четверг, 22 октября 2015 г.

Yezid: fateh, yoxsa müsəlman torpaqlarını rüşvətlə satan xəyanətkar?

Yezid: fateh, yoxsa müsəlman torpaqlarını rüşvətlə satan xəyanətkar?
Tanınmış ilahiyyatçı Natiq Rəhimov Elşad Miriyə cavab verdi


“Yezidin dövründə İslam çox geniş yayılıb. Bu, tarixdə faktla sübut olunur. Bunu heç kim inkar edə bilməz”.

Bu sözləri APA internet TV-sinin aparıcısı öz sensasion, qıcıqlandırıcı bəyanatları ilə daim gündəmdə qalmağa çalışan dırnaqarası “ilahiyyatçı” ilə müsahibəsində söyləyib. APA-nın özünün məqsəd-məramı, bəzi aparıcılarının mənəviyyatı (Füzuli və Nizami haqqında bu kanalın aparıcısının FB-də işlətdiyi təhqiramiz ifadələr hələ yadımızdan çıxmayıb), verilişə dəvət olunmuş “ilahiyyatçının” Kedicikli Hoca ilə qazandığı imic – bütün bunları bir kənara qoyuruq. Aparıcının savadsız və məsuliyətsiz bəyanatına “ilahiyyatçının” bəli-bəli deməsini və Yezidin sadəcə bir səhv (günah və cinayət yox, səhv) etdiyini söyləməsini də görməməzliyə vururuq.


