Bakını Azərbaycana qaytarmaq üçün çətin və şərəfli səfər
“Azərbaycanın müxtəlif bölgələrindən hörmətli insanlar, tanınmış ziyalılardan bir qrupu Türkiyəyə üz tutur. Məqsəd ermənilərin törətdiyi vəhşiliklərin qarşısını almaq üçün Türkiyə hakimiyyətindən kömək istəmək idi. Uzun yolçuluğun sonunda İstanbula çatan nümayəndə heyəti soltanın sarayına yollanır və onları qəbul etmələrini xahiş edirlər. Soltan qrupu qəbul etmir. Əvəzində onlara ənam verir. Azərbaycandan gələnlər qısa məsləhətləşmədən sonra ənamı geri qaytarır və üzərinə bir qadın örpəyi qoyurlar. Örpəyi görən soltan dərhal nümayəndə heyətini qəbul edir və kömək göndərəcəyinə söz verir”.
Məhəmməd ağa Müşdehidzadənin xatirələrindən.
Məhəmməd ağa Müşdehidzadənin xatirələrindən.
Bu o dövr idi ki, sultan Məhmət Rəşad müxtəlif siyasi qüvvələrin oyuncağına çevrilmişdi. Kifayət qədər dövlətçilik təcrübəsinə malik olan Ənvər paşa Türkiyə dövlətinin və türk millətinin gələcək taleyinin daha təminatlı olması üçün Rusiya imperiyası ilə bufer rolunu oynayacaq bir İslam dövlətin qurulmasını istəyirdi. Ənvər paşa Birinci Cahan Savaşında Qafqazlarda belə bir dövlətin qurulması üçün fürsət axtarırdı.
Rusiyada baş verən inqilablar orduda da problemlər yaradırdı. Buna görə də 1917-ci ilin dekabrın 16-da Qafqazdakı rus qoşunlarının rəhbərliyi ilə türk komandanlığı Ərzican sazişi imzaladı. Əslində bu saziş rus qoşunlarının geri çəkilməsini təmin edirdi. Türk tarixçiləri hesab edir ki, rus ordusundakı fərarilik və anarxiyadan düzgün istifadə olunsa və onlar belə bir vəziyyətdə təqib olunsa daha düz olardı. Çünki 1-ci və 4-cü rus orduları dağıldıqdan sonra onların silahına ermənilər yiyələndi və onlar rus əsgərinin yerini tutmaq fürsəti qazandı.
Rus silahına yiyələnən ermənilərin özbaşınalıqlarını görən Türkiyənin 3-cü ordu komandanı Vəhib paşa 1918-ci il fevralın 6-da Qafqaz istiqamətində hərəkətə başladı. Vəhib paşanın fevralın 4-də rus qoşunlarının komandanı general Prijivalskiyə göndərdiyi məktubda deyilirdi: “Türk ordusunun belə bir hərəkata keçməsinə səbəb erməni qırğınlarıdır və bu hərəkat rus ordusuna qarşı təcavüz kimi başa düşülməməlidir. Beləliklə, 3-cü ordu Türkiyə ərazisində ermənilərin qırğın törətdiyi bütün bölgələri daşnaklardan təmizlədi.
Vəhib paşa rusların yenidən Qafqaza qayıdacağına inanırdı. Buna görə də o, Ənvər paşa ilə müzakirələrində Qafqazda iri miqyaslı hərbi əməliyyatın keçirilməsini məqsədə uyğun bilmirdi. Lakin baş verənlər Ənvər paşanı daha sərt addımlar atmağa vadar edir. 1918-ci il aprelin 4-də Qars, Ərdahan və Batumun xilas olunması üçün 3-cü orduya hərəkətə keçmək əmri verilir. Ənvər paşanın başqa bir əmri ilə 37-ci Qafqaz diviziyası da Batum üzərinə hücuma keçir. Aprelin ortalarında Batum azad olunur.
***
Qarsdan çəkilən ermənilər Gümrü, Axalkalak, Sərdərabad, İrəvan ərazilərində toplaşmışdı. Ənvər paşa Qafqaz və Azərbaycan istiqamətində hərəkət etməkdə israrlı idi. Kömək istəmək üçün Azərbaycandan Türkiyəyə gedən nümayəndələr və digər amillər də vardı. Məsələn, Rusiyaya əsir düşən, daha sonra isə oradakı qarışıqlıqdan istifadə edib Türkiyəyə qaçan avstriyalı bir polkovnik 1917-ci il dekabrın 26-da 6-cı ordu komandanı Xəlil paşa ilə görüşmüşdü. Xəlil paşa Ənvər paşanın Azərbaycanla bağlı planlarından xəbərdar idi. Buna görə də həmin polkovniki onunla görüşmək üçün İstanbula yollayır. Avstriyalı polkovniklə görüşdən sonra Ənvər paşa çox təsirlənir və Xəlil paşaya belə bir teleqram göndərir: “Görüşdüyüm avstriyalı polkovnikin Bakıdakı vəziyyət haqqında verdiyi məlumatdan çıxarılan nəticəyə görə, Azərbaycan xalqının düşmənə qarşı təşkilatlanmağa və müharibə aparmağa istəyi mövcuddur, ancaq onları təşkilatlandıracaq bir rəhbərin olmadığına görə hərəkata keçə bilməmələri qənaətindəyəm”.
