воскресенье, 24 апреля 2016 г.

Andranikin qulağını kəsən qəhrəman haqqında xatirələr

Andranikin qulağını kəsən qəhrəman haqqında xatirələr

24.10.2014 | 12:24
sultan beyAzərbaycan tarixinin hər bir səhifəsi qəhrəmanlıq salnamələri ilə zəngindir. Belə səhifələrdən birini də Zəngəzur qəzasının indiki Laçın mahalında Paşa bəyin ailəsində doğulan Sultan bəy yazmışdır. Çox təəssüflə qeyd etməliyəm ki, tarix kitablarımızda, ədəbiyyatlarımızda Sultan bəy haqqında ya heç məlumat yoxdur, ya da çox azdır. Sultan bəy haqqında yalnız yaşlı nəslin xatirələrindən, yaddaşlarından qalan bir sıra informasiyalarla və məlumatlarla kifayətlənmiş oluruq.Sultan bəy laçınlı olduğu üçün onun haqqında məlumatları öz yerlilərindən, yəni, laçınlılardan soruşaq.
huseynov bagirİlk söhbətimiz Laçın rayon Ağbulaq kənd sakini 1939-cu il təvəllüdlü Hüseynov Hüseyn Bağır oğlu ilə oldu. Onunla Sultan bəyin həyatı haqqında söhbət etdik. Ondan aldığımız məlumata görə, Sultan bəy Sultanov 1871 -ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında(indiki Laçın rayonunun Kürdhacı kəndində)öz dövrünün məşhur bəylərindən olan Paşa bəyin ailəsində doğulmuşdur. Paşa bəy özü də doğma torpaqlarının bütövlüyü uğrunda misilsiz xidmətlər göstərən bəylərdən olub. Sultan bəy ibtidai təhsilini bitirdikdən sonra təhsilini Gəncə gimnaziyasında davam etdirib. Ali təhsilini o dövrün ən məşhur təhsil ocağı olan Sankt-Peterburq Hərbi Akademiyasında almışdır. Ancaq bilinməyən səbəblərə görə təhsilini yarımçıq qoyub. Hüseyn bəyin söylədiyinə görə onun təhsilinin yarımçıq qalmasının bir neçə səbəbi var. Bəzi mənbələrdə qeyd olunub ki müəllimləri ilə arasında problem yaşanıb ona görə doğma elinə qayıdıb. Bəzi versiyalarda isə deyilir ki, təhsilini yarımçıq qoyub vətənə qayıtmasını atası xahiş etmişdir.
hesenov ceferquluSultan bəyin həyatı ilə bağlı ikinci söhbətimiz Laçın rayon Kamallı kənd sakini 1936-cü il təvəllüdlüHəsənov Cəfərqulu Ağalar oğlu ilə baş tutdu. Cəfərqulu müəllim ixtisasca tarixçidir. Buna görə də Sultan bəy haqqında çoxlarının bilmədiyi məlumatları bizimlə paylaşdı. Cəfərqulu müəllimin dediyinə görə, Sultan bəyin qardaşı İskəndər bəylə Laçın rayonu Qarakeşli kəndində yerli orqanlarla arasında anlaşılmazlıq yaranır. Pristav İskəndər bəyi nəzarətə saldırır. Sultan bəy tək-tənha, heç kimə xəbər vermədən atı minib, Qarakeşli kəndinə gəlir. Pristav onu görəndə həyəcanlanır və səhv etdiyini düşünür. Hər kəs Sultan bəyin qardaşını azad edəcəyini gözləyərkən, Sultan bəy tamamilə başqa addım atır. O, pristava deyirki, “qanun hamı üçün qanundur. Əgər qardaşım səhv edibsə cəzasını çəkməlidir. Mən bura ona görə gəlmişəm ki, el-obam deməsin Sultan bəy qardaşının yanına gəlmədi”. Bu sözləri eşidən pristav Sultan bəyin qardaşını azad edir. Cəfərqulu müəllimin dediklərini eşidəndə görürük ki, Sultan bəy öz nüfuzundan sui-istifadə etməyib. Özünü xalqın siravi bir vətəndaşı kimi görüb. Bundan əlavə Cəfərqulu müəllim Sultan bəy haqqında heç kimin bilmədiyi bir nüansı da nəzərimizə çatdırdı. O, söylədi ki, Sultan bəy təhsilini yarımçıq qoyub vətənə qayıtdıqdan sonra maldarlıqla məşğul olub. Yağ, pendir zavodu tikdirib və bu zavod vasitəsilə onlarla adam iş yeri ilə təmin olunub. Bildiyimiz kimi, Laçın rayonu dağlıq ərazi olduğundan bir sıra aran rayonları Laçın dağlarını yaylaq kimi istifadə etmişlər. Sultan bəy həmin yaylaqlardan südün, qatığın necə çətinliklə aşağı-kəndlərə gətirildiyini görüb ilk dəfə Fransadan gətirilmiş borularla yeraltı süd arxı çəkdirib.
hesenov asifÜçüncü həmsöhbətimiz Laçın rayon Malbəyli kənd sakini 1950-ci il təvəllüdlü Həsənov Asif Həsən oğlu ilə dialoqumuzda aydın oldu ki, Sultan bəy həm də meşəçiliklə də məşğul olub. O, taxta istehsal edib, xarici bazarlara satırdı.
Asif müəllim Sultan bəyin qəhrəmanlığı haqqında xeyli danışdı. O söylədi ki, Sultan bəyin qəhrəmanlığı əsasən 1905-ci ildən başlamış erməni- müsəlman hadisələri ilə bağlıdır. Həmin hadisələrdə Paşa bəy müsəlman dəstələrindən birinə başçılıq edib. Onun ən yaxın köməkçisi oğlu Sultan bəy olmuşdur. Bu işdə onlara Sultan bəyin qardaşı Şuşanın general qubernatoru, eləcə də birinci hərbi nazir olmuş Xosrov bəy yaxından kömək edib.
Asif müəllimin təbirincə desək, Sultan bəyin Azərbaycan tarixi səhifələrində bu gün də yaşamasının ən əsas səbəbi 1918-ci ildə baş vermiş bu hadisə olub: “1918-ci ildə erməni quldur dəstələrinin rəhbəri Andranik Ozanyan Dağlıq Qarabağa keçmək üçün Xosrov bəyə icazə məktubu göndərir. Xosrov bəy qardaşı Sultan bəylə müzakirə aparır. Sultan bəy qardaşına “icazə verməlisən” deyir. Xosrov bəy qardaşının tapşırığını yerinə yetirib, Ozanyana keçmək üçün “icazə verir”. Hadisə Zabux dərəsi adlanan yerdə baş verir. Asif müəllimin də qeyd etdiyi kimi, bəzi mənbələrdə Ozanyan 30, bəzi mənbələrdə isə 9 minlik ordu ilə Zabux dərəsinə gəlir və burada Sultan bəyin qoşunu tərəfindən mühasirəyə alınır.