Diqqətimizi Yezidin zamanında İslamın çox geniş yayılması və bu faktın inkar edilməyəcək dərəcədə möhkəm olması barədə sensasion bəyanat cəlb etdi və bu deyilənlərin tarixdə əsası olub-olmadığını yoxlamaq qərarına gəldik.
Əvvəla, hələ birinci xəlifə Əbu Bəkrin zamanında başlamış, əvvəlcə Şam istiqamətində uzanmış, daha sonra İran, Orta Asiya və Şimali Afrika cəbhələrinə bölünmüş müsəlman fəthləri o zamanın səciyyəvi reallıqlarından biri idi. Bütün xəlifələr bu istiqamətdə müəyyən səylər göstərmişlər və göstərməli idilər. Çünki bu, dövlət siyasətinin tərkib hissəsi idi. Formal olaraq bütün xəıifələrin zamanında cəbhə bölgələrinə qoşunlar göndərilir, iri və kiçik miqyaslı hərbi əməliyyatlar aparılırdı. Bu hərbi əməliyyatların heç də hamısı müsəlmanlar üçün uğurla nəticələnmirdi. Əslində hər göndərilən qoşun və hər döyüş də fütuhat demək deyildi. Sadəcə olaraq, sərhəddə növbə şəkən əsgərləri yeniləri ilə əvəz etmək, üsyan qaldırmış şəhərləri qaytarmaq, düşmən tərəfin hücumlarına cavab vermək üçün də qoşun göndərilməli idi. Yəni hər hansı xəlifənin zamanında Şam, Afrika, Orta Asiya və ya başqa istiqamətlərdə qoşun göndərilməsi heç də mütləq mənada yeni fəthlərin olması anlamına gəlmir. Təbii ki, Yezid də dövlətçilik ənənəsinə sadiq qalaraq, formal da olsa, cəbhəyə yeni qoşunlar göndərməli idi və bu barədə salnamələrdə ara-sıra məlumatlar da mövcuddur. Bu, məsələnin bir tərəfi.
İkincisi, Yezidin hakimiyyət dövrü qısa və keşməkeşli olmuşdur. Onun başı daxili üsyanları yatırmağa qarışmışdı. Ölkədə vətəndaş müharibəsi gedirdi, Kufə qiyama hazırlaşırdı və İmam Hüseyni dəvət etmişdi, Hicaz özünü xəlifə elan etmiş Abdullah ibn Zübeyrin ixtiyarında idi.
Belə bir şəraitdə sərhəddən kənara hərbi qüvvə toplamaq və uğurlu döyüşlər aparmaq sadəcə olaraq qeyri-mümkün idi. Tarix bunu sübut edir ki, daxili mübarizəyə başı qarışmış demək olar ki heç bir hökmdar fəthlərə vaxt və imkan tapmayıb. Güclü hökmdarlar belə, yalnız ölkə daxilində sabitliyə nail olandan sonra nəzərlərini ölkə xaricinə yönəltmişlər, daxildə vəziyyət gərginləşəndə isə hətta öz qonşuları ilə müvəqqəti sülh bağlayaraq ordunu sərhəd məntəqələrindən ölkənin içərisinə yönəltmişlər. Bu da məsələnin ikinci tərəfi.
Üçüncüsü, Yezidin bacarıq və qabiliyyəti, hökmdarlıq səriştəsi mühüm fəthlərə imza atmağa imkan verməzdi. O, xilafət daxilində vəziyyəti nəzarət altında saxlaya bilmirdi, o ki ola xilafət hüdudlarından kənarda fəthlər aparsın. Yeziddə nə iman, nə fərasət, nə də atasından fərqli olaraq hiylə var idi. Yenə Müaviyə zamanındalı fəthlərdən danışsaydılar dərd yarı idi. (Hərçənd ki, Müaviyə də öz hərbi əməliyyatlarını ölkədə sabitlik yaratdıqdan, İmam Əli və İmam Həsəndən xilas olduqdan sonra apara bilmişdi). Əgər Yezidin zərrəcə düşüncəsi və fərasəti olsaydı, atasının vəsiyyətinə əməl edər, İmam Hüseyni qətlə yetirməklə dünyasını və axirətini cəhənnəmə çevirməzdi. Bu cür düşüncə və fərasət sahibinin böyük fəthlər planlaşdırmasını düşünmək ya sadəlövhlükdür, ya da axmaqlıq.
Nəhayət, dördüncüsü. Aparıcının öz iddiasını hansı mənbələrdən əxz etməsi tam qaranlıq məsələdir. Heç bir mötəbər mənbədə Yezidin zamanında nəzərəçarpacaq böyük fəthlərin baş verməsi barədə məlumata rast gəlmirik. Yuxarıda qeyd etdiyimiz kimi, o da öz sələfləri və xələfləri kimi cəbhə bölgələrindəki hərbi qüvvələri mütəmadi olaraq yeniləri ilə əvəzləmişdir. Onun da zamanında bəzi hərbi əməliyyatlar baş vermişdir. Amma bu döyüşlərin bir hissəsi müsəlmanların xeyrinə qurtarsa da, bir hissəsi ağır məğlubiyyətlə nəticələnmişdir.
Təbəri, Məsudi, İbn Xəldun kimi böyük tarixçilər öz kitablarında Yezid zamanında hər hansı fütuhatın olmasına işarə vurmamışlar. Hətta tarixi hadisələrin təsvirində gen-bol məlumatlar verməsi, mövzuya dəxli olan və olmayan bütün xəbərləri bir araya toplaması ilə seçilən Təbəri Yezid zamanındakı hadisələri kifayət qədər xırdalıqlarla təsvir etsə də, yalnız Orta Asiya istiqamətində üç şəhərin əhalisindən bac-xərac alınmasından danışır. Bu üç şəhərin ikisi Xarəzm və Səmərqənddir, üçüncü şəhərin adını isə Təbəri ümumiyyətlə qeyd etmir və onun Xarəzm yaxınlığında yerləşdiyini yazır.
Biz İslam tarixi barədə bəzi mənbələri araşdırarkən, Yezidin zamanındakı xarici siyasət barədə maraqlı məlumatlar əldə etdik. Aydın oldu ki, onun zamanında nəinki heç bir diqqətəlayiq fəth baş verməmişdir, əksinə, Yezid özündən əvvəlki xəlifələrin tutduğu əraziləri saxlaya bilməmiş və geri qaytarmışdır. Şimali Afrikada əldə edilmiş bütün keçmiş uğurların üzərindən Yezidin zamanında xətt çəkildi və müsəlmanlar bu torpaqlardan qovuldular. Müsəlman dəniz donanmasının fəth etdiyi Kipr, Rodos və sair adalar Yezidin zamanında Bizansa qaytarıldı. Maraqlıdır ki, özü də qanlı savaşların nəticəsində yox, rüşvət müqabilində qaytarıldı!!!


