Adolf Hitler dünyadan necə köçüb? Zəhər qəbul edib? Gicgahına güllə sıxıb? Yoxsa qocalıb əldən düşərək yorğan-döşəkdə dünyasını dəyişib? Bu suallara artıq 60 ildir ki, dünyanın bir çox alimləri tərəfindən cavab axtarılır. Bu, əbəs yerə deyil. Çünki Berlinin ələ keçirilməsi anından etibarən Hitlerin uğurlu qaçışı barədə danışılır. Bu versiya dəfələrlə rədd edilsə də, bir müddət sonra yenidən gündəmi zəbt edir.
Anlaşılmaz başlanğıc
1945-ci il aprel ayının 30-da Moskvaya Hitlerin ölümü ilə bağlı məlumat daxil oldu. Stalinin reaksiyası təmkinli idi: “Çox atılıb-düşürdü”. Sonra isə Stalin “meyit haradadır” sualını verdi. Berlində bu sual alman generalı Hans Krebuya ünvanlandı. O isə cavabında, Hitlerin meyitinin yandırıldığını söylədi. Deyəsən, alman generalının sözləri Stalini məmnun etmədi. Çünki artıq may ayının əvvəllərində qəzetlərdə yeni məlumat dərc edildi. Bu məlumata görə, Hitlerin ölümü yeni faşist trükü idi.
Bu zaman Berlinə hücum edən bütün qoşunların tərkibində Hitlerin axtarışı və ələ keçirilməsi üçün xüsusi qruplar yaradılmışdı. Mayın 2-də Reyxkanselyariya ərazisində sovet zabitləri tərəfindən Hitlerin iki oxşarının meyiti tapıldı. Onlardan biri yeraltı bomba sığınacağında, digəri isə həyətdə yerləşən yanğın əleyhinə nəzərdə tutulmuş hovuzda idi. Hər ikisi də sifətlərinə açılan atəşdən dünyasını dəyişmişdilər.
Meyitlərin tanınması üçün əsir düşən vitse-admiral Hans Foss istintaqa çağırıldı. O, cəsədlərdən birinə baxaraq, dedi: “Bu, Hitlerdən başqa heç kəs ola bilməz”. Amma sonradan cəsədin ayağındakı yamanmış corablara baxan Foss bir az şübhələrə daldı.
Yanmış qalıqlar
Mayın 4-də Reyxskanselyariyanın bağında, aviabombanın açdığı çuxurdan naməlum kişi və qadın cəsədləri tapıldı. Yanmış meyitləri tanımaq mümkün deyildi. Bu səbəbdən qalıqların basdırılması barədə əmr verildi. Bu tapıntıya o qədər də önəm vermədilər. Çünki eyni gündə ikinci oxşarın cəsədinin ekspertizası olmuşdu. Amma tezliklə, Hitlerin təhlükəsizlik xidmətində çalışmış bir alman zabiti, Adolfun və onun həyat yoldaşının meyitlərinin bunkerdən çıxarılaraq bağda basdırıldığının canlı şahidi olduğunu bəyan etdi. Qalıqları yenidən qazıb çıxardılar. Mayın 8-də xəstəxanada tibbi ekspertiza keçirildi. Nəticə belə oldu: “Alov vasitəsilə yanmış cəsədlərdə heç bir səciyyəvi əlamət tapılmadı”. Bu səbəbdən də, mayın 9-da Hitleri axtaran qrupun əlində yanmış cəsədin Üçüncü Reyxin rəhbərinə aid olduğu barədə dəlil və sübut yox idi. Yaxşı ki, Hitlerin çənə sümüyü saxlanılıb. Amma onu necə sübut etmək olar? Çünki müqayisə üçün DNK analiz lazımdır. Bunun üçün isə...
