraq, o dövr üçün sadəcə ermənilərin digər ərazi iddialarının qarşısını almaq üçün verilmiş və ilk dövrlər müvəqqəti xarakter daşımışdı. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası qəbul etdiyi qərarla sadəcə, Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi sayılan İrəvana olan iddialarından müvəqqəti olaraq geri çəkmişdi, eyni zamanda ermənilərlə vahid Konfederasiya yaratmaq yolu ilə İrəvanla əlaqələrini tamamilə itirmək istəməmişdi. Lakin, regionda sonradan cərəyan edən hadisələr bu qərarın Azərbaycan xalqının və dövlətinin maraqlarının ziddinə xidmət etməsinə gətirib çıxarmışdı.
Aqşin Atalızadə
Hüquqşünas, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı
MF
Комментариев нет:
Отправить комментарий