четверг, 27 октября 2016 г.

Şah İsmayıl Xətainin islamı parçaladığını iddia edənlərə tərs “sillə”

İslamın parçalanmasına səbəb Əbu Bəkr və Ömər olub, Şah İsmayıl yox...
Bəzi özünü ziyalı hesab edən Səfəvi əleyhdarları var ki, bu gün İslam dünyasında mövcud olan parçalanmaları Səfəvilərin, konkret desək Şah İsmayılın üzərinə yıxmağa çalışır. Guya Səfəvilərə qədər hər şey normal imiş, müsəlmanlar vəhdət içərisində yaşayırmışlar. Halbuki, bu iddia tamamilə absurd iddiadır.

İslam tarixində ilk parçalanma Peyğəmbərin (s) vəfatından sonra meydana çıxdı. Hələ Peyğəmbərin (s) mübarək bədəni torpağa tapşırılmamış bir qrup mədinəli yığışıb xəlifə seçmək qərarına gəlir. Bu xəbər Əbu Bəkrlə Ömərə çatanda tez özlərini toplantı yerinə çatdırırlar. Uzun çəkişmədən sonra Ömər Əbu Bəkrin xəlifə seçilməsinə nail olur.

Bu tələsik seçim Əlinin (ə) Peyğəmbərin (s) mübarək bədəninə qüsul-kəfən verdiyi ərəfədə baş vermişdi. Toplantı iştirakçıları nə Onun (ə), nə Peyğəmbərin (s) digər yaxın qohum-əqrəbələrinin, nə də ümumilikdə müsəlman cəmiyyətinin bu mövzudakı fikrini nəzərə almırlar.

Daha sonra Əbu-Bəkr bütün müsəlmanları özlərinə itaət etməyə dəvət edir. İtaət etməyənlərə qarşı savaş elan edilir, onlar müxtəlif bəhanələlərlə qətl edilirlər.

Rejimin legitimliyini tanımayanların arasında Əli (ə) də var idi. Çünki, xilafət onun haqqı idi. Peyğəmbər (s) özündən sonra məhz Onu (ə) rəhbər təyin etmişdi.

Əli (ə) öz evində oturaraq uzun müddət ƏbuBəkrə beyət etmədi. Əbu Bəkr  Onun (ə) evini özü və ailəsi qarışıq yandırmaqla təhdid etməkdən belə çəkinmədi. Hətta, Ömərin başçılığı ilə evinə hücum təşkil edildi, Özünə (ə) və ailəsinə əziyyət edildi. Buna rəğmən Əli (ə) uzun müddət beyət etməkdən imtina etdi.

Lakin, daha sonra öz yaxın ətrafının canının qorunması və onların vasitəsilə İslam həqiqətlərinin gələcək nəsillərə çatdırılması, beləliklə, həqiqi İslamın yaşaması naminə öz haqqı olan xilafəti Əbu Bəkrə güzəştə getmək məcburiyyətində qaldı. Buna baxmayaraq heç bir zaman nə Əbu Bəkrin? nə də Ömərin rəhbərliyinin legitimliyini tanımadı. İmam Əli (ə) onların hakimiyyəti boyu heç bir rəsmi vəzifədə olmadı, onların təşkil etdikləri döyüşlərdə iştirak etmədi.

Əbu Bəkrin Peyğəmbər (s) ailəsinə etdiyi əziyyətlərdən biri də Peyğəmbərin (s) qızı xanım Fatimənin (s.a) haqqı olan Fədək bağını Onun (s.a) əlindən alması oldu. Bu və bu kimi fəaliyyətlərindən dolayı İmam Əli (ə) Əbu Bəkri və rejimin ikinci adamı, Əbu Bəkrin ən yaxın dostu və silahdaşı olan Öməri yalançı, vəfasız, xain, günahkar, zalım, facir hesab edirdi. Peyğəmbir (s) qızı, yeganə övladı xanım Fatimə (ə) isə ömrünün sonuna kimi Əbu Bəkri və Öməri dindirmədi, onların əlindən qəzəbli halda dünyadan köçdü. Vəfat edərkən xanım Fatimə (ə) gizlicə dəfn edildi, dəfninə Əbu Bəkrlə Ömər buraxılmadı.

