Azərbaycanın repressiya qurbanı olan gözəl müğənnisi
CAHAN TALIŞINSKAYA
Muğam ustadı Cahan Talışinskaya.
XX əsr Azərbaycan mədəniyyət tarixində bir çox mürəkkəb, eyni zamanda maraqlı taleli sənətkarlar olub. Onlardan biri də tanınmış müğənni, əməkdar artist Cahan Talışinskayadır.
Cahan xanım Talışinskaya 1909-cu il fevralın 9-da Lənkəran şəhərində anadan olub. O, Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı idi. 1918-ci ildə onun ailəsi Bakıya köçür. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım “Yeni yol” qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi. O, Azərbaycan Qızlar Seminariyasına qəbul olundu. Gənc qız musiqi və vokal ilə maraqlanırdı. Bacısının evində piano var idi və Cahanın gözəl musiqi qabiliyyəti olduğundan tanış melodiyaları pianoda çalırdı. Beləliklə, xüsusi musiqi savadı olmadan o, pianoda və tarda gözəl ifa edə bilirdi. Xanəndənin oğlu, Azərbaycanın əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyov öz xatirələrində Cahan xanımın hər hansı bir alətdə - istər qarmon, istər fleyta, istər qaval olsun, - necə asanlıqla ifa etməsindən danışır.
Seminariyada oxuduğu illərdə Cahan xanım o dövrdə Əli Bayramov adına klubun nəzdində təşkil olunmuş bədii özfəaliyyət dərnəyində iştirak etməyə başladı. Cahan xanım 1927-ci ildən Bakı şəhərinin radio şəbəkəsində işə daxil olur, sonra Dövlət estradası və nəhayət, 1934-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Bu dövr Cahan Talışinskayanın həyatında yaradıcılıq yüksəlişi idi. Onun adı musiqisevərlərin və mütəxəssislərin dilindən düşmürdü.
O, bir çox konsertlərdə çıxış edir, konsert briqadaları ilə Azərbaycanın bir çox rayonlarına və hərbi hissələrə qastrola çıxırdı. Cahan xanım xalq mahnılarının və Azərbaycan muğamlarının gözəl ifaçısı idi. Müasirlərinin xatirələrində deyildiyi kimi, onun ifa etdiyi “Şahnaz”, “Segah”, “Bayatı-Şiraz” muğamları, həmçinin Qarabağ şikəstəsi dinləyicilərin gurultulu alqışları ilə müşayiət olunurdu. Lakin “Qatar” muğamı onun ifa etdiyi şah əsəri idi. Çox vaxt onu belə də adlandırırdılar - Qatar Cahan. Cahan xanımın səsinin geniş diapazonu, virtuoz səs aparatına malik olması texniki cəhətdən mürəkkəb olan bu muğamı onun ifasında təkrarolunmaz edirdi.
Onun sənətinin nə qədər güclü təsir buraxmasına bir hadisə misal ola bilər. 20-ci illərin axırı - 30-cu illərin əvvəlində Avropaya səfərə hazırlaşan Əfqanıstan şahı Əmənulla xan Bakıya gəlmişdi. Bu yüksək qonağın şərəfinə qonaqlıq verilir. Konsertdə iştirak etmək üçün Cahan Talışinskayanı dəvət edirlər. Konsertdən sonra şahın xanımı minnətdarlıq əlaməti kimi, qızıl qol saatını Cahan xanıma hədiyyə edir. Ertəsi gün Cahan xanımı NKVD-yə dəvət edirlər və saatı bir günə alırlar. Səhəri gün saatı qaytarırlar: saatın arxa tərəfində “Cahan Talışinskayaya Əmənulla xandan” sözləri yazılmışdı.
Populyar xalq mahnılarının araşdırıcısı
O dövrdə Cahan xanım Cabbar Qaryağdı, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva, Qurban Pirimov, Zülfi Adıgözəlov kimi görkəmli xanəndələr ilə konsert proqramlarında iştirak edirdi.
Xalq artisti Bəhram Mansurov xatirələrində Cahan xanımdan bəhs edərək yazır: “O, Cabbar Qaryağdı, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva, Qurban Pirimov, Zülfü Adıgözəlov kimi görkəmli xanəndələrlə bərabər konsert proqramlarında çıxış edirdi. Eyni zamanda, o, özünü istedadlı folklorçu kimi də göstərirdi. Çox az adama məlumdur ki, ”Qubanın ağ alması", “Uca dağlar”, “Dəli Ceyran” kimi xalq mahnıları məhz ilk dəfə onun ifasında lentə yazılıb.
Araşdırmalarda göstərilir ki, müğənni bu mahnıları Azərbaycanın rayonlarına etdiyi qastrol səfərlərində toplayıb. Bütün vasitələrdən istifadə edərək yeni melodiyaları yadda saxlayıb, onu dinləyicilərə olduğu kimi çatdırardı".
Müğənninin oğlu, Əməkdar memar Nazim Hacıbəyov xatirələrində yazır: “Anam bu mahnılardan bəzilərini ucqar dağ rayonlarında çay qırağında paltar yuyan qadınlardan eşidərkən qələmə alıb. Məşhur ”Qubanın ağ alması" mahnısını isə ona akademik Mustafa bəy Topçubaşovun həyat yoldaşı Reyhan xanım verib..."
