среда, 31 декабря 2014 г.

Azərbaycanlı kəşfiyyatçı: “Əfqanıstanda etdiklərimə görə indi də özümü bağışlaya bilmirəm” - HEKAYƏT

Azərbaycanlı kəşfiyyatçı: “Əfqanıstanda etdiklərimə görə indi də özümü bağışlaya bilmirəm” - HEKAYƏT
“...qanlı xəncərini əbasının qoluna silib, mənə dedi: get qurban ol Həzrəti Əliyə”

Axır ki, onu bu barədə danışmağa razı sala bildim. Açığı, heç ümidim yox idi. Biləndə ki, SSRİ Dövlət Təhlükəsizlik Xidmətinin (DTK-KQB) xarici kəşfiyyatında çalışmış keçmiş azərbaycanlı əməkdaşlarından və özü də Əfqanıstanda “işləmiş” kəşfiyyatçılardan olub (o vaxt SSRİ Əfqanıstanda etdiyi müharibə zamanı ora peşəkarları seçib göndərirdi), onu bu xatirələri ilə bağlı söhbət etməyə razı salmağa ümidim yox idi. Ara-sıra etdiyi söhbətlər onun keçmiş fəaliyyətinə, xüsusilə də Əfqanıstanla bağlı fəaliyyətinə məndə xüsusi maraq oyatmışdı. Təxminən bir ay ərzində etdiyim davamlı cəhdlərdən sonra, nəhayət, baş tutdu...

Qabil Xurşud oğlu Camalov. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda direktor müavinidir, elmi fəaliyyətlə məşğul olur. 1952-ci ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini fars dili üzrə bitirib. Deyir, SSRİ o vaxt Yaxın Şərqdə mövqelərini möhkəmlətmək üçün buradakı ölkələrdə öz fəaliyyətini genişləndirirdi: “Mən də ali təhsilimi başa vuran kimi heç özümün də xəbərim olmadan birbaşa təyinatımı SSRİ-nin İrandakı səfirliyinə verdilər. Əvvəlcə səfirin tərcüməçisi kimi işləməyə başladım, sonra da səfirlikdə DTK-nın rezidenti kimi fəaliyyət göstərdim. 76-cı ildən düz 1980-ci ilə kimi bu işlərlə məşğul oldum. 79-cu il İran inqilabı və şahın devrilməsinin canlı şahidiyəm...”

- Necə?

- Moskvadan bizə tapşırılmışdı ki, “rəsmi şəkildə qətiyyən İranın işlərinə qarışmayın, amma bacardıqca vəziyyəti qıcıqlandırın, qızışdırın”. Çünki o vaxt şah rejimi ABŞ-la daha çox geniş əlaqələr qururdu, nəinki SSRİ ilə. Bu da təbii ki, “bizimkilər”i razı salmırdı və DTK Tehranda elə vəziyyətdən istifadə etməyə çalışırdı və etdi də.

- Bəs necə “qızışdırırdınız” vəziyyəti?

- Bizə Tehranda və ya da digər iri şəhərlərdə müxtəlif libaslara - tacir, əyalət məmuru və s. rollara girib yerli camaatı incidib, şahdan narazı salmaq tapşırılmışdı. Bütün bunlar səfirlikdə plan üzrə hazırlanırdı və biz də icra edirdik...

“Şevardnadze bizə dedi ki... sonumuz çatıb”

İşinə məsuliyyətlə yanaşsa da İranda çox qala bilmir. Atasının səhhətinin ağırlaşması ilə bağlı bir neçə dəfə etdiyi müraciətdən sonra mərkəz onun Bakıya qayıtmasına icazə verir. “Elə əvvəldən gözlənilmədən qəfil əhatəsinə düşdüyüm fəaliyyətim məni sıxırdı. Həm də ən böyük arzum elmi fəaliyyətlə məşğul olmaq idi deyə, ona görə də Bakıya qayıtmağa can atırdım. Elə 80-ci ildə səfirlikdəki fəaliyyətimə xitam verib Bakıya qayıdan kimi, indi işlədiyim institutda dissertant oldum və elmi fəaliyyətə başladım. Gələndən sonra da institutda işləməyimə baxmayaraq DTK zabiti kimi fəaliyyətdə idim. Sovet dövrü bu demək olar ki, dəb idi; elmi tədqiqat institutlarında çalışdığın halda hüquq mühafizə orqanlarında işləmək. Məsələn, İranda şah rejimi vaxtı SSRİ-nin fəaliyyətini gizli dəstəklədiyi “Fədailər” təşkilatının üzvləri inqilabdan sonra Sovet İttifaqı ərazisinə - Azərbaycana axışdılar. Mərkəzin tapşırığı ilə 1983-cü ildə həmin təşkilatdan Azərbaycana buraxılan 300 nəfəri mən sənədləşdirib qoymadım yerli xalqla qarışsın, hamısını Moskvaya göndərdik. Amma yenə də bir neçə il keçdi, Bakıda hər şey yarımçıq qaldı... Məlumat gəldi ki, vəziyyət ciddidir və 1984-cü ildə məni o vaxtkı məlum müharibəyə görə Əfqanıstana göndərdilər”

Qeyd: 1979-cu il dekabrın 15-də əslində beynəlxalq imicinin qeydinə qalan SSRİ cənub sərhədlərindəki təhlükəni nəzərə alaraq ölkədə sosializmin qurulması bəhanəsi ilə Əfqanıstana qoşun yeridir. 44 saat ərzində bütün ölkə Sovet qoşunları tərəfindən tutulur və SSRİ-nin təsiri altında Əfqanıstan Xalq Demokratik respublikası elan olunur. Bu ölkədə sosializmi quracağını dünyaya bəyan edən Sovet İttifaqı düz 9 il - 1989-cu il fevralın 20-ə kimi bu ölkəni işğal altında saxlayır. Rəsmi məlumatlara görə, Sovet İttifaqı bu müddətdə Əfqanıstanda külli miqdarda vəsaitlə yanaşı 15 min hərbçi itirir ki, bunların da arasında 208 azərbaycanlı hərbçi olub. 417 azərbaycanlı isə itkin düşüb. İşğal nəticəsində 2 milyon əfqan qırılıb. Hər halda, bu, rəsmi məlumatlar idi, Qabil müəllimin dedikləri isə heç də bunlarla uyğun gəlmədi.

Həmsöhbətim deyir ki, o göndərilən vaxt vəziyyət ona görə ciddiləşmişdi ki, Sovet qoşunları Əfqanıstanı tutduqdan düz 1984-cü ilə kimi Moskvaya düzgün informasiyalar çatdırılmırdı. “Sovet hökumətinin Əfqanıstandakı nümayəndələri tərəfindən yalan məlumatlar göndərilirdi ki, guya artıq Əfqanıstanda sosializm qurulub, hər şey qaydasındadır. Ancaq artıq 1984-85- ci ildə vəziyyətin gərginliyi - bütün Əfqanıstanda sovet qoşunlarına qarşı əfqan mücahidlərinin silahlı mübarizəsinin kütləviləşməsi göndərilən məlumatların yalan olduğunu üzə çıxartdı. Ona görə də Moskvada Siyasi Büro vəziyyətin ciddiliyini nəzərə alıb, DTK-nın Əfqanıstanda “I Baş İdarə” adı altında xüsusi nümayəndəliyini təsis etdi və mən də bu idarədə fəaliyyətə göndərildim. İdarə DTK-nın olsa da hesabatı birbaşa Sov.İKP Mərkəzi Komitəsinin Siyasi Bürosuna edirdi. İdarənin tərkibi də məxfi idi. Məsələn, mən reallıqda SSRİ-nin Əfqanıstandakı səfirliyinin üçüncü katibi kimi hallanırdım, əsas vəzifəm isə həmin “I Baş İdarənin” aparıcı rezidenti idi. Bizim qarşımıza məqsəd qoyuldu ki, qısa müddət ərzində vəziyyət öyrənib mərkəzi məlumatlandıraq. Qısa vaxt ərazində aşkar etdik ki, nəinki Əfqanıstanda az da olsa sosializm qurulur, ölkənin ancaq 50 faizinə sovet qoşunları və yaxud da SSRİ-nin təsis etdiyi yerli hökumət qoşunları güclə nəzarət edir. Əfqanıstanın əksər hissəsi SSRİ-yə qarşı üsyan edən mücahidlərin əlində idi. Hətta paytaxt Kabildə ancaq bizim yerləşdiyimiz küçələr və yerli hökumət binaları olan hissə sovet qoşunlarının nəzarətində idi. Paytaxtda da mücahidlərin əlində olan küçələr vardı. Biz bunu hazırlayıb Moskvaya məruzə etdikdən sonra o vaxta qədər vəziyyəti mərkəzə düzgün çatdırmayan Mərkəzi Komitənin Əfqanıstan üzrə nümayəndəsi Mojayev işdən çıxarılaraq, məsuliyyətə cəlb olundu”.

Həmsöhbətim deyir ki, Əfqanıstanda artıq onun gözləri qarşısında başqa mənzərə canlanırdı. Təmsil olunduğu dövlət burada açıq-aşkar işğalçılıq edir, bir-iki mücahiddən ötəri neçə-neçə kəndlər yerlə-yeksan edilirdi. Deyir ki, buna baxmayaraq, dünyada güclü zənn etdiyimiz Sovet ordusu əfqan mücahidləri qarşısında aciz qalmışdı. “Qəndəhar, Əl- Baqram kimi əyalətlər vardı ki, axıra qədər SSRİ ora nəzarət edə bilmədi.
O zaman mən hətta bir neçə yerdə təmsil etdiyim dövlətin işğalçılığını etiraf edib, ciddi narazılıq etmişdim. Belə söhbətlərim kəşfiyyat vasitəsi ilə gedib mücahidlərə çatmışdı və mənə qarşı xüsusi hörmətləri yaranmışdı. Çünki belə bir xəbər yollamışdılar ki, “Camalzadə Sahib (onlar məni belə çağırırdılar) Əfqanıstanda ürəyi istədiyi yerdə çadır qurub yaşaya bilər. O ki hökumətlərini tənqid edə bilir, ona toxunmarıq”. Ordumuz da gün-gündən külli miqdarda itki verirdi, nə qədər vəsait sərf olunurdu. Qərbin, xüsusən də ABŞ-ın dəstəyi ilə sovet hökumətinə qarşı mücahidlərin yeddi partiyasının birləşdiyi Alyans yaradılmışdı. Qərargahları Pakistanda idi və SSRİ-yə qarşı amansız mücadilə aparırdılar. İndi məlumat yayırlar ki, Sovet İttifaqı Əfqanıstanda 15 min insan itirib, amma bu düz deyil. Təkcə 1987-ci ilə qədər Sovet İttifaqı Əfqanıstanda 140 min hərbçi itirmişdi. Moskva bu məlumatı qəsdən gizli saxlayırdı. Vəziyyət o yerə çatmışdı ki, o vaxt SSRİ-nin xarici işlər naziri olan E.Şevardnadze 1987-ci ilin yaz aylarında bir gün səfirliyin mərmər zalında (o Əfqanıstana demək olar ki, hər həftə gəlirdi) məni və yoldaşlarımı yığıb dedi ki, vəziyyət çox çətindir - 140 mindən çox hərbçi, milyonlarla vəsait itirmişik bu ölkədə, amma hələ də normal nəzarəti bərpa edə bilməmişik. Sonumuz çatır. O, bizə çox dilxor halda dedi ki, Sovet İttifaqı Əfqanıstanda düşdüyü vəziyyətə görə əldən gedir, məhv olur. Bizə (kəşfiyyatçılara) dönə-dönə tapşırdı ki, vəziyyəti ciddi öyrənib tezliklə düzgün qərar çıxarmasaq, çox pis olacaq.

