воскресенье, 14 сентября 2014 г.

Səfəvilərin etnik mənsubiyyəti məsələsi müasir Türkiyə tarixşünaslığında.

Səfəvilərin etnik mənsubiyyəti məsələsi müasir Türkiyə tarixşünaslığında.
Tofiq Nəcəfli
XVI əsrin əvvəllərində Şah İsmayıl tərəfindən əsası qoyulan Azərbaycan Səfəvi dövləti xalqımızın dövlətçilik tarixində xüsusi yer tutur. Şah İsmayıl Ağqoyunlu dövlətinin keçmiş qüdrətinin artıq öz dövrünü başa vurmuş miskin qalıqlarını ləğv etmiş və Azərbaycan torpaqlarını birləşdirərək güclü imperiya yaratmışdır.
Səfəvilərin etnik mənşəyi və məzhəbləri ilə bağlı məsələlər uzun müddət nəinki Qərb tarixçiləri arasında, eləcə də Türkiyə tarixşünaslığında da mübahisə mövzusu olmuşdur.
Hələ XX əsrin 20-ci illərində Türkiyə tarixçisi Rza Nur çoxcildlik “Türk tarixi” əsərində “bu sülalə türkdür” dediyi Səfəvilər haqqında yazır: “Səfəvi təriqətini quranların böyük babasının mənşəcə İmam Musa Kazıma bağlanması və bununla da ərəb olması uydurmadır. Çünki, o dövrdə bütün müsəlman ölkələrində, xüsusən də İranda hakimiyyətə keçmək, və ya buna təşəbbüs göstərmək istəyənin mütləq özünü ya Peyğəmbər övladlarına və ya bir padşah sülaləsinə mənsub olduğunu göstərməsi, bu sahədə şəcərələr uydurması bir adət idi. Halbuki, bu şəxsin (Şeyx Səfiəddinin – T.N.) Ərdəbildən olmasına heç bir şübhə yoxdur. Ərdəbil o vaxt və indi də türk şəhəridir. Hələ bu sülalənin bütün istinadgahlarının türkmənlər olması qəti bir dəlil mahiyyətindədir. Çünki, türk və Əcəm arasındakı böyük nifrət və düşmənlik bir Əcəmin türklər tərəfindən himayə edilməsinə qətiyyən mane olur. Türk olmasaydılar bu türkmənlər onlara dayaq olmazdılar. Bu sülalənin yarandığı dövrdə ortada heç bir Əcəm (fars – T.N.) yoxdur, hamısı türkdür. Hətta, bunların sadə tərəfdarları deyil, düşmənləri də tamamilə türkdür. Şah İsmayıl “Xətayi” təxəllüsü ilə bir divan yazmışdır. Bu şeirlər gözəl türkcədir və Azərbaycan şivəsidir. Türklərin İranda farsca şeir yazmaları ümumi bir adətdir. Belə bir moda və cərəyan içində bir əcəmin türkcə şeir yazması imkan xaricində olan bir işdir. Belə bir mühitdə Şah İsmayılın türkcə şeir yazması onun türklüyünə heç bir şübhə buraxmaz” [33,118].
Göründüyü kimi, Rza Nur Səfəvilərin mənşəcə türk olmasına heç bir şübhənin olmadığını xüsusi olaraq vurğulamış, Şah İsmayılın türk oğlu türk olduğunu bildirmişdir. Rza Nurun bu mövqeyi Türkiyə tarixçisi İ.H.Uzunçarşılı tərəfindən müdafiə edilir. O, yazır: “Xalis türk olan bu ailənin siyasətlərinə uyğun olaraq çap etdirdikləri silsilənamələrə görə, özlərini İmam Hüseynin övladları olduqlarını göstərmişlər” [42,225].
Türkiyə tarixçilərindən T.Gündüz də Səfəvi dövrünün qaynaqlarının təhlilinə əsaslanaraq yazır ki, bu qaynaqlarda Şeyx Səfiəddin və ailəsi türk kimi təqdim olunmuşdur. Şeyx Səfiəddindən bəhs olunan zaman onun “türk oğlu” və “türk gənci” olduğu qeyd edilmişdir [18,19]. T.Gündüzün fikrincə, qarşımıza çıxan ən önəmli gerçək dövlətin ilk növbədə türklərə dayanması, Şah İsmayılın təmiz türk dilində şeirlər yazması və saray dilinin türkcə olmasıdır [18,20].
N.Çətinqaya yazır ki, orta əsr ənənələrinə görə, əslən türk soylu olan Səfəvilərin soylarının seyidlərə bağlanılaraq müqəddəsləşdirilməsi və müxtəlif millətlərə mənsub olan şeyx və din adamlarının Səfəvi təriqətinə mənsub kimi göstərilməsi onların bəzən ərəb, bəzən də farsca danışan zümrələrə bağlanmasına səbəb olmuşdur [13,378]. Əhməd Kəsrəvi və onun kimi düşünənlər “Səfvət əs-səfa”nın müxtəlif yerlərində Şeyx Səfinin “Piri türk”, yaxud “Türk piri” kimi qeyd edildiyini görmək istəmirlər. “Səfvət əs-səfa”da Şeyx Səfiəddinin etnik mənsubiyyətinə dair məlumatlar vardır. Səfəvilərin mənşəcə fars olduğunu sübut etmək arzusu ilə hərəkət edən müəlliflərin bu barədə “susması” tamamilə başa düşülə bilər. Çünki Şeyx Səfinin səyahətləri haqqındakı rəvayətlərdə onun dəfələrlə “türkün piri” (pir-i türk) adlandırıldığını görməmək mümkün
deyildir. Bu mənada Şeyx Səfinin fars torpağı olan Şirazda öz müridləri ilə görüşləri və söhbətlərindən bəhs edən hekayədə ona dəfələrlə türk kimi müraciət olunması çox səciyyəvidir: “Yüksək mənsəb sahibi olan və bütün Farsda” cəsarəti ilə tanınan əmir Abdulla Şeyx Səfiyə müraciət edərək dedi: “Ey türk piri” [17,39; 13,379]. N.Çətinqayanın fikrincə, Şeyx Səfi Şirazda tanınmış elm və irfan sahibləri ilə bir neçə dəfə mübahisələrə qatılmışdı. Onlar da Şeyx Səfini türk kimi tanıyaraq ona hər zaman “Ey türk piri” kimi müraciət etmişdilər [13,379].
“Səfvət əs-səfa”da Ə.Kəsrəvinin heç cür görmək istəmədiyi qeydlərdən olan bir rəvayətdə deyilir: “Bir gün Şeyx Səfi oturmuşdu. Mehrabın yarıldığını gördü. Oradan bir adam çıxıb Şeyxə dedi ki: Ey piri türk... Onun camalının bədri, hüsn və kamalının yetkinliyi elə bir dərəcəyə çıxmışdı ki, o, daima türk piri olaraq tanındı” [1,317; 13,380; 35,32].
Şeyx Səfinin türklərə mənsub olduğunu göstərən buna bənzər fikirlər “Səfvət əs-səfa”nın bütün nüsxələrində vardır. Səfəvilərin guya öz uzaq əcdadlarının etnik mənşəyini şüurlu surətdə saxtalaşdırmaq istədiklərini söyləmək üçün də heç bir əsas yoxdur. Səfəvilər sülaləsinin əzəldən kürd, yaxud İran mənşəli olması haqqındakı ehtimal da mötəbər mənbələrin məlumatlarına əsaslanmır. Həm də Şeyx Səfiəddinin türk etnosuna mənsub olması, çətin ki, şübhə doğura bilər [17,39].
Həmid Alqarın fikrincə, tarixi araşdırmalar Səfəvilərin sırasına kürd boylarının qarışmasına baxmayaraq, saf bir türk boyu olduğunu ortaya çıxarmışdır [2,22]. M.Çələng belə qənaətə gəlir ki, Səfəvilərin etnik mənşəyi ilə bağlı H.Alqarın “içlərinə kürd boylarının qarışmış olmasına baxmayaraq, saf bir türk boyunun olması” ilə bağlı qeydini başlıca fikir kimi qəbul etmək imkanına sahibik [12,22].
Babək Cavanşir yazır ki, Səfəvi sülaləsinin mənşəyinin türk olması danılmazdır. Ancaq sülalənin mənşəyi ilə bağlı bir sıra iddialar irəli sürülmüşdür. Bu Səfəvi xanədanlığının mənşəyinə dair fikirlərin olduğu “Səfvət əs-səfa”nın müəllif nüsxəsinin əlimizdə olmaması ilə bağlıdır. Səfəvilərin mənşəyindən bəhs edən tarixçilər nədənsə, 1357-ci il nüsxəsinə deyil, 1542-ci il türk dilində olan nüsxəsinə əsaslanmışlar. Mübahisənin mərkəzində Səfəvilərin ilk babaları olan Firuzun kimliyi məsələsidir. Əksər tarixçilər “Səfvət əs-səfa”da Şeyx Səfiəddindən bəhs olunarkən onun babalarının Zərrinqulaq Firuzla Səncar vilayətindən Azərbaycana gəlmiş “Şeyx İbrahim Əthəm nəslindən olan bir hökmdar” arasındakı yaxın əlaqənin olmasına fikir verməmişlər. İbrahim Əthəm hicri 777-ci ildə ölmüş Bəlxli tanınmış bir Melamidir. O, islam, hind mistizmi və Xorasandakı dini inancların sintezi əsasında özünün sufi baxışlarını yaratmışdır. Melamət anlayışının ilk klassik forması onun kimliyinə aydınlıq gətirir. Bəlx Toharıstanın mərkəzi şəhərlərindən biri kimi türk Teginlər sülaləsindən olan hökmdarlar tərəfindən idarə edilmişdir. İbrahim Əthəm türk inanc sisteminin üstün olduğu bir bölgədəndir. Beləliklə, Səfəvilərin babalarının bu bölgədən olduğu və türk mühitindən çıxdığına heç bir şübhə yoxdur. Mənbələr Qızılbörk Firuzun “İbrahim Əthəm övladı olan bir hökmdarla” Səncardan Azərbaycana köç etdiyini göstərir [Bax: 11,94,95]. B.Cavanşirin fikrincə, Ə.Kəsrəvinin qeyd etdiyi kimi, Qızılbörk Firuz İbrahim Əthəm soyundan olduğu üçün onun mənşəcə türk olması ehtimalı daha böyükdür. Ə.Kəsrəvinin ən böyük səhvi, Firuzun Xorasandan deyil, Diyarbəkrdəki Səncardan gəldiyini iddia etməsidir. Onun fikrincə, “Firuz Şeyx Səfinin 7-ci babasıdır. Mənim hesablamalarıma görə, hər yüz ilə 3 kişini nəzərə alsaq, onun hicri V əsrin sonlarında yaşadığı ortaya çıxır. Bu zaman Azərbaycanda Səlcuqlar hökmran idilər. Buna görə, kürdlərin bu bölgəyə gəlib ölkəni fəth etməsi və müsəlmanlığı yayması iddiasının əsassız olduğu anlaşılır” [11,98].
B.Cavanşirin qənaətinə görə, “kürdlük” və Səncardan Azərbaycanın Ərdəbil bölgəsinə köç hadisəsi Sacilər dövlətinin sonlarında Deysəm bin İbrahimin kürd əsgərlərlə qərbdən gələrək Ərdəbili ələ keçirməsi hadisəsi ilə qarışdırılmışdır. Buna görə də, bəzi tarixçilər Firuzun Azərbaycana X əsrdə gəlməsini göstərirlər [11,98-99].
Maraqlıdır ki, Firuzdan bəri Səfəvilərin Mevalilərə böyük hörməti vardı. Hətta Əmir Teymur tərəfindən haqları tanınan Səfəvi təriqətinə aid rəsmi sənədlər də Bəlxdə aşkar edilmişdir. “Üzərundə Monqol tamğası və Əmir Teymurun möhürü olan və əski hərflərlə yazılmış bu sənəddə Xacə Əlinin Teymurla görüşməsi və Şeyxin kəramətləri qeyd edilmişdir. Bu sənəd Bəlx üzərinə yürüş zamanı 1602-ci ildə Andəhut qalası tutulan zaman ələ keçmiş və Şah Abbasa təqdim edilmişdir” [20,8; 11,102]. B.Cavanşirin fikrincə, “Səfvət əs-səfa”da Şeyx Səfinin türk olduğunu bildirən “Ey türkün piri”, “cavan türk” ifadələri ilə yanaşı onun “türk kəndi”ndən olması göstərilmişdir. Bununla yanaşı, Səfəvilərin türk olduğunu təsdiq edən digər mühüm cəhət Şah İsmayılın “Divanı”nın dilində Xorasan və Şərq türkcəsi təsirinin olmasıdır. Şah İsmayılın şeirlərində istifadə etdiyi türk dili sadəliyi və xalq dilinə yaxınlığı baxımından diqqəti cəlb edir. Şah İsmayılın ulu babaları Xorasan türkcəsinin istifadə olunduğu Bəlx bölgəsinin yarımköçəri türkləri arasından çıxdıqları üçün onlara bağlı olduqlarını qoruyub saxlamışdılar [11,102-103].
Türkiyə tarixşünaslığında Səfəvilərin seyid olub-olmaması, mənşələrinin ərəblərlə bağlanılmasına da xüsusi diqqət yetirilmişdir. M.Ekinçi yazır ki, Şeyx Səfinin ulu babası Firuzşah Mosulun qərbində və Diyarbəkrin cənubunda yerləşən Sincan (Sincar) bölgəsindən Azərbaycana köçmüşdür. Onların seyid bir ailədən olması ehtimalı böyükdür [16,64]. E.B.Şapolyonun fikrincə, XIII əsrin ikinci yarısında Azərbaycanda, Ərdəbil şəhərində bir sufi cəmiyyəti yaranmışdı. Onun şeyxi əslən Gilandan olan Şeyx Zahid idi. O, qızı Bibi Fatmanı müridi Səfiəddinə ərə vermişdi. Şeyx Zahid vəfat edincə cəmiyyətin şeyxi Səfiəddin olmuşdur. Rəvayətə görə, onun ulu babası Firuz adlı bir kəs XII əsrdə Ərəbistandan Azərbaycana gəlmiş və burada kök salmışdır [38,350]. Türkiyə tarixçiləri vaxtı ilə Anri Massenin bildirmiş olduğu fikri təkrarlamış olurlar. A.Masse yazır: “Səfəvilər öz müqəddəsliyi ilə şan-şöhrət qazandığı bir zamanda Xəzər dənizinə yaxın vilayətlərin birində vəfat etmiş bir zahidin nəsilləri idilər. Bu zahid Ələvilərin yeddinci imamının nəslindən idi, yəni özünü ərəb hesab edirdi” [28,215]. Eyni fikri C.Brokelmanda da görürük. O, Şeyx Səfiəddindən bəhs edərkən, onu “əslini Ərəbistandan köçmüş Əli ailəsinə bağlayan” kimi təqdim edir [8,294]. A.Alouşun fikrincə, “Səfvət əs-səfa”da verilən bütün “hekayələr” əslində Səfəvilərin seyidlik iddiaları ilə bağlı böyük şübhə yaradır. Həqiqətən də, mənşəyi peyğəmbərə dayanan bir ailənin öz soy kökü ilə bağlı dəqiq məlumata sahib olmaması orta çağlarda inandırıcı görünmür [3,175].
Təəssüf ki, hələ də Türkiyə tarixşünaslığında Səfəvilər sülaləsinin ərəb əsilli olmasını sübut etməyə cəhdlər göstərilir. Bunun üçün vaxtilə Səfəvi ideoloqları tərəfindən ortaya atılmış müxtəlif ideyalardan istifadə olunur. Bunların da ən başlıcası Səfəvilər sülaləsinin kökünün şiə imamlarına gedib çıxması, yəni türk yox, ərəb əsilli olması barədə versiyadır. Bir sıra hallarda Şah İsmayılın özü də sərkərdə, uzaqgörən dövlət xadimi kimi yetişməsində böyük rolu olmuş xilaskarları və tərbiyəçilərinin lap uşaq vaxtlarından ona təlqin etdikləri bu versiyaya müraciət etmişdir. Lakin sülalənin tarixinin
daha dərin tədqiqi sübut etdi ki, bu qəbildən olan fikirlər ideoloji-konyunktura xarakteri, siyasi xarakter daşımışdır və məqsəd böyük xalq kütlələrini vahid mərkəz ətrafında birləşdirmək idi. Həqiqətən də, strateji məqsədlərə nail olmaq üçün birləşdirici ideya lazım idi. Şiəlik təriqəti Azərbaycan qızılbaşlarının doktrinası olaraq bu rolu öz üzərinə götürmüşdü [29].
Şah İsmayılın hansı din altında fəaliyyət göstərməsindən asılı olmayaraq, həm o özü, həm də onun məsləkdaşları Azərbaycan türkləri idi. Səfəvilər dövləti Azərbaycan ərazisində yaradılmışdı, onun mərkəzləri Azərbaycan şəhərləri Ərdəbil və Təbriz idi. Orduda və sarayda Azərbaycan dili əsrlər boyu hakim mövqe tutmuşdur. Şah İsmayıl öz ədəbi əsərlərini məhz Azərbaycan dilində yazır, dövlət fərmanlarını bu dildə verirdi.
