Sara Xatun
Onun diplomatik bacarığı Azərbaycan tarixində silinməz izlər qoydu
Azərbaycan qadınları tarix boyu müdrik, uzaqgörən, Vətənə, torpağa və ailəsinə sədaqətli olmuş və zamanın bütün sınaqlarından alnıaçıq, üzüağ çıxmağı bacarmış, çətin məqamlardan çıxış yolunu düzgün seçərək kişiləri də bu yola istiqamətləndirmişlər. Bunun bariz nümunəsini e.ə. VI əsrdə yaşayan Əhəməni hökmdarı Kirə qan uddurmuş Tomrisin timsalında, öz ağlı və dərrakəsi ilə İsgəndəri düşünməyə vadar etmiş Bərdə hökmdarı Nüşabənin simasında görürük. Bizim Mömünə xatunumuz, İnanc xanım, Mehrcan xanım kimi uzaqgörən, I Şah İsmayılın yaxın həmdəmi olan Taclı xanım və qızı Pərixan xanımımız, Qubalı Fətəli xanın xanımı Tutu Bikəmiz, Gəncə xanı Cavad xanın ömür-gün yoldaşı Bəyim xatunumuz olub, yaşayıb və bundan sonra da tariximiz boyu yaşayacaqlar.
Adı Azərbaycan dövlətçilik tarixinə ilk xanım diplomat kimi daxil olan Sara Xatun adını fəxrlə çəkə biləcəyimiz bir qadındır. Osmanlı mənbələrinin yazdığına görə, onun əsl adı Gövhərşah xatundur.
Azərbaycan tarixində tanınmış və tarixdə iz qoyan şəxsiyyətlərdən biridir. Bütün Şərqdə dövrünün yeganə istedadlı diplomat qadını kimi tanınan Sara Xatun böyük ağıl və mətanət, müdriklik və cəsarət sahibi idi.
Həyatı
Sara Xatun Bayandur elində doğulub. Ağqoyunlular dövlətinin siyasətinin sahmana salınmasında görkəmli diplomat və dövlət xadimi Sara Xatunun böyük rolu vardı. Ağqoyunlu hökmdarı Uzun Həsənin anası, demək olar ki, bütün Şərqdə yeganə istedadlı diplomat qadın kimi məşhur olan Sara Xatun hətta Avropa ölkələrində də tanınırdı. O, bir dövlət xadimi kimi hakim sinfin mənafeyini müdafiə edir, feodal dövlətinin möhkəmləndirilməsinə çalışırdı. Bu məqsədlə feodal pərakəndəliyinə və sülalə üzvlərinin mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda ara müharibələrinə saray çəkişmələrinə qarşı mübarizə edirdi. Ağqoyunlu hakimi Cəlaləddin Əli bəyin ölümündən sonra onun oğulları, habelə bayandurlar sülaləsinin başqa nümayəndələrinin taxt-tac uğrunda ara müharibələrini sakitləşdirməkdə onun böyük rolu olmuşdur. Bunun nəticəsində, həmin dövrdə kiçik Ağqoyunlu dövləti kimi iki qüvvətli rəqib arasında müstəqilliyini qoruyub, saxlaya bilmişdi. Olduqca ağıllı və tədbirli qadın olan Sara Xatun dövləti idarə işlərinin bütün sahələrində oğluna yaxından kömək edirdi. Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Sara Xatunun rolu daha mühüm idi. Uzun Həsən bütün xarici siyasət məsələrini onunla məsləhətləşir, ən məsul diplomatik danışıqlar üçün onu göndərirdi. O, nəinki xarici ölkələrin ayrı-ayrı diplomatları ilə, həmçinin Teymuri hökmdarı Əbu Səid, Osmanlı imperatoru II Mehmet kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparamış, Ağqoyunlu dövlətinin xarici siyasi mənafeyinin müvəffəqiyyətlə müdafiə etmişdi. Uzun Həsən, xüsusiylə xarici siyasətlə əlaqədər ən çətin məsələlərin həllini Sara Xatuna etibar edirdi. Teymuri hökmdarı Əbu Səidin Azərbaycana hücum təhlükəsi yarandıqda sülh danışıqları üçün göndərilən elçilər də Sara xatun başçılıq etmişdi. Türkiyə Ağqoyunlu dövlətinin müttəfiqi və Aralıq dənizi sahilində əlverişli strateji məntəqə olan Qaraman əmirliyini aradan qaldırmaq istədikdə Osmanlı imperatoru II Mehmedlə danışıqlar aparmaq üçün yenə də Sara Xatun göndərilmişdi. Sara Xatunu bir diplomat, həmçinin dövlət xadimi kimi də təkcə Şərqdə deyil, Avropada da tanıyırdılar. Venesiya respublikasının senatı onun Ağqoyunlu sarayındakı nüfuzunu nəzərə alaraq, demək olar ki, Azərbaycana göndərilən bütün diplomatlarına ciddi tapşırırdı ki, Sara Xatuna ehtiram göstərsinlər, müxtəlif hədiyyələr versinlər, məqsədlərinə nail olmaq üçün ondan geniş istifadə etsinlər. Venesiyadan Azərbaycana göndərilən, demək olar ki, bütün diplomatik sənədlərdə Sara Xatunun adı çəkilir, ondan bəhs olunur.