“Arxadan vurulacağımı zənn etmirdim...”

O gedəndən sonra SSRİ DTK-dan bizə “şapka” (əmr) gəldi ki, təcili Camalovun (mənim) rəhbərliyi ilə qrup yaradılsın və ölkənin müxtəlif əyalətləri üzrə yerli xalqla dərhal təmaslar qurulsun. Yəni, son durum kimi ölkədə Sovet İttifaqına qarşı münasibət öyrənilsin. Çünki 85-ci ildən sonra mücahidlərlə qızğın toqquşmalara baxmayaraq, SSRİ Əfqanıstanda həmçinin ciddi quruculuq işləri də aparırdı. Onlarla məktəblər tikirdi, qəsəbələr salırdı. Əmri alan kimi, mən və başqa iki nəfər Sovet səfirliyinin nümayəndəsi adı altında əyalətlərə çıxdıq. Bizi xüsusi təyinatlılardan ibarət bir batalyon mühafizə etsə də, vəziyyət yenə riskli idi. Çünki biz əsasən Əfqanıstanın mücahidlərin hədəfində olan əyalətlərinə gedirdik. Bunlar əsasən Məzari-Şərif, Lörgə və sair idi. Bir neçə gün biz əsasən dağ ətəyi olan kəndlərdə yerli əhali ilə görüşüb söhbətlər apardıq. Həmin əfqan kənlilərinin görkəmləri indiyədək gözümün qabağından getmir. Qadınlar, kişilər vardı ki, üst-başları cır-cındır içindəydi, ayaqyalın yeriməkdən ayaqları fil ayağı boyda şişib qapqara qaralmışdı. Biz onlarla görüşdə (əsasən fars dilini sərbəst bildiyim üçün mən danışırdım) onlara izah edirdik ki, Sovet hökuməti bura sosializmi qurmaq üçün, sizə yeni həyat vermək üçün gəlib. Hər kəndə xeyli bu barədə söhbət etsək də onların bir cavabı vardı: “Gedin Əfqanıstandan!”

Qabil müəllim deyir ki, həmin görüşlərdə özləri ilə əfqan kəndliləri üçün xeyli ərzaq ə geyim də aparsalar da onlar ac-yalavac yaşamalarına baxmayaraq, heç nəyi qəbul etməyiblər. Deyiblər ki, bu, kafir malıdır, qəbul edə bilmərik, haramdır. “Aşağı kəndlərdəki görüşlərdən sonra növbə dağlıq kəndlərə çatdı. Baxmayaraq ki, əvvəlcədən mücahidlərlə danışığa girib əhali ilə bu görüşlər üçün razılıq əldə etsək də, yenə dağlıq bölgələr təhlükəli idi. Hər an bizi mühafizə edən batalyon ilə birgə girov düşə bilərdik. Onu da deyim ki, komandanlıqdan batalyon rəhbərliyinə əmr verilmişdi ki, əgər onların (yəni bizim) başından bir tük belə əskik olsa, siz qarışıq (yəni batalyon) həmin kənd raketlə alt-üst olunacaq. Buna baxmayaraq, biz dağlardakı kəndlərə qalxdıq. Mindiyimiz “UAZ” markalı maşından başqa ərzaq və geyim dolu bir yük maşını da müşahidə edirdi. Nəhayət, Lörgə əyalətində bir dağ kəndinə çatdıq. Burada yerli əhali ilə yanaşı mücahidlərin kənddə olan nümayəndəsi ilə də görüşməliydik. Ümumiyyətlə, əfqan kəndləri palçıq kərpiclərdən olan 10-15 evdən ibarət olurdu. Bizi burada cır-cındır əbaya bürünmüş ayaqyalın kənd camaatı qarşıladı. Biz ayaq üstü onlarla eyni söhbəti etdik və onları barışığa dəvət etməyə çalışdıq. Çünki adətən dağ kəndlərinin əksəriyyəti mücahidlərin əlində idi. Çox maraqlı hal idi ki, bu qədər ac-yalavac yaşayan camaat qəti inadından dönmək istəmirdi: çox arxayınca öz dillərində mənə deyirdilər ki, bizə Sovet hökuməti lazım deyil. Biz orda xeyli gözləsək də nədənsə mücahidlərin kənddə olan nümayəndəsi bizimlə görüşə gecikirdi. Bu əsnada kəndlilərdən biri yaxınlıqdakı evlərdən birinə girərək bir süfrə gətirib yaxınlıqdakı daşın üstünə sərdi. Sonra da gətirdi bir kasa qatıqla bir də cadar-cadar olmuş qarğıdalı çörəyini süfrəyə düzüb məni və yoldaşımı yeməyə dəvət etdi. Dedi ki, gərək bağışlayaq, olanları odur. Mən hökumətimizə qarşı bu qədər nifrətin içində bu ayaqyalın insanların bizə göstərdiyi qonaqpərvərliyə məəttəl qaldım. Az keçməmişdi ki, qəfil rabitəylə bizi mühafizə edən batalyondan xəbər verdilər ki, batalyon qarışıq mücahidlərin mühasirəsindəyik. Dörd tərəfdən dağların başından snayperlərlə bizi mühasirəyə alıblar. Bir kəşfiyyatçı kimi mənə hamıdan artıq məlum idi ki, mücahidlər Sovet nümayəndələrinə nə dərəcədə nifrət edir və girov götürdüklərinin başına nə oyun açıqlar. Ona görə də sonumun çatdığını hiss edib, təmkinimi pozmamağa çalışdım. Yanımdakı yoldaş milliyyətcə rus idi, onu da sakitləşdirdim. Çünki başqa çarə yox idi, təlaşlanıb nəsə etsək, yuxarıdan hamımızı bir anın içində qırardılar. Arxamı kiçik qaya parçasına çevirmişdim, ona görə də arxadan vurulacağımı zənn etmirdim. Amma qəfil sağ çiynimdə ağırlıq hiss etdim. Elə bildim vurublar, çöndüm ki, bu olduqca qabarlı və iri bir əfqanın əlidir. O, qayanın üstündən sıçrayıb əlini çiynimə qoymuşdu. Bu saqqalı sinəsinə çatan, saralmış, seyrək dişləri daim bayırda qalan, qara əbaya bürünmüş yaşlı bir kişi idi. Tullanıb qayadan yerə düşdü. Çox çevik idi. Danışığından məlum oldu ki, o bizim gözlədiyimiz mücahidlərdən olan nümayəndə idi. Necə gəlmişdisə heç kim xəbər tutmamışdı. Mən onunla çox sakit və aramla söhbət etdim. Ona bura pis niyyətlə deyil, danışıq aparmaq üçün gəldiyimizi dedim. Söhbət əsnasında ona milliyyətcə azərbaycanlı - müsəlman olduğumu bildirib, gətirdiyimiz ərzaq və geyimlərdən onlara da təklif etdim. O məni axıra kimi dinləyərək müsəlman olduğumu bilən kimi gözlərini qıyıb, sərt baxışlarla üzümə baxdı: “Siz burda bizim qonağımızsınız. Sizə toxunan olmayacaq, sağ-salamat qayıdıb gedəcəksiniz. Amma Şurəvi (Sovet) hökuməti bizə qızıl da təklif etsə, biz azad yaşamaq istəyirik. Gedin bizim ölkədən!”. Və biz sağ-salamat oradan qayıtdıq”.

Qabil müəllim deyir ki, həmin görüşlərdə əksər əyalətlərdə eyni reaksiyanı gördükdən sonra vəziyyəti Moskvaya məruzə edirlər. Qısa bir vaxtda cavab gəlir ki, “sosializmin Əfqanıstanda bərqərar olmadığı təqdirdə, əyalətlərlə milli barışığa gedin və qeyri- kapitalizm adlı bir yol tutun”: “Mən elə o vaxt anladım ki, bu artıq İttifaqın Əfqanıstanda batmamaq üçün son əlacıdır. Dərhal müşavirlərimiz hərəkətə keçdilər. Bu artıq 1987-ci il idi. Amma onu da deyim ki, əvvəldən Sovet Hökuməti Əfqanıstanda ikili oyun oynayırdı. Yəni, özü yaratdığı yerli Əfqanıstan Xalq Demokratik Respublikasına (ƏXDR) dəstək verməklə yanaşı gizlicə mücahidlərin Alyansı ilə də danışığa girirdi. Bu da ƏXDR hakimiyyətinə xəyanət kimi qəbul olunurdu. İndi də aciz surətdə sosializmdən çönüb qeyri-kapitalizm yolu seçmək ƏXDR hökumətində çaş-başlıq yaratdı və 1979-cu ildə SSRİ-nin özünün Əfqanıstanda hakimiyyətə gətirdiyi Bəbrək Karməl bundan narazı qalaraq ABŞ-la gizli danışıqlara başladı (bunu biz sonralar bildik). Hətta bizə qarşı gizli plan da hazırlamışdı; SSRİ-nin Əfqanıstandakı səfirliyinə və digər nümayəndəliyində bütün əməkdaşlar girov götürülməli və bunun müqabilində SSRİ qarşısında şərt qoyulmalı idi. Şərt də ondan ibarət idi ki, “ya Sovet İttifaqı 1979-cu ildə söz verdiyi kimi sosializmin Əfqanıstanda qurulmasını tam həyata keçirərək yerli hakimiyyəti birmənalı dəstəkləməli, ya da rədd olub Əfqanıstandan getməlidir! Əks halda girov götürülən bütün diplomat və kəşfiyyatçılar məhv ediləcək”.