Əbu Bəkrlə Ömərdən sonra hakimiyyət başına Osman gəldi. Onun xilafəti dövründəki özbaşınalıqlardan bezən qəzəbli müsəlmanların narazılığı o həddə çatdı ki, şikayətlərinə əhəmmiyyət verməyən Osmanın evinə hücum edib onu qətlə yetirdilər. Daha sonra müsəlmanlar Əlinin (ə) yanına axışıb onun xəlifə olmasını istədilər. Çoxsaylı xahişlərin və təkidlərin qarşısında Əli (ə) müsəlmanlara rəhbərlik işini qəbul etdi.

Əlinin (ə) hakimiyyəti dövründə Əbu Bəkrin qızı, peyğəmbərin (s) xanımı Aişə Əliyə (ə) qarşı qoşun çəkdi və savaşdı. Hər iki tərəfdən minlərlə insanın qırılmasına səbəb oldu. Həmin döyüş İslam tarixində “Cəməl döyüşü” kimi məşhurdur.

Əliyə (ə) qarşı döyüşlərdə Əbu Bəkrin, Ömərin, Osmanın övladları da iştirak etmişdilər. Əbu Bəkrin oğlu Əbdurrəhman Cəməl müharibəsində bacısı xanım Aişə ilə birgə idi. Ömərin oğlu Ubeydullah Müaviyyənin ordusunda, Siffeyn savaşında Əliyə (ə) qarşı savaşıb. Ömərin digər oğlu Abdullah isə Əli (ə) xəlifə olarkən Ona (ə) beyət etməmiş, xilafətini qəbul etməmişdi. Osmanın oğlu Aban da Cəməl müharibəsində xanım Aişənin ordusunda Əliyə (ə) qarşı savaşmışdı.

Əliyə (ə) qarşı savaşan Müaviyənin, İmam Hüseynin (ə) Kərbəlada şəhid edilməsinə səbəb olan Yezidin mənsub olduğu Əməvilər sülaləsini də hakim mövqelərə Əbu Bəkr və Ömər gətirmişdi. İmam Hüseyn (ə), İmam Həsən (ə), İmam Zeynul-abidin (ə), İmam Muhəmməd əl-Baqir (ə) Əməvilər tərəfindən şəhid edilmişdilər. Onların dövründə Peyğəmbərin (s) yaxın qohumlarına, Əhli-beytinə (ə), övladlarına və tərəfdarlarına olmazın zülmlər edilmişdi. Əlinin (ə) tərəfdarlarına qarşı zülmlər Abbasilər dönəmində də davam etdi.

Ümumiyyətlə, heç bir “sünni” dövlətinin dövründə şiələr öz inanclarını rahat şəkildə yaşaya, azad və müstəqil şəkildə öz inanclarının təlim-tədrisi ilə məşğul ola bilməmişlər. Daim zalım rejimlərin əziyyətlərindən və təzyiqlərindən dolayı can qorxusu içərisində, təqiyyə ilə yaşamışlar. Belə olduğu halda hansı “vəhdət”dən söhbət gedə bilər? Məgər insanlara öz inanclarından dolayı təzyiq etmək, onları məhrumiyyətlərə məruz qoymaq, qorxu içərisində saxlamaq, öz inancını gizlətməyə məcbur etmək “vəhdət”dirmi?