Bir diplomat kimi fəaliyyəti
Amma Azərbaycan diplomatiyasının çiçəklənməsi orta əsrlərdə, xüsusilə də Ağqoyunlular dövləti ilə başladı. Uzun Həsənin dövründə Azərbaycanın Şərq-Qərb əlaqələrindəki rolu daha da artdı. Azərbaycanın ənənəvi əlaqələr saxladığı Şərq ölkələrindən başqa Avropa dövlətləri ilə də geniş diplomatik münasibətlər yaratdı. Uzun Həsən dövründə Azərbaycan elçiləri Venesiya Respublikası, Papalıq, Neapol krallığı, Albaniya, Macarıstan, Polşa, Almaniya, Burqundiya hersoqluğu, Kipr, Rodos, Trabzon imperatorluğu, Böyük Moskva knyazlığı ilə, həmçinin bir çox qonşu Şərq ölkələri hökmdarlarının saraylarında diplomatik danışıqlar aparırdılar. Xarici ölkələrlə aparılan danışıqlarda Uzun Həsənin anası - o zaman bütün Şərqdə yeganə qadın diplomat olan Sara Xatun mühüm rol oynayırdı. Təbrizdə - Uzun Həsən sarayında Venesiya Respublikasının daimi səfirliyi fəaliyyət göstərirdi. O zaman Ağqoyunlular dövlətinin dünyanın 30-dan çox ölkəsində daimi səfirliyi fəaliyyət göstərirdi. Azərbaycan Şərqlə Qərb üçün ümumi maraq doğuran beynəlxalq problemlərin həllində mühüm rol oynayırdı.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Ağqoyunlular və Səfəvilər dövlətlərinin qərbi Avropa ilə münasibətlərinə həsr olunmuş araşdırmasında bildirir ki, Uzun Həsən bir sıra dövlətlərlə diplomatik münasibətlər saxlayırdı. Bundan başqa, Uzun Həsən Ağqoyunlu tayfalarını birləşdirib, Dəclə və Fərat çaylarının yuxarı axarı boyunca paytaxtı Diyarbəkirdə yerləşən kiçik bir ərazidə öz hakimiyyətini qurmaqla tarixə düşür: "Hər tərəfdən düşmənlərlə əhatə olunmuş bu kiçik dövlətin başçısı öz müttəfiqlərini Osmanlı imperiyasının Avropaya doğru genişlənməsindən qorxuya düşən qərb dövlətləri arasında axtarırdı. Uzun Həsən öz müşavirləri vasitəsilə bir neçə Avropa ölkəsi ilə ona odlu silah yardımı göstərilməsi barədə danışıqlar aparırdı. Həmin yardım Qara dəniz və Aralıq dənizi vasitəsilə Uzun Həsənin müttəfiqi, Ağqoyunlu tayfaları ilə qədimdən əməkdaşlıq edən və Qaraman bəyliyinin qərb sərhədlərində yerləşən yunan Trabzon dövləti üzərindən keçib gəlməli idi. Osmanlı isə bunun qarşısını almaq istəyir və 1453-cü ildə II Mehmet tərəfindən İstanbul fəth olunandan sonra Trabzon dövlətini məhv etmək qərarına gəlirlər. Uzun Həsən buna mane olmaq istəsə də, Osmanlı qoşunlarının Ağqoyunlu ərazisinə müdaxiləsi onu məcbur edir ki, sülh xahişi ilə onlara müraciət etsin. Osmanlıların Yastıçəmən yaylağında yerləşən düşərgəsinə Uzun Həsənin anası Sara Xatunun başçılığı ilə elçilər yollanır. Sara Xatun mahir bir diplomat kimi öz ölkəsindən çox-çox uzaqlarda da tanınmışdı. O bu dəfə də öz vəzifəsinin öhdəsindən gəlir və sülh bağlanır".