“Həmin gün hamama getməsəydim, SSRİ-nin aqibəti daha betər olardı”

- Biz, daha doğrusu, mən onların bu planını əvvəlcədən çox təsadüfən bildik; 1987-ci ilin payız ayları idi. Axşam bir nəfər həmkarımla bizim üçün xüsusi ayrılmış hamama getmişdim. Ora yerli hökumətdən olan bəzi xüsusi əməkdaşlar da gəlirdi. Elə həmin gün də orada yerli hökumətin təhlükəsizlik xidmətindən olan iki nəfər əməkdaş vardı. Təsadüfən onlarla biz yanaşı kabinələrdə çiməsi olduq. Onlar mənim yerli puştu dilini bilmədiyimi zənn edərək (yerli təhlükəsizlik xidmətindən çox az adam mənim puştu - fars dilini bildiyimi bilirdi) öz aralarında o dildə danışmağa başladılar. Çimdiyimiz yerdə heç gözləmədiyim halda, onlardan qəribə söhbətlər eşitdim. Sən demə, onlar yerli təhlükəsizlik xidmətinin “alfa” qrupundadırlar (halbuki, yerli hökumət üçün onu SSRİ təşkil etmişdi) və bizi girov götürmək hazırlanan planı həyata keçirməyi müzakirə edirlər. Əvvəlcə bu söhbət mənə qəribə gəldi - necə yəni bizim qurduğumuz hakimiyyət bizə qarşıdır və bizi məhv edir?! Bir az da dinlədikdən sonra gördüm yox, vəziyyət artıq dəyişib. Bunlar artıq bizim “hava ilə oynamırlar”. Sakitcə hamamdan çıxıb heç səfirə də bildirmədən dərhal Moskvaya gizli xətt ilə zəng edib, vəziyyəti - yerli xəyanəti onlara çatdırdım. Əvvəl Moskvadakılar mənə inanmadılar, hətta məni 3 gün ev dustağı etdilər. Qoymadılar kiminləsə əlaqəyə girim. Üç gün ərzində digər “kanallar”la araşdırıb bunun həqiqət olduğunu biləndən sonra mənə qoyulan nəzarət götürüldü və bizə qəti tapşırıq gəldi: “Onu (Əfqanıstan lideri Bəbrək Karməli) “zərərsizləşdirin”!. Onların bu planı istədikləri kimi baş tutsaydı - hökumətin böyük heyəti özünün dəstək verdiyi yerli hakimiyyət tərəfindən girov götürülsəydi, SSRİ sözün əsl mənasında rüsvay olardı. Ona görə də həmin gün əgər mən hamam getməsəydim, bəlkə də Sovet İttifaqının aqibəti daha betər olardı.

“Əfqanıstanda etdiklərimə görə özümü bağışlaya bilmirəm”

- Bu “zərərsizləşdirmə” necə oldu?


- Düzdür, bu bizə qarşı planlanan terrora qarşı tapşırıq idi və onu icra edənlərin arasında mən də vardım. Ümumiyyətlə, belə radikal əks-kəşfiyyat əməliyyatlarımız çox olurdu. Təəssüf ki, indinin özündə də çox şeyi detallarına qədər danışa bilmirəm. Amma məni sarsıdan odur ki, belə əməliyyatlarda şəxsən olduğum üçün indi də Əfqanıstanda etdiklərimə görə özümü bağışlaya bilmirəm. Ən azı Bəbrək Karməl Sovet dövləti tərəfindən hakimiyyətə gətirilsə də, öz ölkəsinin lideri kimi bizə qarşı bu planı xalqının rifahı üçün edirdi. O, Sovet hökumətinin Əfqanıstanda ikili oyununu görüb və bizi girov götürməklə tələb etmək istəyirdi ki, Əfqanıstan bu oyuna qurban verilməsin. Amma biz düz iki günün içində onun bütün yaxınlarını ortadan götürdük və özünü də ailəsi ilə bir gecənin içində girov götürərək Moskvaya göndərdik... Bunu indi də demək bəlkə də mənim üçün riskdir - orda DTK onun qarşısına şərt qoydu - ya çıxıb Əfqanıstan dövlət televiziyasında vəzifəsindən istefa verdiyini elan edir, ya da ailəsi ilə birgə məhv ediləcək. O, Kabilə qayıdaraq, yerli dövlət televiziyası ilə xalqa istefa verməsini bəyan etdi və bunu səhhəti ilə əlaqələndirdi. Əslində, o heç istefa ərizəsinə imza belə atmadı, izni-tozunu necə itirdilərsə, heç xəbəri də olan olmadı. Onun yerini Əfqanıstan “KQB”-nin rəhbəri, SSRİ-ə sadiqliyi ilə seçilən Nəcibulla hakimiyyətə gətirildi. Amma təəssüf ki, sonralar o da öz xalqının mənafeyini bir balaca müdafiə etdiyi üçün SSRİ tərəfindən satıldı. O, çox mübariz oldu və az-çox əfqan xalqının təəssübünü çəkdiyi üçün sonralar ABŞ və Qərb də onu pis vəziyyətdə qoydu. 1989-cu ildə Sovet İttifaqı Əfqanıstandan çıxandan sonra belə o, 3 il hakimiyyətdə qala bildi. Ondan sonra da əməkdaşlıq etdiyi ABŞ onu satdı və məlum olduğu Kabildə “talibanlar” tərəfindən rüsvaycasına hakimiyyətdən salınaraq, asıldı.

“...qanlı xəncərini əbasının qoluna silib, mənə dedi: get qurban ol Həzrəti Əliyə”

Həmsöhbətim deyir ki, o zaman Əfqanıstanda hətta xırdaca sovet maraqlarını həyata keçirməkdən ötəri onlarla əfqan diplomatı və ziyalısı aldadılaraq aradan götürülürdü: “Məsələn, istər Bəbrək Karməlin vaxtında, istər də Nəcibullanın vaxtında mən də daxil olmaqla 3-4 nəfərlik bir qrup hər həftənin 3-cü günləri Əfqanıstan lideri ilə görüşüb, müzakirələr aparırdıq. Gözümün qabağında biz tərəfdən dəfələrə bu əfqan liderləri aldadılıb və öz xalqlarının əleyhinə razılaşmalar imzalayıblar. Mənim həqiqətən o vaxt prezidentlərindən tutmuş adi kəndlisinə qədər bütün əfqanlara yazığım gəlirdi. Amma mən orda olduğum müddətdə neçə-neçə hadisə olub ki, müsəlman olmağım mücahidlərin əlindən sağ çıxmağıma səbəb olub. Məsələn, bir gün Məzari-Şərif əyalətində kəşfiyyatdaydıq. Burada da mücahidlər tüğyan edirdi. Əməliyyat yoldaşım rus idi. Plan üzrə əvvəlcə əyalət mərkəzi komitəsində olmalı və katiblə görüşməli idik. Lakin əvvəlcədən bilirdim ki, burada Həzrəti Əli məqbərəsi deyilən bir ziyarətgah var. Orada İmam Həzrəti Əlinin çuxası saxlanılırdı. Mən yoldaşımdan xahiş etdim ki, bir-iki dəqiqəlik oranı ziyarət etmək istəyirəm. O, mənim müsəlman olduğumu bildiyi üçün etiraz etmədi. Mən təxminən beş dəqiqə məqbərədə oldum. Ziyarət edib, nəzirimi verib, çıxdım. Çıxışda hiss etdim ki, izlənirik. Sözün düzü, mücahidlərin də kəşfiyyatı əla işləyirdi. Neçə dəfə izimizə düşüblər və çətinliklə də olsa vəziyyətdən “dönə” bilmişik. İndi də onlar idi. Mən bunu həmkarıma dedim. O da artıq bunu hiss etdiyini dedi. Biz ziyarətgahdan vilayət komitəsinə getmək üçün təxminən bir kilometr yaşayış-filan olmayan dərə ilə getməli idik. Əynimizdə əfqan əbası, başımızda çalma və mindiyimiz də at idi. Biz izlənilməyimizi bildiyimizi hiss etdirmədən puştu dilində kəndlilər kimi ucadan kobud danışa-danışa atlarımızı minib yolumuza düzəldik. Artıq iki kiçik dağın arası ilə - çay kənarı addımlayırdıq. Tam sakitlik olmasına, heç kimin gözə görünməməsinə baxmayaraq, ürəyim bərk narahat idi. Biz artıq danışmırdıq, xəyala dalıb yolumuza davam edirdik. Demək olar ki, dərəni sona çatıb düzənliyə çıxmaq istəyirdik ki, kiçik döngəni burulan kimi yolun kənarında qara çadraya bürünmüş bir qadın oturmuşdu. O, tamam bürünmüş halda tamam çöməlmişdi. Elə bil kimisə gözləyirdi. Mən həmkarıma dedim ki, fikir verməyək, gedək. Elə də etdik. Amma onun bərabərinə çatan kimi qəfil çadrasının altında kiçik “Kalaşnikov” avtomatı cəld hərəkətlə çıxardaraq bizə tərəf tuşladı. Ani vəziyyətdə mən atımın yəhəri altındakı tapançaya əl atdım, amma bu an arxadan güclü qolların məni qucaqlayaraq sıxdığını hiss etdim. Qəfil yanımızdakı təpənin arxasında iki əfqan atımızın tərkinə sıçrayaraq, yoldaşımı və məni arxadan qucaqlamışdı. Bizi yerə yıxıb, əllərimizi sarıdılar. Hər şey o qədər ani baş vermişdi ki, mən özümü əla almağa çalışsam da nə baş verdiyini anlaya bilmirdim. Onlar bizim əl-qolumuzu və gözlərimizi bağlayaraq, təxminən iki yüz metr yol qət etdilər. Gözümüzü açanda biz artıq hər tərəfi qapalı bir mağarada idik. Ətrafımıza təxminən 50-yə qədər silahlı əfqan mücahidi toplanmışdı. Onların arasında təxminən 40-45 yaşlı birisi irəli gələrək, rusca kim olduğumuzu soruşdu. Mən puştu dilində qonşu kənddən olduğumuz və vilayət mərkəzinə bazarlığa getdiyimizi dedim. Söz ağzımdan çıxan kimi qəfil sifətimdə bir təpik açıldı. O, rus dilində sözləri qıra-qıra ucadan qışqıraraq bizə dedi: “Rus kəşfiyyatçısı olduğunuzu və Məzari-Şərifə də niyə gəldiyinizi bilirik. İndi biz sizin başınızı böyüklərinizə hədiyyə göndərəcəyik”. Ani olaraq beynimdə hər şeyin sonu çatdığını və bir daha Bakını görməyəcəyim keçdi. 35 yaşım vardı, ailəliydim. Mən bütün bunları fikirləşirdim ki, qəfil üz-gözü sarıqlı bir əfqan həmin başçıya yaxınlaşaraq qulağına nəsə dedi. O, puştu dilində ucadan “hansıdır?” soruşdu. Sarıqlı əfqan əli ilə məni göstərdi. İkimizi də diz çökdürmüşdülər. Başçı mənə bir az da yaxınlaşdı. Əlində xəncər vardı. “Yəqin birinci mənim başımı kəsmək istəyir” - deyə, düşündüm. O, rus dilində əsəbi səslə:

- Niyə Həzrəti Əli türbəsini ziyarət edirdin? Müsəlmansan? - deyə soruşdu.

