вторник, 3 февраля 2015 г.

Bakıya qoşunun Amerikanın təkidilə yeridildiyi üzə çıxıb

Ermənistan-Azərbaycan münaqişəsi, habelə SSRİ rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı törədilən haqsızlıqlarla bağlı yeni fakt ortaya çıxıb.
Bu fakt Dağlıq Qarabağın işğalının və Ermənistanın tərkibinə keçirilməsi cəhdlərinin arxasında həm də ABŞ-ın durduğunu təsdiq edir.
Məlum olub ki, 1990-cı il yanvarın 18-də ABŞ Konqresinin bir üzvü SSRİ rəhbəri Mixail Qorbaçova müraciət edib.
RealnieNovosti xəbər verir ki, APA-nın “Karabakhrecords.info” saytına istinadən verdiyi məlumata görə, amerikalı senatorların müraciətində son 6 gün ərzində azərbaycanlılardan ibarət qruplar tərəfindən Azərbaycanda erməni əhalinin qətlə yetirilməsi, Bakının erməni əhalisinin əmlakının qarət edilməsindən ciddi narahatlıq ifadə olunur. Bildirilir ki, öldürülən 60 nəfər və yaralanan 156 nəfərin əksəriyyəti ermənidir. Habelə son hadisələr nəticəsində 4000-dək erməni qaçqın vəziyyətinə düşüb.

Müraciətdə deyilir ki, Azərbaycana göndərilən sovet zabitləri vəziyyəti vətəndaş müharibəsi kimi təsvir ediblər.

“Biz erməni azlıqların qətlinin, o cümlədən bu regionda digər zorakılıq hallarının qarşısının alınması üçün Sizdən bütün zəruri tədbirlərin görülməsini xahiş edirik. Vətəndaş sülhünün bərpa olunması ilə yanaşı, ümid edirik ki, öz vətəninə getmək istəyi olan ermənilərin bu regiondan təhlükəsiz köçməsini təmin etmək də sovet rəhbərliyinin məqsədi olacaq. Ümid edirik ki, Siz həmçinin bir çox amerikalı və digər əcnəbilərin işləməyə davam etdikləri zəlzələ zonasında Qarabağ və Ermənistanın iqtisadi blokadasını aradan qaldıracaqsınız. Azərbaycan əhalisinin dəhşətli dərəcədə hiddətlənməsi 160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini bir daha önə çəkir. 70 il ərzində Azərbaycan hökuməti yalnız region əhalisinin mədəni hüquqlarını məhdudlaşdırmağa, habelə region əhalisinin 60%-nı təşkil edən Dağlıq Qarabağ ermənilərinin iqtisadi diskriminasiyasına nail olub. Biz Sizdən təkidlə xahiş edirik ki, baş verən faciəni Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll edəsiniz”, - deyə müraciətdə qeyd olunur.

Maraqlıdır ki, müraciəti imzalayan senatorlar arasında ABŞ-ın indiki dövlət katibi Con Kerri də olub. Bundan başqa, müraciəti senatorlardan Pit Uilson, Pol Seymak, Lerri Breksler, Kleyborn Pell də imzalayıblar.

Yanvarın 19-da isə Moskvada ABŞ Senatının xarici işlər üzrə alt komissiyasının sədri, senator Kleyborn Pellin SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze ilə görüşü olub. Söhbət əsnasında K. Pell deyib ki, Sovet rəhbərliyi Azərbaycana erməni Qarabağı üzərində gələcək nəzarəti həyata keçirməyə imkan verməməlidir.

“Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də erməni talanlarından son dərəcə sarsılmışam. Sovet hökuməti erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet hökuməti həmçinin Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmalıdır. Dağlıq Qarabağ üzərində gələcək nəzarəti Azərbaycanın əlində saxlamasına icazə vermək vəziyyəti daha da gərginləşdirmək deməkdir”, - deyə K. Pell vurğulayıb.

Комментариев нет:

Отправить комментарий