O.Ə.Əfəndiyevin qənaətinə görə, bu məsələni aydınlaşdırmağın mürəkkəbliyi onunla əlaqədardır ki, Səfəvilərin uzaq əcdadları barədə məlumatları özündə əks etdirən yeganə mənbə Təvəkkül ibn İsmayıl ibn Bəzzazın “Səfvət əs-səfa” (“Saflığın saflığı”) adlı agioqrafik əsəridir. Dərviş Təvəkkülün əsəri möcüzələr haqqındadır, tipik sufi kitabıdır və XIV əsrin ikinci yarısında tərtib olunmuşdur. Tədqiqatçıların belə bir fikri diqqətə layiqdir ki, çox az-az əlyazmalar “Səfvət əs-Səfa” qədər saxtalaşdırmalara məruz qalmışdır [17,37].
İran alimi Əhməd Kəsrəvi Təbrizi bu əsərin müqayisəli tədqiqi ilə məşğul olmuş, xeyli əvvəl V.V.Bartold tərəfindən söylənmiş belə bir nəticəyə gəlmişdir ki, Səfəvilərin əcdadları heç də seyidlər (Məhəmməd peyğəmbərin) nəslindən olanlar deyillər və onların nəsil şəcərəsini sonralar Səfəvi tarixçiləri uydurmuş və İbn Bəzzazın əsərinin mətninə daxil etmişlər [23,35-37; 17,53]. Əhməd Kəsrəvi “Səfvət əs-səfa”nın 1491 və 1508-ci il nüsxələri üzərində apardığı araşdırmalar nəticəsində Şeyx Səfinin ərəblərlə əlaqəsinin olmadığını sübut etdikdən sonra onu türk də hesab etmir və kürd mənşəli olduğunu söyləyir. Şeyx Səfiəddinin yeddinci babası Zərrinqulaq Firuzşahın “əl-Kürdi əl-Səncani” kimi tanındığını əsas götürərək, Firuzşahın kürd əsilli olduğunu göstərir. O, “Səfvət əs-səfa”da “əl-Səncani” adının yanlış yazıldığını, bu adın “əl-Səncari” olduğunu və Diyarbəkr yaxınlığında yerləşdiyini zənn edərək, heç bir əsas olmadan yazır ki, “Sözün qısası biz belə düşünürük ki, Şeyx Səfinin babaları Kürdüstanın Səncar bölgəsindən gəlmişlər” [23,37].
Lakin Türkiyə tarixçilərindən T.Gündüzün fikrincə, Ə.Kəsrəvi Səfəvilərin mənşəyi ilə bağlı çox önəmli mübahisələrə girərək, onların seyidlik və kürdlük nisbələrinin heç bir əsasının olmadığını ortaya qoymaqla yanaşı, siyasi səbəblərdən dolayı türklük məsələsinə heç toxunmamışdır. Ə.Kəsrəviyə görə, Firuzşahın kürd olması əsərə sonralar əlavə edilmiş, Azərbaycan tarixində bir kürd istilasından da bəhs olunmadığına görə, onun gəldiyi dövrlərdə Azərbaycan çoxdan müsəlman olduğu üçün kürdlərin hər hansı bir islamlaşdırma aparmadığını müdafiə edir [18,19 qeyd 57; 24,66].
Mirzə Abbaslı yazır ki, “Səfvət əs-səfa”nın təhrif olunmuş bir nüsxəsindəki rəvayətdə Şeyx Səfinin qayınatası və şeyxi Şeyx Zahidlə qohumluq əlaqələrinə dayanaraq, Şeyx Zahidin “əl-Kürdi əl-Səncani” adlandırılması, Şeyx Səfinin yeddinci babası Firuzşahın adı da “əl-Kürdi əl-Səncani” kimi “Səfvət əs-səfa”ya əlavə edilmişdir [1,328]. Ə.Kəsrəvinin istifadə etdiyi “Səfvət əs-səfa”da adı keçən “əl-Səncani” adını “əl-Səncari” kimi dəyişdirməsinin və Səfəvilərin ata-babalarının Kürdüstan tərəflərindən gəlmə olduğunu göstərməsinin heç bir elmi əsası yoxdur. Çünki, XIII əsrin əvvəllərində Azərbaycanda olan ərəb coğrafiyaçısı və səyyahı Yaqut Həməvi Səncanın Mərv şəhəri yaxınlığında bir yer adı olduğunu qeyd edir. M.Abbaslının fikrincə, Xorasanın Nişapur şəhəri və Azərbaycanda Dərbənd yaxınlığında da Səncan adlı yerlər mövcud olmuşdur [1,328-329]. Bu bir daha təsdiq edir ki, Şeyx Səfinin ulu əcdadları Xorasandan gəlmişlər və türkdürlər.
Ə.Kəsrəvinin şübhəsinə və dəlillərin zəifliyinə baxmayaraq, onun Səfəvilərin kürd mənşəli olduğu barədəki ehtimalını şəksiz həqiqət kimi qəbul edən Türkiyə tarixçiləri faktiki olaraq Səfəvilər sülaləsini iranlılaşdırmağa səy göstərirlər. Türkiyə tarixçilərindən Z.V.Toğan İslam ensiklopediyasında nəşr etdirdiyi “Azərbaycan” məqaləsində Səfəvilərin mənşəyi ilə bağlı yazır: Şeyx Səfinin “ulu babalarının dili Azəri farscası olub, Elxanilər dövründə türkləşmiş və türkmənlər arasına şeyx və mürşid sifəti ilə daxil olmuşlar” [40,112]. Z.V.Toğan Səfəvilərin mənşəyinə həsr olunmuş məqaləsində də onların kürd mənşəli olduğunu əsaslandırmağa cəhd göstərir [39,345-357]. Ə.Kəsrəvinin əlavə və saxtalaşdırma hesab etdiyi “Səfvət əs-səfa”dan kürd qoşunlarının Azərbaycana gəlməsi haqqındakı rəvayətinə əsaslanan Z.V.Toğan, bu yürüşü hicri 416 (1025)-ci ildə Rəvvadilərin Azərbaycanı tutması ilə eyniləşdirir. Toğan belə hesab edir ki, Şeyx Səfinin əcdadları kimi, onun mənəvi hamisi olan Şeyx Zahidin əcdadları da “Rəvvadilərin hərbi əməliyyatları zamanı Gilan və Ərdəbilə gəlmiş, Muğan və Arran vilayətlərində islamı yaymışlar” [39,352]. Z.V.Toğan öz mülahizələrini belə yekunlaşdırır: “Hökm-darlar (I Şah İsmayıl və I Şah Təhmasib) özlərinin kürd mənşəyini tarixdən silmək, kürd Firuzşahı peyğəmbərin nəslinə aid etmək və Şeyx Səfinin türk və şiə şeyxi, türk poemalarının müəllifi olduğunu sübuta yetirmək üçün əllərindən gələni etmişlər” [39,356]. O.Ə.Əfəndiyevin yazdığı kimi, Z.V.Toğan da bir çox başqaları kimi özlərinin kürd mənşəyini gizlətməyin Səfəvilərə nə üçün lazım olduğunu izah etməyi zəruri bilməmişdir [17,38].
Qeyd etmək lazımdır ki, Z.V.Toğan heç bir əsas olmadan Rəvvadilər sülaləsinin kürd mənşəli olduğunu göstərir. Əvvəla, Rəvvadilər mənşəcə kürd deyil, ərəbdirlər. VIII əsrin sonlarında Azərbaycan, Arran və Ərminiyə canişini Yəzid ibn Xatim əl-Mühəlləbi (785-786) xəlifənin sərəncamı ilə əzd qəbiləsindən olan yəmənli Rəvvad ibn əl-Müsənnanı həmqəbilələri ilə birlikdə Təbriz ətrafında yerləşdirmişdir [4,337]. X əsrin sonlarında Rəvvadi nəslindən olan Əbülheycə Salarilər sülaləsinin hakimiyyətinə son qoyaraq, mərkəzi Təbriz şəhəri olan Rəvvadilər dövlətini yaratmışdır. Heç də Azərbaycan Z.V.Toğanın qeyd etdiyi kimi, 1025-ci ildə Rəvvadilərin axınlarına məruz qalmamışdır. Bu dövrdə Cənubi Azərbaycan, o cümlədən Ərdəbil və Muğan bölgələri Rəvvadi nəslinin hakimiyyəti altında olmuşdu və Azərbaycanı 1025-ci ildə onların tutmasına heç bir ehtiyac yox idi. Digər tərəfdən, Z.V.Toğanın qeyd etdiyi kimi, Muğanda islam dini XI əsrdə yox, ərəb tarixçisi əl-Bəlazurunin verdiyi məlumata görə, xəlifə Əlinin dövründə (656-661) qəbul edilmişdi [4,187].
Türkiyə tarixçilərindən Faruq Sümer Səfəvilərin mənşəyi ilə bağlı yazır: “Həqiqətən bu nəslin seyidliklə heç bir əlaqəsi olmayıb. Firuz şah
adlı Sincarlı bir kürdün nəslindən gəldiyi şübhəsiz bir şəkildə ortaya qoyulmuşdur. Təxmin etmək mümkün ola bilir ki, Səfiəddin İshaqın atası Firuzşah, kürdlərin X əsrdə Azərbaycan və Arranda yayılmaları əsnasında Ərdəbilə gəlmiş və şəhərin yaxınlığında bir yerdə yerləşmişlər. XI əsrin II yarısında Səlcuqlar Azərbaycan, Kürdüstan, Arran, və Şərqi Anadoluya gəldikləri zaman burada hakimiyyət sürən Rəvvadi, Şəddadi, Mərvani və Ənnazoğulları kimi bir çox kürd xanədanları ilə qarşılaşdılar. Bunlardan Rəvvadilər Azərbaycanı idarə edirdi. Əmir Əhmədil də bunlardan biri olub Ərdəbil və Təbriz şəhərlərinin hakimi idi. Adı çəkilən yerlər XI əsrin sonlarından etibarən Əhmədilin türk məmlükü Ağ Sunqur və oğulları tərəfindən idarə edilmişdi. Qaraqoyunlular zamanında Ərdəbildən Muğana qədər uzanan bölgənin Cagirlü oymağının yurdu olduğunu bilirik ki, İbn Ərəbşaha görə, bu tayfa kürd mənşəlidir” [37,1].
Türkiyə tarixşünaslığında Səfəvilərin mənşəcə kürd olması və Diyarbəkr yaxınlığındakı Səncar adlı yerdən Azərbaycana gəlməsi haqqında fikirlər E.Xəmgin [19,242], M.Ekinçi [16,64], Ö.Uluçay [41,27] tərəfindən qəbul edilmişdir.
Bu barədə K.E.Bosvortun fikri heç bir anlama sığmır. O, yazır: “Hərçənd Səfəvilər türkcə danışsalar da, çox güman ki, onlar mənşəcə kürd idilər. Bu xüsusda bizdə etibarlı məlumat yoxdur, belə ki, Səfəvilər, İranda hakimiyyətlərini möhkəmləndirdikdən sonra, öz mənşələrinə aid məlumatları bilərəkdən saxtalaşdırmağa başladılar. Ancaq onların türkmən əhalinin çoxluq təşkil etdiyi Anadolu-Diyarbəkr-Azərbaycan bölgəsindəki əksər sülalələr kimi dərvişlər içərisindən çıxmış olduğu və siyasi təsirə malik olduqları barəsində şübhə etmək olmur” [10,213; 9,226].
Z.V.Toğanın yuxarıda qeyd etdiyimiz fikri Türkiyə tarixçilərindən R.Kılıç tərəfindən qəbul edilmişdir. O, Z.V.Toğanın və F.Sümerin verdiyi məlumata əsaslanaraq yazır ki, Səfəvilərin peyğəmbər övladları ilə heç bir əlaqəsi olmamışdır. Onlar seyidliklə əlaqəsi olmayan Firuzşah adlı Sincarlı bir şəxsin nəslindən olub, X əsrdə Azərbaycan və Arran bölgəsinə edilən köçlər zamanı Xəzər dənizin cənub qərb sahilində yerləşən Ərdəbilə gəlmiş və şəhərə yaxın bir yerdə yerləşmişlər [25,25-26].
Ə.Kəsrəvi “Səfvət əs-səfa”ya Şeyx Səfinin peyğəmbər nəslindən olması ilə bağlı düzəlişin Şeyx Xacə Əli və yaxud Şeyx İbrahim dövrlərində edildiyini qeyd etsə də, Z.V.Toğan bu düzəlişlərin Şah İsmayıl hakimiyyətə gəldikdən sonra həyata keçirildiyini qeyd edir [3,180]. A.Allouş yazır ki, ərəb tarixçisi İbn Hacər əl-Əsqalani Xacə Əlinin Həcc ziyarətindən sonra Qüdsə gəlməsi və burada ölümü barədə mühüm məlumat versə də, onun mənşəyi ilə bağlı heç bir xəbər vermir. Nəzərə alsaq ki, İbn Hacər Xacə Əli ilə eyni dövrdə yaşamışdır və onun soy kökü ilə bağlı məlumat verməməsi göstərir ki, Səfəvilər o dövrdə Ələvi soyuna heç bir iddia etməmişlər [3,180]. Görünür, “Səfvət əs-səfa”ya düzəlişlər Şeyx Cüneydin Anadoludakı şiələrin dəstəyini əldə edərək iqtidara yiyələnmək arzusuna daha uyğundur [3,181]. F.Sümer də Səfəvilərin seyidlik iddialarının XV əsrin ikinci yarısında, yəni Şeyx Cüneyd dövründə ortaya çıxdığını, onların bundan sonra özlərini Hz. Əli nəslindən saymış olduğu qənaətindədir [37,2].
Y.Küçükdağ və B.Dədəyev “Səfəvilərin nəsəbinə fərqli bir baxış” adlı məqalədə “Səfvət əs-səfa” nüsxələrinə edilən düzəlişlər və Səfəvilərin mənşəyinin kürdləşdirilməsi məsələsinə aydınlıq gətirmişlər [26,415-424]. Məqalə müəllifləri Türkiyə arxivlərində saxlanılan “Səfvət əs-səfa”nın h. 896/1491, h. 914/1508 tarixli nüsxələrinin təhlili əsasında belə nəticəyə gəlirlər ki, əsərə mühüm dəyişiklik edilərək Şeyx Səfinin ulu babalarının “əl-kürdi əl-Səncani” yazılması XV əsrin sonlarında baş vermişdir. O, dövrdə bu dəyişikliyin edilməsi üçün müəyyən siyasi zəmin mövcud olmuşdur. Belə ki, XV əsrin 80-ci illərində Şeyx Heydərin Dağıstana uğurlu üç səfəri Ağqoyunlu Sultan Yaqubla yanaşı, Osmanlı sultanı II Bayəzid tərəfindən diqqətlə izlənilmişdi. Çünki, bu yürüşlərə Osmanlı təbəəsi olan qızılbaşlar da qatıldığı üçün Osmanlı sultanı ciddi narahat olmuşdur. Beləliklə, XV əsrin sonlarında Qızılbaş təhlükəsi Sultan Yaqubla II Bayəzid arasında yaxınlaşmaya səbəb olmuş, iki dövlət arasında diplomatik əlaqələri gücləndirmiş, 1488-ci ildə Osmanlı elçisi Təbrizə göndərilmişdir. Maraqlıdır ki, Osmanlı elçisi Təbrizi tərk etdikdən bir neçə ay sonra Sultan Yaqub tərəfindən öldürülmüş Şeyx Heydərin üç oğlu anaları ilə birlikdə İstəxr qalasında zindana salınmışdır. Məqalə müəlliflərinin qənaətinə görə, məhz bu dövrdə Qızılbaş hərəkatının siyasi cəhətdən geniş nüfuz qazanması, müridlərinin sayca daha da artması Sultan Yaqubla Sultan II Bayəzidi Səfəvilərin yeganə dini kitabı olan “Səfvət əs-səfa”ya müəyyən düzəlişlər edərək əhli beyt sevgisini başlıca həyat tərzi kimi qəbul edən Səfəvi müridlərini təsirsiz hala gətirməyə çalışmışlar. Bu məqsədlə “Səfvət əs-səfa”ya Ağqoyunlular tərəfindən 1491-ci ildə Səfəvilərin Səncandan gəldiyinin önünə əl-kürdi ibarəsi əlavə edilmişdir. Bununla da, 1491-ci ildə Sunullah adlı katib tərəfindən üzü köçürülən nüsxəyə Səfəvilərin seyid deyil, əslində Səncanlı bir kürd ailəsinə mənsub olduqları ilə bağlı əlavələr edilmişdir [26,421-422; 27,25-26].
V.V.Bartold sübut etmişdir ki, Səfəvilərin əcdadları heç də seyid (Məhəmməd Peyğəmbərin nəsli) olmamışlar, onların şəcərəsi sonradan Səfəvi tarixçiləri tərəfindən uydurulmuşdur. Hər necə olsa, Şah İsmayılın birbaşa İmamın nəslindən olması ideyası Səfəvilər dövlətinin qurulmasında çox mühüm rol oynamışdır. Bu cür taktiki və strateji gediş sayəsində dövlət siyasəti hakimiyyət və idarəçiliyi həyata keçirmək üçün bir sıra mühüm keyfiyyətlər əldə etdi, kütlələri birləşdirə bilən yeganə səmərəli ideoloji vasitəyə çevrildi [29].