Mən isə puştu dilində ona cavab verdim:

- Hə, müsəlmanam. Azərbaycandanam... ora nəzir demişdim...

Təxminən bir-iki dəqiqə sükutla məni başdan-ayağa süzdü. Qəfil ani bir hərəkətlə əlindəki xəncəri fırladıb, yanımdakı həmkarımın başını bədənindən üzdü. O qədər ani oldu ki, rus həmkarımın bədənindən ayrılan başı yerə düşəndən sonra da xırıltı ilə nəsə deyirdi. Gözlərim kəlləmə çıxmışdı, ürəyim döyüntüdən az qala partlayırdı. Onlar kəsilmiş başa baxa-baxa qışqıra-qışqıra nəsə deyirdilər. Amma o qədər keyləşmişdim ki, heç nə eşitmirdim. Qəfil üzümə çırpılan suya diksindim. Sən demə, qorxudan bayılmışam. Gözlərimi açdım ki, həmin başçı hələ də qanlı xəncər əlində mənə baxır. O, yaxınlaşıb qanlı xəncərini əbasının qoluna silib, mənə dedi: “get qurban ol Həzrəti Əliyə. Biz müsəlmanları öldürmürük”. Onlar yoldaşımın kəsilmiş başını torbada qoltuğuma verib, məni buraxdılar. Vəziyyəti olduğu kimi vilayət komitəsində bildirdilər. Sovet kəşfiyyat zabitinin başı kəsilmişdi və təbii, Sovet komandanlığı bunu onlara bağışlamadı. Elə həmin hadisədən 4-5 saat sonra SSRİ komandanlığının qırıcı təyyarələri koordinat götürərək həmin mağara yerləşən ərazini gözümün qabağında yerlə-yeksan etdilər. Mən uzaqdan raket zərbələri altında alovlanan toz-dumana baxaraq həmin hadisəni gözümün qabağına gətirərək içimdə özüm-özümə sarsılırdım... mənə elə gəlirdi ki, onlar əslində məni sağ buraxmadılar, öldürüblər...

“...Kabab yemək istəyim terror planlarını yarımçıq qoydu”

Həmsöhbətimin sözlərinə görə, həm belə hadisələr, həm də Sovet hökumətinin getdikcə Əfqanıstan xalqının etimadını doğrultmaması, acizləşməsi onu da artıq orada bezdirir. Deyir, açıq şəkildə bildirə bilməsə də yeganə arzusu bir yol tapmaq idi ki, orada fəaliyyətinə xitam verib, Bakıya qayıtsın: “Çünki artıq mən mücahidlərin diqqətini cəlb etdikcə belə hadisələr tez-tez təkrarlanmağa başlayırdı. Məsələn, bir dəfə Sovet hökuməti tərəfindən mücahidlərə qarşı vuruşan yerli hökumətin bir hərbi təyyarəçisi həlak olmuşdu. Rütbəcə mayor idi. Sən demə, o sağlığında ailəsi ilə yanaşı özündən balaca beş bacısını və anasını saxlayırmış. O, öləndən sonra ailə başsız qalır. Sovet hökuməti də həmişə belə hərbiçilərin ailələrini Əfqanıstanda da himayə edirdi. Bu da öləndən sonra onun ailəsinə Kabilin mərkəzində bir ev ayrılır. Lakin bir gün otağımda oturduğum yerdə mənə dedilər ki, bəs, həmin ölən təyyarəçinin anası səninlə görüşmək istəyir. Mən onunla görüşdüm. Köhnə, cırıq çadraya bürünmüş bir qarı idi. O, mənə öz puştu dillərində çox arxayın başa saldı ki, bəs ona ayrılan evi Əfqanıstanın baş nazirinin bacısı qızına verirlər. O isə hələ də neçə baş külfətlə sınıq-salxaq daxmada yaşayır: “Bizi saxlayan yeganə oğlum sizin uğurunuzda öldü, indi bəs biz harada və necə yaşayaq?” Bu mənə pis təsir etdi. Mən ona izah etdim ki, bu sizin ölkənin daxili işi olduğu üçün bu barədə kiməsə müraciət etsəm pis nəticə verə bilər. Onun baxışları məni sarsıtdı. “Amma çalışacam sizə kömək edim” - dedim. Arvad gedəndən sonra Əfqanıstanın ticarət naziri vardı, zəngləşib onunla görüşməyə getdim. Çünki onunla şəxsi münasibətlərim də yaxşı idi. Onunla görüşüb vəziyyəti ona başa saldım, dedim ki, özündən bilirsən mən rəsmi heç nə edə bilmərəm, bu ölkənizin daxili işidir. Amma mənim xətrimə o ailəyə kömək et. O elə dərhal yanımdaca harasa zəng edib, yarım saatın içində həmin qarını gətirtdi. Dərhal da başqa bir evin orderini imzalayıb, qarıya verdi. Arvadın sevincinin həddi-hüdudu yox idi. Nazirliyin binasının çıxışında üzünü mənə tutub dedi ki, “mən həmişə ruslara qarğış etmişəm (məni də rus bilirdi). Amma mən və balalarımın duası səni mütləq Əfqanıstandan sağ-salamat vətəninə aparacaq”. Qarı bunu elə sehrli tərzlə dedi ki, özümdən də asılı olmayaraq, bədənim ürpəşdi. Mən onunla sağollaşaraq bir rus mayoru ilə idarəmizə qayıtmalı idim. Dayanacağa çatanda gördüm ki, o gəldiyimiz maşını sürücü ilə artıq geri göndərib. Tək idi. Bizə sürücüsü olan başqa bir əfqan maşını verdilər. Yolda qarşısında qoyun kəsilib soyulan bir kərpic yeməkxananın yanından keçirdik. Qarıya kömək etmişdim deyə kefim də kök idi. Ürəyim kabab yemək istədi və bunu mayora bildirəndə onun da ürəyincə oldu. Biz yeməkxanada düşəndə sürücü israr etdi ki, o düşə bilməyəcək, tələsir. Mayor onun üstünə qışqırdı ki, bəs biz filan yerdənik, düşüb bizi gözləsin və sair. Mən mane oldum. Dedim qoy getsin, biz bir-iki tikə çörək yeyək, birtəhər gedərik. Maşını buraxdıq getdi. Bizə elə yeməkxananın qarşısında masa açdılar. Ərazi düzənlik idi deyə, burada oturanda ən azı düz bir kilometr hər tərəf görsənirdi. Mən əllərim yuyub kərpic yeməkxananın kölgəsində masamıza əyləşib kefi kök halda sürətlə uzaqlaşan bizi qoyub gedən maşına gözümü zilləmişdim. Əllərini yuyub gəlib masada əyləşən həmkarım mayor mənə nəsə dedi. Çönüb ona cavab vermək istəyirdim ki, qəfil güclü partlayış səsi gəldi... Bu, bizi qoyub gedən maşın idi. Necə partlamışdısa, tikəsi də ələ gəlməmişdi... Heyrətdən donub qalmışdım. Sonra bizə məlum oldu ki, sən demə, sürücüdən də xəbərsiz şəhərdəki mücahidlər gizlicə maşının oturacaqları altına partlayıcı qoyublarmış. Yəqin, əvvəlcədən bizim maşınsız olmamızı və geri qayıtmaq üçün maşın axtaracağımızı bilib bunu planlayıblar. Amma adi bir təsadüf - mənim kabab yemək istəyim onların terror planlarını yarımçıq qoydu. Mən qəfil həmin qarının sözlərini xatırladım...

“Onları “su başına getdikləri” yerdə qamarlayıb tutduq”

Qabil müəllim deyir ki, elə bu hadisədən az sonra - 1988-ci ilin aprelində İdarələrinə belə xəbər daxil olmuşdu ki, sentyabra qədər bütün ölkə boyu mücahidlər Sovet birləşmələrinə və yerli hökumətə qarşı geniş hücuma keçəcəklər. “Sovet hökumətinin ölkədəki son aylardakı uğursuz əməliyyatları onları daha da ruhlandırmışdı və bu xəbər reallığa çox yaxın idi. Mən və bir neçə həmkarım dərhal qərar aldıq ki, ailələrimizi Əfqanıstandan çıxardaq. Mən dərhal uşaqlarım və həyat yoldaşım üçün Moskvaya, oradan da Bakıya uçmaları üçün bilet sifariş etdim. Sabah axşamı başqa bir həmkarımla birgə ailələrimizi aeroporta apardıq. Yaman həyəcan keçirirdim. Çünki son vaxtlar mücahidlər sovetlərə məxsus sərnişin təyyarələrini hədəf seçirdilər. Ona görə də ailələrimizi təyyarəyə mindirəndən təyyarə havaya qalxıb dövrə vurub gözdən itənəcən nələr keçirirdim, onu bir Allah bilir. Təyyarə gözdən itəndən sonra İdarəyə geri qayıtmalı idik. Zabit həmkarım mənim ailəmdən ötəri narahat olduğumu görüb, sakitləşdirməyə çalırdı ki, narahat olmayım. Çünki təyyarədə çoxlu sovet diplomatı və zabit ailələri vardı. Hərbi hava qüvvələri tərəfindən Əfqanıstandan çıxana qədər mühafizə güclü təşkil olunub. İdarəyə qayıtmaq üçün bizə iki maşın ayrılmışdı. Necə oldusa, biz çatana qədər birinci maşın İdarənin başqa işçiləri ilə doldu və biz ikinciyə minəsi olduq. Evimdə ərzaq bitdiyi üçün mən yoldaşlardan xahiş etdim ki, gəlin bazar tərəfdən gedək ki, evə bazarlıq edə bilim. Razılaşdılar və biz birinci maşın gedən yol ilə yox, başqa yolla - bazar yanından keçən yolla getdik. Yolda bazarlığımı edib birbaşa səfirliyə gəldik (yaşadığımız ev Sovet səfirliyinə bitişik idi). Səfirliyə çatanda eşitdiyimiz xəbərdən şoka düşdük - birinci maşını yolda mücahidlərin adamları vurub partlatmışdılar. Həmin maşında tanınmış diplomatımız və bir neçə yüksək rütbəli zabitlər vardı. Onların getdiyi yolla getsəydik, bizi də o aqibət gözləyirmiş. Bu artıq hələ sizə belə danışmadığım neçənci hal idi ki, mən ölümün “yanından keçirdim”. Özlüyümdə qəti qərar verdim ki, tezliklə bu bəla dolu ölkədən getməliyəm. İş müddətim rəsmi olaraq həmin ilin - 1988-ci ilin sonunda bitirdi. Müddəti uzada da bilərdilər. Amma mən vəziyyəti elə düzüb-qoşdum ki, dekabrda vaxtım bitən kimi məni Bakıya buraxdılar (bunu necə etdiyini açıqlamır). Çünki həmin il elə vaxt idi ki, Sovet İttifaqı özü biabır olub Əfqanıstandan çıxmağa hazırlaşırdı. Əfqanıstandakı Sovet Ordusunun əksər hissələrində artıq əsgərlər vuruşmaqdan imtina edirdi, itaətsizlik baş alıb gedirdi. Onlar açıqca üsyan edirdilər ki, “Bizim Əfqanıstanda nə işimiz var?!” Lögər vilayətində bu daha acınacaqlı olmuşdu (ora mənim kurasiyamda idi). Biz vəziyyətlə bağlı ora gedəndə, dəhşətə gəldik. Əsgərlər mücahidlərlə döyüşmək əvəzinə bir-birlərini az qala qırırdılar. “Dedovşina” bölüklərdə tüğyan edirdi. Əsgərlər demək olar ki, kütləvi halda narkotikə qurşanmışdılar. Narkotik müqabilində düşmənə nə qədər silah satılırdı. Bu, artıq ordunun faktiki məhvi demək idi. Məhz buna görə həmin vaxt Sovet Hökuməti tezliklə Əfqanıstandan çıxacağını elan etdi.