Mərhum Şah İsmayıl Xətai Səfəvilər dövlətini qurub Əhli-beyt (ə) vasitəsilə öyrədilən həqiqi İslamı – şiəliyi rəsmi məzhəb elan etməklə bütün bu zülmlərə son qoydu. Məgər haqqa və haqq əhlinə qarşı edilən zülmlərin qarşısını almaq, haqqı müdafiə etmək, haqq uğrunda savaşmaq “parçalanmaya səbəb olmaq”dırmı?
Məsələyə bu cür düşünənlərin məntiqiylə yanaşsaq o zaman Muhəmməd (s) peyğəmbər (s) də -haşa!- “parçalanmaya” səbəb olmuşdu. Çünki, Onun (s) hərəkatı zamanı dinc Məkkə əhalisinin arasında parçalanma baş vermiş, məkkəlilər iki qrupa bölünmüş, hətta, müharibə meydanında da üz-üzə gəlmiş, bir-birlərinin qanını tökmüşlər.

O zaman İmam Əli (ə) də -haşa!- “parçalanmaya” səbəb olmuşdu. Çünki, Onun (ə) xilafəti zamanı üç böyük döyüş baş vermiş, hər üç döyüşdə də Əliyə (ə) qarşı çıxan ordu “kəlmeyi-şəhadəti” deyən, “Allahu Əkbər” qışqıran camaat idi. Aralarında bu gün belə sünni müsəlmanların “Allah onlardan razı olsun!” deyib ehtiramla yad etdikləri, elitadan sayılan, səhabə hesab edilən şəxslər var idi. Belə çıxır ki, Əli (ə) də -haşa!- “parçalanmaya”, “qardaş qanının axıdılmasına” səbəb olmuşdu. Halbuki, Ondan (ə) öncə bu cür böyük və ardı-arası kəsilməz döyüşlər baş verməmiş, geniş torpaqlar fəth edilmişdi. İmam Əlinin (ə) dövründə isə belə fəthlər olmamış, yalnız daxili çəkişmələr, “parçalanmalar” baş vermiş, “qardaş qanı” axıdılmış, “müsəlmanların vəhdəti” pozulmuşdu.

O zaman İmam Hüseyn (ə) də -haşa!- “parçalanmaya” səbəb olmuşdu. Çünki, O (ə), “şəri, qanuni xəlifəyə” – Yezidə qarşı çıxmışdı. Halbuki, Onun (ə) bu qiyamına qədər daxildə Yezidə qarşı bu səviyyədə ciddi hərəkat olmamışdı. Həyat öz axarıyla davam edirdi. Xristian dövlətlərinə qarşı savaşlar edilməliydi. Yezid Konstantinopolu (İstanbulu) “fəth” etməliydi. Atasının dövründə bir dəfə buna cəhd etmişdi, amma müvəffəq olmamışdı. İndi qarşıda “İslam dövlətinin” xeyrinə olan bu qədər mühim işlər var ikən, İmam Hüseyn (ə) Yezidə qarşı çıxdı, həmin işlər təxirə düşdü, “İslam dövləti” ziyan gördü. Bundan yalnız xristian dünyası sevindi. Belə çıxır ki, İmam Hüseyn (ə) hərəkatı –haşa!- “parçalanmaya” səbəb olmuş, “müsəlmanların vəhdəti” pozulmuşdu.

Xülasə, bu “ziyalıların” belə yersiz və əsassız iddialarının heç bir elmi dəyəri yoxdur. Şah İsmayıl öz dövrünün müaviyyələri, yezidləri ilə mübarizə aparırdı. Heç bir vəhdət yox idi ki, “parçalanmaya” səbəb olsun. Müsəlmanlar arasındakı vəhdəti pozan, İslamın parçalanmasına səbəb olan Əbu Bəkr və Ömərdir, Şah İsmayıl yox.
Biz qatı şiə əleyhdarı, özünü sünni hesab edən, əslində sünnilikdən uzaq olan bu “ziyalılardan” fərqli olaraq heç bir sözü özümüzdən demirik. Əbu Bəkrin və Ömərin haqqında dediklərimizin hamısı, bu “ziyalıların” etibar etdiyi qaynaqların da təsdiq etdiyi, mötəbər sənədlər vasitəsilə əldə edilmiş, inkar edilməsi mümkün olmayan tarixi faktlardır.



Nicat Səfərov

Комментариев нет:

Отправить комментарий