воскресенье, 30 ноября 2014 г.

Qafqazda erməni tarixi necə yaradılıb....????

Qafqazda erməni tarixi necə yaradıldı?
Zati-alilərindən xahiş edirik ki, cənab İvan Fyodoroviç Paskeviçi barışıq vaxtı İran şəhər və kəndlərində yaşayan ermənilərin Rusiya himayəsi altında sərbəst geri qayıtmalarını nəzərdə tutan maddənin sazişə daxil edilməsinə razı salasınız”.

Erməni katolikosu Nerses Aştrakesi 1827-ci ilin noyabrında o vaxt Təbrizdə olan, yeni ələ keçirilmiş Azərbaycan xanlıqlarının ərazisinə İran ermənilərinin yerləşdirilməsinə rəhbərlik etmək üçün rus komandanlığının xüsusi olaraq Peterburqdan dəvət etdiyi çar ordusunun polkovniki Yeqizar Lazaryana (Lazarev) belə yazırdı. İran və Rusiya arasındakı ikinci müharibənin (1826-1828) taleyi artıq həll olunmuşdu və 10 fevral 1828-ci ildə Qacarlar səltənətinin varisi Abbas Mirzə və general İvan Paskeviçin öz möhürləri ilə təsdiqləyəcəkləri sülh müqaviləsinin mətni rus qoşunlarının ələ keçirdikləri Təbrizdə yazılırdı. Ermənilik səbrsizliklə həmin günü gözləyirdi.

Azərbaycanın bölünməsinə və Azərbaycanın şimal xanlıqlarının (İrəvan və Naxçıvan istisna olmaqla) Rusiyanın əlinə keçməsinə səbəb olan Rusiyanın İranla birinci müharibədə (1804-1813) qələbəsi və Gülüstan sülh müqaviləsi (12 oktyabr 1813) ermənilərin köçürülməsini xeyli irəli çəkdi. 1826-cı ildə ikinci Rusiya-İran müharibəsi başladı. Qacarlar dövləti Rusiyanın birinci müharibədə ələ keçirdiyi Azərbaycanın şimal torpaqlarını geri qaytarmağa hazırlaşırdılar. Müharibə tərəflərin bir-birini əvəzləyən uğuru ilə müşayiət olunurdu. Əvvəlcə Abbas Mirzənin (Fətəli şah Qacarın oğlu və varisi) qoşunları Hüseynqulu xan Bakuvinin, Uğurlu xanın (1804-cü ildə rusların qətlə yetirdikləri Cavad xan Gəncəlinin oğlu) və Mustafa xan Şamaxılının yardımı ilə Qarabağı (Şuşa istisna olmaqla) və Şirvanı öz nəzarəti altına aldılar. Ruslar Qubadan və Şəkidən sıxışdırılıb çıxarıldılar və Lənkəranı tərk etdilər. Lakin Şəmkir ətrafında gürcülərlə birləşən ruslara məğlub olan İran qoşunları geri çəkilməli oldular.

Tezliklə Gəncə yaxınlığında Abbas Mirzənin qoşunları darmadağın edildi. 1827-ci ilin sentyabrında general İ.Paskeviçin qoşunları Naxçıvanı ələ keçirdilər və İrəvanı mühasirəyə aldılar. İrəvanın azsaylı erməniləri burada da öz mahiyyətlərini bir daha nümayiş etdirdilər. İrəvan qalası çox möhkəm idi və hələ uzun müddət layiqli müqavimət göstərə bilərdi. Lakin ermənilər şəhərin şimal qapılarını açdılar və ruslar şəhərə soxuldular. 1827-ci ilin oktyabrında Paskeviçin qoşunları Cənubi Azərbaycana doğru yürüş edərək Mərənd və Xoyu götürdülər, Təbriz qarət olundu.

Müharibənin yekunu Təbrizdən 50 km məsafədəki Türkmənçay kəndində imzalanan, İrəvan və Naxçıvan xanlıqlarının Rusiyanın tərkibinə keçdiyini təsdiqləyən müqavilə oldu. İran çox böyük təzminat ödəməli oldu (o vaxtkı pulla 20 milyon rubl). İstisnasız olaraq yalnız Rusiyanın Xəzərdə donanma saxlamaq hüququ təsdiq edildi. Müqavilənin imzalanması Araz çayı ilə ikiyə bölünən Azərbaycan xalqının faciəsinin başlanğıcı oldu.

Türkmənçay müqaviləsinin XV maddəsində erməni katolikosunun yuxarıda qeyd edilən xahişi öz əksini tapdı: “Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırki müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst köçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməz mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında özxoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir.”

Eyni zamanda müqavilənin XIV maddəsinə uyğun olaraq yeni hakimiyyətə “uyğun gəlməyən” Azərbaycan zadəganları və ruhaniyyətin nümayəndələri zorla İranın dərinliklərinə sürgün edilirdilər. Onların əmlakları isə ya xəzinəyə, ya da köçürülən ermənilərə keçirdi. Ermənilər dərhal azərbaycanlıların əmlak və torpaqlarını ələ keçirdilər. İş o yerə çatdı ki, hətta katolikos Nersesin “erməni xalqının sadiq müdafiəçisi” adlandırdığı A.S.Qriboyedov da general İ.Paskeviçə məktubunda azərbaycanlı əhaliyə, o cümlədən zadəganlara qarşı törədilən özbaşınalığı və onların təbii narahatçılıqlarını çatdırmışdı.

20 mart 1828-ci ildə çar I Nikolay bu müqaviləni ratifikasiya etdi, daha sonra isə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində Erməni vilayətinin yaradılması haqqında fərman imzaladı. 1849-cu ildə bu vilayət İrəvan quberniyasına çevrildi. 24 dekabr 1829-cu ildə polkovnik Lazarev köçürülmənin nəticələri ilə bağlı Paskeviçə yazdığı məktubda köçürülmə işlərinin 26 fevral 1829-cu ildə başladığını, 11 iyun 1829-cu ildə sona çatdığını göstərirdi.

Bu dövr ərzində 8200 erməni ailəsi (50 min nəfər) İrəvan, Naxçıvan və Qarabağ əyalətlərinə köçürülmüşdü. Tezliklə (1829-cu ildə) Rusiya və Osmanlı imperiyası arasındakı müharibənin nəticələrinə görə müqavilə bağlandı. Həmin müqaviləyə əsasən, Türkiyədən Azərbaycan torpaqlarına 90 min erməni köçürüldü. Erməniləri əsas etibarilə Qarabağ, İrəvan, Naxçıvan, Göycə və Zəngəzur vilayətlərində yerləşdirirdilər. Ruslar Azərbaycanın bu vilayətlərini təsadüfən seçməmişdilər. Bu gələcəkdə boş yerdə Qafqaz ermənilərinin tarixini yaratmaq üçün lazım idi.

Azərbaycanın məhz göstərilən vilayətlərində çoxlu qədim alban məzarlıqları, məbədləri, digər tarixi və mədəni abidələr var idi. Çar hakimiyyəti ermənilərin Qafqaz Albaniyasının bütün tarixi və mədəni abidələrini mənimsəmələri üçün bütün şərtləri yaratdı. Rusiya imperiyasına Qafqazda ermənilərin şəxsində forpost lazım idi. Azərbaycan torpaqlarına erməni axını Rusiya imperiyasının süqutuna kimi davam etdi.

Комментариев нет:

Отправить комментарий