Həmsöhbətimin nəql edir ki, Əfqanıstanda olduğu bu qədər hadisələrin içində cəmi bir dəfə öldürüləcəyini əvvəlcədən bilib və qurtulub: “Vaxtımın bitməyinə cəmi iki ay qalmışdı. Mücahidlər bütün ölkə boyu hücuma keçmişdi və qızğın döyüşlər gedirdi. Bütün sutka demək olar ki, operativ kəşfiyyat və əks-kəşfiyyat əməliyyatlarında idik. Bir iş günü axşamı gizli “ratsiyalarda” mücahidlərin Kabilə bağlı bir qrupu arasında puştu dilində gedən söhbətlərində öz adımı eşitdim. Kimsə əmr edirdi: “Camalzadə Sahib tezliklə aradan götürülməlidir, Kabildə bizə mane olur”. Bu, artıq ciddi təhlükə idi. Ona görə də hər addımda ehtiyatlanmağa başladım. Cəmi iki günə məni öldürməyə ayrılan iki nəfəri müəyyən edə bildim. Onlar məni izləyirdilər. Onlar hərəkətə keçməmiş mən hərəkətə keçdim: Kabildə adətən çox az yerlərdə tualet vardı. Camaatın əksəriyyəti yol kənarında, orda-burda “su başına gedirdi”. Biz də çox əzab-əziyyətlə izləyib onları yaxın küçənin tinindəki kolluqda “su başına getdikləri” yerdə qamarlayıb, tutduq. Vəziyyəti bilən komandanlıq məni vaxtımdan iki ay qabaq Əfqanıstandan çıxartdı.

Qabil müəllim 1988-ci ildə Əfqanıstandan gələndən bəri elə indiki işində - İnstitutdakı elmi tədqiqatı ilə məşğul olduğunu deyir. Sonrakı illər ərzində peşəkar fəaliyyəti ilə bağlı soruşsam da, istefada olduğunu, işləmədiyini deyir. Hər halda, belə deyir...

P.S. Söhbətimizin sonunda mən içimdəkini gizlətməyib ona dedim: “Hiss edirəm, əksər hadisələr barədə açıq danışmadınız. Artıq Əfqanıstan hadisələrindən 20 il keçib, SSRİ də dağılıb. Onları gizlətməyin nə mənası var?”

Cavabı qəribə oldu:

- Oğul elə şeylər var ki, onları indi də sənə danışsam, bir gün eşidərsən ki, küçədə bir qoca kişi büdrəyib yıxılıb və ölüb. Gedib görərsən ki, mənəm...


Mübariz Aslanov
mubariz1982@mail.ru

воскресенье, 28 декабря 2014 г.

Xankəndi

Xankəndi




Azərbaycan Respublikasında respublika tabeli şəhərdir. İnzibati cəhətdən əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi daxildir. Əhalisi 53.100 nəfərdir (2008). Xankəndi Əsgəran rayonu inzibati dairəsinə aiddir.
Sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verilmişdir. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunurdu. Az sonra şəhər Stepan Şaumyanın adı ilə “Stepanakert” adlandırılıb.
1991-ci ildən etibarən Azərbaycan Respublikasının Milli məclisinin qərarı ilə tarixi haqsızlıq aradan qaldırılaraq şəhərin əvvəlki adı “Xankəndi” bərpa edilib.
Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığı başçılarının - xanların istirahəti üçün yaşayış məskəni kimi salınıb. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyindədir. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınıb. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alıb.
Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edib. Əvvəlki həyat tərzi dağıdılıb. 1813-ci ildə Xankəndində heç bir erməni və rus ailəsi yaşamasa da, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var idi. Rusiya işğalından dərhal sonra orada çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirilib. Ermənilər və rus zabitləri yaşayış məskənini “qərargah” adlandırsalar da, 1847-ci il çar Rusiya xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşüb. Çar işğalından sonra böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirilib, etibar doğurduqlarına görə çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin ediliblər. 1900-cu ildə Xankəndində artıq 3 min əhali yaşayıb, hətta ikisinifli məktəb də fəliyyət göstərib. Məqsədli yeridilən etnik siyasət nəticəsində ötən əsrin əvvəllərində Xankəndində erməni və rus əhalisinin sayı xeyli artıb. Ancaq bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayıb. Məqsədli təcrid siyasətinə baxmayaraq onlar Xankəndində ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşmalı olub.
1918-1920-ci illərdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün olub.
Artıq 1988-ci ilin sentyabr ayında ermənilər Xankəndi şəhərində yaşayan bütün azərbaycanlıların hamısını zorla şəhərdən qovublar. 26 dekabr 1991-ci ildə isə Xankəndi tamamilə işğal olunub və hazırda Ermənistanın nəzarətindədir. Qeyd edək ki, Ermənistan Respublikasının hazırkı prezidenti Serj Sarkisyan, keçmiş prezidenti Robert Köçəryan və Qarabağ münaqişəsini qızışdıran erməni millətçisi, yazıçı Zori Balayan da Xankəndinin sakinləri və Azərbaycan vətəndaşları olublar. 
- See more at: http://garabagh.net/content_223_az.html#sthash.7U7Ht6OQ.dpuf

Mussoliniyə faşizm ideyasını yadplanetlilər verib – ŞOK İDDİA

Mussoliniyə faşizm ideyasını yadplanetlilər verib – ŞOK İDDİA (FOTOLAR)

Mussoliniyə faşizm ideyasını yadplanetlilər verib – ŞOK İDDİA (FOTOLAR)Paylaşma :Share on
f
Uzun illər diktatorların yadplanetlilərlə əlaqəsi barədə qalaq-qalaq kitablar yazılıb, filmlər çəkilib, iddialar və hipotezlər ortaya atılıb. Bu faktların nə dərəcədə doğru və ya yanlış olduğunu söyləmək çətindir. Tarixi araşdırmalar hər il yeni hipotezlər ortaya çıxarır. XX-XXI əsrlərdə ortaya çıxan sənədlərə əsasən, İtaliyada müharibədən öncə yadplanetlilərlə əlaqə saxlayanlar olub. Eyni zamanda bu sənədlərdə Hitler Almaniyasının diskplanlar (disk şəkilli uçan obyektlər) istehsalı ilə bağlı etdiyi cəhdlər yer alıb. Uçan boşqabların tarixi İkinci Dünya Müharibəsindən öncə başlayıb.
 
Sinyor İksın bağlaması
 
1996-cı ildə naməlum bir şəxs (onun adı bu günə qədər də açıqlanmayıb) İtaliyanın elmi mətbuat orqanlarına sənədlər  toplusu göndərməyə başladı. O, bu sənədlərin gah surətini, gah da orijinallarını göndərirdi. Naməlum şəxsin göndərdiyi sənədlərdə İkinci Dünya Müharibəsindən öncə İtaliya ərazisində UFO-ların peyda olması və tədqiqatları  əksini tapmışdı.
 
Redaksiya heyəti əvvəlcə Sinyor X-in bağlamalarına ciddi yanaşmır və sənədləri zibil qabına atır. Amma günlərin bir günü Milli Ufologiya Mərkəzinin sədri, “UFO Xronikası” jurnalının rəhbəri, doktor Roberto Pinotti onun göndərdiyi  bir bağlamanı alır. Roberto ona göndərilən sənədləri Komo şəhəri sakini, kimya üzrə alim professor Antonio Qaravaqlaya ünvanlayır.
 
Qaravaqla  dəqiq analizdən sonra sənədlərin saxta olmadığını, 1936-cı ilə aid olduğunu bildirir. Kağızlardan biri zərfdə idi və üzərinə “Şəxsən Çianoya çatdırılsın” yazılmışdı. Qraf Qaleasso Çiano Mussolini hökümətində xarici işlər naziri idi və onun ən etibarlı adamı sayılırdı. O, eyni zamanda, Mussolinin qızı Eddanın əri idi. Amma bütün bunlar Çianoya Mussolini əleyhinə hazırlanan sui-qəsddə iştirak etməyə mane olmadı. Mussolini isə 1943-cü ildə kürəkənin ölüm fərmanını gözünü qırpmadan imzaladı.
 
Araşdırmaların başlanması, ilk təsdiqlər
 
Çianoya göndərilən sənəd gizli dövlət orqanı olan “RS/33 kabineti”nin ilk iclası haqqında məlumat idi. Hesabata görə, yeni qurumun fəaliyyət məqsədi İtaliya səmasında müəmmalı hadisələr və naməlum uçan obyektlərin peyda olması barədə çıxan xəbər və şayiələrin araşdırılması idi.
 