İslam fəthləri mövzusunda qələmə alınmış ilk və mötəbər mənbələrdən sayılan Bəlazurinin “Fütuh əl-buldan” (Şəhərlərin fəthi) kitabında yazılıb ki, Yezid hakimiyyət başına keçdikdən sonra Kipr adasındakı müsəlman qarnizonunu geri çağırmış və Kiprdə müsəlmanların saldığı şəhəri uçurmağı əmr etmişdi: “Mühəmməd ibn Müsəffa əl-Himsi Vəliddən rəvayət edir ki, bizə bu xəbər gəlib-çatdı ki, Yezid ibn Müaviyə hədsiz miqdarda çoxlu mal-dövlət rüşvət alıb, Kipr qoşununu geri çağırdı. Qoşun geri dönəndən sonra Kipr əhalisi müsəlmanların şəhərini və məscidini dağıtdı” (Bəlazuri. Fütuh əl-buldan, Beyrut, miladi 1987-hicri 1407-ci il nəşri, səh. 209). Yenə həmin kitabda Bəlazuri Rodos adasının fəthindən danışaraq qeyd edir ki, müsəlman qarnizonu Rodosda ələ keçirdikləri qalada yeddi il məskunlaşmışdı. “Müaviyə öləndən sonra Yezid Cənadəyə (Rodosdakı müsəlman qarnizonunun rəisinə) məktub yazıb əmr etdi ki, qalanı uçurub geri dönsün” (səh. 330).
Məşhur tarixçi İbn Əsir də “əl-Kamil fi-l-tarix” kitabında Müaviyə zamanında, hicri 54-cü ildə Konstantinopol yaxınlığındakı Ərvad adasının fəth edildiyini qeyd etdikdən sonra yazır: “Müaviyə öldükdən və oğlu Yezid hakimiyyətə keçdikdən sonra onlara (əsgərlərə) əmr etdi ki, adanı tərk edib qayıtsınlar, onlar da qayıtdılar” (İbn Əsir. Əl-Kamil fi-l-tarix, Beyrut, miladi 1987-hicri 1407-ci il nəşri, 3-cü cild, səh. 344).
Yezidin uğursuzluqları yalnız Aralıq dənizi ilə məhdudlaşmırdı. Onun zamanında Şimali Afrika istiqamətində aparılan əməliyyatlar da məğlubiyyətlə nəticələnmişdi. Yezidin sərkərdəsi Üqbə ibn Nafe 682-ci ildə ətrafında azsaylı döyüşçünün olmasına məhəl qoymadan Şimali Afrikanın içərilərinə qədər soxuldu. Nəticədə bərbər tayfaları onu pusquya salıb, bütün dəstəsi ilə birlikdə öldürdülər. Bundan sonra bərbərlər əks-hücuma keçib, müsəlmanları Məğrib torpaqlarından sıxışdırdılar.
Məşhur şərqşünas Marshall G.S.Hodgson “The Venture of İslam” (İslamın cəsarəti) adlı kitabında Yezid haqqında yazır: “Yezid dörd qarışıq il boyunca (680-683) Müaviyənin siyasətini davam etdirdi. Amma idarəçilikdə onun qədər bacarıqlı deyildi. Onun əsgərləri şimal-şərqi İranda irəliləməkdə idilər. Amma bizanslılar qarşısında Yezid müdafiə vəziyyətini almışdı. Müaviyənin ölümündən əvvəl başlamış və dörd il davam etmiş İstanbul (Konstantinopol) mühasirəsi böyük itki verərək yarımçıq buraxıldı. Suriya dağlarında məskunlaşmış xristianlar Bizansın dəstəyi ilə hücumlar həyata keçirirdilər. Yezid öz hakimiyyətinin başlanğıcında Bizansla sərhəddi möhkəmlətməyə məcbur oldu. Onun Məğribdəki (Şimali Afrikadakı) nümayəndəsi bərbərləri qıcıqlandırdı və bərbərlər uğurla nəticələnən hücuma keçdilər”. (M.G.S.Hodgson. İslamın serüveni (türkcə tərcümə), İstanbul 1995-ci il nəşri, 1-ci cild, səh. 162).
