Sovet rejiminin bütün mərhələlərində onun “Müsavat” qədər güclü rəqibi olmamışdır. «Rudenko məhkəməsi»nin materiallarında Mircəfər Bağırov da «müsavatçı» kimi “baş qaldırır”.
Quba qəzasında Xalq Cümhuriyyəti hökumətinin nümayəndəsi, parlament üzvü Əli bəy Zizikski idi. 1956-cı ildə Mircəfər Bağırovu «müsavatçı» qubalılara arxa olmaqda günahlandıranların ağlına belə gəlməzdi ki, onların tarixdən sildikləri Azərbaycan Xalq Cümhuriyyəti yenidən Azərbaycan torpağında, o cümlədən Əli bəy Zizikskilər, Mircəfər Bağırovlar Qubasında bərqərar olacaqdır.«Rudenko məhkəməsi»nin müttəhimi Mircəfər Bağırovun qubalı müsavatçı dostları kimlər idi? İlk növbədə Quba qəza komissarı Əli bəy Zizikski. Məhkəmədə şahid Orucov belə nəql edir: «1920-ci ildən sonra Bağırov Bakıda Azərbaycan FK-nın ( Fövqəladə Komissiya -red ) sədri idi, onun katibi isə mənim dayım oğlu Hacıağa Şahverdiyev idi. Şahverdiyev Bağırovla ən yaxın dost olub. Biz üçümüz birlikdə Qubada şəhər məktəbində oxumuşduq.1922-ci ildə mən Bakıya getdim və Şahverdiyevin evinə düşdüm.Bir dəfə işdən qayıdandan sonra Şahverdiyev mənə dedi ki, Bağırov səni yanına çağırır. Ertəsi gün mən Hacıağa Şahverdiyevlə birlikdə Azərbaycan FK-ya Bağırovun yanına getdim. Bağırovla biz köhnə dostlar kimi görüşdük. O, məni çox yaxşı qarşıladı. Söhbət əsnasında Bağırov məndən soruşdu ki, Əlibəy Zizikskini xatırlayırsanmı? Mən cavab verdim ki, çox yaxşı yadımdadır. Söhbətimizdə Hacıağa Şahverdiyev də iştirak edirdi.Bir qədər keçdikdən sonra Qəni adlı mühafizəçi bildirdi ki, onlar gəliblər. Bağırov gələnləri içəri buraxmaq barədə ona göstəriş verdi. Bağırovun otağına bir-birinin ardınca keçmiş Quba bəylərindən Şıxlarskinin qohumu Bəybala bəy Alpanski, Bağırovun qubalı dostlarından Əli bəy Zizikskinin qohumu tacir Hacıbala Məmmədyarov, eləcə də Əli bəy Zizikski daxil oldular.
Onlar otağa daxil olanda Bağırov yerindən qalxıb onları qarşıladı, hər biri ilə mehribanlıqla gorüşdü, Əli bəy Zizikski ilə hətta öpüşdü. Söhbət zamanı Bağırov ərklə bildirdi ki, sən nə üçün gizlənirsən, özünü alçaldırsan. Bilirsən ki, mən burada işləyirəm. Əli bəy gözləri yaşarmış halda Bağırova bildirdi ki, onu həbs etməklə qorxudurmuşlar, ona görə də gizlənib. Bağırov o dəqiqə Əli bəy Zizikskinin üzə çıxarılması üçün sənədlər hazırlamağı Hacıağa Şahverdiyevə tapşırdı. Elə həmin otaqdaca Şahverdiyev sənədləri hazırladı, Bağırov həmin sənədi imzalayıb möhür vurdu. Həmin sənədi Zizikskiyə verib dedi: «Bu sənədə əsasən sən Azərbaycanın harasında istəsən yaşaya bilərsən. Nə qədər ki, mən burada - FK-da işləyirəm, sən heç bir şey üçün narahat olma». Doğrudan da, bütün sonrakı illər ərzində Əli bəy Zizikski Bakıda yaşadı. Məhkəmə materiallarında bu da göstərilir ki, Əli bəy Zizikski şəxsi mülkündə yaşamış və həmin evin kirayə pulu ilə dolanmışdır. Mircəfər Bağırovun himayədarlıq etdiyi dostları arasında Bəybala bəy Alpanski, Hacıbala Məmmədyarov və Qazı Əhməd bəy Məmmədbəyov da vardı. Mircəfər Bağırov keçmiş Müsavat pristavı Qiyas bəy Cahandar bəy oğlu Şıxlinskinin (Cahandar ağanın oğlu) Qazax qəzasına milis rəisi vəzifəsinə göndərilməsində də müqəssir hesab edilir. Şahid Z.Ə.Əliyevin ifadəsinə görə, Bağırov çox vaxt keçmiş “Müsavat” fəallarını öz tərəfinə çəkir və məsul vəzifələrə təyin edirmiş.Məhkəmə materiallarında qeyd olunduğu kimi, Mircəfər Bağırov Qubada Müsavat Partiyasının qəza komitəsi sədrinin müavini Əlipənah bəy Şəfibəyovu da himayə etmişdir. Şəfibəyov 1930-cu ildə həbsə alınarkən, ondantürk nümunəli tüfəng və ona müvafiq 30 patron tapılmışdı. Lakin Azərbaycan Dövlət Siyasi İdarəsinin 1930-cu il martın 16-da Bağırovun sədrliyi ilə keçirilmiş kollegiyası Şəfibəyovun işinə xitam vermişdir. Görünür Mircəfər Bağırov yəqin etmişdi ki, keçmiş müsavatçı bir ədəd türk nümunəli tüfənglə və 30 patronla dövlət çevrilişi etməyə qadir deyilmiş...
