пятница, 20 февраля 2015 г.

Feteli xan Xoyski

7 dekabr 1918-ci il parlamentin açılışında hökumətin fəaliyyəti haqqında hesabat verən Fətəli xan Xoyski deputatlara müraciətlə demişdir: “...Bu altı ay müddətində ki hökumət idarə eyləmişdir, siz görürsünüz ki, çox şeylər təzə təşkil olubdur. Daxildə hərci-mərcdən başqa heç bir şey yox idi. Hətta polis də yox idi. Ona görə hamıdan artıq polis işlərinə diqqət etdik. İndi Allaha şükür olsun ki, Azərbaycanın hər yerində, lazımi qədər olmasa da xalqın malını, canını müdafiə edəcək təşkilatımız var. Bu xüsusda çox sözlər ola bilər. Fəqət vaxta baxıb tərəziyə qoyulmalıdır ki, bu işləri hansı hökumət və nə vaxt etmişdir? Tarixi, sabiqəsi, əsgər və xəzinəsi olan hökumətmi, yoxsa iki gündə təşkil olunmuş pulsuz və əsgərsiz hökumətmi? Əgər burasını nəzərə alsanız görərsiniz ki, nə qədər zəhmət lazım idi. Dəmir yolları işləmirdi, dağılmışdı, vaqon, filan yox idi. Məmləkətin dolanacağı buna bağlı idi. Ona binaən hökumət buna vaxt verdi. Doğrudur, indi də mümkün və lazım olan bir çox şey yoxdur. Lakin nə qədər olsa, Allaha şükür, yaz, qış dəmir yolları düzəlib idarə olunur. Teleqraf yox idi, bir kağız göndərmək mümkün deyil idi. İndi qüvvəmiz çatan qədər işləyib təmamilə olmasa da çox yerdə poçt, teleqraf açılmışdır. İstənilən yerlərə teleqram, məktub göndərmək olar. Vacib məsələlərdən birisi də maliyyat məsələsi idi ki, onsuz işləmək mümkün deyil idi. Hökumət bir zamanda təşkil olundu ki, Batum nümayəndələrinə pul göndərmək lazım olduğu halda on min manat tapılmayıb Tiflisdən borc axtarılırdı... Əlbəttə ki, bu işlər az idi və öhdəmizə düşən vəzifənin bir zərrəsidir. Yalnız böyük zəlalət bu idi ki, hökumətimiz hədər olan kimi idi. Zira hürriyyət, ədalət və üxüvvət bayrağı daşıyan firqələr Bakını əlimizdən almış idi, bizi paytaxtsız buraxmış idi. Azərbaycanın köksü, paytaxtının sahibi olan müsəlman milləti qətli-am edilmiş idilər. Başbilənlər Dağıstan, İran və Turana dağılmışlar idi. Şəhərdə bir kişi yox idi ki, bunları bir yerə toplasın, bir iş görsün, böylə olan surətdə bu məsələdən başqasına artıq əhəmiyyət vermək olurmu idi?..
Hər nəzarətdən[17] ayrı-ayrı bəhs edə bilməyəcəm. Ancaq bunu deməliyəm ki, o vaxt nə məktəb var idi, nə ədliyyə idarələri var idi. Hökumət buna da diqqət etməli idi. Çünki ədliyyə idarəsi olmayınca məmləkəti polis qüvvəsi ilə idarə etmək olmaz. Bu ikisi birdir ki, əvvəl baş milliləşməli idi. Şimdi məktəblər milliləşdilər. İbtidai məktəblər və bəzi siniflər milliləşmişlər, bir çox yeni məktəblər açılmışdır. Bundan əlavə, hökumət əldən gələn qədər çalışaraq, yox olan ədliyyə idarələrini təmdid etdi. İndi Allaha şükürlər, hər yerdə olamaz isə də bir çox ədliyyə idarələrinə Türk dili bilən adamlar təyin edilmişlər. Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər, yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: “Millətin Hüququ, İstiqlalı, Hürriyəti”
Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyskinin nadir fotosu

Комментариев нет:

Отправить комментарий