Beləliklə, Yezidin Şimali Afrikadakı hərbi kampaniyası da tam iflasa uğradı. Üqbə ibn Nafe əvvəlcə uğur qazana bilsə də, bu uğuru qoruyub-saxlamağı bacarmadı. Nəticədə, xeyli müsəlman əsgəri öldürüldü, müsəlmanların Şimali Afrikadakı əsas dayağı sayılan Qeyruvan şəhəri bərbərlərlə bizanslıların birləşmiş qüvvələri tərəfindən ələ keçirildi.
Yezidin sərkərdələrinin Orta Asiya yürüşü az-çox uğurlu olsa da, birmənalı dəyərləndirilə bilməz. Bu cəbhədə də qələbə ilə məğlubiyyət bir-birini əvəz edirdi.
Zənnimizcə, Yezidin hakimiyyət illərini ən gözəl dəyərləndirən şəxs İbn Cövzi olmuşdur. O, Yezid haqqında yazırdı: “Nə deyim bir adamın barəsində ki, üç il hakimiyyət sürmüş, birinci il Hüseyn ibn Əlini qətlə yetirmiş, ikinci il Mədinə əhalisini qorxudub camaatın qanını halal elan etmiş, üçüncü il də Allahın evini mancanaqlardan daşa tutmuşdur?” (Sibt ibn əl-Cövzi. Təzkirət əl-xəvass, səh. 291-292).
Həqiqətən, Yezid təqribən 3 il yarım davam etmiş xəlifəlik dövründə üç böyük cinayətə imza atdı. Hakimiyyətə gəldikdən təqribən altı ay sonra İmam Hüseyni (ə) görünməmiş qəddarlıqla qətl etdirdi. Bundan iki il sonra – hicri 63-cü ildə Yezid, ona qarşı qiyam qaldırmış Mədinə əhalisini amansızlıqla cəzalandırdı. Şam qoşunu Mədinəyə daxil olanda şəhərdəki hər şey – sakinlər də daxil olmaqla – əsgərlərə halal elan edildi. Mədinədə minlərlə adam, 700-dən artıq elm əhli və Quran qaresi, o cümlədən 80 səhabə qətlə yetirildi. Qadınların və qızların namusu tapdalandı. Sonra Yezidin əmri ilə qoşun Məkkəyə sarı istiqamət aldı. Məkkəyə sığınmış Abdullah ibn Zübeyri məğlub etmək üçün Şam qoşunu şəhərə mancanaqlardan iri daşlar atmağa başladı. Daşlar Kəbənin divarlarını uçurtdu, Kəbənin üzərindəki kisvə (örtük) yandı...
Yezidin fütuhat sərgüzəştləri barədə ağızdolusu danışanlar elə onun atası Müaviyənin vəhy katibi olduğunu həyasızlıqla iddia edən qüvvələrdir. Bu yazını oxuduqdan sonra onların öz fikirlərindən dönəcəklərini güman da etmirik. Çünki Allah onların qəlbini möhürləmiş, gözlərinə və qulaqlarına pərdə çəkmişdir. Qoy təriflədikləri Yezidlə bir cərgədə məhşərə gətirilsinlər.
Yezidin isə əsil qiymətini tarix verib. Yüz illərdir ki, susuz insanlar su içib sərinliklərini yatırandan sonra bir cümlə deyirlər: ALLAH YEZİDƏ LƏNƏT ELƏSİN!
P.S. Sadəcə maraqlıdır. Son illərdə Yezidi millətimizə az qala “qəhrəman” kimi sırımaq istəyənlərin məqsədi nədir? Bu, sadəcə savadsızlıq və axmaqlıq məsələsidi, ya məhz Əhli-beyt düşmənçiliyi?

Natiq Rəhimov

Комментариев нет:

Отправить комментарий