Mircəfər Bağırovun qanadı altına aldığı başqa bir qubalı - Müsavat Partiyası şöbəsinin təşkilatçısı Əbilqasım Rüstəmov On birinci Ordunun qoşun hissələri Qubaya daxil olanda qaçıb gizlənmişdi. 1923-cü ildə Bağırov tərəfindən üzə çıxarılmış və Qubada 11 nömrəli sovxozda yanğından mühafizə idarəsinin rəisi vəzifəsində işləmişdir. Nə qədər təəccüblü olsa da, müsavatçının çalışdığı sovxozda heç bir yanğın baş verməmişdir. Bununla belə, 1925-ci ildə Azərbaycan DSŞ aparatında işləmiş A.M.Qasımov məhkəmədə şahid kimi bildirmişdir ki, «onun məsuliyyətə cəlb olunması barədə məsələ qaldırdım, Bağırov buna qol qoymadı və dedi ki, qoy o yaşasın».
Məhkəmə materiallarında Mircəfər Bağırovun “Müsavat” ordusu zabitlərinə də himayədarlığına dair məlumatlar vardır.”Müsavat” ordusunda zabit kimi xidmət etmiş, hərbi məktəb bitirmiş Məmməd Aslan oğlu Sarıcalinski Bağırovun köməyi ilə 1921-ci ildə Fövqəladə Komissiyanın əvvəlcə süvari diviziyasına, sonra isə sərhəd qoşunlarına işə götürülmüşdü. O, bir müddət Bağırovun özü ilə birgə xidmət etmişdir. Görünür bir nəfər “Müsavat” zabitinin Sovet orqanlarında işləməsini Mircəfər Bağırov qəbahət hesab etməmişdi. O öz gözləri ilə görmüşdü ki, Mikoyanın,Amazaspın, Avetisovun ön cərgəsində durduğu On birinci Ordu vədinə xilaf çıxdı.Qısa bir müddətdə Səməd bəy Mehmandarovun və Əliağa Şıxlinskinin yaratdıqları Müsavat milli ordusu amansız təqiblərə məruz qaldı. 12 general, 27 polkovnik və podpolkovnik, 46 nəfər kapitan dərhal məhv edildi. 1200-dən çox “Müsavat” zabiti və əsgəri Arazı keçdi, mühacirətə üz tutdu.Vur-tut bircə “Müsavat” zabiti Sarıcalinski bu boyda Qızıl Ordunu dağıtmayacaqdı ki...