N.Çətinqayanın qeyd etdiyi kimi, Səfəvilərin mənşəyi ilə bağlı bəzi dövrlərdə onların fars mənşəli olması iddiası irəli sürülmüşdür. Səfəvilərin fars ləhcəsində danışan zümrələrə bağlı olması, Şeyx Səfinin fars dialektlərindən birində danışması iddiası Ə.Kəsrəvi tərəfindən ortaya atılmışdır. O, təhrif olunmuş “Səfvət əs-səfa”ya əlavə edilmiş və Şeyx Səfiyə aid olduğu göstərilən fars ləhcəsi ilə yazılmış şeirlərə əsaslanaraq bu fikri qabartmışdır. M.Abbaslı İbn Bəzzazın “Səfvət əs-səfa” əsərinin 1357-ci il ilk nüsxəsinin mikrofilminə əsaslanaraq bildirir ki, burada və bəzi əsas nüsxələrdə Şeyx Səfiyə aid şeirlər öz əksini tapmamışdır. Ə.Kəsrəvinin istifadə etdiyi və elmi dəyəri olmayan mənbələrdə bəhs olunan şeirlərin dili və ləhcəsi ilə bağlı məlumat verilmədiyindən, bu şeirlərin fars dilinin məhəlli bir dialekti olan “azəri” ləhcəsində yazıldığı və bunun Səfəvilərin ana dili olduğunu, Azərbaycan türklərinin qədim dillərinin də məhz bu dil olduğunu iddia edir. N.Çətinqayanın qənaətinə görə, elm adamı olmayan, mədrəsə təhsilli, İran ziyalıları arasında “o bir molla idi” deyə anılan Ə.Kəsrəvinin bu fikirlərinin heç bir elmi əsası yoxdur. Çünki, X əsrdən bəri Qəznəvilər, Səlcuqlar, Atabəylər, Elxanilər, Teymurilər və hətta bəzi Səfəvi hökmdarlarının saraylarında yetişən yüzlərcə şair şeirlərini türk hökmdarlarının ana dilində yazmamışdılar” [13,374].
Rus tarixçisi A.R.Novoseltsev Səfəvilərin mənşəyi və danışdıqları dillə bağlı yazır ki, Səfəvilər mənşəcə iranlı olmuş və türkcəni XIV əsrin ikinci yarısında, bəlkə də daha sonralar qəbul etmişlər. O, öz fikrini İsmayılın XIV əsrin birinci yarısında yaşayan əcdadlarından birinin müasir talış dilinə yaxın olan bir İran ləhcəsində şeirlər yazması ilə izah etməyə çalışır. Onun qənaətinə görə, “hər halda İranın Azərbaycan əhalisi türkcəyə qədər azəri (talışca) dilində danışırdılar” [32,177]. A.R.Novoseltsevin bu fikirlərinin heç bir elmi əsası yoxdur. Çünki, onun baxışlarında Ə.Kəsrəvinin təsiri aydın hiss edilməkdədir. Bir şairin hər hansı bir ləhcədə şeir yazması, o bölgədə yaşayan xalqın o dildə danışmasını təsdiq edə bilməz.
Qeyd etmək lazımdır ki, vaxtı ilə Səfəvilər sülaləsinin türk mənşəyi haqqında V.V.Bartoldun fikri ən mötəbər fikir olaraq qalır və tarixi mənbələrin yeni məlumatları ilə təsdiqlənir. Alim həmin sülalənin banisi Şeyx Səfiəddinin (1252-1324) və onun varislərinin mənşəyi ilə əlaqədar yazırdı ki, bu Ərdəbil şeyxləri, heç şübhəsiz, fars deyil, türk mənşəlidirlər [6,748; 7,54; 17,37]. Həmin fikri İ.P.Petruşevski də müdafiə edərək yazır: “İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili Azərbaycan dili olmuşdur” [34,205]. M.S.İvanov bu məsələ ilə bağlı yazır: “Xüsusən ilk dövrlərdə Səfəvi dövlətində hakim olan zümrə türk boylarıdır. Onların arasından hərbçilər və valilər seçilirdi. Qorçi adlanan saray qoşunu tanınmış Qızılbaş əmirlərinin oğlanlarından təşkil olunurdu” [22,61].
İran tarixi üzrə tanınmış mütəxəssis N.D.Mikluxo-Maklay Səfəvilər sülaləsinin etnik mənşəyi məsələsinə toxunaraq yazır: “Sonralar qızılbaşlar adlanmış bu tayfalar öz dilinə və mənşəyinə görə XV əsrdə ardıcıl surətdə Azərbaycanın və İranın böyük hissəsinin sahibi olmuş, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərini yaratmış Azərbaycan tayfaları ilə qohum idilər” [31,224; 17,53].
Əgər V.V.Bartold, İ.P.Petruşevski və V.F.Minorski kimi görkəmli şərqşünaslar Şah İsmayılı Azərbaycan türkü kimi qəbul etməkdən imtina edənlər üçün avtoritet deyildirsə, onda bir sıra başqa Qərb tədqiqatçılarının fikirlərinə də istinad etmək olar. Onların elmi əsərləri bəzi “başabəla alimlərin” belə bir yanlış fikrini təkzib edir ki, guya Qərb şərqşünasları İsmayılı və bütövlükdə Səfəviləri Azərbaycan türkləri kimi qəbul etməkdən birmənalı şəkildə vaz keçir, guya Qərb yekdilliklə onları fars və ya kürd sülaləsi hesab edir [30,].
Fransız iranisti, İran və Orta Asiya tarixinə dair bir sıra maraqlı əsərlərin müəllifi Jan-Pol Ru özünün “İranın və iranlıların tarixi” kitabında Şah İsmayıl Səfəvinin mənşəyi haqqında yazır: “Şah İsmayıl Azərbaycana mənsub olan Ərdəbildə anadan olmuşdur və onun ailəsi əsası Şeyx Səfiəddin tərəfindən qoyulmuş və əyalətin sərhədlərindən kənarda çoxdan geniş şöhrət tapmış Səfəviyyə və ya Səfəvilər dini ordeninə mənsub idi. ...Onu (Səfəvilər dövlətini) iranlılar deyil, türklər yaratmışdılar və idarə edirdilər, onlar hələ uzun müddət onun hökmdarları olacaqlar. Hətta, bu gün bəzilərinin inandırıcı arqumentlər göstərmədən dedikləri kimi, Şah İsmayıl kürd doğulmuş olsa belə, o, türkə oxşamaq üçün yetərincə türkləşmişdi. Onun xarakterinin çox cizgiləri, əməllərinin çoxu Mərkəzi Asiya çöllərindən olanlara xas idi. Şah İsmayıl ərəb dilində də, fars dilində də danışmağı və yazmağı bacarırdı, buna baxmayaraq, özünün əsas ədəbi əsərlərini məhz türk dilində yazırdı və yeri gəlmişkən, heç də zəif olmayan bu əsərlər onu Xətai təxəllüslü böyük şair kimi tanıtmışdı. O, türkdilli qızılbaşlar mühitində yaşayır, şeirlərini və təbliğat xarakterli bir sıra namələrini coğrafi baxımdan ondan uzaq olanlar üçün yazırdı [21,302; 209].
Digər məşhur fransız tarixçi və türkoloq Jan-Lui Bake-Qramonun dəlilləri də az inandırıcı deyildir. O da Şah İsmayılı türk hökmdarı hesab edərək yazır: “Şah İsmayıl yarımköçəri qızılbaş tayfalarının hamılıqla qəbul edilmiş rəhbəri idi, onu taxt-taca bu tayfalar gətirmişdi. İsmayıl, hətta fars dilini tamamilə inkar etməsə də, şübhəsiz, türk kimi düşünür və türklər haqqında fikirləşirdi. Yarımköçəri türk tayfalarına yaxın və aydın dildə danışan və Azərbaycanda ideal türk dövləti yaratmış İsmayıl onların nəzərində ilahiləşmişdi. Həmin tayfalar bu ideal türk dövlətini Osmanlı Türkiyəsindən üstün tuturdular, Osmanlı Türkiyəsinin təbəəsi olmağı özləri üçün qəbuledilməz sayırdılar” [21,174-175; 30].
Alman alimi Anton Jozef Dierl bu barədə yazır: “Osmanlılar 1500-cü illərə doğru Şərqi Anadolunu torpaqlarına qatmaq istədiklərində Qızılbaşlarla qarşılaşdılar. Şərqi Anadoludakı Qızılbaşlara türkcə danışan Azərbaycanın Ərdəbil təkkəsindən nəzarət edilirdi. Yəni, Qızılbaşlar İran-Fars dərviş təriqətinə mənsub deyildilər. Yalnız ibadət dilləri deyil, dini şeirləri də türkcə yazılardı” [15,60]. Səfəvilərin mənşəyinin türk olmasını müasir Qərb tarixçiləri də qəbul edir [36,83; 14,228].
Qeyd etmək lazımdır ki, İran tarixşünaslığında Səfəvilərin etnik mənşəyi barədə cəfəng mülahizələrin yayılmasına baxmayaraq, müasir İran tarix məktəbinin ən parlaq nümayəndələrindən biri, məşhur tarixçi Nəsrulla Fəlsəfinin etirafları da çox əlamətdardır. Səfəvilərin etnik mənşəyi barədə İranda formalaşmış ənənəvi subyektiv yanaşmanın əksinə olaraq, o, İsmayılın Azərbaycan-türk hökmdarı olmasını qətiyyətlə qəbul edir, obyektiv dəlilləri, məntiqi mühakimələri və ciddi mənbələri şovinist nəşrlərdən üstün tutur. O, öz əsərlərində İsmayılın istər sarayda, istərsə də ədəbi mühitdə türk, yəni Azərbaycan dilinin mövqeyinin möhkəmlənməsinə çox böyük qayğı göstərməsi faktına xüsusi diqqət yetirir. O yazır: “Şah İsmayıl ata tərəfdən özünü seyid (yəni Məhəmməd peyğəmbərin nəslindən olan – O.Ə.) Əli nəsli sayır və bu nəsil şəcərəsi ilə fəxr edirdi. Ana tərəfdən isə o, Türkman Həsən bəy Ağqoyunlunun nəvəsi idi və haqlı olaraq özünü bu sülalənin qanuni varisi hesab edirdi... Dövrün bütün tarixlərindən məlum olduğu kimi, onun tərəfdarları da əsasən türkman və tatar tayfalarından olanlar idi... Fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl türk dilini İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı”. O, daha sonra yazır: “Qızılbaşlar özlərini türk mənşələrinə, əsil-nəcabət və ad-sanlarına görə İranın yerli əhalisindən yüksəkdə tutur, onları həqarətlə tatlar və taciklər adlandırırdılar” [17,34-35].
İlk mənbələrdə Səfəvilər dövlətinə və onun banisinə aid edilən çoxsaylı mülahizələr onun türklərlə və Azərbaycanla ayrılmaz əlaqəsini birbaşa göstərir.
Səfəvilərin etnik mənşəyi ilə bağlı müasir Türkiyə, eləcə də Qərb, İran və Sovet tarixşünaslığının materiallarının müqayisəli təhlili belə deməyə əsas verir ki, bəzi Türkiyə tarixçilərinin subyektiv cəhdlərinə baxmayaraq, Səfəvilər etnik baxımdan türk olmuş, Şah İsmayılın yaratmış olduğu dövlət də mahiyyət etibarı ilə türk dövlətidir.
Mənbələr və ədəbiyyat.
1. Abbaslı M. Səfəvilərin kökönünə dair, TTK Belleten, c.XL, sayı 158, Ankara. 1976, s. 287-329.
2. Alqar H. İslam devriminin kökleri. Çev. M.Çetin Demirhan. Endişe Yayınları, Ankara, 1990.
3. Allooshe A. Osmanlı-safevi ilişkileri. Kökenleri ve gelişimi. Anka Yayınları, İstanbul, 2001.
4. Azərbaycan tarixi. Yeddi cilddə, İkinci cild. Bakı, Elm, 1998.
5. Bacque-Grammont J.L. Osmanlı imperatorluğunun dorugu: olaylar (1512-1606). / Mantran R. Osmanlı imperatorluğu tarihi. Kuruluş ve yükseliş yılları. I. Çeviren: Server Tanilli. İstanbul, 2011.
6. Бартольд В.В. Место прикаспийских областей в истории мусульманского мира. Соч., т. II, ч. I. М, 1963.
7. Бартольд В.В. Халиф и султан. Соч., т. VI. М., 1966.
8. Brokelman C. İslam milletleri ve devletleri tarihi. 1. Çeviren: prof. Neşet Cağatay. Ankara, 1964.
9. Bosworth C.E. İslam devletleri tarihi. (trc. E.Merçil, M.İşpirli). İstanbul, Oğuz yayınları, 1980.
10. Босворт К.Е. Мусульманские династии. Справочник по хронологии и генологии. Наука, М., 1971.
11. Cavanşir B. türk halk islam anlayışına göre Kızılbaşlık ve Şah İsmail Hatai. /Şah İsmail Hatai külliyatı. İstanbul, 2006.
12. Çelenk M. 16. ve 17. Yüzyıllarda Safevi şiiligi. Yayınlanmamış doktora tezi. Bursa, 2005.
13. Çetikaya N. Kızılbaş türkler. Tarihi, oluşumu ve gelişmesi. Genel Yayın, Ankara, 2011.
14. Csato E.A., B.Isakson, C.Jahani. Linguistic Convergence and Areal Diffusion: case Studies from Iranian, Semitic and Turkic. Routledge, 2004.
15. Dierl A.J. Anadolu Aleviligi. Çeviren: fahrettin Yiqit. Ant yayınları, İstanbul, 1991.
16. Ekinçi M. Anadolu Aleviliyin tarihsel arka planı. İstanbul, 2002.
17. Əfəndiyev O.Ə. Azərbaycan səfəvilər dövləti. Bakı, Şərq-Qərb, 2007.
18. Gündüz T. Son Kızılbaş Şah İsmail. Yeditepe Yayınevi, İstanbul, 2010.
19. Hemgin E. Kürdistan tarihi (İslamiyyetden Osmanlılara kadar), c. II, İstanbul, 1997.
20. Hins V. Uzun Hasan ve Şeyx Cüneyd. Ankara, 1992.
21. Жан-Пол Ру. «История Ирана и иранцев. От истоков до наших дней». Пер. с французского: Некрасов М.Ю. Москва, 2012.
22. Иванов М.С. Очерки истории Ирана. М., 1952.
23. Kəsrəvi Ə. Şeyx Səfi və Tebareş. Tehran, 1324 hş.
24. Kəsrəvi Ə. Şeyx Səfi və Tebareş. Tehran, 1379 hş.
25. Kılıç R. Kanuni devri Osmanlı-İran münasebetleri. İstanbul, 2006.
26. Küçükdağ Y., Dedeyev B. Safevilerin nesebine farklı bir bakış. //Uluslararası Sosyal Araştırmalar Dergisi, 2009, sayı 6, s.415-424.
27. Küçükdağ Y. Türk Aleviliyi Araştırmaları. Konya, 2010.
28. Masse A. İslam. Bakı, 1992.
29. Mehdiyev R. “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi”. Azərbaycan qəzeti 05 dekabr 2012-ci il.
30. Mehdiyev R. Tarixi idrakın elmiliyi problemlərinə dair. //Azərbaycan qəzeti, 26 aprel 2013-cü il.
31. Миклухо-Маклай Н.Д. Шиизм и его сосиальное лицо в Иране на рубеже XV-XVI вв. Памяти акад. И.Ю.Крачковского. ЛГУ, 1958.
32. Новосельцев А.Р. Некоторые вопросы государственной организации державы Сефевидов в Иране. Ближневосточный Сборник. Тбилиси, 1983.
33. Nur Rza. Türk tarihi. c. 5. Toker Yayınları, İstanbul, 1979.
34. Петрушевский И.П. Государство Азербайджана в XV в. / ССИА, Вып. 1. Баку, 1949.
35. Serap Şah. “Safvetüs-Safa”da Safiyyüddin-i Erdebinin hayatı, tasavvufi görüşleri ve menkibeleri. c. 1. Yayınlanmamış doktora tezi. İstanbul, 2007.
36. Sonn T. A Brief history of islam. Blackwell Publishing, 2004.
37. Sümer F. Safevi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolu. Ankara, 1992.
38. Şapolyo E.B. Mezhebler ve tarikatlar tarihi. İstanbul, 1964.
39. Toğan Z.V. Sur l`origine des safavides. Melanges L.Massignon, vol. III, Damas, 1957, s. 345-357.
40. Toğan Z.V. Azerbaycan. İslam Ansiklopedisi. C.II, İstanbul, 1970.
41. Uluçay Ö. Şah Hatayi ve Alevilik: İnanç, Töre, Öge ve Ahlak. Adana, 1993.
42. Uzunçarşılı İ.H. Osmanlı tarihi. c.II, Ankara, 1988.

