1729-cu ilin 21 aprelində Prussiya generalı Anqalt-Serbin şahzadəsi Xristian Avqustun ailəsində bir qız uşağı dünyaya gəldi. Ona Sofiya Frederika Avqust adı verildi. Deyilənlərə görə, qızın əsl atası Prussiya kralı böyük Fridrix olub. Əslində, deyilənlərə inanmaq da olar. Çünki qızın anası Yelizaveta İohanna sağ-əməlli yuvanın quşu deyildi. Ancaq qəhrəmanımızın həyatının bir çox tərəfləri kimi bu məsələ də gələcək nəsillər üçün sirli qalıb. Dəqiq bilinən yalnız budur ki, ata-qız bir-birilərini çox sevirmişlər. Di gəl, qızcığaz anası ilə heç cür yola getmirmiş. Bizlərdə qızları oxlovla tərbiyə elədikləri kimi, Yelizaveta İohanna da evdə “Fike” deyib çağırdıqları qızı tez-tez yağlı silləyə qonaq eləməli olurmuş. Sofiyanın uşaqlığı elə də asan keçməyib. Gah qayçıyla az qala gözünü çıxarıb, gah da qızılca tökərək həftələrlə başıqırxıq gəzməli olub. Hətta bir xəstəlikdən Fike az qalıbmış ki, əyrimçə qalsın…
Ancaq Tanrının ona rəhmi gəldi, ilan balası kimi böyüyüb boya-başa çatdı. 15 yaşında olan Fiki fransızca danışır, pastorla ilahiyyat mövzularında əməlli-başlı mübahisə eləyir, cəmiyyətdə hökm sürən ədəb qaydalarına riayət eləyirdi. Ərgən qız özünün gələcəyi ilə bağlı təxmini planlardan da xəbərdarıydı. Hər halda İmperatriçə Yelizaveta Petrovna onu Rusiyaya dəvət eləyəndə qətiyyən təəcüblənmədi: o, İmperiya taxt-tacının varisi, İmperatriçənin qardaşı oğlu Pyotr Fyodoroviçin arvadı olmalıydı. Onlara elə belə arvad lazımıydı: şirin, dilli-dilavər, nəsil-nəcabətli və cızığından çıxmamaq üçün kasıb… Sofiya Frederika Avqust beləsindəniydi…
1744-cü ilin şaxtalı yanvar günündə Fike anasıyla birgə Rusiya sərhədini keçdi. Onları əsl çarlara layiq qarşıladılar: bəzəkli kareta, mühafizəçilər, fəxri qarovulla birgə. Gənc qız İmperatriçənin çox xoşuna gəldi. Sofiya Frederika Avqust pravoslavlığı qəbul eləyib Yekaterina Alekseyevnaya çevrildi. Bir neçə gün sonrasa gənc varis böyük knyaz Pyotr Fyodoroviçə arvad oldu. Bu kəbindən sonra «qara qız»ın qara günləri başladı. Sən demə, həqiqətən, oddan kül törəyərmiş: I Pyotr boyda nəhəngin nəvəsi lap maymaq idi. 16 yaşlı bu adam əqli baxımdan əməlli-başlı geridəydi. Cavan ərciyəzin problemləri elə birinci gecədəncə aşkara çıxır… Sonralar Yekaterina xatirələrindən yazacaqdı: «Mən başa düşdüm ki, bu adam məni sevmir və mən də onu sevə bilmərəm. Bu adam ancaq gözlərim qarşısında başqa qadınların arxasınca düşməyi bacarır».