Gözlənilməyən uğur
Müstəntiqlər vaxtilə Hitlerə xidmət göstərən professor Blaşkenin stomatoloji klinikasının axtarışına yollandılar. Bu zaman zabitlərin bəxti gətirməyə başladı. Onlar professorun assistenti xanım Hoyzermanı tapdılar. Xanım Fürerin dişlərində aparılan bütün müalicələri yadına salaraq müstəntiqlərə danışdı. Bundan başqa, Hoyzerman rus zabitlərinə Adolfun xəstəlik tarixini harada axtarmaq lazım olduğunu da göstərdi. Elə bil ki, sehrli çubuğun bir işarəsi ilə Hitlerin gizləndiyi bunkerdə rentgen kağızları və diş üçün nəzərdə tutulmuş qızıl qapaqlar da tapıldı. Blaşke bu qapaqları Hitlerin dişinə taxmağa macal tapa bilməmişdi.
Tezliklə, kəşfiyyatçılar fürer və Yeva Braun üçün diş protezi hazırlayan diş texnikini də tapdılar. Amma 1945-ci il iyun ayının əvvəlində Stalinin qəribə bir fərmanı işıq üzü gördü. Bu fərmana görə, “naməlum kişi” haqqında istənilən məlumat dövlət sirri elan edilirdi.
Yeni istintaq dalğası
Bununla belə, Hitlerin ölümü haqqında tarix susmadı. Susa bilmədi. 1945-ci ilin sonlarında ingilislər və amerikalılar Sovet hökümətinə müştərək istintaq aparmağı təklif etdilər. Sovet tərəfi təklifi qəbul etsə də, məlumatı heç bir tərəflə bölüşmədi. Daxili işlər komitəsinin əməkdaşları bundan əvvəl keçirilmiş istintaqın nəticələrini yoxlamağa başladılar. Hitlerin ölümündə birbaşa və dolayı yolla şahid ola biləcək alman əsirlərinin böyük əksəriyyəti SSRİ həbsxanalarında idi. Dustaqların verdiyi ifadələrə əsasən, Hitlerin sui-qəsdinin yeni versiyası ortaya çıxdı: 1945-ci il aprelin 30-da, saat 15:30 radələrində fürer kabinetinə keçdi və qapını bağladı. Bir müddət sonra otağa daxil olan Heyns Linqe (Hitlerin otaq xidmətçisi) və Borman fürer və Yeva Braunu divanda oturmuş vəziyyətdə tapdılar. Cütlükdə heç bir həyat əlaməti yox idi. Linqe diqqətlə baxıb, Hitlerin sol gicgahında güllə yarası gördü. Amma nəzərə almaq lazımdır ki, istintaq materiallarına əsasən, dindirilmə zamanı Linqe etiraf edib ki, onun həqiqətən güllə yarası olub-olmadığını bilmir. Ola bilsin ki, bu qırmızı ləkəni fürerin gicgahına rəngli boya və karandaşla çəkiblər.
Qəribəliklər
Sonra SS-çilər Hitler və Yeva Braunun meyitlərinin üzərinə benzin tökərək yandırdılar. Bununla belə, Hitlerin cəsədini yalnız Borman və Linqe görüb. Digər şahidlər isə, boz parçaya bükülmüş cəsədləri görüblər. İstintaq sənədlərində eyni zamanda divanın qoltuqaltında qırmızı-qəhvəyi ləkənin olduğu da qeyd edilib. Divanın qoltuqaltısı Moskvaya göndərilib. Paytaxtın tibbi laboratoriyasında qan qrupunu təyin etmək üçün həkimlər və alimlər qollarını çirmələdilər. Amma nəticə o qədər də ürəkaçan olmadı. Çünki divana çökən ləkə qan ləkəsi deyildi!
SSRİ dövlət arxivinə giriş icazəsi əldə edən ingilis həkim Hyu Tomas Hitlerin çənə sümüyünün fotosunu və rentgen kağızlarını ekspertizaya təqdim etdi. Sonuncu sənəd ABŞ milli arxivində saxlanılırdı. Nəticə sensassiyaya səbəb oldu: Hitlerin ağzı üçün nəzərdə tutulmuş və diş texnikindən əldə edilmiş körpücük (dişləri birləşdirmək üçün nəzərdə tutulur – red.) onun çənəsi ilə uyğun gəlmir! Bu körpücük yüz faiz Adolfa aid deyil.