суббота, 13 сентября 2014 г.

İsrafil ağa

1918-ci il Mart Soyqrımının qisasını alan Borçalı bəyi
Erməni generalın başını kəsən İsrafil ağa kim olub?
Borçalı türk dünyasına çox igid oğullar verib.İran Türk savaşının qəhrəmanı Nağı xan Borçalı, rus və Polşa ordularının generalları Yadigarov qardaşları, Osmanlı ordusunun Paşası Darvazlı Mehralı Paşa, Nəriman Nərimanov, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Hoyski, Qars islam Cumhuriyyətinin başqanı Emin ağa Borçalı və s.
Belə seçilənlərdən biri də Bolus-Kəpənəkçi elindən İsrafil bəy Musa ağa oğlu Hacıəliyevdir (Acalov). İsrafil bəy 1857-ci ildə Borçalı bəylərindən Musa ağa Ağakişi bəy oğlunun ailəsində anadan olmuşdur. Xatırladım ki, İsrafil ağanın babası Ağakişi bəy Borçalının tanınmış şəxsiyyətlərindən olmuş və 1818-ci ildə general Velyaminovun təqdimatı əsasında dövlətçiliyə xüsusi xidmətlərinə görə, üzərində Rusiya İmperatorunun şəkli olan qırmızı lentli 2 qızıl medalla təltif edildiyi barəsində də tarixi bəlgələrdə qeydlər var.
Ağakişi bəyin dörd oğlundan Musa ağa Borçalıda Musa ağa daha çox “Qaragöz” adı ilə məşhur olub ad-san qazanmışdır. O, çox bacarıqlı və istedadlı gənc kimi seçilib. Xüsusi məktəbdə təhsil alan “Qaragöz” Musa ağa Kəpənəkçidəki malik olduqları pay torpaqlarına qane olmayıb indiki yurda çıxmışlar. Bu yurd sonradan Gürcüstanda Bolnisi rayonunun bir kəndi olaraq “Ağalıq” adı ilə rəsmiləşmişdir. Əslində “Ağalıq” Musa ağaya gürcü knyazından məhkəmə və hərbə-zorba çəkişmələrindən sonra onlara nəsib olmuş və tarixi titulları əsasında da “Ağalıq” deyə tarixə düşmüşdür. Hazırda kənddə 60 ev var. Unikal təbii-coğrafi yüksək ərazidə yerləşən bu kənddəki İsrafil ağanın evinin balkonundan baxanda Borçalı çökəyi Marneuliyə qədər apaydın gözlə görünür. Musa ağanın da başı çox qeyli-qallar çəkmiş və sürgün həyatı da yaşamağa məcbur olmuşdur. Lakin, buna baxmayaraq o, uzaq Sibirə sürgündən əfv olunaraq geri doğma kəndinə qayıda bilmişdir. Yerli məmurlar tərəfindən bir çox haqsızlığa düçar olan Musa ağa ortancıl oğlu İsrafili oxutdurmaq qərarına gəlir.
İsrafil ağa dini təhsil aldıqdan sonra Kalinoda rus məktəbini, daha sonra Tiflisdə gimnaziyanı bitirdikdən sonra İsrafil bəy dövrünün ziyalıları ilə ayaqlaşmaq üçün təhsilini daha uca mərtəbəyə çatdırmaq niyyəti ilə Sankt-Peterburqa getmiş və buradakı ən ali Darülfuna (Universitetə) hüquq fakültəsinə qəbul olmuşdur. Universiteti qurtardıqdan sonra yüksək səviyyəli mədəniyyəti və dərin hüquqşünas təhsili ilə seçilən İsrafil bəy qısa müddət Peterburqda çalışdıqdan sonra təyinatla Tiflis şəhər məhkəməsinə vəkil işləməyə göndərilir. Beləliklə, İsrafil ağa Peterburqda hüquq təhsili almış və sonra vəkil işləyən ilk Borçalı Azərbaycanlısı kimi yaddaşlarda həkk olunur. Bir müddət vəkil işləyən İsrafil bəy bacarığı sayəsində Tiflisdə bir məhkəmənin rəhbəri vəzifəsinə təyin edilir. Borçalıların dərd-səri ilə ürəkdən məşğul olan İsrafil bəy öz zamanında yüksək intellektual səviyyəsi ilə seçilməklə yanaşı, həm də Tiflis ədəbi-ictimai mühitində tanınmış simalarla: Əbdürrəhim bəy Haqverdiyevlə, İlya Çavçavadze, Nəriman Nərimanov, Fətəli xan Xoyski və digər ədiblər ilə yaxından dostluq münasibətləri saxlamışdır.
Yerli müsəlman əhalinin savadsız olması İsrafil bəyi çox narahat edir və düşündürürdü. İsrafil bəy dəfələrlə yerli müsəlman türklərin kitablarının işıq üzü görməsində yardımcı olmuş, Tiflisdə çıxan müsəlman Türk qəzetlərinə daima maliyyə dəstəyi etmişdir. Belə ki, ilk dəfə 1917-ci ildə İsrafil ağanın dəstəyi sayəsində Ə. Haqverdiyevin sədrliyilə Tiflisdə Borçalı Müsəlman Türklərinin I qurultayı baş tutmuşdur.
1905-1906-cı illər arası Tiflisdə və Borçalının digər məkanlarında (Şüləver, Sarvan və s.) baş vermiş erməni-müsəlman türk toqquşmalarında İsrafil bəy öz şəxsi hesabına Osmanlıdan (keçmiş Borçalı qaçağı olmuş indisə Osmanlı Paşası olan Darvazlı Mehralı bəydən) və Çar Rusiyasından çoxlu silah-sursat gətizdirərək azğınlaşmış ermənilərə böyük divanlar tutur. Bundan sonra İsrafil bəy doğma kəndi Ağalıqda silah anbarı tikdirərək oranı daima dolu saxlayır, ehtiyatı əldən vermirdi. Həmin dövrlər Azərbaycanda türklər hərbi xidmətə çağrılmasalar da Borçalıda İsrafil ağanın uzaqgörən siyasəti nəticəsində gənc Borçalılar Çar Hökümətinin ordu sıralarında qulluq edirdilər. Çar höküməti yanında böyük nüfuza malik olan İsrafil bəy xüsusi bəylərbəyi statusu alaraq Zaqafqaziya seyminin (məslisinin) ilk Borçalılı müsəlman türk üzvü seçilməklə yanaşı, özəl kareta və cangüdənlərlə təçhiz olunur. Başına daima qarapapaq qoyub belində gümüşü qılınc gəzdirən İsrafil bəy bu cangüdənlərdən imtina edir.
Yüksək vəzifələrdə çalışmasına baxmayaraq İsrafil bəy kəndə gələndə əsl toy-bayram olarmış. Hökümətlə davası olanın yerindəcə şikayətinə baxar, imkansızlara əl tutar, onlarla ümumxalq işində qol çırmayıb işləyər, bəyzadəliyini gözə soxmayaraq, qulluqçularla, bağbanlarla oturub çörək yeyərmiş. Hətta böyük oğlu Rəşid ağanın toyunda Ağalığa o qədər yüksək mənsəbli qonaq-qara gəlməsinə rəğmən o, toy süfrəsini hamı üçün açdırmış və ayrı-seçkilik salmadan bir yerdə əyləşmələrini istəmişdir. Bu hərəkətdən qeyzlənən bəzi Qızılhacılı bəylər bunu özlərinə təhqir bilib İsrafil ağaya irad da bildirmişdilər. Lakin İsrafil bəy: - Çoban-çoluq dediyiniz insanlar məni İsrafil bəy etmişlər, kim istəyir əyləşsin, kim istəmir buyurub gedə bilər,- deyə sərt tonda qonaqlarına cavab verir. Daha sonra İsrafil ağa doğma kəndində bir məscid tikdirir...
1917 ci ildə Lüksemburqda (indiki Bolnisi, türk adı Çörük Qəmərli) məskünlaşan almanların azğınlaşıb yerli türklərə saldırdığını eşidən İsrafil bəy 100 nəfərlik dəstə ilə bura gələrək azğınlaşmış almanları darmadağın edir. Xatırladım ki, İsrafil bəyin ikinci xanımı Bolnisli alman olub.
1918-ci ilin əvvəllərindən başlayaraq ermənilər Azərbaycanın müxtəlif yerlərində, Bakıda, Şamaxıda, Qarabağda, Gəncədə, Qubada və s. şəhərlərində yerli xalqa qarşı qətliam törətməyə başlayırlar. İsrafil ağa əmisi oğlu Emin ağa ilə birlikdə Azərbaycana köməyə gedən Osmanlı Paşası Nuru Paşanı Ərdahanda qarşılayaraq doğma kəndi Kəpənəkçiyə gətirirlər. Nuru Paşa İsrafil bəyə çoxlu silah sursat və 200 tüfəng verdikdən sonra Borçalı bəyləri onu Qazaxa qədər müşayət edirlər.
Müxtəlif yerlərdə Türklərə qarşı kütləvi qətliamlar törədən Andronik və general Nazarbekyan 800 erməni daşnak silahlısı ilə gizlincə Azərbaycandan ermənistana, oradan isə Borçalıda yerləşən ən böyük erməni yaşayış məntəqəsi olan Xaçına gəlirlər. Məqsəd bu strateji nöqtədən Borçalının kəndlərinə hücum etmək və əliyalın türk müsəlman əhalisini qırmaq idi. General Nazarbekyan “İntilligentnıy Palaç” adlandırdığı İsrafil bəydən 1905-06-ci il olaylarına görə intiqam almaq istəyirdi. Ermənilərin bu gizli məkirli planından çoxdan xəbər tutan İsrafil ağa öz tədbirini çoxdan görmüşdü. İsrafil ağa ilk öncə Xaçın baş keşişin və onların başbilənləri ilə görüşüb qan tökülməsinə qarşı olduğunu bildirərək onlardan Androniklə Nazarbekyanın yerini soruşur, ermənilər isə onlara bu haqda məlumatlarının olmadığını bildirirlər.
Erməni silahlı dəstəsinin izinə düşən İsrafil ağa onları Borçalının ən böyük kəndi olan Kəpənəkçinin girişində yaxalayaraq güllə-baran edir. Bu döyüşdə Andronik öz 3-5 adamı ilə qaçıb canını qurtarsa da 800 erməni quldur dəstəsi məhv edilir. İsrafil ağa özü şəxsən general Nazarbekyanın başını qılıncla kəsir. Bu döyüşdə Borçalı qaçağı Cöyrə oğlu Qara və İsrafil ağanın bacısı oğlu Osmanlıda yaşayan Məmməd daha fəal idilər.
Bakını ermənilərdən təmizləyən Nuru və Mürsəl Paşalar geri Osmanlıya dönərkən yenidən Kəpənəkçiyə gələrək İsrafil ağanın qonağı olurlar. İsrafil bəyə qəhrəmanlığı sayəsində Paşa tituluna layiq olduğunu söyləmiş və onunla Türkiyəyə gedərsə bu ada layiq görüləcəyini desələr də, İsrafil bəy getmir və ermənilərdən qorxduğunu yozacaqlarından ehtiyat edərək elini-obasını yiyəsiz qoymamışdır.
Lakin ermənilər də bu məğlubiyyətin qisasını almaq üçün hər yola əl atmaq qərarına gəlirlərlər. Tiflisdə öz hüquqşünaslıq vəzifəsini icra edən İsrafil bəyə 1918-ci ilin noyabrında ermənilər sui-qəsd hazırlayır və onun evinə basqın edilərək öldürülməsini təşkil edirlər. Lakin Tiflisdəki evinə basqın nəticəsində İsrafil ağa atışmada ağır yaralanır və xəstəxanaya çatdırılır. Terror törədən qrupun yenidən xəstəxanaya hücum edəcəklərindən şübhələnən dost-tanış ona xəstəxanadakı yerinin dəyişdirilməsini təklif edirlər. Amma İsrafil bəy ömrü boyu ermənidən qorxmadığını söyləyərək, belə ucuz can qorumaqla yaşamağı şərəfinə sığışdırmır. Bu qüruru ona baha başa gəlir və erməni terrorçuları ikinci dəfə xəstxanaya hücum edərək onu qətlə yetirirlər.
Maraqlı burasıdır ki, o zaman Türkiyədə yaşayan bacısının oğlu Məmməd dayısı İsrafil bəyin öldürüldüyünü eşidərək və Tiflisdə qətliam törədən terrorçu dəstənin üzvlərini bir-bir yaxalayaraq qana-qan dayısının qisasını alır..
