пятница, 29 мая 2015 г.

Azərbaycan Xalq Cümhuriyyətinin qəhrəmanları... -



Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu şanlı tarixin  99-cu ili tamam olur. 1918-ci il mayın 28-də müstəqilliyi elan olunmuş  AXC Şərqin ilk demokratik dövləti kimi tarixə düşüb. 

Cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət hökumətinin Azərbaycan dövlətçilik tarixində əsaslı xidmətləri olub. 28 aprel istilasına qədər gənc dövlətin hökumətinin tərkibi dörd dəfə dəyişib.

Birinci hökumət elə həmin gün təsis edilib və Fətəli xan Xoyski həmin hökumətin sədri seçilib. 

İkinci hökumət isə 1918-ci il iyunun 17-dən dekabrın 7-ə qədər davam edib. Dekabrın 7-də parlament təsis edilib və hökumətin tərkibi üçüncü dəfə dəyişib. Birinci və ikinci kabinetdə olan bəzi kadrların fəaliyyəti başqa sahəyə yönəldilib.

AXC-in əsas sütununu isə hökumətin tərkibində olan nüfuzlu şəxslər təşkil edirdilər ki, bu dövlət 28 apreldə süqut edən zaman onlar məcbur qalıb ayrı-ayrı yerlərə getməyə məcbur olublar. Bir qismi isə repressiyaya tuş gəlib.

Modern.az saytı həmin AXC qəhrəmanlarının bəzilərini fotoları ilə birlikdə təqdim edir:

Məhəmməd Əmin Rəsulzadə

Bu tarixi şəxsiyyət haqqında çox danışmağa o qədər də ehtiyac yoxdur. 

Hər kəsin tanıdığı Rəsulzadə Şərqdə ilk demokratik Cümhuriyyətin əsasını qoyub. 

Milli Şuranın sədri seçilən Rəsulzadə AXC-in süqutundan sonra mühacirətdə mübarizəsini davam etdirib. 

Həddindən artıq faciəli ömür yaşayan Rəsulzadə 1955-ci ildə Türkiyədə vəfat edib.

Fətəli xan Xoyski

ADR-in il hökumət başçısı seçilib. Fasilələrlə həm daxili işlər naziri, həm də xarici işlər naziri kimi fəaliyyət göstərən Xoyski cümhuriyyətin elan olunmasında elə Məhəmməd Əmin qədər iş görüb. 

İlk dəfə o, bütün dünyaya radio teleqramlar vasitəsilə AXC-nin müstəqilliyi barəsində məlumat verib. 

O, 1920-ci il iyunun 19-da erməni qatil Aram Yerganiyan tərəfindən güllələnib və Gürcüstanda Mirzə Fətəli Axundovun yanında dəfn edilib.

Əlimərdan bəy Topçubaşov

Xalq Cümhuriyyətinin parlament sədri olan nüfuzlu diplomat Versal konfransına gedən nümayəndə heyətinə də rəhbərlik edib. 

Çox təəssüf ki, həmin nümayəndə heyəti məlum səbəblərdən geri qayıtmayaraq, Avropada qalıb. 

AXC-dən əvvəl Azərbaycanı çar Dumasında təmsil edən tək-tük insanlardan biri olan Topçubaşov da məcburi şəkildə Fransada qalmalı olub. 

O, 1934-cü ildə Parisdə vəfat edib.

Məhəmmədhəsən Hacınski

Nüfuzlu nəslin davamçısı olan Məhəmmədhəsən Hacınski AXC-nin həm daxili işlər, həm də xarici işlər naziri olub. 

Çox təəssüf ki, AXC-nin süqutundan sonra həbs edilib və pis vəziyyətdə olan ailəsinin durumuna dözə bilməyərək, həbsxanada özünü mələfə ilə asaraq intihar edib. 

Hacınski həbsdə olan zaman ailəsinin ona gətirdiyi pendir-çörəyi geri qaytarırdı ki, ağır durumda olan uşaqları onunla qidalansınlar.

Nəsib bəy Yusifbəyli

AXC-nin ikinci hökumətinin başçısı olmuş Nəsib bəy Yusifbəyli həm də fasilələrlə maarif və daxili işlər naziri kimi fəaliyyət göstərib. Başqa AXC qəhrəmanları kimi onun da həyatı əzablarla yadda qalıb. 

Nəsib bəy AXC süqut etdikdən sonra mühacirətə getmək istəyərkən, 1920-ci ildə Kürdəmir tərəfdə müəmmalı şəkildə qətlə yetirilib.