Təsadüfi qurban
Yeva Braunun da cəsədinin ekspertizası da “sürprizlərə səbəb oldu”. Onun nəticələrinə görə, Yevanın cəmi 11 dişi vardı. Eyni zamanda, bu dişlər pis vəziyyətdə, yəni saralmış, plomblu olub. Amma tarixi faktlara görə, Yeva xarici görünüşünə xüsusi diqqət yetirən qadın olub. Onun 24 dişi olub və bunlardan cəmi 3 diş plomblu olub. Çox güman ki, hansısa naməlum qadın meyitini Yeva Braunun əvəzinə “sırımaq” istəyiblər. Cəsəd atışma zamanı həlak olan hansısa qadının olub və ya yaxın küçələrdən birindən tapılmış qadın meyitini oraya gətiriblər.
Hazır olmaq
Əslində, Hitlerin qaçmaq və xilas olmaq üçün kifayət qədər şansı və imkanı var idi. SS-in yüksəkçinli zabitləri üçün 1944-1945-ci illərdə ölkədən kənarda gizli evakuasiya üçün “siçovul cığırı” adlı marşrut hazırlanmışdı. Bu marşrut xətti Avstriyadan Romaya qədər uzanırdı. Yolboyu katolik kilsəsi qaçqınları saxta sənədlərlə təmin edirdi. Faşistlər Romadan İspaniya, Argentina, Ekvador kimi dövlətlərə yola düşürdülər. 1945-ci ilin mart ayından on sualtı qayıq kapitanına daim hazır vəziyyətdə olmaq əmr edilmişdi. Çünki istənilən an Reyx hökumətinin üzvləri evakuasiya edilə bilərdi.
Asudə qocalıq
Müharibədən sonra keçən illər ərzində Hitler barədə dolaşan şayiələr səngimədi. Bu yaxınlarda argentinalı yazıçı Abel Basti “Hitler Argentinada” adlı kitabını satışa çıxardı. Bu kitabda fürerin Yeva Braunla birgə Argentinaya qaçdığı, 1964-cü ilə qədər orada yaşadığı yazılıb. Sensassiyalı araşdırmanın müəllifi FTB-nin arxivinə istinad edir. İddiaya görə, 1945-ci ilin avqustunda Adolf Pataqoniya sahillərinə yaxınlaşıb. Hitler və yeddi faşist lideri Almaniyaya məxsus sualtı qayıqla cənubda yerləşən Rio-Neqro əyalətinin Kaleta-de-los-Loros sahillərinə yan alıblar. Hitlerin içərisində olduğu sualtı qayıq əlavə iki submarinlə müşayiət olunurdu. Bir versiyaya görə, sərnişinlər tərk etdikdən sonra sualtı qayıqlar batırılıb. Bu faktın maddi sübutu da var. Hitlerin qayıqdan endiyi yerin yaxınlığında, dənizin 30 metr dərinliyində üç alman sualtı qayığı var. Əfsuslar olsun ki, bu günə qədər də bu sualtı qayıqlar tam tədqiq edilməyib. Yəqin ki, Argentina hökuməti bu faktların gün işığına çıxmasını istəmir. Bəlkə də, belə bahalı ekspedisiya üçün vəsait ayırmaq marağında deyil. Kitabda bundan başqa, Hitlerin evində qulluqçu işləyən Katalina Qameronun xatirələri də yer alıb. Katalinanın sözlərinə görə, Hitler Eykhornlar ailəsinə məxsus villada yaşayıb. Eykhorn cənubi Amerikada faşist Almaniyasının maliyyə agenti kimi məhşur idi. Katalina hələ də sağdır və müəyyən hadisələri xatırlaya bilir.
Basti eyni zamanda bir çox nasistin şahid ifadələrinə də əsaslanır. Bundan başqa o, bu yaxınlarda dünyasını dəyişmiş Bariloçe sakini Erix Pribke ilə də görüşür və söhbət edir. Bu şəhərdə Con Maler adı ilə keçmiş alman kəşfiyyatçısı Reynhard Kops da yaşayıb. Bir çox nasistin Latın Amerikasına qaçdığı barədə faktı heç kəs rədd etmir. Onların arasında Adolf Eyhman və Yozef Mengele kimi məhşur faşistlər də var. Onları Argentina diktatoru general Xuan Peron qəbul edib. Amma Bariloçedə nasistlərin yaşadığı barədə mövzu bu günə qədər də tabudur. Hətta bu gün də almanlar bu barədə susurlar. Çünki heç bir sakin öz valideynləri, nənəsi və ya babası barədə danışmaq istəmir.