Daşnak ermənilərin Dərələyaz, Ağbaba, Naxçıvan, Bakı, Göyçay və Şamaxı, Urmu, Təbriz və s. istiqamətlərində on minlərlə türk və müsəlmanın qanını axıtdıqlarına baxmayaraq, yeganə haldır ki, daşnakların ancaq Borçalı Qarapapaq türklərinə məğlubiyyəti haqqında yetərincə məlumat var. Bu bölgədə heç bir qətliam baş vermədiyinə görə, o vaxtkı İsrafil bəy kimi tarixi şəxiyyətlərimizin rolu həddən ziyadə böyük olmuşdur. Təssüflər olsun ki, İsrafil bəyin oğulları Rəşid və Rəhim bəylər 1937-ci ilin repressiya qurbanlarına çevilərək güllələnirlər.
Anar Məsimov

воскресенье, 7 сентября 2014 г.

Azərbaycanın repressiya qurbanı olan gözəl müğənnisi CAHAN TALIŞINSKAYA

Azərbaycanın repressiya qurbanı olan gözəl müğənnisi
CAHAN TALIŞINSKAYA
Muğam ustadı Cahan Talışinskaya.
XX əsr Azərbaycan mədəniyyət tarixində bir çox mürəkkəb, eyni zamanda maraqlı taleli sənətkarlar olub. Onlardan biri də tanınmış müğənni, əməkdar artist Cahan Talışinskayadır.
Cahan xanım Talışinskaya 1909-cu il fevralın 9-da Lənkəran şəhərində anadan olub. O, Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı idi. 1918-ci ildə onun ailəsi Bakıya köçür. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım “Yeni yol” qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi. O, Azərbaycan Qızlar Seminariyasına qəbul olundu. Gənc qız musiqi və vokal ilə maraqlanırdı. Bacısının evində piano var idi və Cahanın gözəl musiqi qabiliyyəti olduğundan tanış melodiyaları pianoda çalırdı. Beləliklə, xüsusi musiqi savadı olmadan o, pianoda və tarda gözəl ifa edə bilirdi. Xanəndənin oğlu, Azərbaycanın əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyov öz xatirələrində Cahan xanımın hər hansı bir alətdə - istər qarmon, istər fleyta, istər qaval olsun, - necə asanlıqla ifa etməsindən danışır.
Seminariyada oxuduğu illərdə Cahan xanım o dövrdə Əli Bayramov adına klubun nəzdində təşkil olunmuş bədii özfəaliyyət dərnəyində iştirak etməyə başladı. Cahan xanım 1927-ci ildən Bakı şəhərinin radio şəbəkəsində işə daxil olur, sonra Dövlət estradası və nəhayət, 1934-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Bu dövr Cahan Talışinskayanın həyatında yaradıcılıq yüksəlişi idi. Onun adı musiqisevərlərin və mütəxəssislərin dilindən düşmürdü.
O, bir çox konsertlərdə çıxış edir, konsert briqadaları ilə Azərbaycanın bir çox rayonlarına və hərbi hissələrə qastrola çıxırdı. Cahan xanım xalq mahnılarının və Azərbaycan muğamlarının gözəl ifaçısı idi. Müasirlərinin xatirələrində deyildiyi kimi, onun ifa etdiyi “Şahnaz”, “Segah”, “Bayatı-Şiraz” muğamları, həmçinin Qarabağ şikəstəsi dinləyicilərin gurultulu alqışları ilə müşayiət olunurdu. Lakin “Qatar” muğamı onun ifa etdiyi şah əsəri idi. Çox vaxt onu belə də adlandırırdılar - Qatar Cahan. Cahan xanımın səsinin geniş diapazonu, virtuoz səs aparatına malik olması texniki cəhətdən mürəkkəb olan bu muğamı onun ifasında təkrarolunmaz edirdi.
Onun sənətinin nə qədər güclü təsir buraxmasına bir hadisə misal ola bilər. 20-ci illərin axırı - 30-cu illərin əvvəlində Avropaya səfərə hazırlaşan Əfqanıstan şahı Əmənulla xan Bakıya gəlmişdi. Bu yüksək qonağın şərəfinə qonaqlıq verilir. Konsertdə iştirak etmək üçün Cahan Talışinskayanı dəvət edirlər. Konsertdən sonra şahın xanımı minnətdarlıq əlaməti kimi, qızıl qol saatını Cahan xanıma hədiyyə edir. Ertəsi gün Cahan xanımı NKVD-yə dəvət edirlər və saatı bir günə alırlar. Səhəri gün saatı qaytarırlar: saatın arxa tərəfində “Cahan Talışinskayaya Əmənulla xandan” sözləri yazılmışdı.
Populyar xalq mahnılarının araşdırıcısı
O dövrdə Cahan xanım Cabbar Qaryağdı, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva, Qurban Pirimov, Zülfi Adıgözəlov kimi görkəmli xanəndələr ilə konsert proqramlarında iştirak edirdi.
Xalq artisti Bəhram Mansurov xatirələrində Cahan xanımdan bəhs edərək yazır: “O, Cabbar Qaryağdı, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva, Qurban Pirimov, Zülfü Adıgözəlov kimi görkəmli xanəndələrlə bərabər konsert proqramlarında çıxış edirdi. Eyni zamanda, o, özünü istedadlı folklorçu kimi də göstərirdi. Çox az adama məlumdur ki, ”Qubanın ağ alması", “Uca dağlar”, “Dəli Ceyran” kimi xalq mahnıları məhz ilk dəfə onun ifasında lentə yazılıb.
Araşdırmalarda göstərilir ki, müğənni bu mahnıları Azərbaycanın rayonlarına etdiyi qastrol səfərlərində toplayıb. Bütün vasitələrdən istifadə edərək yeni melodiyaları yadda saxlayıb, onu dinləyicilərə olduğu kimi çatdırardı".
Müğənninin oğlu, Əməkdar memar Nazim Hacıbəyov xatirələrində yazır: “Anam bu mahnılardan bəzilərini ucqar dağ rayonlarında çay qırağında paltar yuyan qadınlardan eşidərkən qələmə alıb. Məşhur ”Qubanın ağ alması" mahnısını isə ona akademik Mustafa bəy Topçubaşovun həyat yoldaşı Reyhan xanım verib..."
1933-cü ildə “Şərq musiqi ansamblı”nın tərkibində Cahan xanım Moskva, Leninqrad, Kiyev şəhərlərində qastrol səfərlərində olur. 1936-cı ildə Moskva və Sankt-Peterburq şəhərlərinə qastrolları zamanı “Qatar” və “Segah” muğamları, “Uca dağlar” və “Yeni kənd” mahnıları onun ifasında lentə alınır. Bu illərdə Cahan xanım tamaşaçıların hədsiz rəğbətini və məhəbbətini qazanır. Respublikanın ən ucqar yaşayış məntəqələrində onu tanıyır və sevirlər. Cahan xanımı o dövrün görkəmli sənətkarlarından Səid Rüstəmov, Bülbül, Həqiqət Rzayeva, Şövkət Məmmədova, Şəmsi Bədəlbəyli, Yavər Kələntərli, aktyorlardan Mustafa Mərdanov, Sona Hacıyeva, Əzizə Məmmədova, Fatma Qədiri, Mərziyə Davudova ilə dostluq və əməkdaşlıq telləri bağlayır...
Lakin 1937-ci illərin qara yelləri Cahan Talışinskayadan da yan keçmir. Bir gün ona NKVD ilə gizli əməkdaşlıq təklif olunur. Ancaq o, razılıq vermir. Məhz buna görə də Cahan xanıma 1938-ci ildə Moskvada keçirilən ilk Azərbaycan incəsənəti ongünlüyündə iştirak etməyə icazə verilmir. Lakin sonra hansı səbəbdənsə yuxarıların onun haqqında fikri dəyişir. 1939-cu ildə estrada artistlərinin I Ümumittifaq müsabiqəsinə qatılır və laureat olur. 1940-cı ildə Cahan Talışinskayaya Əməkdar artist adı verilir. Bütün bunlara baxmayaraq, qara kölgələr ondan əl çəkmir.
Sürgündə keçən illər
1942-ci ildə 14 yaşlı oğlu ilə birlikdə həbs olunur. “Xalq düşməni” adı altında Qazaxıstanın Petropavlovsk rayonuna sürgün edilir. Oradan ona Özbəkistana köçməyə icazə verilir. O, Daşkəndə köçür, oğlu Nazimi Bakıya göndərir, özü isə şəhər filarmoniyasında solist ifaçı kimi işə düzəlir.
Müğənninin Azərbaycana qayıtmasına bir təsadüfi hadisə kömək edir. 1943-cü ildə SSRİ Xalq Komissarlığı nəzdində yerləşən musiqi idarələrinin rəhbəri V.Surin Daşkəndə gəlir. O, Cahan xanımın laureat adını qazandığı Ümumittifaq estrada artistlərinin müsabiqəsində münsiflər heyətinin üzvü olmuşdu. Cahan xanımla tanış olur, onunla söhbət edir. Bu tanışlıqdan sonra ona Tiflis şəhərində incəsənət işləri üzrə idarəyə təyinat verir.
Beləliklə, Cahan xanım Tiflisdə Azərbaycan teatrının səhnəsinə qayıdır. Burada Leyli (“Leyli və Məcnun”), Telli (“Arşın mal alan”), Əsli (“Əsli və Kərəm”), Şahsənəm (“Aşıq Qərib”) rollarında çıxış edir və müvəffəqiyyət qazanır. Lakin bir müddət sonra Azərbaycan Xalq Daxili İşlər Komissarlığından Tiflisə məktub göndərilir, yenidən müğənninin sürgün məsələsi qaldırılır. Onu bu dəfə əvvəllər Bakıda yaşamış Zaqafqaziya Hərbi Şurasının üzvü, SSRI xalq deputatı Xavər Vəliyev xilas edir. Məhz onun köməkliyi ilə Cahan xanım Tiflisdə qalır və sonra Bakıya qayıdır. Musiqili Komediya Teatrının direktoru Şəmsi Bədəlbəyli onu teatra dəvət edir. Onun “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Gözün aydın”, “Durna” operettalarında yaratdığı Telli, Sənəm, Nargilə, Lalə obrazları hədsiz dərəcədə parlaq və maraqlı olur. Məhz buna görə də tamaşaçılar onu təkrar-təkrar səhnəyə dəvət edər, hətta mahnı və ariyaları bir neçə dəfə ifa etməsini xahiş edərmişlər.
1949-cu ildə Cahan Talışinskaya oğlu ilə birlikdə yenidən Daşkəndə sürgün edilir. Yalnız 1954-cü ildə, İ.Stalinin ölümündən və M.Bağırovun həbsindən sonra Cahan xanım və oğlunun azad olunması barədə qərar qəbul olunur. Lakin Cahan xanım Bakıya dönmür, Daşkənddə qalır.
O demək olar ki, işləmirdi, lakin hər ay radioda onun konsertləri səslənirdi. Daşkənddə oğlu evlənir, nəvələri dünyaya gəlir. Onlar tez-tez Bakıya qohumlarını görməyə gəlirdilər. 1966-cı ildə Daşkənddə baş verən zəlzələ onların Vətənə qayıtmağına təkan verir. Daşkənddə onların yaşadığı ev tamamilə uçur və təsadüf nəticəsində sağ qalan Cahan xanım və ailəsi təcili Bakıya qayıdırlar. Cahan xanım bir il sonra - 1967-ci ildə vəfat edir. Bundan sonra uzun illər vaxtaşırı radioda onun konsertlərinin lent yazıları səslənirdi. Daşkənddə Dövlət teleradiosunun arxivində Cahan xanımın konsertinin yeganə videoyazısı qorunub saxlanır.
"Azadlıq" qəzeti
MF