Beləcə, İmperiyanın birinci gəlini özünü bədbəxt və bəxtsiz hesab eləyə-eləyə yaşayır, İmperatriçə də ondan nəvə gözləyə-gözləyə ayları saymaqda davam eləyir. Axırda gəlinin doğmamasından təngə gələn Yelizaveta ona təklif eləyir ki, cəhənnəm, Romanovlar sülaləsindən kimi istəyir seçsin, ondan hamilə qalsın. Yekaterina Sergey Saltıkovu seçir və bir il sonra gələcək İmperator Pavel doğulur. Ancaq bu hadisədən sonra onun əriylə münasibətləri tamamilə pozulur. Pyotr Fyodoroviç hər yerdə açıq şəkildə bildirir ki, bu uşaq ondan deyil və tezliklə Yekaterinanı boşayıb, başqasıyla evlənəcək. Bu arada onun siyasi sürüşkənliyi ilə bağlı «çp»si ifşa olunur: sən demə, gənc qadın xeyli vaxtmış ingilis səfiriylə siyasi məsələlərlə bağlı məktublaşırmış. İmperatriçə xeyli qəzəblənsə də, sonunda gəlinini əfv edir. Bu hadisədən bir müddət sonra Yelizaveta ölür və Yekaterinanın ərciyəzi taxta oturur. Ancaq əvvəldən gözlənildiyi kimi, Pyotr Fyodoroviç İmperiyada aləmi bir-birinə qatır: Prussiya ilə alçaldıcı şərtlərlə müqavilə, ordunun məvacibinin verilməməsi, sarayda baş verən hərc-mərclik onun olub-qalan nüfuzunun da itməsinə səbəb olur. Yekaterina isə əksinə, ərindən fərqli olaraq sarayda əməlli-başlı hörmət qazanır, vaxtını boş keçirmir, tarixə, fəlsəfəyə dair kitablar oxuyur, dövrünün məşhur filosoflarıyla yazışır. Təbii ki, məşuqlar-filan da öz yerində. Artıq o, Qrioqri Orlovla münasibət qurmuş, bu gəncin vasitəsiylə orduda – zabitlər və əsgərlər arasında böyük hörmət qazanmışdı. Nəhayət, an gəlib yetişir. Ərinin onu rahibəliyə göndərməsiylə bağlı şayiələr bütün şəhəri bürüyəndə Yekaterina məşuqu Orlovun köməkliyi ilə 1762-ci il iyunun 25-də qvardiya ilə Peterburqa daxil olur və ərini həbs etdirir. Təxminən 10 gün sonra Pyotr Fyodoroviç müəmmalı şəkildə ölür. Qadın isə II Yekaterina adıyla Rusiyanın İmperatoru olur! Bundan sonra Rusiya dövlətçiliyinin ən şanlı illəri başlayır. Həqiqətən, bu tamam ayrı bir mövzudur. O, idarəetməyə özündən sonra yüz illər davam eləyəcək qaydalar gətirdi. 33 yaşlı gənc İmperatriçə başa düşürdü ki, yeganə çıxış yolu həqiqi hakimiyyəti əldə eləməkdir. Bunun üçün o, cəmiyyətin müxtəlif sahələrində dövrünədək görünməmiş islahatlar apardı. Romanovlar sülaləsində çarların heç biri nəzəri baxımdan hakimiyyətə onun qədər hazır deyildilər. Yekaterina siyasətdə olduğu kimi, elmdə, mədəniyyətdə də böyük işlər gördü. Bir dəfə dedim, həqiqətən, onu yalnız I Pyotrla müqayisə eləmək və bu müqayisədə hətta birinciliyi ona vermək mümkündür. Sadəcə, Yekaterinanı azacıq başıaşağı eləyən əməlləriydi… O əməlləri ki, bir dövlət adamı kimi qüdrətindən daha çox onlardan danışılır, yazılır. Bəli, Rusiya taxtının sahibi doğrudan da manyakal dərəcədə kişi xəstəsiydi. Qriqori Orlov məşuqu olmaqla bərabər həm də çariça üçün ordudan cavan, yaraşıqlı oğlanlar tapmaqla məşğul idi. Qriqori pəzəvəngliyini hətta bir sistem halına salmışdı. Məsələn, namizəd tapılan kimi sarayda məhz bu işlər üçün nəzərdə tutulmuş həkim otağında yoxlamadan keçir, sonra başqa bir qadının yatağında qüdrəti yoxlanılır, yalnız bu prosedurlardan sonra «Matuşka Yekaterina»ya təqdim