Həmsöhbətimizin söylədiyinə görə, Sultan bəy düşmən ordusuna divan tutur. Andranik Ozanyanın isə qulağını kəsir və beləliklə də Andranik Ozanyan adlı böyük bir quldur dəstənin rəhbəri tarixin yaddaşından tamamilə silinir. Asif müəllim onu da qeyd etdi ki, onun eşitdiklərinə əsasən həmin müharibədən erməni tərəfdən yalnız 3 nəfər canını qurtara bilib. Sultan bəyin belə möhtəşəm qələbə qazanmasının bir səbəbi də onun mükəmməl hərbi təhsil almasıdır. Həmsöhbətimizin söylədiyinə görə, həmin dərədə tökülən qan 40 gün müddətində qurumamış, yaxınlıqdan axan çaya tökülmüşdır. Məhz buna görə də Zabux dərəsi həmin vaxtdan sonra “Qanlı dərə” adlanıb. Sultan bəyin qorxusundan Zəngəzur qəzasında uzun müddət bir erməniyə də rast gəlinməyib.
pasayev nesibSultan bəyin sonrakı qəhrəmanlığı haqqında dördüncü həmsöhbətimiz Laçın rayon Şellanlı kənd sakini 1959-cu il təvəllüdlü Paşayev Nəsib Abdulla oğlu danışdı. Nəsib müəllim Sultan bəyin 1919-cu ildə qardaşı Xosrov bəyin köməyinə necə getdiyindən söhbət açdı. Beləki Xosrov bəy Qaybalıda olarkən ermənilər oraya hücum edir. Xosrov bəy qardaşı Sultan bəyə kömək üçün xəbər göndərir. Sultan bəy tezliklə qardaşının köməyinə yetişir. Bütün quldurları öldürür 87 nəfərə toxunmur. O 87 nəfər ki, onların hamısı qocalar, qadınlar, uşaqlar idilər. Bununla Sultan bəy bildirdiki “ mən günahsızlara toxunmuram. Mənim hədəfim yalnız quldurlardır”.
1920-ci ildə Azərbaycanda Sovet imperiyası bərqərar olunanda bütün bəylər kimi, Paşa bəyin ailəsi də təqib olundu. Bu zaman Sultan bəylə qardaşı İskəndər bəy İrana mühacirət edir. Çox təəssüf ki, İranda İskəndər bəyi erməni quldurları öldürürlər. Artıq burada qala bilməyəcəyini yəqin edən Sultan bəy Osmanlıya mühacirət edir. Osmanlı imperiyasında M.K.Atatürk onu böyük təntənə ilə qarşılayıb, mülk və malikanə verərək, Köçqoy kəndində yerləşdirir. Sultan bəy ömrünün axırınadək orada yaşayır. O,1955-ci ildə Türkiyənin Köçqoy kəndində vəfat edir. Onun vəfat tarixi ilə bir sıra mənbələrdə müxtəlif fikirlər var. Belə ki, bəzi mənbələrdə o vəfat edərkən 79 yaşı, bəzi mənbələrdə isə 84 yaşı olduğu söylənilir. Həmsöhbətlərimizlə dialoqlarımızdan belə nəticəyə gəldimki, Sultan bəy vəfat edərkən 84 yaşı var idi.
Bu gün Azərbaycan vətəndaşının qarşısında duran ən əsas məqsədlərdən biri bəlkə də birincisi vətənpərvərlik hissləri ilə silahlandırılmış gənclər tərbiyə edib, yetişdirməkdir. Məncə həm Xosrov bəy Sultanov, həm də Sultan bəy Sultanov bu məqsəd üçün əsl nümunə hesab oluna bilər. Vaxtı ilə Zəngəzur mahalında xalq arasında “Paşa bəy ədaləti ilə, Sultan bəy cəsarəti ilə daim yaşayır və yaşayacaqdır” kəlamı bu gün də işlənir və Sultanovlar nəslinin adı ilə bağlıdır.
Gülxar Həsənova
“KarabakhİNFO.com”

Комментариев нет:

Отправить комментарий