Babəki məğlub etmiş Afşini necə edam etdilər? (İbn əl-Əsirin kitabından)


Sərkərdə Afşin İslamı qəbul etmiş, sonra da Babəki məğlub edərək xəlifə Mötəsimin gözündə ucalmışdı.
Amma bundan cəmi 3 il sonra - 841-ci ildə dəhşətli ölümə məhkum edilmişdi.  
Afşini xəlifənin hüzurunda qurulan məhkəmədə nədə ittiham edirlər:
- zərdüştiliyi islamdan üstün tutmaqda,
- bütpərəst məbədini məscidə çevirən imamı cəzalandırmaqda,
- sünnət olunmamaqda,
- evində “Kəlilə və Dimnə” kitabı saxlamaqda,
- boğub öldürülmüş heyvanın ətini yeməkdə,
- Təbəristan şahzadəsi Mazyarı Xilafətə qarşı qaldırmaq cəhdində.
Bunları ərəb tarixçisi İbn əl-Əsir “Əl-Kamil fi-t-Tarih” əsərində yazır. O, 9-cu əsrdə baş verən və İslamda sapqınlıq (zındıqlıq) ilə bağlı ən diqqətçəkən hadisələrdən sayılan həmin mühakimə və edamı belə təsvir edir:
Xəlifə Mötəsim Afşinin ona xəyanət etməsi, hətta onu zəhərlətmək istəməsindən şübhələnir. Onu həbs etdirib vəzir-vəkilinin, Təbəristan şahzadəsinin və qazinin iştirakı ilə məhkəmə qurur.
Məhkəmə başlayan kimi içəri pal-paltarı cırıq iki adam girir. Qazi Afşindən onları tanıyıb-tanımadığını soruşur. Afşin cavab verir ki, tanıyır: “Bunlardan biri Uşrusanadakı məscidi tikdirən müəzzin, o biri isə həmin məscidin imamıdır. Hər birinə min şallaq vurdurmuşdum. Səbəbi odur ki, mən fəth etdiyim yerlərdə xalqların öz dinlərinə sərbəst şəkildə sitayiş etmələri ilə bağlı Soğdlu sərkərdə ilə razılıq əldə etmiş və bunun şərtlərini razılaşdırmışdım. Amma bu iki nəfər Uşrusana camaatının bir bütxanadakı bütlərini çölə atıb oranı məscidə çevirməklə əhdimizi pozdular.
Sonra Afşindən soruşurlar ki, “içində allaha küfr olan” “Kəlilə və Dimnə” kitabını evində niyə saxlayır. Afşin cavab verir ki, həmin kitab ona atasından qalıb. Kitabda İran ədəbiyyatına aid parçalarla yanaşı həqiqətən də allaha küfr olan hissələr var. Amma o, yalnız ədəbiyyata aid olanları oxuyur. Bundan başqa düşünmür ki, həmin kitab insanı İslamdan sapdıra bilər.
Bundan sonra içəri bir zərdüşti rahibi girir və Afşinin boğub öldürülmüş heyvan əti yediyini söyləyir. Deyir ki, Afşin boğub öldürülmüş heyvanın ətinin İslam qaydalarına uyğun kəsilmiş heyvanın ətindən ləzzətli olduğunu düşünür və onu da bu cür ət yeməyə məcbur edib: “Hətta bir gün mənə dedi ki, bu qövmün (ərəblərin) ona iyrənc gələn adətlərinə əməl etsə də, zeytun yağı yesə də, dəvəyə və qatıra minsə də, sünnət olunmayıb”.
Afşin bunu da etiraf edir. Deyir ki, əvvəla, rahibin kəsilmiş heyvanın ətini yeməsi onun öz dininə sadiq olmadığını göstərir. Daha sonra rahibdən soruşur: “Səni özünə yaxın bilən, öz sirlərimi bölüşən mənmiydim?” Rahib “əlbəttə” cavabını verir. Onda Afşin belə deyir: “Sən təkcə dininə yox, sözünə də sadiq deyilsən, çünki sənə etibar olunan sirri açırsan”.
Afşini həm də onda ittiham edirlər ki, fəth etdiyi ərazilərdə yerli xalqlar ona “tanrılar tanrısı” kimi müraciət edirlər. “Müsəlman olan kəs belə ifadəni özünə rəva bilərmi? Fironluq iddiasınamı düşmüsən?” Afşin cavab verir ki, bu, həmin xalqların onun atasına, sonra isə onun özünə müsəlmanlığı qəbul etməmişdən əvvəl etdiyi müraciət forması olub, sadəcə, itaətkarlıq bildirir.  
Afşin Babəklə danışıqlar aparır. Qədim miniatürAfşin Babəklə danışıqlar aparır. Qədim miniatür
Sonra şahzadə Mazyar önə çıxır. Afşindən “bu adama məktub yazmısanmı” soruşurlar. “Xeyr” cavabı verir. Onda Mazyardan soruşurlar: “Bu adam sənə məktub yazıbmı?”. Şahzadə “bəli” deyir: “Onun qardaşı mənim qardaşım Kuhyara məktub yazmışdı ki, “məndən, səndən və Babəkdən başqa bu Bəyaz dinə (zərdüştiliyə) yardım edən qalmayıb, amma Babək axmaqlığı ucbatından özünü öldürtdü, mən ölümü hər vəchlə ondan uzaqlaşdırmağa çalışdım, amma o yenə də axmaqlığından qalmadı və özü-özünü ölümün girdabına saldı. Əgər mən həqiqətən ona qarşı olsaydım, indi mən, mənimlə bərabər süvarilərim və nəcdədlilər sənə tərəf olmazdıq. Əgər biz bir olsaq, bizimlə savaşacaq yalnız üç toplum qalar: ərəblər, məğriblilər (?) və türklər. Ərəblər .... (təhqiramiz ifadə işlədir – red.) kimidirlər, önünə qır-qırıntı atarsan, sonra da başını kəsərsən. Məğriblilər də onun başını yeyərlər. Türklərə gəlincə, onlar oxları bitincəyə qədər bir fəlakətdirlər. Oxları bitəndən sonra da atları ilə sel kimi axıb-gələrlər”.
Afşin deyir ki, qardaşının kiminsə qardaşına məktub yazmasının ona aidiyyatı yoxdur, əgər məktubu onun özü yazsaydı, onda həmin adamı öz tərəfinə çəkər, sonra da tutub xəlifənin hüzuruna gətirərdi.
Və sünnət olunmamaq ittihamı. Afşindən soruşurlar ki, sünnət olunubmu. Afşin cavab verir ki, “xeyr”. Bunun səbəbini xəbər aldıqda isə deyir ki, “qorxdum ki, bədənimdən bir parçanı qoparsam, ölərəm”. Onda ona deyirlər ki, “necə olur ki, sən oxla yaralanırsan, qılınc zərbəsi alırsan və bütün bunlar sənin müharibədə iştirak etməyinə mane olmur, amma xırdaca bir dəri parçasının kəsilməsindən şikayətlənirsən...”.  
“Amma bu dedikləriniz müharibədə məcburən olur, biri də var bunu öz istəyinlə etmək”.
Bundan sonra qazi üzünü məhkəmədə iştirak edənlərə tutaraq “bu adamın işləkləri sizin önünüzdə məlum oldu” deyərək Aşfinin həbsə atılması barədə qərarını elan edir. Xəlifə isə əmr edir ki, Afşinə o qədər az yemək verilsin ki, həbsə ölsün.
Afşinin evindəki axtarış zamanı, deyilənə görə, qiymətli daş-qaşla bəzədilmiş bütlər, “Kəlilə və Dimnə” kitabı və “onun gerçək inanclarından xəbər verən” başqa kitablar çıxır. Aclıqdan öləndən sonra başqalarına görk olsun deyə onun meyiti əvvəl asılır, sonra isə evindən çıxdığı deyilən bütlər də üzərinə atılaraq yandırılır.
Ahmet Yaşar Ocak-ın “Osmanlı toplumunda zındıqlar və mülhidlər” kitabından

суббота, 6 сентября 2014 г.

Müsəlmanların dünyaya tövhələri

1. Qəhvə

Rəvayətə görə ərəb Xalid öz qoyunlarını otarırmış (Efiopiya) . Xalid görür ki, qoyunlar hansısa bitkini yedikdən sonra enerjili olurlar. Bu bitkini toplayan Xalid dünyada ilk qəhvəni dəmləyir.İlk dəfə qəhvəni Efiopiyadan Yəmənə ixrac edirlər. Artiq 15-ci əsrdə qəhvəni Məkkəyə və Türkiyəyə gətirirlər. Venesiyaya isə 1645-ci ildə çatır qəhvə. İngiltərəyə qəhvə dənlərini 1650-ci ildə Pasqua Rossi adlı bir türk gətirir (düzdür,mənə çatmadı türkün adı) və Lombard küçəsində qəhvəxana açır. Qəhvəyə ərəblər "qahwa" , italyanlar "caffi" , ingilislər "coffee", türklər "kahve" , ruslar "kofe" , biz isə "qəhvə" deyirik. 

2. Kamera

Qədim yunanlar düşünürdülər ki, insanın gözü işıq saçır və buna görə görə bilirik. Amma işiğin gözdən çıxdığını yox, əksinə gözə daxil olduğunu ilk dəfə 10-cu əsrdə müsəlman astronom, riyaziyyatçı, fizik İbn-əl-Xəytam kəşf etmişdir. İşıq gözə düşəndə göz alması nə qədər kiçilsə görüntünun o gədər aydın olduğunun fərginə varan alim ilk kameranı kəşf edir. "Qamara" ərəbcədən "qaranlıq otaq" kimi tərcümə olunur. Bundan əlavə hesab olunur ki, İbn-əl-Xəytam fizika elmini fəlsəfi elmlərdən eksperimental elmlərə keçirmişdir.

3. Şahmat

Yəgin ki, bunu hamınız bilirsiniz. 
Şahmatı qədim hindlər oynayırdı,amma onların oynadığı şahmat bizim bu gün tanıdığımız şahmatdan fərgli idi. Bizim tanıdığımız şahmatı farslar icad edib. Burdan da Avropanın qərbinə inteqrasiya edib. 10-cu əsrdə İspaniyada şahmatı mavrlar oynamağa başlayıb.