Bağlamada olan bir məktubun mətninə əsasən, 1936-cı il  avqustun 17-də Venesiya və Mestre şəhərlərinin hava məkanında siqarabənzər uçan obyekt müşahidə edilib. Məktubda eyni zamanda onların rəsmi də olub. Rəsmdə torpedaya bənzəyən uçan obyekt, yanında şarabənzər iki UFO və onları təqib edən qırıcı təyyarə əks olunmuşdu. Məktubda eyni zamanda baş vermiş hadisənin canlı şahidlərindən 3 nəfərin ev ünvanı da qeyd edilmişdi. Milli Ufologiya Mərkəzinin üzvləri adı qeyd edilmiş şahidləri axtarmaq qərarına gəldilər. Şahidlərin adı saxta deyildi. Amma onlar artıq dünyalarını dəyişmişdilər. Çünki aradan uzun illər keçmişdi.  Amma bununla belə, mərkəz üzvləri baş vermiş hadisənin canlı şahidini tapa bildilər. Bu, artıq kifayət qədər yaşlanmış venesiyalı Faustino idi. 1936-cı ildə o, uşaq idi və səmada uçan siqarabənzər obyekti və onu müşayət edən iki şəffaf şarı o da görmüşdü. Mərkəzin gəldiyi qənaətə görə, sənədlərdə göstərilən faktlar öz təsdiqini tapmağa başlayırdı.
 
Sübutlar artır
 
Sinyor X növbəti bağlamanı  məhşur ufoloq Corcio Boncovanninin nəşr etdiyi “UFO, yadplanetlilərin səfəri” jurnalının redaksiyasına göndərir. Bu bağlamada üç ədəd rəngli fotokopiya var idi. Sənədlər aşağıdakılardan ibarət idi:
1.ANC adlı teleqraf agentliyinin Milan ofisisinin vurduğu 3 teleqram. Bu teleqramlarda Mussolinin əmri yer alıb. Əmrə görə, 1933-cü il iyunun13-də ölkə ərazisinə enən UFO-nun axtarışları və xilasetmə işləri həyata keçirilməli idi. Teleqramlarda uçan obyektin eniş məkanı bildirilmirdi.
2. UFO aşkarlandıqdan və onun xüsusi yerə çatdırılmasından sonra təşkil edilən tədbir barədə rəsmi dövlət məktubu. Bu tədbirlərə qəzet nəşrlərində ciddi senzura, siyasi polis qüvvələrinin UFO ilə bağlı hadisənin digər şahidlərinin həbsi ilə bağlı məlumatlar və Milan rəsədxanasının baş verən hadisənin meteozond, meteorit və digər fəza hadisələri kimi rəsmi açıqlanması daxil idi.
3. “Kabinet RS/33” qurumunun dövlət təşkilatı, Romada yerləşən La Sapiensa universitetinin tərkibində yaranmış gizli elmi komissiya olduğunu təsdiq edən protokol məktub və rəsmi məlumatlar. Görünür, bu qurum iyunun 13-də uçan naməlum obyektin İtaliya ərazisinə enməsindən sonra yaradılıb. Komissiyanın sədri fizika alimi Qulyelmo Markoni idi.
 
Komissiya barədə məlumat barədə danışmazdan əvvəl Markoninin kimliyi və o dövrdə Avropada yadplanetlilərə olan maraq məsələsinə toxunmaq lazımdır.
 
Mars qızdırması
 
XX əsrin 20-30-cu illərində Avropada əsl Mars bumu yaşanırdı. Albert Eynşteyn başda olmaqla bütün cavan alimlər Marsda yaşayış olduğu barədə danışırdılar. Bütün dünyada dahi kimi qəbul edilmiş Tesla, icad etdiyi qurğu vasitəsilə Qırmızı Planetdən gələn radiosiqnalları tutduğunu, amma hələ də şifrələri çözə bilmədiyini bəyan edir. Əsas qəhrəmanlarının Mars sakinləri olduğu kitablar nəşr edilir, filmlər çəkilirdi. Deməli, Marsda yaşayış olduğu barədə məlumat bütün Avropada yayılmışdı. Markoni də bu fikirlərdən uzaqda deyildi. O, bir neçə dəfə Mars planetində yüksək sivilizasiyanın olduğu barədə nəzəriyyəni dəstəkləyir, səmadan gələn radiosiqnalları qəbul edə bilən qurğu üzərində işləyir. Markoni yadplanetlilər barədə söhbətləri cəfəngiyyat saymır və bu sahə üzərində çalışırdı.
Məhşur ixtiraçı Markoni siyasətdən də kənar qalmır. Birinci dünya müharibəsi başlayanda leytenant Markoni vətənə xidmət edir və İtaliya hərbi qüvvələrinin radiofikasiya üzrə proqramına rəhbərlik edir. Müharibə başa çatanda o, İtaliya hərbi-dəniz qüvvələrinin komandanı idi və faşistlərə rəğbət bəsləyirdi. Mussolinin hakimiyyətə gəlməsini dəstəkləyirdi. O, 1923-cü ildə faşist partiyasına üzv oldu. 1930-cu ildə isə Kral akademiyasının prezidenti və Böyük Şuranın üzvü seçildi. Böyük Şura faşist İtaliyasını idarə edən orqan idi.
 
Komissiya üzvləri
 
Bu komissiyanın tərkibnə İtaliya Kral akademiyasının bir neçə üzvü ilə yanaşı turinli astronom dokto Cino Sesçino, professor Rucerio Kostanti Kavassani və İtaila elm aləminin başqa nümayəndələri daxil edilmişdi. Kabinetin fəaliyyəti barədə İtaliyanın 3 yüksəkçinli məmuruna məruzə edilirdi. Bunlar Benito Mussolini, Qaleasso Çiano və Hərbi Hava Qüvvələrinin komandanı, general İtalo Balbo idi. Sənədlərdən bu qurumun 7 il fəaliyyət göstərdiyi məlum olur. Gizli fəaliyyət göstərən qurumun 34 səhifəlik hesabatı qalır. Bu hesabatda 1930-1940-cı illər arasında İtaliyanın müxtəlif regionlarında görülən UFO-lar, İtaliya Kral Hərbi Hava Qüvvələrində xidmət edən pilotların səmada qarşılaşdığı naməlum obyektlər haqqında raportları, fotolar və kinofilmlər yer alıb. Kabinet üzvləri tədqiq olunan fenomenin yerdənkənar - yəni digər planetlərə aid olduğu hipotezini irəli sürdülər.
 
Alimlərin fikrincə, onlar qərb dövlətlərindən birində ixtira edilmiş çox sirli yeni bir silahın nümunəsi ilə qarşılaşıblar. Onlar tədqiqatları üçün “velivolvi sconoscuti” (naməlum uçan aparat) terminindən istifadə etməyə başladılar. Bağlamada qəzetdən kəsilmiş bir məqalə xüsusi maraq oyadır. Bu məqalədə və bir neçə sənəddə İtaliyada yaşayan hansısa fransalı pilotdan bəhs edilir. Bu pilot UFO-nu görüb və onu lentə çəkməyi bacarıb. Sonra fransalı pilot bu barədə insanlara danışır və filmi göstərirdi. Amma pilot doğma vətəninə qayıda bilmir - tezliklə yoxa çıxır və onu tapmaq qeyri-mümkün olur. 
 
Dövlət tədbirləri

İtaliya ərazisində UFO qəzası və ya enişi 1933-cü il iyunun 13-də baş verib. Bu, elə həmin ayda İtaliyanın şimali-qərbində yerləşən Lombardiya əyalətində baş verən bəzi qəribə hadisələrlə əlaqəli idi.
 
Qəflətən, qısa müddətə Milanda, Lombardiya əyalətində bir çox dövlət və partiya rəhbərləri istefaya göndərilərək, onların yerlərinə yeni işçilər təyin edildi. Bu siyahıya qubernator, polis rəisi, baş nazirin müavini (bu şəxs Mussolinin xəfiyyəsi idi ) də daxil idi. Eyni anda bu ərazilərə yüzlərlə “qara köynəklilər” gəldi. Onlar Mussolinin qeyri-rəsmi qvardiyasının üzvləri idi.  Qeyd etmək lazımdır ki, İtaliya kralı da Milana öncədən planlaşdırılmamış səfər edirdi.
 
Qəzetlərdə eyni anda, elə bil hansısa gizli əmrdən sonra müxtəlif səpkili məqalələr dərc edilməyə başladı. Bu məqalələrdə digər planetlərdə həyatın olduğu müzakirə edilir, marslılarla telepatik əlaqə qurulduğu qeyd edilirdi. Çox güman ki, bu da dövlət sifarişi idi. Məqsəd, UFO barədə cəmiyyətə məlumat sızsa, insanları əvvəlcədən rəsmi açıqlamaya şüuraltı hazırlamaq idi. Amma heç bir sızma olmadı və rəsmi dövlət bəyanatı səslənmədi.
 
UFO barədə yeni məlumatlar
 
İtaliyalıların tapıb ələ keçirdiyi uçan obyekti, çox güman ki, Varese və ya Veriqate yaxınlığında yerləşən aviabazaların birində gizli anqara aparıblar. Bu ərazilərin qeydsiz-şərtsiz sahibi general İtalo Balbo idi.
 
Maraqlıdır ki, Varese şəhərində nəşr edilən “Cronaca Prealpina” qəzetinin 1933-cü il 20 iyun tarixli sayında İtaliya mətbuat tarixində ilk dəfə olaraq marslıların Yer sakinləri ilə əlaqəsindən bəhs edən məqalə dərc edir. Məqalə hardasa az qala rəsmi məlumat xüsusiyyəti daşıyırdı.
 
Eyni zamanda müharibənin son günlərində İtaliya faşistlərinin ilk növbədə Veriqat anqarlarını məhv etmək barədə qərar qəbul etmələri haqqında faktlar da məlumdur.
 
Sinyor X tərəfindən göndərilən çoxsaylı sənədlərlə tanış olmaq şansı əldə edən İtaliyanın məhşur “Sirlər jurnalı” dərgisinin əməkdaşı,  jurnalist və ufoloq Alfredo Lissoni 70 illik hadisəyə yenidən toxundu və yeni araşdırmaya start verdi. Onun çalışdığı dərgi paranormal hadisələrə həsr olunurdu. Milan əyalətinin arxivindən Alfredo 1933-1938-ci illər arasında alınmış iki bağlama teleqram əldə edir.
 
Onlarla teleqramda İtaliya səmasında işıqsaçan obyektlərin, naməlum uçan obyektlərin peyda olması barədə məlumatlar var. 9 teleqramda isə söhbət konkret olaraq UFO-lar barədədir. “Domenika del Korrere” qəzetinin 1937-ci il 4 iyul tarixli saylnda isə Lissoni maraqlı məlumata rast gəlir. Bu məqaləyə əsasən, bir neçə gün əvvəl (1937-ci il iyulun 4-dən əvvəl) qərbi Milanın təmiz səmasında qəflətən böyük və gözqamaşdıran parlaq ildırım çaxır. Bu ildırım nəticəsində Macenta və Novara şəhərləri arasındakı yolda 5 nəfər piyada zədələnir. Çox güman ki, bu başqa bir UFO-nun ya qəzası, ya da enişi barədə məlumatdır.
 
