Milyonçumuzun faciəli ölümü..
Vaxtilə təkcə bütün Azərbaycanda deyil, keçmiş SSRİ məkanında yaxşı tanınan bir şəxs – postsovet məkanında ilk azərbaycanlı milyonçu Yelmar Məmmədov.
O, yaddaşlarda təkcə milyonçu kimi deyil, həm də xeyirxah, səxavətli adam kimi qalıb. Onu tanıyanlar belə xarakterizə edirlər.
Tərcümeyi-halında yazılır ki, Yelmar Məmmədov 28 iyun 1957-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində anadan olub. Çox kiçik yaşlarından anasını itirərək yetim qalan balaca Yelmar hələ uşaq ikən həyatın acılarını dadır, yoxsulluğun, zəhmətin nə olduğunu öyrənir.
Orta məktəbi bitirəndən sonra Bakıya gələrək ali məktəbə imtahan verir, ancaq müsabiqədən keçə bilmir. Bundan sonra doğulduğu rayona qayıtmaqdan vaz keçən Y.Məmmədov 1975-1976-cı illərdə Bakıda qalıb zavodda fəhlə işləyir.
1976-cı ildə onu hərbi xidmətə aparırlar. Hərbi xidmətini Rusiyanın Çita şəhərində başa vurur.
Hərbi xidmətdən sonra, 1978-ci ildə tale təsadüfən onu Özbəkistanın paytaxtına - Daşkəndə gətirir. Şəhər və adamları onun xoşuna gəlir. Bir müddət Daşkənddə qalıb fəhlə işləyir, eyni zamanda 1983-cü ildə Daşkənd Ali Milis Məktəbinə daxil olur. Sonralar isə Moskvada Ümumittifaq Ali Hüquq Məktəbinin qiyabi şöbəsində təhsil alır.
Ehtiyac üzündən Daşkəndi tərk etməyə məcbur olan Yelmar Məmmədov Rusiya Federasiyasının Komi Muxtar Respublikasındakı Uxta şəhərinə gedib çıxır. Uxta şəhərində Neft Kəşfiyyatı İdarəsində işə girən Yelmarın bəxti nəhayət üzünə gülür. O, əvvəlcə fəhlə, sonra usta, mühəndis, şöbə rəisi və baş mühəndisin müavini olur.
1988-ci ildə SSRİ dağılmağa yaxın ərəfədə sahibkarlıq haqqında qanunun çıxmasından faydalanan Y.Məmmədov əvvəlcə dörd nəfərlik "Trud" kooperativini açır. Kooperativin ilk işi bir zavodun damını örtmək olur. Bu işdən əldə olunan gəlirlə yeni avadanlıq alır, əlavə işçi qəbul edir. Artıq 1 ildən sonra onun işçilərinin sayı min nəfər olur. Az sonra Komi Muxtar Respublikasında tanınmış sahibkara çevrilən Yelmar Məmmədov burada xalq deputatı da seçilir.
O, 1990-cı ildə "Mariya" Assosiasiyasını təsis edir. Bundan sonra fəaliyyəti bir qədər də genişlənir. Bir neçə şəhərdə "Mariya" Assosiasiyasının filiallarını yaradır. Eyni zamanda bir neçə bank açır. Rusiya televiziyası ilə göstərilən "Mariya Assosiasiyası" adlı sənədli filmdən sonra keçmiş SSRİ-nin hər yerində rəsmi milyonçu azərbaycanlı tanınmağa başlayır. Həm milyonçu, həm də səxavətli adam kimi şöhrətlənən Yelmarın sorağı vətəni Azərbaycana da gəlib çatır.
Yelmar Məmmədovun assosiasiyası Almaniya və Finlandiyada müxtəlif müqavilələr bağlayır, Ermənistan istisna olmaqla, keçmiş sovet respublikaları ilə əlaqələr yaradır. Fəaliyyət dairəsini daha da genişləndirib, ABŞ-la iqtisadi əlaqələrə malik olur.
O, 1992-ci ilin avqust ayında müvəqqəti Azərbaycana qayıdır. Bu vaxt artıq SSRİ dağlmış, müstəqil respublikalar arasında əlaqələr qırılmış, münaqişələr başlamışdı. Azərbaycan da Ermənistala ədalətsiz müharibəyə cəlb edilmişdi.
Cəbhədəki məğlubiyyətlər Yelmar Məmmədova pis təsir edir. Məhz buna görə də xaricdə bir təyyarə icarəyə götürür, cəbhə üçün paltar, müxtəlif ərzaq malları yükləyib Bakıya gəlir. Azərbaycanda vəziyyətlə tanış olandan sonra görür ki, cəbhəyə humanitar yardım yox, həqiqi kömək lazımdır. Elə bu məqsədlə də Bakıda "Yelmar İnterneyşil" kooperasiyasını yaradır. Həmin kooperasiyaya 3 tikinti idarəsi, 3 müstəqil bank, ticarət mərkəzi, sığorta şirkəti və s. daxil idi. Tezliklə "Yelmar İnterneyşil"də çalışanların sayı 3000-dən yuxarı qalxır.
Cəbhədəki məğlubiyyətlər Yelmar Məmmədova pis təsir edir. Məhz buna görə də xaricdə bir təyyarə icarəyə götürür, cəbhə üçün paltar, müxtəlif ərzaq malları yükləyib Bakıya gəlir. Azərbaycanda vəziyyətlə tanış olandan sonra görür ki, cəbhəyə humanitar yardım yox, həqiqi kömək lazımdır. Elə bu məqsədlə də Bakıda "Yelmar İnterneyşil" kooperasiyasını yaradır. Həmin kooperasiyaya 3 tikinti idarəsi, 3 müstəqil bank, ticarət mərkəzi, sığorta şirkəti və s. daxil idi. Tezliklə "Yelmar İnterneyşil"də çalışanların sayı 3000-dən yuxarı qalxır.
Bakıda olduğu dövrdə siyasətə meyl edən Yelmar Məmmədov Azərbaycan Yurddaş Partiyasının sədr müavini seçilir. O, xeyirxah əməllərinə görə Bakıda "General Məhəmməd Əsədov" mükafatına layiq görülür.
Lakin Yelmar Məmmədov arzu və istəklərini gerçəkləşdirə bilmir, ömrü yarıda qırılır.
12 aprel 1995-ci il tarixində həyat yoldaşı ilə birgə Daşkənddə olan Yelmar Məmmədov çox müəmmalı şəkildə ölür. O vaxt rəsmi məlumatlarda bildirilirdi ki, onlar yatdıqları otağa qaz sızması olub və tanınmış iş adamı xanımı ilə birgə qazdan boğulub ölüblər. Amma buna inananlarla müqayisədə 38 yaşlı Yelmar Məmmədovun qəsdən öldürüldüyü qənaətinə gələnlər daha çox idi. Yelmar Məmmədovun dörd övladı – iki qızı, iki oğlu qalıb.
Комментариев нет:
Отправить комментарий