Bir diplomat kimi Sara Xatunun fəaliyyətində, onun sultan II Mehmedlə bağladığı 1461-ci il sülhünün böyük əhəmiyyəti var. Bu sülh hələlik əlimizdə olan məlumata görə, Sara Xatunun xarici ölkə hökmdarları ilə bağladığı ilk müqavilələrdən biridir. Uzun Həsən Sara Xatunu sultan II Mehmedin hərbi düşərgəsinə göndərərkən, onun qarşısına iki çətin vəzifə qoymuşdu. Əvvəla, o, Osmanlı sultanını ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı idi. Çünki II Mehmedin bu hücumu Ağqoyunlu dövlətinin varlığına son qoya bilərdi. Bu məqsədə nail olduğundan sonra Sara Xatun sultanı mümkün qədər Trabzonu fəth etmək fikrindən də döndərməli idi. Bütün Yaxın və Orta Şərqdə böyük nüfuzu olan Sara Xatun Osmanlı sultanın hərbi düşərgəsində yaxşı qarşılandı. Mənbələrin məlumatına görə, diplomatik danışıqlar zamanı Sara Xatun və II Mehmet bir-birinə "ana", "oğul" deyə müraciət edirmişlər. Sara Xatun bu danışıqlar zamanı özünün bütün diplomatik ustalığından istifadə edərək Uzun Həsənin birinci tapşırığını yerinə yetirə bildi. II Mehmedi Ağqoyunlu dövlətinə qarşı müharibə etmək fikrindən daşındırdı. İki ölkə arasında, ağqoyunluların Osmanlı qoşunlarının Trabzona hücümu zamanı Ağqounlu dövlətinin bitərəf qalması şərtilə sülh bağlandı. Bu sülhün o zaman Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti olmuşdu. Məhz Sara xatunun bağladığı bu müqavilə nəticəsində o zaman Türkiyə ilə toqquşmağa qadir olmayan kiçik Ağqoyunlu dövləti öz müstəqilliyini saxlaya bilmişdi. Lakin Sara Xatun ona tapşırılmış ikinci vəzifəni yerinə yetirə bilmədi. Sultanı Trabzon yunan dövlətini Türkiyəyə qatmaq fikrindən döndərə bilmədi. Tarixçi F. Uspenski Trabzonun alınması ərəfəsində Ağqoyunlu dövləti ilə Türkiyə arasında belə sülh müqaviləsi bağlanıla biləcəyinə şübhə edir. Bizcə, onun bu fikri aşağıdakılara görə elmi cəhətdən dürüst deyil: əvvəla ona görə ki, yuxarıda göstərdiyimiz kimi, bəhs etdiyimiz dövrdə Ağqoyunlu dövləti Türkiyə ilə toqquşa biləcək dərəcədə güclü deyildi; digər tərəfdən Ağqoyunlu dövlətinə arxadan qaraqoyunlular və teymurilərin hücumu gözlənirdi. Buna görə də Uzun Həsən Osmanlı dövləti ilə sülh bağlamağa məcbur idi; bundan başqa, II Mehmet qərbdə yarımçıq qoyub gəldiyi işğalçılıq planlarını yerinə yetirmək üçün tələsirdi. O, Kiçik Asiyada vaxt itirmək itsəmirdi. Daha sonra mənbələrdə Ağqoyunlu dövləti ilə Venesiya arasında haqqında bəhs etdiyimiz sülh müqaviləsinin bağlanmasına dair ətraflı və zəngin məlumat vardır. Ağqoyunlularla müharibə vəziyyətində olan bir ölkəyə hücum etdiyini söyləmək məntiqi cəhətdən də düzgün olmazdı. Ağqoyunlu dövlətini təcrid etdikdən sonra II Mehmet Trabzon üzərinə yeridi. Lakin o, Uzun Həsənin arxadan hücum etməyəcəyinə əmin deyildi. Odur ki, sultan Sara Xatun başda olmaqla ağqoyunlu