Sinyor X-in göndərdiyi sənədlərdən çıxan nəticəyə görə, 1936-cı ildə Berlin və Roma arasında imzalanan pakta əsasən, “Kabinet” tərəfindən UFO haqqında toplanan və araşdırılan bütün məlumatlar Üçüncü Reyxin rəhbərliyinə təqdim edilir. Bu məlumatın həqiqət olduğunu sübut edən faktlardan biri də 1936-cı ildən sonra baş verən hadisələrdir. Bu tarixdən sonra nasist Almaniyasında diskplanların icadına təşəbbüs göstərildi.
 
Yuxarıda sadalanan faktları təsdiqləyən başqa bir məlumat isə Mussolininin 1941-ci il fevralın 23-də faşist döyüşçüləri federasiyasının qurultayında etdiyi çıxışla əlaqədardır. Bu qurultayda Mussolini : “Yəqin ki, faşist ordusu Birləşmiş Ştatlara hücum etməyəcək. Hələlik, çox az insana məlum olan Mars planetinin döyüşkən əsgərləri Yer planetinə səfər edəcəklər. Bu səfər zamanı onlar böyük uçan aparatları ilə gələcəklər. ABŞ-a da onlar soxulacaqlar”.
 
Bu günə qədər də bu fraza zarafat kimi qəbul edilirdi. Amma bəlkə də, Mussolini zarafat etməmişdi. 

Qopmuş zəncir halqası
 
Sinyor X üçüncü bağlamanı göndərə bilmədi. Çünki o, yoxa çıxdı və bir də ondan heç bir məlumat eşidilmədi. Çox güman ki, onun göndərdiyi sənədlər kiminsə qəzəbinə səbəb oldu. Ya da özü artıq bu məsələni işıqlandırmamaq qərarına gəldi. Bəlkə də, onu aradan götürdülər? Bu barədə heç bir məlumat yoxdur. Yəqin ki, üçüncü bağlama da göndərilsəydi, Mussolini və İtaliya faşist dövlətinin yadplanetliləri ilə əlaqəsi açıq-aydın faktlarla sübut ediləcəkdi. Amma üçüncü bağlama yoxdur. Üçüncü bağlamada hansı sənədlərin ola biləcəyi barədə heç bir işıq ucu da yoxdur. Yəqin ki, alimlər hələ uzun müddət bu məsələ üzərində baş sındıracaqlar.
 
Hikmət Həsənov
Publika.az

суббота, 27 декабря 2014 г.

Səfəvi ordusu Çaldıranın qisasını necə aldı

Səfəvi ordusu Çaldıranın qisasını necə aldı

İran ordusunda dəvə üzərində top (zamburak). Fransız səyyahı, rəssamı Jean-Baptiste Eugène Napoléon Flandin-in İrana səfəri zamanı yazdığı "Voyage en Perse" əsərində rəsm. (19-cu əsr)
İran ordusunda dəvə üzərində top (zamburak). Fransız səyyahı, rəssamı Jean-Baptiste Eugène Napoléon Flandin-in İrana səfəri zamanı yazdığı "Voyage en Perse" əsərində rəsm. (19-cu əsr 26.12.2
-
Şah İsmayılın Çaldıran döyüşündəki ağır məğlubiyyətindən 100 il sonra Şah Abbas Səfəvi imperiyasının itirdiyi torpaqların çoxunu osmanlılardan geri aldı.
Məhz buna görə onu ən böyük Səfəvi hökmdarı sayanlar da var.
Bu şanlı qələbələr yalnız orduda köklü islahatlar sayəsində mümkün olmuşdu.
Şah Abbas islahrata orduda qızılbaşların mövqelərini zəiflətməklə başlayır.
O, müsəlmanlığı qəbul etmiş əsirlərdən - qulamlardan ibarət qoşun hissələrini artırır.
Şah AbbasŞah Abbas
Bunlar gürcülər, ermənilər, çərkəzlər idilər.
Fəthlər və qul alveri nəticəsində orduya on minlərlə belə qulam cəlb edilir. Onlara hərbi təlim keçilir, sərt nizam-intizama tabe etdirilirlər.
Şah İsmayıl zamanında türk tayfaları ordunun bel sütunu idi.
Şah İsmayıl Çaldırana qədər parlaq qələbələrini onların hesabına qazanmışdı. Amma digər tərəfdən Çaldıran məğlubiyyətinin də əsas səbəblərindən biri o idi ki, "köçəri tayfalardan səfərbər olunan döyüyçülər əsasən hərbi təlim görməyən, hətta belə bir təlimə o qədər də inanmayan köçəri qəbilə insanlarıydı.
Qızılbaş əsgəriQızılbaş əsgəri
Gürcü, erməni, çərkəz qulamlar arasından komandirlər də təyin edilir və Şah Abbas tədricən saraydakı mühüm vəzifələrdə də qızılbaşları qulamlarla əvəzləməyə başlayır.  
Bundan başqa vilayət başçılarını da dəyişir, qulamları bölgələrin rəhbərliyinə gətirir.
Məsələn, əslən gürcü (başqa məlumatlara görə erməni) olan Allahverdi xan (Undiladze) qulam qoşununun rəhbəri idi.
Robert ShirleyRobert Shirley
Şah Abbas onu həm də zəngin Fars vilayətinin rəhbəri təyin etmişdi.
Qulam qoşunlarının sayı 40 minə çatdırılır,
onlar qızılbaş dəstələrindən fərqli olaraq birbaşa Şah Abbasa tabe idilər.
Şah İsmayılın Çaldıran məğlubiyyətinin başqa bir səbəbi Osmanlı ordusundakı toplar idi.
Qılıncla, nizəylə silahlanmış qızılbaş əsgərlərinin sıralarını pozan, onları pərən-pərən salıb qaçmağa məcbur edən məhz toplar idi.
Şah Abbasın ordu islahatı on il davam etmişdi. Bu müddətdə hətta
Təbrizin osmanlılardan geri alınması. 1603. Avropalı səyyahın çəkdiyi rəsm.Təbrizin osmanlılardan geri alınması. 1603. Avropalı səyyahın çəkdiyi rəsm.
özbəklər, moğollar hücum edib ölkənin bəzi bölgələrini ələ keçirsələr də, Şah Abbas islahat başa çatanacan dözmüşdü.
Qulam qoşunu tərkibində 15 minlik süvari hissələri vardı. Onlar muşketlərlə silahlanmışdı.
Bu o dövrdə dünyada ən böyük süvari hissələri idi. Bundan başqa ayrıca artileriya hissələri yaradılmışdı. Döyüşdə 500-cən topdan istifadə edilirdi.
Şah Abbas orduda islahat apararkən avropalı mütəxəssislərin məsləhətinə də qulaq asırdı.
Şah Abbas. İngilis səyyahı Thomas Herbert-in rəsmi, 1627.Şah Abbas. İngilis səyyahı Thomas Herbert-in rəsmi, 1627.
Bunlar ingilis elçiləri - ser Anthony Shirley və onun qardaşı Robert Shirley idilər
Onlar İngiltərədən 1598-ci ildə gəlmişdilər və məqsədləri Şah Abbası anti-Osmanlı ittifaqına cəlb etmək idi.
İslahatların gücləndirdiyi ordu ilə Şah Abbas əvvəlcə Xorasanı özbəklərdən geri alır. Məşhəd və Heratı da tutur.
O vaxtacan Səfəvilər Osmanlı ordusuna qalib gələ bilməmişdilər. Şah Abbas osmanlı elçisi vasitəsilə sultana sərt tələblər irəli sürür, amma müsbət cavab gəlmədiyi
Şah Abbasın məqbərəsiŞah Abbasın məqbərəsi
üçün səfirin saqqalını qırxıb İstanbula yollayır. Bu, Osmanlı imperiyasına müharibə elan edilməsi idi. Səfəvilər əvvəlcə Nəhavəndi, daha sonra onilliklərdi osmanlıların əlində olan Təbrizi alır. Təbrizin alınmasında Səfəvi artileriyasının böyük rolu olur.
Bunun ardınca Qafqazın böyük hissəsi Şah Abbasın hakimiyyəti
Şah Abbasın məqbərəsi, Kaşan. İranŞah Abbasın məqbərəsi, Kaşan. İran
altına keçir, onun ordusu Kabardin-Balkara qədər gedib çıxır.  
Osmanlılar Şah Abbasa cavab zərbəsi üçün bir neçə il hazırlaşırlar.
1618-ci ildə 50 minlik osmanlı ordusu Təbrizi tutur.
Şah Abbas özü qəsdən şəhəri təhvil verir.
Səfəvi İmperiyasıSəfəvi İmperiyası
Özünü geri çəkilən kimi göstərir.
Qələbədən quhlanan osmanlılar dərhal Ərdəbil üzərinə gedirlər.
Şah Abbasın istədiyi də bu idi, o, osmanlılara tələ qurmuşdu.
Onun 40 minlik qoşunu pusquda idi.
Yolda pusquya düşən Osmanlı ordusu darmadağın edilir.
"Mən karvanbasan quldur deyiləm" deyib Sultan Səlim ordusuna gecəykən həmlə etməkdən imtina edən Şah İsmayıldan fərqli olaraq Şah Abbas üçün qələbə qazanmaq üçün hər fənd keçərli idi.
Şah Abbas hətta Bağdadı da osmanlılardan almağa nail olur.
Qəndəharı da moğollardan alandan sonra Şah Abbasın hakimiyyəti altında olan torpaqlar Hind çayına qədər uzanmış olur.
Məhz onun hakimiyyəti dövründə Səfəvi İmperiyası ən qüdrətli erasını yaşayır. 
Ona isə şahənşah (şahlar şahı) deyirlər.

пятница, 26 декабря 2014 г.