Beləliklə, Ənvər paşa müharibə başlayandan bəri reallaşdırmaq istədiyi ideya üçün münasib vaxtın yetişdiyini hiss edirdi. O, Turançılıq siyasətini reallaşdırmaq məqsədi ilə 1918-ci il fevralın 16-da 6-cı Ordu komandanlığına belə bir əmr göndərmişdi: “Qafqaz, Dağıstan, Türküstan və bütün Rusiyaya tabe olan İslam məmləkətlərinə ehtiyac hiss etdikləri yatdımı və dəstəyin edilə bilməsi məqsədi ilə mərkəzi Tehranda olan bir təşkilatın yaradılması və adı çəkilən bölgələrə dəyanətli və fəal zabitlərin göndərilməsi istənməkdədir. Buna görə də icazə alaraq Trablusqardan İstanbula gələn Nuru bəy “Tehran Mərkəz heyəti”nin rəhbəri təyin ediləcək. Polkovnik Şövkət bəy Dağıstana, Minbaşı Nazim Cavid bəy Əfqanıstana və Xəlil paşanın uyğun gördüyü digər zabitlər də Qafqazın digər bölgələrinə və Türküstana göndəriləcək. Bundan əlavə, yuxarıda adları çəkilən bölgələrə təyin olunan zabitlər özləri ilə beş-altı zabit də götürə biləcəkdi”.
Doğrudur, Ənvər paşanın bu əmri Birinci Cahan Savaşında kifayət qədər çətin duruma düşən bir dövlətin ordusu üçün çox utopik hesab olunacaq bir ideyanın reallaşmasına yönəlmişdi. Amma qəlbində Böyük Turan sevdası yaşadan Ənvər paşa bu ideyanı reallaşdırmaq əzmində idi.
***
Həmin dövrdə Azərbaycanda ermənilərin törətdiyi qətliamlar Ənvər paşanın Nuru bəyi bu istiqamətə göndərmək qərarını şərtləndirdi. Ənvər paşa qardaşı Nuru bəyə kifayət qədər çətin bir görəv verdi. Yerli qüvvələrdən istifadə etməklə “İslam Ordusu” yaratmaq.
Bu missiyanı yerinə yetirmək üçün Nuru bəyin rütbəsi polkovniklikdən generallığa artırıldı. Bundan başqa, Nuru paşa ilə Azərbaycana gələrək “Qafqaz İslam Ordusu”nun yaradılmasında iştirak edəcək zabitlərin hamısının rütbəsi bir üst rütbə ilə əvəz edildi.
Azərbaycanda vəziyyətin gərginləşməsi daha çevik hərəkət edilməsini tələb edirdi. Beləliklə, martın 25-də Nuru paşa və onun ardınca da Azərbaycana gələcək daha 20 zabit Mosula toplaşdı. “İslam Ordusu”nun ilkin mərhələdə kadr potensialını təmin etmək üçün 4-cü ordunun zabitlərindən də bir hissə ilə Nuru paşa aprelin 8-də Mosuldan Azərbaycan istiqamətinə hərəkətə başladı. Revandiz, Savuçbulaq, Təbriz yolu ilə gələn hərbi birləşmə Zəngəzur istiqamətindən Azərbaycana daxil oldu. Xalq Türk qoşununu xilaskar ordu kimi məhəbbətlə qarşıladı. İlkin olaraq “Qafqaz İslam Ordusu”nun mərkəzi qərargahının Nuxada yerləşməsi nəzərdə tutulurdu. Lakin burada erməni birləşmələrinin fəallığı nəzərə alınaraq dəmir yolu üzərinə yerləşən Gəncə şəhər mərkəzi qərargah üçün daha münasib hesab edildi. 1918-ci il mayın 25-də Nuru paşanın rəhbərliyi ilə Osmanlı hərbi birləşmələri Gəncəyə gəldi və dərhal da “Qafqaz İslam Ordusu”nun formalaşdırılması başlandı.
Nuru paşa yerli qüvvələr hesabına “Qafqaz İslam Ordusu”nun yaradılmasının uzun sürə biləcəyini təxmin etmişdi və o, bu barədə Ənvər paşanı da məlumatlandırmışdı. “Qafqaz İslam Ordusu”nun yaradılması üçün 4-cu ordunun potensialından istifadə imtiyazları ilə yanaşı, Ənvər paşa 3-cü və 9-cu orduların da imkanlarından istifadə etmək izni verən daha bir əmr də imzaladı.