elçilərini də özü ilə götürdü. Sara Xatun yol boyu sultanı Trabzonu fəth etmək fikrindən çəkindirməyə çalışdı. Lakin onun səyləri heç bir nəticə vermədi. Dənizdən osmanlı donaması tərəfindən mühasirə edilən Trabzon 30 günlük mühasirədən sonra, 1461-ci il oktyabrın 26-da türklər tərəfindən zəbt edildi. Qara dənizdə Genuya ilə rəqabət aparan mühüm ticarət mərkəzi süqut etdi. Artıq Trabzonun əldən getdiyini görən Sara Xatun öz gəlininin-Dəspinə xatunun Trabzonun taxtına varislik hüququnu irəli sürdü. Trabzon xəzinəsini sultanla bölüşdürdükdən sonra ağqoyunlu elçilərinin başında geri qayıtdı. Görünür, ağqoyunlularla kəskinləşən münasibətləri yumşaltmaq üçün II Mehmet Sara Xatuna xoş rəftar göstərmiş, onu çoxlu hədiyyələrlə geri yola salmışdı. Uzun Həsənin elçiləri ilə birlikdə, Yastıçəməndə bağlamış müqaviləni yeniltmək üçün sultanın qərbdəki istilalarını həyata keçirdikdən sonra öz arxasını təhlükəsizləşdirmək istəyirdi.
Teymuri hökmdarı Əbu Səidlə danışıqlar aparan Ağqoyunlu elçilərinə də Sara Xatun başçılıq etmişdir (1468). Avropa ölkələri də bu Azərbaycanlı xanımı çox yaxşı tanıyır, ona böyük ehtiramla yanaşırlar. Azərbaycana göndərilən Avropa, xüsusilə də, Venesiya elçilərinə verilən məxfi məlumatlarda mütləq Sara Xatunla görüşmək və öz məqsədləri üçün onun saraydakı nüfuzundan istifadə etmək tapşırılırdı. Sara Xatun diplomat və dövlət xadimi olamqla bərabər, böyük hərbi sərkərdəlik bacarığına və hərbi intuisiyaya malik qadın olmuşdur. Onun əqli çevikliyi dar məqamlarda tez qərar çıxarmağa imkan vermişdir. Sara Xatun qeyrətli qadın, diplomat və hərbi istedada qadir bir insan olmuşdur.
Ağqoyunlu dövrünün ən görkəmli tarixçisi Əbubəkr Tehrani yazır ki, Sara Xatun Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq məqsədi ilə onun yanına gəlmiş, bu zaman Rüstəm Tərxanın düşərgəsində olmuşdur. Onun ordusu Sara Xatuna o qədər də əzəmətli görünmədiyindən Cahangir mirzə və Uzun Həsənə sifariş göndərir ki, "Əgər gəlsəniz, qələbə sizin olacaq. Bu işi təxirə salmaq olmaz". Sara Xatun orduya sadəcə bir nəzər salmaqla ağqoyunlular arasındakı qüvvələr nisbətinin Ağqoyunlu dövlətinin xeyrinə olduğunu düzgün qiymətləndirməsi onun hərbi intuisiya və səriştəsində xəbər verir. Həqiqətən də, bundan sonra Uzun Həsənin kəşfiyyat dəstəsi Rüstəm Tərxanın ordularına hücum edərək onları damadağın etmiş, qaraqoyunluları bərk qorxuya salmışdı.
Qadınların kişilərə nisbətən həyatın bütün sahələrində hüquqsuz bir vəziyyətdə olduğu bir dövrdə, Azərbaycan tarixində belə mərd və cəsarətli, diplomat qadınlarımızın mövcudluğu qürur yaradır. Sara Xatun uzaq tarixi keçmişimizdə yaşasa da, onun siyasi mədəniyyəti, diplomatik fəaliyyəti və şəxsi şücaəti gələcək nəsillər üçün də örnəkdir.
Комментариев нет:
Отправить комментарий