1933-cü ildə “Şərq musiqi ansamblı”nın tərkibində Cahan xanım Moskva, Leninqrad, Kiyev şəhərlərində qastrol səfərlərində olur. 1936-cı ildə Moskva və Sankt-Peterburq şəhərlərinə qastrolları zamanı “Qatar” və “Segah” muğamları, “Uca dağlar” və “Yeni kənd” mahnıları onun ifasında lentə alınır. Bu illərdə Cahan xanım tamaşaçıların hədsiz rəğbətini və məhəbbətini qazanır. Respublikanın ən ucqar yaşayış məntəqələrində onu tanıyır və sevirlər. Cahan xanımı o dövrün görkəmli sənətkarlarından Səid Rüstəmov, Bülbül, Həqiqət Rzayeva, Şövkət Məmmədova, Şəmsi Bədəlbəyli, Yavər Kələntərli, aktyorlardan Mustafa Mərdanov, Sona Hacıyeva, Əzizə Məmmədova, Fatma Qədiri, Mərziyə Davudova ilə dostluq və əməkdaşlıq telləri bağlayır...
Lakin 1937-ci illərin qara yelləri Cahan Talışinskayadan da yan keçmir. Bir gün ona NKVD ilə gizli əməkdaşlıq təklif olunur. Ancaq o, razılıq vermir. Məhz buna görə də Cahan xanıma 1938-ci ildə Moskvada keçirilən ilk Azərbaycan incəsənəti ongünlüyündə iştirak etməyə icazə verilmir. Lakin sonra hansı səbəbdənsə yuxarıların onun haqqında fikri dəyişir. 1939-cu ildə estrada artistlərinin I Ümumittifaq müsabiqəsinə qatılır və laureat olur. 1940-cı ildə Cahan Talışinskayaya Əməkdar artist adı verilir. Bütün bunlara baxmayaraq, qara kölgələr ondan əl çəkmir.
Sürgündə keçən illər
1942-ci ildə 14 yaşlı oğlu ilə birlikdə həbs olunur. “Xalq düşməni” adı altında Qazaxıstanın Petropavlovsk rayonuna sürgün edilir. Oradan ona Özbəkistana köçməyə icazə verilir. O, Daşkəndə köçür, oğlu Nazimi Bakıya göndərir, özü isə şəhər filarmoniyasında solist ifaçı kimi işə düzəlir.
Müğənninin Azərbaycana qayıtmasına bir təsadüfi hadisə kömək edir. 1943-cü ildə SSRİ Xalq Komissarlığı nəzdində yerləşən musiqi idarələrinin rəhbəri V.Surin Daşkəndə gəlir. O, Cahan xanımın laureat adını qazandığı Ümumittifaq estrada artistlərinin müsabiqəsində münsiflər heyətinin üzvü olmuşdu. Cahan xanımla tanış olur, onunla söhbət edir. Bu tanışlıqdan sonra ona Tiflis şəhərində incəsənət işləri üzrə idarəyə təyinat verir.
Beləliklə, Cahan xanım Tiflisdə Azərbaycan teatrının səhnəsinə qayıdır. Burada Leyli (“Leyli və Məcnun”), Telli (“Arşın mal alan”), Əsli (“Əsli və Kərəm”), Şahsənəm (“Aşıq Qərib”) rollarında çıxış edir və müvəffəqiyyət qazanır. Lakin bir müddət sonra Azərbaycan Xalq Daxili İşlər Komissarlığından Tiflisə məktub göndərilir, yenidən müğənninin sürgün məsələsi qaldırılır. Onu bu dəfə əvvəllər Bakıda yaşamış Zaqafqaziya Hərbi Şurasının üzvü, SSRI xalq deputatı Xavər Vəliyev xilas edir. Məhz onun köməkliyi ilə Cahan xanım Tiflisdə qalır və sonra Bakıya qayıdır. Musiqili Komediya Teatrının direktoru Şəmsi Bədəlbəyli onu teatra dəvət edir. Onun “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Gözün aydın”, “Durna” operettalarında yaratdığı Telli, Sənəm, Nargilə, Lalə obrazları hədsiz dərəcədə parlaq və maraqlı olur. Məhz buna görə də tamaşaçılar onu təkrar-təkrar səhnəyə dəvət edər, hətta mahnı və ariyaları bir neçə dəfə ifa etməsini xahiş edərmişlər.
1949-cu ildə Cahan Talışinskaya oğlu ilə birlikdə yenidən Daşkəndə sürgün edilir. Yalnız 1954-cü ildə, İ.Stalinin ölümündən və M.Bağırovun həbsindən sonra Cahan xanım və oğlunun azad olunması barədə qərar qəbul olunur. Lakin Cahan xanım Bakıya dönmür, Daşkənddə qalır.
O demək olar ki, işləmirdi, lakin hər ay radioda onun konsertləri səslənirdi. Daşkənddə oğlu evlənir, nəvələri dünyaya gəlir. Onlar tez-tez Bakıya qohumlarını görməyə gəlirdilər. 1966-cı ildə Daşkənddə baş verən zəlzələ onların Vətənə qayıtmağına təkan verir. Daşkənddə onların yaşadığı ev tamamilə uçur və təsadüf nəticəsində sağ qalan Cahan xanım və ailəsi təcili Bakıya qayıdırlar. Cahan xanım bir il sonra - 1967-ci ildə vəfat edir. Bundan sonra uzun illər vaxtaşırı radioda onun konsertlərinin lent yazıları səslənirdi. Daşkənddə Dövlət teleradiosunun arxivində Cahan xanımın konsertinin yeganə videoyazısı qorunub saxlanır.
"Azadlıq" qəzeti
MF
Комментариев нет:
Отправить комментарий