4. Paraşüt

Hələ Rayt qardaşlarından 1000 il əvvəl uçan aparatı icad eləmək müsəlman şair, mühəndis, astronom Abbas ibn Firnasın ağlına gəlmişdir. 852-ci ildə o taxtalara bağlanmış rahat açılan mantiya düzəldib geyinərək məscidin başından tullanmışdır. Firnas ümid edirdi ki, uçaçaq,amma bu alınmamışdı. Mantiya onu uçurtmamış, lakin düşməni zəiflətmiş və ölümün qarşısını alaraq yerə enməsini təmin etmişdir. Bu da ilk paraşütün başlanğıcı olmuşdur. 70 yaşında olanda o , "uçan aparatını" təkmilləşdirmiş və dağın başından tullanmışdır. O havada 10 dəqiqə qalandan sonra yerə enəndə qayalara dəyrək həlak olmuşdur. Amma o paraşütünə "quyruq" düzəltsəydi yəgin ki, belə olmazdı.

5. Sabun və şampun

Biz - müsəlmanlar bilirik ki, hər gün tərtəmiz olmalıyıq. Yəqin elə buna görə də qədim müsəlmanlar təmizlik üçün vasitələrin düzəldilməsində fəal idilər. Məlumdur ki, sabuna bənzər şeylər qədim Misirdə və Romada da olub,amma ilk dəfə ərəblər bitki yağı, ətir və natrium hidroksidi qarışdırmışlar. İngiltərədə isə 1759-cu ildə bir müsəlmanın Breytonda hamam açmasından sonra şampun meydana gəlib. 
Maraqlıdır, görəsən müsəlmanlar olmasa, indi də ayaq yolunda heç sudan istifadə etməyən bu "inkişaf etmiş" avropalılar sabunu kəşf edərdilər?  

6. Müasir kimya

Cabir-ibn- Xəyyan - əlkimyagərliyi kimyaya çevirən adamdır. 9-cu əsrdə o günümüzdə kimyada istifadə olunan prosesləri meydana çıxarıb. Distillə, kristallaşma, ərimə, saflaşdırma, oksidləşmə, qaynama, filtrləşdirmə - bunların hamısını ilk dəfə o edib.Xəyyam kükürd və azot turşularını kəşf edib. Və ətir və alkogol düzəldən aparataı düzəldib.

7. Krank-dirsəkvari val ( dəqiq necə təcümə edəcəyimi bilmədim) .

Müsəlman mühəndisi əl-Cəzari kəşf etmişdir. Mexanikanın gözəl kəşflərindən biridir. Hələ də müasır gurğuların tərkibini təşkil edir. Əvəllər suvarmada çox istifadə olunurmuş. Mexanikin yazı kitabından məlum olur ki, o klapan və ventil, həmçinin ilk mexanik saatı da işləyirmiş(hazırlayırmış). Əl-Cəzari robotexnikanın "atasıdır". Kodlu kildiləri də o kəşf edib.

8. Günbəzvari arkalar

Biz bunu həmişə avropasayağı qotik tikililərdə görmüşük,düzdürmü? Amma bu fikir müsəlmanlardan gəlib. Bu növ arka romalılar və normanların yarımdariəvi arkalarından daha dayanıqlıdır  və daha hündür tikili tikmək imkanı yaradır. Həmçinin avropalılar yivli türbələri və yumru "rozetka" pəncərələri də müsəlmanlardan götürüblər. Həmçinin Avropa galalarının tikilişində müəlmandakılardakılarla eyni olan hücum dəlikləri, bədheybət heykəlləri, barbakanları və kvadratşəkilli qüllələri formasından istifadə etmişlər. Beləki, 5-ci Henrixin gəsrinin memarı müsəlman olub.

9. Cərrah alətləri

Müasir cərrahiyə alətləri, neştər, cərrah maşası, tibbi mişarlar, nazik qayçılar da daxil olmaqla müsəlman cərrah əl-Zəhravi necə düzəltmişdirsə,elə elə də qalıblar. Məhz o daxili tikişlər üçün istifadə olunan kirişin(ketqut) öz-özünə sovrulduğunu və tibbi kapsulların düzəldilməsində istifadə oluna biləcəyini kəşf etmişdir. 13-cü əsrdə - Vilyam Harveydən 3 əsr qabaq müsəlman həkim İbn Nafis gan dövranını təsvir etmişdir. Müsəlman həkimlər anestetikləri və gözdən kataraktanın çıxarılması üçün iynəni kəşf etmişlər.

10. Yel dəyirmanı

634-cü ildə ərəblər kəşf ediblər və su təminatı və buğda üyüdülməsi üçün istifadə ediblər. Ərəbistan səhralarında yeganə enerji mənbəyi yel idi . Bu yel aylarla eyni istiqamətdə ötürdü və dəyirmanlar necə lazımdır işləyirdi  . Dəyirmanların parça və ya palma yarpaglarilə örtülmüş 6 və ya 12 qanadı var idi. Avropada isə bundan 500 il sonra yel dəyirmanları meydana gəlməyə başladı.
11. Peyvənd

İlk peyvəndi Cenner və ya Paster düşünməmişlər,müsəlmanlar düşünmüşlər. Avropaya peyvənd 1724-cü ildə Türkiyədən gəlib. Bu İngiltərə səfirinin xanımının təşəbbüsü ilə  baş verib. Avropalılardan 50 il əvvəl türklər uşaqlara çiçək xəstəliyinə qarşı peyvənd vurardılar.

12. Qələm

İlk qələmi 953cü ildə sultan üçün düzəldiblər. Çünki sultan yazı yazanda üstünün və əllərinin kirlənməməsini isəyirdi. O zaman da bizim indi işlətdiyimiz qələmin ucuna bənzər qələm düzəltmişlər.

13. Nömrələmə sistemi

Məlumdur ki, bu günki nömrələmə hindlərdən qalıb. Amma rəqəmlər ərəb qəgəmləridir. Və ilk dəfə 825-ci ildə müsəlman alimləri əl-Xarəzm və əl-Kindi tərəfindən çap olunub (yazılıb) . Əl-Xarzmin “Al-Jabr wa-al-Muqabilah” kitabı ndakıprinsiplər bü gün də işlənir. Müsəlman riyaziyyatçılarının işləri, o cümlədən algoritm, trigonometriyanın bəzi nəzəriyyələri Avropaya 300 il sonra gedib çatıb. Əl-Kindinin analiz sahəsindəki  açılışları bu günki kriptografiyanın yaranmasına zəmin yaratmışdır.
14. 3 yeməkdən ibarət nahar

Əvvəlcə duru yemək,sonra ət və ya balıq və sonra da meyvə və ya çərəz yemək adətinin ilk dəfə 9-cu əsrdə İrqadan Kordovaya Əli ibn Nafi gətirmişdir. O həmçinin istifadəyə xrustal stəkanları da gətirmişdir ( Abbas ibn Firnas icad etmişdir).

15. Xalça

Orta əsrlərdə müsəlmanlarda xalça cənnətin bir hissəsi hesab olunurdu. Avropada isə yerə adi kilim sərirdilər. Bunun da altı pis təmizliyə görə zir-zibillər dolu olaurdu. Təəccüblü deyil ki, ərəb və vars xalçaları bu cür çox geniş yayılıblar.

16. Çek 

Müsəlmanlar olmasayadı, bü günki çek olmayacaqdı. Çek sözü ərəbcədən "saqq" sözündən götürülüb . Mənası xidmət qarşılığında ödəniş deməkdir. Çek ona görə icad olunub ki, satış üçün malları uzağa aparmaq daha təhlükəsiz olsun. Artıq 9-cu əsrdə müsəlman tacirləri Çində Bağdad banklarında yazılmış çekləri nağdlaşdıra bilirdilər.
17. Yer-kürə

9-cu əsrdə bir çoc müsəlman alimləri dünyanın "şar" formasında olduğunu düşünürdülər. İbn Hazm adlı astronom bildirmişdir ki, "günəşin həmişə yerin müəyyən bir nöütəsində şaquli durması" buna sübutdur. Bu, Qalileyin bunu öyrənməsindən 500 il əvvəl idi. Müsəlmanlar elə dəqiq hesablamalar aparmışdılar ki, onlar ekvatorun uzunluğunun ölçülməsində 200 km-dan az xəta etmişdilər.Onlar ekvatorun uzunluğunu 40253,4 km olaraq bildirmişdilər.

18. Bağlar

Orta əsrlərdə Avropada bostanlar var idi,amma məhz müsəlmanlar dincəlmək və meditasiya üçün bağlar salmışlar. İlkolaraq belə bağlar 11-ci əsrdə "müsəlman İspaniyasında" meydana gəlmişdir. Lalə və qərənfilin vətəni də müsəlman ölkələridir.
 Tara

среда, 3 сентября 2014 г.

"Çanaqqala"da üç min azərbaycanlı şəhid olub

"Çanaqqala"da üç min azərbaycanlı şəhid olub?
Çanaqqala döyüşündə nə qədər azərbaycanlı döyüşüb?araşdırmaya ehtiyac var
“Oğlanlarım,17 ildir sizin uzaqdan baxdığınız Çanaqqalda yaşayan və işləyən mənəm.Hardan çıxartmısınız bu 3 min rəqəmini? Bu, ağ yalandır. Məgər, o zaman Azərbaycanın dövləti, nizami ordusu vardı ki, gəlib Çanaqqalada vuruşsun və şəhid olsun?! Biz həm Çanaqqalanın özündə, həm də Türkiyənin dövlət arxivlərində araşdırmalar aparmışıq, üç min yox, heç 30 şəhidin adına rast gəlməmişik. Şüarla, bəh-bəhlə iş aşmır.Yazdığınız yazılar real gerçəkliyə söykənməlidir.Yoxsa gerisi xəyaldan başqa bir şey deyil”.
Bu sözləri uzun müddətdir Türkiyədə yaşayan şaid Məmməd İsmayıl deyib.
Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilovun Türkiyə mətbuatına verdiyi müsahibəsində Çanaqqala döyüşlərində 3 min azərbaycanlının döyüşməsi ilə bağlı dediyi fikirlərə etiraz edib.
Bəs bu barədə azərbaycanlı tarixçilər nə deyir? Çanaqqala döyüşündə nə qədər Azərbaycanlı döyüşüb? Dəqiq rəqəm necədir?
Psixoportetologiya və Siyasi Analiz Mərkəzinin sədri, Avrasiya İnstitutunun Ekspertlər şurasına üzvü Adıgözəl Məmmədov Məmməd İsmayıl müəllimin bu cür açıqlama verməsi anlaşılan olmadığını dedi:
“Azərbaycandan Osmanlı sultanının çağırışına cavab verərək azərbaycanlı oğulların Türkiyəyə getməsi bir gerçəklikdir. Onların bu çağırış cavab verməmələri mümkün deyildi. Çünki həmin dövrdə osmanlı sultanı təkcə Türkiyənin yox, Məkkə, Mədninən xəlifəsi sayılırdı. Onun bütün müsəlmanlara mürciət edərək cihada dəvət etmək imkanı var idi. Çanaqqala döyüşü də müsəlman cəmiyyətinə çağırışın bir təzahürü idi. Ümumiyyətlə, Osmanlı dövründə millət amili əsas deyildi. Əsas birlik dini mənsubiyyətə görə idi”.
M.İsmayıl müəllimlə o mənada razılaşmaq olar ki, azərbaycanlıların türkiyəyə getməsi millət yox, din amili ilə əlaqədar idi. Çünki Hindistan müsəlmanları belə bu savaşda iştirak ediblər.
“Çanaqqala savaşının qəbristanlığında yatan azərbaycanlılar onların iştirakının sübutudur. Orada yatan şəhidlərin başdaşında onların Azərbaycandan olması yazılıb. Bunu necə inkar etmək olar?”.
Bakı Dövlət Universitetinin müəllimi, tarixçi Boran Əziz bu məsələnin mübahisəli olduğunu dedi:
“İstər Azərbaycan, istərsə də türkiyə tarixçiləri arasında bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Türkiyə tarixçilərinin 1500 rəqəminin daha real sayırlar. Azərbaycanda isə 1500, bəzən 2500 yazırlar. Hətta bu rəqəmin 3000 olduğunu yazanlar da mövcuddur. Düzdür, 3000 çox real görünmür, çünki bu dəqiq araşdırma nəticəsi deyil”.
B.Əziz onu da bildirdi ki, bu rəqəmlərin dəqiqləşdirilməsi üçün araşdırma aparılmalıdır. Amma yüz minlərlə insanın arasından azərbaycanlıların adını tapmaq asan deyil. Bundan başqa, həmin mənbələrdə azərbaycanlılar əcəm kimi təqdim edilib:
“Azərbaycanlıların Çanaqqala savaşında iştirak etməsi faktdır və bu faktı Türkiyə tarixçiləri də təsdiqləyir. Azərbaycanlı tədqiqatçılar da daha çox Türkiyə mənbələrinə əsaslandırırlar. Bildiyim qədəri ilə, müstəqil şəkildə bu məsələ ilə bağlı xüsusi araşdırma aparılmayıb. Bu rəqəmin daha az olması da mümkündür, amma yüzlərlə azərbaycanlının iştirakını heç kim dana bilməz. Çünki bu barədə tarixçilərin araşdırması var”.
B.Əziz onu da bildirdi ki, hazırda bir çox gənc tədqiqatçının əsərində Çanaqqala məsələsinə yer ayrılıb:
“Vasif Qafarov 1917-22-ci illərdə Osmanlı tarixini araşdırıb, həmin araşdırmada Çanaqqala məsələsi əks olunub. Ələmdar Şahverdiyev 1918-ci illə Trabzon-Batum Konfranslarında azərbaycan məsələsi tədqiqatında bu məsələyə toxunub. Amma xüsusi olaraq ilkin mənbəni araşdırmayıblar, çünki onların təqdiqatının əsas mövzusu fərqlidir. Amma bu sahədə dəqiq rəqəm üçün azərbaycanlı tarixçilərin Türkiyə arxivlərində qorunan bu məlumatı araşdırması lazımdır”.
Gülxar
MF