Kitabda eyni zamanda Hitlerin 1950-ci ildə Kordova əyalətinə köçməsi, burada “Hotel Eden” otelində yaşamasından söhbət açılır. Sonradan Adolf bir müddət Mendosa şəhərində yerləşən “Gran Hotel Viena”da yaşayır. Bu oteldə nasistlər yaşayır və müalicə olunurdular. Bastinin fikrincə, fürer sonra Paraqvaya keçir. Xuan Dominqo Perona sürgündən qayıtdıqdan sonra alman diktator Mendosaya geri dönür. 1960-cı illərdə burada dünyasını dəyişir və yerli qəbiristanlıqda dəfn edilir.
Bastidən başqa Hitlerin Argentinaya qaçdığı və orada yaşadığı barədə versiyanı Cerard Uilyams və Saymon Dunstan da təsdiqləyir. 2011-ci ildə onlar “Boz canavar. Adolf Hitlerin qaçışı” adlı kitablarını satışa çıxarırlar. Britaniyalı yazıçıların fikrincə, Adolf Argentinaya Martin Bormanın köməyi ilə qaçıb. Amma rəsmi versiyaya görə, Borman ya həlak olub, ya da 1945-ci ildə Berlini tərk edə bilmədiyi üçün özünə qəsd edib. Yazıçıların fikrincə, Berlində cəsədləri ələ keçən cütlük Hitler və Yevanın nasistlər tərəfindən əvvəlcədən hazırlanmış oxşarlarıdır. Amma Basti britaniyalıları plagiatda günahlandırdı.
Abel Bastinin fikrinə görə, Adolf Hitler 1964-cü ildə dünyasını dəyişib. Moskvada saxlanılan və Hitlerə məxsus olduğu iddia edən sümüklərə gəlincə, Abel bunun yalan və saxta faktlar olduğunu iddia edir. Hitlerin ölümünü sübut edən heç bir fakt yoxdur. Onun sağ qaldığı, Argentinaya qaçdığı barədə iddia isə SSRİ üçün qəbuledilməz idi. Bu səbəbdən, fürerin bunkerdə özünə qəsd etdiyi barədə saxta mif uyduruldu.
Məxfilikdən çıxarılmış arxivlər
İstənilən halda, Rusiya xüsusi xidmət orqanları Adolf Hitlerin 1945-ci ildə özünə qəsd etdiyini iddia edəcəklər. 2000-ci ilin aprelində Rusiya ordusu muzeyi və xüsusi xidmət orqanlarının təşkil etdiyi “Üçüncü Reyxin Süqutu” adlı sərgidə bu mövzuya aid sensasiyalı materiallar təqdim edildi. Bu sənədlərə əsasən, diktatorun qalıqları 1970-ci ildə yandırılıb və külü göyə sovrulub. Bu əməliyyat orduya məxsus tank poliqonlarının birində baş tutub. Məxfilikdən çıxarılmış cinayət işinə görə, 1945-ci il iyunun 3-də Hitler və Yeva Braunun yanmış cəsədlərinin qalıqları Ratenov şəhərinə gətirilərək burada basdırılıb. Amma 25 ilə yaxın müddətdə SSRİ bu məsələni tamamilə gizli saxlayıb. 1970-ci ildə isə, Hitlerin ölümü ilə bağlı bütün iddialara “son qoymaq” qərarına gəlib.
İkinci Dünya müharibəsinin bu dramatik epiloqunun “rejissoru” DTK-nın katibi Yuriy Andropov idi. Bu əməliyyat “Arxiv” kod adı ilə həyata keçirildi. DTK-nın əməliyyat qrupu Maqdeburq şəhərinə gedərək, Hitler və Yeva Braunun torpağa basdırılmış cəsədlərini çıxardı. Sonra meyitlər yandırıldı və Elba çayına atıldı.
Комментариев нет:
Отправить комментарий