olunurdu. «Rusiyanın anası» isə gənc oğlanları əlcək dəyişirmiş kimi dəyişirdi. Bu gün araşdırmaçılar İmperatriçənin ən məşhur məşuqları sırasında Saltıkovun, Rusiyadakı Polşa səfiri Ponyatkovskinin, artıq barəsində danışdığımız Qriqori Orlovun və onun qardaşının, zabit Vasilçikovun, Smolensk zədaganı Potymokinin, kazak Zavodskinin və digərlərinin adını çəkirlər. Qısası, Yekaterina gözünə xoş görünən, yaxud həvəsinin kəllə-çarxa çıxdığı vaxtda kiminlə oldu yatağa girməyi bacaran birisiydi. Hətta onun bir dəfə sarayın sobaçısı ilə yatması haqqında da danışılır. Söyləyirlər ki, İmperatriçə otağının soyuq olduğunu deyir. Ancaq sobaçı yazıq otağı nə qədər qızdırırsa, Yekaterina elə «soyuqdur» deyib durur. Axırda xoşbəxt sobaçı çariçasının yatağına girməklə onu qızdıra bilir. İmperatriçə də ona borclu qalmır: sobaçının nəsli Teplov zadəgan soyadını alır…
Ümumiyyətlə, hökmdar qadın həmişə öz məşuqlarına qarşı son dərəcə diqqətli olub. Onun yatağını bölüşənlərin hamısı ya zadəgan titulu, ya torpaq sahələri, ya vəzifə, ya da böyük miqdarda pul mükafatı alıblar.
İndi neyləyəsən ki, bu qədər məşuqların arasında bu qadın yalnız bircəciyini həqiqətən sevib. Lanski soyadlı 22 yaşlı bu cavan zabit Tuladanıydı. O, yeganə məşuquydu ki, İmperatriçidən heç nə qəbul eləmək istəmirdi. 60 yaşlı qadın isə ona o qədər vurulmuşdu ki, hətta ərə getmək fikrindəydi. Ancaq Lanskinin sağalmaz xəstəliyi və ölümü buna mane olur. Müasirləri yazırlar ki, o boyda çariça cavan sevgilisinin ölüm yatağının böyrünü kəsdirib şəxsən özü ona qulluq eləyirmiş. Lanski can verəndə isə İmperatriçə onun başını dizinin üstünə alıb zar-zar ağlayır…
***
…Yuxarıda çaparaq xatırlatdığımız məşhur «at olayı» əslində, Yekaterinanın ölümüylə bağlı danışılır. Guya, «Rusiyanın anası» kişilərdən bezib, axırda özünü atın ağuşuna atıb, bu «məhəbbətin» də axırı faciəylə bitib. Təbii ki, çariçanın həyatıyla ilgili bir sıra şayiələr kimi, bu məsələ də uydurmadır. Bu gün Rusiya tarixşünaslığında II Yekaterinanın ölümüylə bağlı müasirlərinin konkret yazıları, şahidlərin ifadələri var. Nəinki Rusiyada, həm də bütün dünyada siyasi vəziyyətin dəyişməsinə səbəb olan bu hadisə 1796-cı il noyabr ayının 5-də baş verib. Hər səhər adəti üzrə yataqdan duran kimi bir fincan kofe içib ayaqyoluna keçən Yekaterinanın orada çox ləngidiyini görə xidmətçi qapını açanda yerə uzanmış çariçanı görür. Həyatının sonlarında xeyli kökəldiyi üçün beş nəfər zorla onu otağa gətirib, elə yerdəcə açdıqları döşəyə uzadırlar. Çariçada belə hallar olanda adətən damarını çərtib, qanını buraxırdılar. Ancaq daha geciydi… Saray həkimi gözləri qapalı, üzü məxməri rəng almış, ağzından köpük gələn xəstəyə kömək eləyə bilmir: çariçanın beyninə qan sızmışdı. Rusiya tarixinin ən böyük dövlət adamlarından olan Yekaterina Alekseyevna üç günlük əzabdan sonra huşu özünə qayıtmadan müqəssir ömrünü başa vurur. Deyirlər, çariça can verəndə onun başdanxarab oğlu, taxt-tacın vəliəhdi Pavel anasının qarnının üstündən o tərəf — bu tərəfə tullanmaqla bütün otaq boyu gəzib, onu çar eləyəcək vəsiyyətnaməni axtarırmış…
***
Комментариев нет:
Отправить комментарий