Xalqların böyük köçündə hunların rolu

Xalqların böyük köçündə hunların rolu
Amerikanın kəşfi və məskunlaşması ilə müqayisə olunacaq bir hadisə türk xalqlarının qərbə tərəf hərəkəti oldu. II əsrdə Altayda başlayıb və Avropaya tərəf yayılaraq 300 ildən çox davam edən bu köç Böyük adlandırıldı və bu hadisə bəşəriyyət tarixində mühüm iz qoydu.
Böyük Hun imperiyası dağıldıqdan sonra hun tayfaları (qərbə doğru hərəkət edib) Volqa və Ural çayları ətrafındakı torpaqları ələ keçirdilər.Onların qərbə doğru əziyyətli hərəkəti sonralar uzun müddət davam etdi.Hunların və digər xalqların qərbə axını "Xalqların böyük köçü” adlanır. "Xalqların böyük köçü” eramızın IV əsrində hunlarla Böyük Çin səddində başladı və VI əsrə qədər davam etdi.
Şimaldan, qərbdən və Pribaltikadan böyük qüvvə ilə cənuba və şərqə axışan qədim german tayfaları öz yollarında daha da güclü,köçəri türklərin axınına rast gəldilər.Bu iki cərəyan toqquşdu,qarışdı və güclü bir axının tərkibi oldular.Bu kütlə Avropanın içərilərinə daxil oldu və Roma imperiyasını məhv etdi, bir müddət sonra bu proseslərə Slavyan tayfaları da cəlb olundular.
Hansı səbəbdən qərbi qsiun-nu-nun nəsilləri olan tarixi hunlar Aral dənizinin Şimalındakı çölləri tərk etdilər və Avropaya üz tutdular? Biz bu haqda bilmirik. Təqribən 374-cü ildə, Cordanesin də dediyi kimi, hunlar Bulamerin rəhbərliyi altında Don çayını keçdilər,Terek və Kuban ərazilərində yaşayan alanları məğlub edərək özlərinə tabe etdilər . Dneprdən qərbdə hunlar osqotlara hücum etdilər. Kral Qermanirix öz qoşununu hunlara qarşı apardı.Onların ordusu darmadağın edildi və kral döyüşdə həlak edildi.Ammian Marsellinin məlumatına görə isə intihar etdi. Qara dəniz çöllərindəki hadisələr vestqotlardan da yan keçmədi.Vestqot hökmdarı Atanarix hunların hücumuna müqavimət göstərməyi qərara aldı və öz qoşununu Dnestr çayının qərb sahilində cəmləşdirdi.Xəbərdarlıq etmədən hunlar gecə ikən çayı keçib Atanarixin düşərgəsinə hücum etdilər. Visiqotlar hücumun qarşısını ala bilmədilər və Seretə çəkildilər. Xalqın böyük hissəsi imperiyada sığınacaq tapmağı qərara aldı; Atanarix və onun tərəfdaşları Olteriyanı keçib Kaukalanda getdilər.Patça görə Kaukaland Maros,Tissa və Dunay çayları arasında yerləşən Banatın dağlıq hissəsi idi.Təqribən 376-cı ildə cənubi Rusiyada böyük bir regionun hakimləri hunlar idi. 384-cü ilin yazında hun atlıları Norikum və Raetiyadan Qalliyaya keçdilər. 395-ci ildə hunların böyük orduları Don çayını keçərək cənub-şərqə döndülər, Qafqazdan keçib Ermənistanın cənub-qərbinə ,roma əyalətlərinə və İrana hücum etdilər.
Bir qrup hunlar Anti-Taurusdan cənuba və qərbə tərəf olan ölkələri qarət etdilər.Onlar Fərat çayını keçəndə romalılar hücum edib onları məhv etdi. Digər qrup, Basiç və Kursixin rəhbərliyi ilə Dəclə və Fəratın vadiləri ilə Stesifona tərəf getdilər. Fars ordusunun onlara tərəf gəldiyini eşitdikdə geri döndülər, lakin onlar məhv edildi,digər dəstə isə Azərbaycana qaçdılar, xəzər qapılarından keçərək cənubi rus çöllərinə üz tutdular.Üçüncü qrup Şərqi Kiçik Asiyanı və Suriyanı qarət etdi. Böyük köçün yaxın şərq səhifələrindən uzun zaman tarixçilər heç nə bilmirdilər.Bu hadisəni ancaq əfsanələr əhatə edirdi.Amma 1945-ci ilin dekabrında misirdə kəndlilər qədim məskənin xarabalıqlarında təsadüfən lüləyə bükülmüş papirus tapdılar.Sonralar alimlər bu hadisənin XX əsrin böyük arxeoloji kəşfinin olduğunu təsdiq etdilər.Bu əlyazmalar IV əsrdə yazılmışdı.Bu yazılarda Göy Tanrı barədə deyilirdi.Qədim türklər köçəri cəmiyyət dünyasına aid idilər,Köhnə dünyanın etnik tarixində rolları böyükdür.Uzun məsafələrə köç edərək,oturaq xalqlarla qarışaraq, əzəmətli imperiyalar yaradaraq, ictimai inkişafın gedişatını dəyişdilər,bir xalqın mədəni nailiyyətini digərlərinə ötürdülər,nəhayət özləri də dünya mədəniyyətinə töhfələr vermişdilər.
395-ci il yürüşünün səbəbi kimi hunlarda baş vermiş aclıq göstərilir. Həqiqətəndə onlar özləri ilə bacardıqları qədər çoxlu iri buynuzlu mal sürülərini apardılar. Çoxlu qənimət ələ keçirdikdən sonra hunlar Abşeron yarımadasının yanından keçərək geri qayıtdılar.Hunların bir hissəsi Azərbaycan ərazisində məskunlaşmış, Azərbaycan xalqının formalaşmasında iştirak etmişlər. Türklərin Anadoluya fəth məqsədi ilə ilk gəlişləri hunlar zamanında bu şəkildə olmuşdur. Bundan sonra bu gözəl torpaqlara sahib olmaq arzusundan daşınmayacaqlardır.Amma bu arzu yeddi yüz il sonra Səlcuq türkləri tərəfindən gerçəkləşdiriləcəkdi.
Erkən orta əsrlərdə Azərbaycana gəlmiş türkdilli etnoslar hun ittifaqında birləşmişdilər.Bu ittifaqa bir çox türk etnosları,o cümlədən kəngər, peçənəq, bulqar, qıpçaq, sabir, utiqur, onoqur, xəzər, türk, uz, heptal, barsil tayfaları daxil idi.Hun ittifaqında adı çəkilən bir çox tayfalar qədim dövrdən Ön Qafqaz ölkələrinin sakinləri olmuşlar.Onların adı ilə bağlı bir çox toponimlər yaranmışdı.Azərbaycanın Gürcüstanla sərhədlərində hun adını daşıyan Hunarakert və Hunan toponimləri erkən orta əsrlərdə artıq mövcud idi.Beləliklə,hunlarla bərabər Azərbaycana və qonşu ərazilərə yeni türk etnosları gəlmiş,burada dil cəhətdən qohum olduqları yerli azəri türkləri arasında məskunlaşmış və onlarla qaynayıb qarışmışlar.
Beləliklə qısa zamanda Ural dağlarından Dunay çayınadək əraziləri ələ keçirən hunlar Avropada öz dövlətlərini qurdular. Pannoniya (müasir Macarıstan) bu dövlətin mərkəzinə çevrildi .
"Xalqların böyük köçü” VI əsrdə Slavyanların Bizans imperiyasında məskunlaşması ilə başa çatdı.Yeni eranın başlanğıcında onlar digər tayfalarla birlikdə antik quldarlıq sistemini məhv etmiş, Avropa tarixinin yeni səhifəsinin yazılmasında mühüm rol oynamışdılar.
Xalqların böyük köçündə hunların rolu

1993-cü il Qarabağ müharibesinden..Mühasirədə qalmış Azərbaycan əsgərləri..Taktikasız döyüşsələr də qorxusuz döyüşürlər..


ŞAH I ABBASIN ISLAHATLARI

ŞAH I ABBASIN ISLAHATLARI
Sefeviler dovleti haqqinda danisarken Sah Abbasin islahatlari barede qeyd etmemek mumkun deyil .Sah abbas ozunun ugurlu islahatlari ile orta esir Azerbaycan tarixinde xususi yer tutur .Sah Abbas Osmanlilarla sulh bagladiqdan sonar islahatlara basladi . Ilk once tayfalarin usyankar hereketlerini yatirmaq ucun onlarin ozbasina silah gezdirmek huququnu legv etdi ,qeyri-turklerin, esasen farslarin hakimiyyetini mohkemlendirmek ucun paytaxti onlarin six yasadigi Isfahana kocurdu . Ordunu yeniden teskil etdi . Bele ki, orduda qizilbaslarlarla yanasi tufengci , topcu ve qulamlar adlanan birlikler yaratdi .Boyuk tkikinti isleri apardi ,bezi seherleri vergiden azad etdi . Ssah Abbasin heyata kecirdiyi ugurlu islahatlar ,daxili ve xarici siyaset neticesinde Sefevi dovleti Yaxin vbe Orta Serqin en qudretli inperatorluqlarindan birine cevrildi. Sah Abbasin kecirdiyi bu islahatlarda esas meqsed merkeze qacma meyillerine son qoymaq ,dovledte merkezlesdirmeni temin etmek idi.Sahin plani istenilen neticeni verdi. Bildiyimiz kimi Sah Abbas dord islahat kecirmisdir :qizilbaslar,qulamlar,tufengciler ve topcular . 1.QIZILBASLAR.Esasen suvarilerden ibaret olmaqla butun on yeddinci esr boyu Sefevi qosununda ustunluk teskil edirdiler Onlarin sayi 200 min nefere catirdi ki, yalniz 60 min neferi doyuse gedirdi. 2.QULAMLAR.Onlar xususi qvardiya teskil edirdirdiler . Esasen gurcu,cerkez, osetin ve digger xiristian ailelerinden oglan usaqlari toplanir , zorla islamlasdirilib sarayda xususi rejimle telim olunurdular .3.TUFENGCILER. Bunlar olkenin muxtelif vilayetlerinden toplanirdilar . Onlar ehalinin yoxsul tebeqesinden secilirdi ,sayi 12min nefere catirdi. 4.TOPCULAR.Sah Abbasin teskil etdiyi ordunun 500 sehra topu vardi.1598-ci ilde paytaxtin Qezvinden Isfahana kocurulmesi neticesinde Sefevi dovletinde bezi etnik numayendeler artdi.Sah Abbas olkenin idare olunmasinda ozunu Iran sahlara benzetmeye calisir, taninmis qedim Iran nesil numayendelerini himaye edir , yuksek dovlet vezifelerini ireli cekirdi. Qizilbaslar Sefevi imperatorlugunun idare olunmasinda xususi yer tuturdular .Sefevi sahlari ve saray xidmetcileri azerbaycan dilinde danisirdilar.Umumen,1578-1590-ci illerde Sefevi-Osmanli muharibelerinde agir meglubiyyete ugramis Sefevi dovleti vacib herbi islahatlar kecirmeye mecbur oldu Sah Abbas herbi-kocme qizilbas eyanlarinin muqavimetini qirdi. O,odlu silahla techiz olunmus 44 min neferlik guclu nizami ordu yaratdi. Azerbaycan turklerinden ibaret qizilbas suvari desteleri yeniden berpa edildi..

Serheddin açılması....