Türk ordusunun azərbaycanlı generalları

Türk ordusunun azərbaycanlı generalları
Yunan ordu generalının üzr istədiyi azərbaycanlı zabit…
Keçmiş Sovetlər dövründə Azərbaycan xalqının heç bir sərkərdə yetişdirmək qabiliyyətinə malik olmadığı dəfələrlə müzakirə edilsə də, xalqın ziyalı və hərbiçi baxımdan kasad olduğu deyilsə də, reallıq tam başqa idi. Həqiqət bundan ibarət idi ki, Azərbaycan türklərinin hərbi məktəblərə yaxın buraxılmadığı təkcə çar Rusiyası dövründə orduda 21 azərbaycanlı general var idi. Azərbaycan türkləri təkcə rus ordusunda deyil, həm də Osmanlı Türkiyəsində də xidmət edirdilər. Söhbət general-polkovnik və ordu generalı, Türkiyə ordusunda xidmət etmiş, Qurtuluş Savaşının iştirakçısı, peşəkar hərbçi və diplomat, Osmanlı İmperiyası və Türkiyə Silahlı Qüvvələrinin zabiti, general-polkovnik Mehmet Nuri Bərközdən və onun kiçik qardaşı, ordu generalı Mahmud Bərközdən gedir. General qardaşların həqiqi soyadı Sarıkərimlidir. Bəzi mənbələrdə bu soyad Sarıkərimoğulları kimi də göstərilir. Türkiyənin hərbi, siyasi, diplomatik və elmi-ədəbi dairələrində daha yaxşı tanınan böyük qardaş Məhəmməd Nuru Hacı İlyas oğlu Sarıkərimli 1889-cu ildə Şəkidə doğulub. İlk təhsilini yerli “Rus-müsəlman” məktəbində və gimnaziyada alıb.
1905-ci ildə Azərbaycanın şəhər və kəndlərini çaxnaşmaya salan erməni hücumları, daşnakların törətdikləri qanlı cinayətlər ticarətlə məşğul olan Şəki sakini Hacı İlyası ailəsinin gələcəyi haqqında ciddi düşünməyə vadar edir. Beləliklə, çıxış yolunu Osmanlı imperatorluğuna köçməkdə görür.
Ailə Bursa şəhərində yerləşdikdən az sonra başçısını itirir. Ordunun verdiyi nisbətən təminatlı həyat Osmanlı məmləkətində heç bir dayağı və tanışlıq əlaqələri olmayan Məhəmmədlə kiçik qardaşı Mahmudun təhsil almaq üçün Bursa əsgəri Rüşdiyyəsini (hərbi məktəb) seçmələrinə gətirib çıxarır. Qardaşlar daha sonra təhsillərini Bursadakı İşıqlar hərbi litseyində davam etdirirlər. 1909-cu ildə İstanbuldakı Hərbi Akademiyaya daxil olan Məhəmməd Sarıkərimli üç il sonra bu ali hərbi məktəbi uğurla bitirərək Osmanlı ordusunun mülazimi-leytenant rütbəsini alır. İşıqlar hərbi litseyində və Hərbi Akademiyada xüsusi biliklərlə yanaşı, fransız dilinə və ədəbiyyatına da dərindən yiyələnir.
Azərbaycanlı zabitin gəncliyi Osmanlı imperatorluğunun süquta uğradığı, yeni Türkiyənin isə tarix səhnəsinə gəldiyi çətin və mürəkkəb dönəmə təsadüf edir. Osmanlı İmperatorluğu Birinci Dünya müharibəsinə qoşulanda gənc zabit Şərq cəbhəsinə – ölkənin Çar Rusiyası ilə sərhədlərini qoruyan İkinci Qafqaz Ordusuna göndərilir. Lakin Baş Qərargah rus və fransız dillərini mükəmməl bilməsini nəzərə alaraq Məhəmməd Sarıkərimlinin qabiliyyət və bacarığından başqa sahədə yararlanmağı məqsədəuyğun sayır. 1915-ci ildə o, xüsusi tapşırıqla Rusiyanın, Türkiyənin və Böyük Britaniyanın maraqlarının kəsişdiyi İrana – Cənubi Azərbaycana göndərilir. 1916-cı ildə isə Osmanlı hərbi missiyasının tərkibində Danimarka və İsveçə ezam edilir. Skandinaviya ölkələrində qaldığı bir ilə yaxın müddət ərzində gənc zabit İsveç dilini də öyrənməyə müvəffəq olur. Rusiyada fevral inqilabı qələbə çaldıqdan sonra gənc zabit Məhəmməd Sarıkərimli Peterburq və Moskvadakı müvəqqəti Türk hərbi missiyasının tərkibində çalışır. Onun əsas vəzifəsi Birinci Dünya müraribəsi dövründə rus ordusunun əsir aldığı türk əsgər və zabitlərinin yerinin müəyyənləşdirilməsi, rus hərbi əsirləri ilə dəyişdirilmələri və vətənə qayıdışlarının təşkili idi.
Artıq Osmanlı ordusunun yüzbaşısı-kapitan rütbəsində Sovet Rusiyasından vətənə qayıdan Məhəmməd Sarıkərimli 1919-cu ildə Baş Qərargah Akademiyasına qəbul edilir. Özündən altı yaş kiçik qardaşı Mahmud isə həmin dövrdə Hərbi Akademiyanın müdavimi idi. Parçalanma və işğal təhlükəsi ilə üzləşən Osmanlı Türkiyəsi özünün 700 illik tarixinin ən çətin dövrünü yaşayırdı. Gözlər orduya zillənmişdi. Odur ki, Mustafa Kamal Paşanın rəhbərliyi ilə İstiqlal Hərbi-Qurtuluş Savaşı başlananda hər iki qardaş təhsilini yarımçıq qoyub Anadoluya yollandı və türk torpaqlarının əsarətdən qurtarması uğrunda mübarizə aparan istiqlal mücahidlərinin sıralarına qoşulur.
İzmir uğrundakı savaşda Məhəmməd Sarıkərimli Uşak şəhərinin hərbi komendantı idi. Döyüşlərdə əsir alınmış yunan zabitləri bu şəhərdəki müvəqqəti düşərgədə saxlanırdı. Yunan ordusunun baş qərargah rəisinin müavini general Tiropis də onların arasında idi. Günlərin birində əsir zabitlərin Ankaraya piyada aparılacaqlarını öyrənən Tiropis düşərgə komendantına məktub göndərərək bu qərara etirazını bildirmiş, yunan müharibə əsirlərinə əlavə ərzaq, ayaqqabı və paltar verilməsini, onların nəqliyyatla təmin olunmasını tələb etmişdi. Vəfatından bir qədər əvvəl jurnalist İsmayıl Yağçı ilə söhbətində general Məhəmməd Sarıkərimli bu hadisənin ardını belə anlatmışdı: “Tiropisi çağırtdırdım və “Mən sizi yandırmadığınız, salamat qalmış binalarda saxlayıram. Altınızdakı yataqlar sakinlərini öldürdüyünüz evlərdən götürülüb. Bir neçə gün bundan əvvəl evlərini yandırdığınızı görən insanlar indi sizinlə necə rəftar etməlidirlər? Ankaraya gedən dəmiryolları siz dağıtdınız. Yol yoxdur. Səkkiz yaşında uşaqlarımız belə kilometrlərlə məsafəyə bellərində mərmi daşıyırlar. Məmləkətimiz qan ağlayarkən sizə göstərdiyimiz bu iltifatı dünyanın hansı millətindən görə bilərsiniz? Keçdiyiniz yollarda salamat nə qoymusunuz ki, indi bizdən nə istəyəsiniz? Bir il bundan əvvəl zabitləriniz Uşakdan Sakarayaya qədər yürüyərək gəlmişdilər. Buralara sizi bizmi çağırdıq? Nə üzlə bizdən mərhəmət istəyirsiniz? O zaman necə gəlmişdinizsə, indi də elə gedəcəksiniz!” – dedim? Bu, həqiqətin gözünə dik baxan cəsur bir türk vətənpərvərinin mövqeyi idi. Həmin mövqeyi işğalçı yunan ordusunun generalına Azərbaycan əsilli gənc zabit çatdırmışdı. Cavab verməyə söz tapmayan general Tiropis üzr istəmiş, hər şeyi yaxşı başa düşdüyünü söyləmiş, məktubu isə zabit həmkarlarının təhriki ilə yazdığını etiraf etmişdi.
Qurtuluş Savaşı zəfərlə başa çatdıqdan sonra Məhəmməd Sarıkərimli təhsilini tamamlamaq üçün Baş Qərargah Akademiyasına qayıtmış və buranı 1925-ci ildə minbaşı-mayor rütbəsi ilə başa vurmuşdu. 1930-cu ildə o, yarbay (polkovnik-leytenant) rütbəsi almışdı. Türkiyədə 1934-cü ildə yeni soyad qanunu qəbul ediləndən sonra Sarıkərimli qardaşları özlərinə Bərköz (“Sərt”, “Möhkəm” mənasında) soyadını götürmüşdülər və müasir türk hərb tarixinə müvafiq olaraq Mehmet Nuri Bərköz və Mahmud Bərköz kimi daxil oldular.
1933-cü ildə Türkiyə Cümhuriyyətinin 10 illiyi qeyd olunanda Stalinin göstərişi ilə Sovet İttifaqı marşalları K.Voroşilov və S.Budyonnı Ankaradakı təntənəli mərasimlərdə iştirak etmişdilər. Atatürk Türkiyədə qaldıqları müddətdə sovet nümayəndə heyəti ilə işləməyi polkovnik Mehmet Nuri Bərközə həvalə etmişdi. Türkiyə Cümhurbaşqanı ilə sovet marşallarının bütün rəsmi və qeyri-rəsmi söhbətlərinin tərçüməçisi də Bərköz olmuşdu. Onun hərbi-siyasi fəaliyyətinin sonrakı illərində də Sovet İttifaqı ilə əlaqələr mühüm yer tutmuşdu. Özünün yazdığına görə, həmin dövrdə Sovet ordusunun bir sıra yüksək rütbəli zabitləri ilə sıx əlaqələr və dostluq münasibətləri qura bilmişdi. Mehmet Nuri Bərköz 1939-cu ildə general-mayor (tuğgeneral), 1941-ci ildə isə general-leytenant (tümgeneral) rütbəsi almışdı. İkinci Dünya müharibəsi dövründə o, dörd il ərzində Türkiyə üçün xüsusi əhəmiyyətə malik ərazidə – Sovet İttifaqı ilə sərhəddə yerləşdirilən diviziyalar qrupunun komandanı olmuşdu. Kiçik qardaşı Mahmud Bərköz isə hərbi xidmətə bir qədər gec başlasa da, mənsəb pillələrini daha sürətlə keçmiş və türk Silahlı Qüvvələrində orgeneral – ordu generallığına qədər yüksəlmişdi. Hazırda Türkiyə ordusunun Ərzincan ərazisindəki təlim mərkəzlərindən birinin azərbaycanlı general Mahmud Bərközün adını daşıması onun türk milləti və dövləti qarşısındakı xidmətlərinin unudulmadığını göstərir.
1946-cı ildə Mehmet Bərközə general-polkovnik (korgeneral) rütbəsi verilir. 1949-cu ilin martında Azərbaycan əsilli hərbçi daha məsul vəzifəyə irəli çəkilir. Mehmet Nuri Bərköz Türkiyə Jandarmeriyasının baş komandanı olur. Lakin növbəti il Türkiyənin siyasi Olimpində baş verən dəyişiklik Bərköz qardaşlarının hər ikisinin uğurlu karyerasının yarıda qırılmasına səbəb olmuşdu.
1950-ci ilin iyununda Türkiyədə mülki şəxslər orduya qarşı çevriliş planını həyata keçirdilər. Bir günün içərisində Türkiyə Silahlı Qüvvələrinin 15 generalı və 150-dən çox polkovniki istefaya göndərildi. Onların arasında general-polkovnik Mehmet Nuri Bərköz və onun qardaşı, general Mahmut Bərköz də var idi. Doğrudur, 1950-ci il iyunun 6-da Üçüncü Ordu komandanlığından uzaqlaşdırılan kiçik qardaş – Mahmud Bərköz daha məsul vəzifəyə irəli çəkilmiş, bir həftə sonra, iyunun 13-də Milli Güvənlik Konseyinin – Milli Təhlükəsizlik Şurasının baş katibi təyin edilmişdi. Lakin növbəti ilin sentyabrında o, ikinci dəfə və artıq həmişəlik istefaya göndərilmişdi. Sonradan, sakitcə vəzifələrindən uzaqlaşdırılan bu yüksək rütbəli hərbçilərə qarşı irəli sürülən ittihamların əsassızlığı ortaya çıxdı.
General-polkovnik Mehmet Nuri Berköz 1975-ci il yanvarın 18-də, 86 yaşında İstanbulda vəfat edir. Türkiyə mediası bu xəbəri “Qurtuluş Savaşı komutanlarından general Nuri Berköz öldü!” manşeti ilə vermişdilər. O, Türkiyə Cümhuriyyətinin ali hərbi mükafatı olan “İstiklal madalyası” və digər orden-medallarla təltif edilmişdi. İki qardaşı fərqləndirən başlıca cəhət Mahmud Bərközün sırf hərbçi olması, Mehmet Nuri Bərközün isə daha geniş və çoxçeşidli fəaliyyət sahəsi ilə tanınmasıdır. Mənbələrdə onun hərb taktikasına və tarixinə dair bir sıra kitabları rus dilindən türkcəyə çevirdiyi, eyni zamanda hərbi, siyasi və strateji məsələlərlə bağlı çoxsaylı məqalələrin müəllifi olduğu göstərilir.
Müasir Türkiyənin qurucusu Kamal Atatürk Mehmet Nuri Bərközü yaxşı tanıyırdı, dəfələrlə şəxsi etimadını nümayiş etdirmişdi. Onun Ankaraya gələn sovet heyətlərini müşayiət etməsi, Atatürkün qeyri-rəsmi rus dili tərcüməçisi olması, sonralar isə Moskvada Türkiyənin hərbi müşaviri vəzifəsini tutması Bərközün SSRİ ilə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıqda Qazinin inandığı simalardan biri olduğunu söyləməyə əsas verir. Maraqlıdır ki, çağdaş türk yazıçısı Turqut Özarmanın “Şu çılğın türklər” romanında İzmir uğrunda həlledici savaş ərəfəsində Qazi Mustafa Kamalın yaxın çevrəsində olan vətənpərvər gənc hərbçilər sırasında “Yüzbaşı Mehmet Nuri”nin də surəti yaradılmışdır.
Ülviyyə Tahirqızı
MF
BəyənməAzərbaycan tarixi səhifesinden Facebook