***
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın istiqlal bəyannaməsi qəbul edildi. Lakin müstəqilliyi qorumaq üçün Ermənistan və Gürcüstandan fərqli olaraq Azərbaycanda nizami hərbi birliklər demək olar ki, yox idi.
Nuru paşa Ənvər paşaya və 3-cü ordu komandanı Vəhib paşaya yazdığı raportlarda Azərbaycanda əhalinin orduda xidmət etmədiyini və buna görə də nizami birləşmələrdə onların iştirakının çox çətin olduğunu bildirdi.
Müstəqilliyini elan etmiş Azərbaycanda vəziyyətin ağırlığını görən Ənvər paşa 3-cü ordu komandan Vəhib paşaya Azərbaycana hərbi yardım göstərmək üçün müstəsna səlahiyyət verir. Mövcud durumu analiz etdikdən sonra Vəhib paşa 3-cu ordunun tərkibində olan 5-ci Qafqaz diviziyasını Mürsəl bəyin başçılığı ilə “Qafqaz İslam Ordusu”nun formalaşdırılması üçün Nuru paşanın sərəncamına göndərir.
Beləliklə, mərkəzi qərargahı Gəncədə olan “Qafqaz İslam Ordusu”nun tabeliyində 5-ci Qafqaz Diviziyası və Rus İmperiyasının Avropa cəbhəsində vuruşmaq üçün general Əliağa Şıxlınskinin formalaşdırdığı Qafqaz türklərindən ibarət 300 süvarilik “Dikaya Diviziya” vardı. Bir qədər sonra isə Rumıniyadan geri çağırılan polkovnik Süleyman İzzət bəyin komandirliyi ilə 15-ci piyada diviziyası da bu hərbi birləşmələrə qoşuldu və bundan sonra “Qafqaz İslam Ordusu” erməni-bolşevik işğalında olan ərazilərin təmizlənməsinə başladı.
***
Əvvəlcə Gəncədəki erməni hərbi birləşmələri nəzarət altına alındı və tərki-silah edildi. Daha sonra Göyçay, Kürdəmir, Ağsu, Salyan, Şamaxı şiddətli döyüşlərdən sonra azad edildi. Amma əsas hədəf Bakı idi.
Bakıya avqustun 5-də başlanan ilk hücum uğursuz oldu. Erməni, rus, ingilis hərbi birləşmələri bu hücumun qarşısını ala bildi. Bu arada Bakıya türklərin girməməsi üçün Almaniya ciddi diplomatik hücumlara başlamışdı. Bəzi tarixi mənbələr Ənvər paşanın bu hücumları neytrallaşdırmaqdan ötrü “Qafqaz İslam Ordusu”nun Bakıya girməyəcəyi ilə bağlı bilərəkdən yalançı vədlər verdiyini də yazırlar. Amma qarşıda qoyulan strateji məqsədin reallaşması üçün Bakının azad olunması əsas şərt idi.
Nuru paşa bu missiyanın çətin və çətin olduğu qədər də şərəfli olduğunu yaxşı bilirdi. Bakıya ilk hücumda nəticə əldə edə bilməyən Nuru paşa Azərbaycanda mövcud olan bütün hərbi birləşmələrin “Qafqaz İslam Ordusu”na tabe olunmasını təmin edən əmr imzalayır. Əmrin birinci bəndində deyilirdi: “Azərbaycan Cümhuriyyətində ordu təşkil etmə işlərini “Qafqaz İslam Ordusu” tənzim və idarə edəcəkdir”. Bundan başqa, əmrə əsasən, bütün zabitlər müsəlman olmalı, əmrlər türk dilində verilməli idi.
Orduda təcili qayda-qanunu bərpa etməklə yanaş, Nuru paşa Bakı üzərinə yeni hücum planı da qururdu. Sentyabrın 14-nə qədər müxtəlif taktiki əməliyyatlarla Bakını əldə saxlamağa çalışan rus, erməni və ingilis mövqeləri kifayət qədər zəiflədilmişdi. Həlledici hücum 14-15 sentyabra təyin olunmuşdu. Nəhayət, 1918-ci sentyabrın 15-i saat 15:00-da Bakıdakı tamamilə “Qafqaz İslam ordusu”nun nəzarətinə keçdi. İndi “Sahil” Bağı yerləşən meydanda Nuru paşa xalqa müraciət etdi.
Bu qələbə münasibəti ilə Ənvər paşanın Şərq orduları qrupunun komandiri Xəlil paşaya göndərdiyi teleqramda deyilirdi: “Böyük Turan İmperatorluğunun Xəzər kənarındakı zəngin və gözəl yeri olan Bakı şəhərinin zəbt edilməsini böyük sevinc və şadlıqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaq. Qazilərimizin gözündən öpür, şəhidlərimizə rəhmət diləyirəm”.
Комментариев нет:
Отправить комментарий