Məhkəmə materiallarında Mircəfər Bağırovun Müsavat Partiyası ilə yanaşı İttihad Partiyası üzvlərinə də himayədarlıq etməsi barədə ittihamlar irəli sürülür. Göstərilir ki, Bağırovun məsuliyyətdən xüsusilə qoruduğu şəxslər arasında1919-cu ilin əvvəllərində İttihad Partiyasının məsul katibi Əhməd Triniç xüsusi yer tutur. İstintaqdan məlum olub ki, Əhməd Triniç əvvəllər türk ordusunun zabiti olub. Onun başçılığı ilə Qubada və Bakıda bolşeviklərə qarşı fəal mübarizə aparılıb. Şahidlərin ifadələrinə görə, Əhməd Triniçlə Bağırov çox yaxın münasibətdə imişlər. Bağırov onu yüksək vəzifələrə irəli çəkirmiş, hətta respublika qəzetinin redaktoru kimi yüksək vəzifəyə təyin edibmiş. Triniçin əksinqilabi keçmişi barədə dəfələrlə siqnallar olmasına baxmayaraq, Bağırov 1933-cü ildə onu hökumət mükafatına - ordenlə təltif olunmağa təqdim etmişdir. Mircəfər Bağırova yaxşı məlum idi ki, On birinci Ordunun Xüsusi şöbəsinin rəisi Pankratov 1920-1921-ci illərdə İttihad Partiyasının işi ilə şəxsən məşğul olmuşdu. Ordunun ermənilərdən və ruslardan ibarət hərbi müstəntiqləri Azərbaycanda Sovet hakimiyyətini silahlı üsyan yolu ilə devirmək cəhdində ittiham olunan İttihad Partiyasının yüzlərlə üzvünü və tərəfdarlarını cəzalandırmaq üçün «üçlüyə» təqdim etmişlər. Pankratovdan, Aşukindən və Qubindən ibarət «üçlük» Azərbaycanın ziyalı və millətsevər oğullarını Rusiyanın Xolmoqor, Ryazan, Nijni-Novqorod və digər həbs düşərgələrinə göndərmişdir.Yalnız bir nəfər - Əhməd Triniç Mir Cəfər Bağırovun köməyi ilə Pankratovun caynağından xilas edilmişdi. Məhkəmə iclasında nümayiş etdirilən bir ərizə də Mircəfər Bağırovu təəccübləndirməmişdi. Həmin ərizədə Əhməd Triniç Quba şəhərinin komendantı olduğunu, Xırdalandakı döyüşlərdə iştirakını, Qubada könüllülər dəstəsi yaradıb Azərbaycan-türk ordusunun hücumunadək bolşeviklərə qarşı fəal mübarizəsini əsas tutaraq, “Müsavat” parlamentinin mühafizəsi üçün dəstə yaradılmasını ona tapşırmağı xahiş edirdi. Məktub kimə ünvanlanmışdı? Azərbaycan Müsavat Partiyasının sədri M.Ə.Rəsulzadəyə.
...Mircəfər Bağırov düşünürdü: Yaxşı, “Müsavatın” liderini Stalin Bayıl türməsindən çıxarıb özü ilə Moskvaya aparanda, mən beş-altı müsavatçı dostumu Pankratovun əlindən ala bilməzdim? Bir də ki, Əhməd Triniç ordu zabiti idi.Yaxşı, Nəriman Nərimanov Müsavat ordusunun iki generalını Leninə məktub yazıb xilas etməmişdi? Mən də bir zabitini Bakıda saxlamışam...
Məhkəmə materiallarında deyilir ki, MirCəfər Bağırov 1921-ci ilin dekabrın 9-da Beriya tərəfindən imzalanmış orderi yerinə yetirməyib. Həmin order Gürcüstanda həbs olunmuş Əli Əsədullayev haqqında idi. Bakı milyonçusu Əsədullayevin oğlu və H.Z.Tağıyevin kürəkəni Əli Əsədullayevin təqsiri nədən ibarət idi? O, çar ordusunun poruçiki olmuşdu. «Rudenko məhkəməsi»nin materialarına görə Əli Əsədullayev “Müsavat” hakimiyyəti dövründə «Vəhşi diviziya» tərkibində Sovet ordusuna qarşı mübarizə aparmışdır. Mircəfər Bağırov Əli Əsədullayevin «işi» üzrə heç bir təhqiqat aparmayıb, demək, milyonçu oğluna himayədarlıq etmişdir. Əli Əsədullayev Bakı cıdır meydanında işləyirmiş, sonralar arvadı ilə birlikdə İrana keçib.
... Nərimanov Hacı Zeynalabdin Tağıyevə dəymədi, mən də onun kürəkəninə bir yaxşılıq edim. Əli Əsədullayev bir gün cıdır meydanından köhlən atın belində yoxa
çıxdı...
1956-cı ildə, məhkəmə materiallarında adları «xalq düşmənləri» siyahısında çəkilənlər bu gün hamımız üçün Xalq Cümhuriyyətinin və milli ordumuzun işıqlı adamları kimi daha doğma və əzizdir. Ən çətin məqamlarda onlara himayədarlıq etmiş Mircəfər Bağırovun günahı nədir?
Tarixçi Araz Vəliyev
İstifadə edildi :Teyyub Qurbandan
Atvxeber.az
Комментариев нет:
Отправить комментарий