Xəlil bəy Xasməmmədov

AXC-nin ədliyyə və daxili işlər naziri vəzifələrində çalışan Xəlil bəy Xasməmmədov da ömrünün Cümhuriyyətdən sonrakı hissəsini mühacirətdə keçirib. 

1947-ci ildə İstanbulda vəfat edib və İstanbulun Feri-Köy məzarlığında dəfn olunub. Qəbri 1967-ci ildə vəfat edən yaxın qohumu və əqidədaşı Nağı bəy Şeyxzamanlının məzarının yanındadır.   

Behbud bəy Cavanşir

Cümhuriyyət tarixində xüsusi çəkisi olan adamlardan biri də Behbud bəydir. O, həm daxili işlər naziri, həm də ticarət nazirinin müavini vəzifələrində çalışıb. 

Behbud bəy Cavanşir də erməni xislətinin qurbanı olub. Xaricdə olarkən bir erməni qatil tərəfindən müəmmalı şəkildə qətlə yetirilib.

Xosrovpaşa Sultanov

AXC-nin ilk hərbi naziri olmuş Xosrovpaşa Sultanov həm də Qarabağın general-qubernatoru kimi də fəaliyyət göstərib. 

X.Sultanov da 1947-ci ildə mühacirətdə, konkret olaraq Trabzonda vəfat edib.

Ceyhun Hacıbəyli

AXC-nin ən gənc kadrlarından olan Ceyhun bəy həm də ən bəxtsiz şəxsiyyətlərindən biri kimi tarixə düşüb. Çox gənc ikən Versala gedən diplomatik nümayəndə heyətinin tərkibində yer alan gənc müşavir sonradan vətənə qayıda bilməyib. Beləcə, bütün ömrünü qürbətdə keçirməli olub. 

Qardaşı Üzeyir bəy onun vətənə gəlməsi üçün çox çalışsa da, rejim buna imkan verməyib. C.Hacıbəyli Fransada dünyasını dəyişib və orada dəfn edilib.

Səməd bəy Mehmandarov

Dövrünün ən mahir hərbi xadimlərindən biri olan Səməd bəy Mehmandarov həm çar, həm AXC, həm də sovet ordusunda yüksək vəzifələrdə fəaliyyət göstərib. 

Bir müddət AXC-nin hərbi naziri də olub. Ömrünün son üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olub. 1931-ci ildə vəfat edib. 

Əhməd Pepinov

AXC-nin həm parlament üzvü həm də əmək naziri olmuş Pepinov daha çox mühacirətdəki fəaliyyəti ilə tanınıb. AXC-nin süqutundan sonra bolşeviklər yüksək dərəcəli kadr olduğu üçün onu öldürməyib və müəyyən vəzifələrə təyin ediblər.

 O, hətta Qazaxıstanda maarif nazirinin müavini kimi də çalışıb. 1938-ci ildə repressiyaya məruz qalaraq, vəfat edib.

Rəşid bəy Qaplanov

Nüfuzlu Qaplanovlar nəslinin davamçısı olan Rəşid bəy gənc yaşına baxmayaraq, AXC tarixində iki sahənin naziri olmuş şəxs kimi xatırlanır. 

Gənc siyasi xadim həm maarif və dini etiqad naziri, həm də maliyyə naziri kimi fəaliyyət göstərib. O da repressiyaya məruz qalıb, 1937-ci ildə güllələnib.

Nağı bəy Şeyxzamanlı

AXC-nin xüsusi xidmət naziri olmuş Nağı bəyin rəsmi vəzifəsi Əksinqilabla Mübarizə İdarəsinin rəisi olub. Qeyd edək ki, bu strukturu da məhz Nağı bəyin özü yaradıb. Gələcəkdə böyük perspektivlər vəd edən bu qurum təəssüflər olsun ki, çox yaşamadı. 

Nağı bəy 1967-ci ildə İstanbulda vəfat edib. Amerika Azərbaycanlıları Alyansının sədri xanım Tomris Azərinin babasıdır. 

Aslan bəy Səfikürdiski

AXC-nin daha bir gəncəli balası da Aslan bəy olub. Cumhuriyyət tarixinin həm baş prokuroru, həm də poçt, teleqraf və əmək naziri kimi fəaliyyət göstərən Aslan bəy öz fəaliyyət sahəsinə uyğun bir çox kadrları yetişdirə bilib. 

Səfikürdiskilər nəslinin ən parlaq nümayəndələrindən olan Aslan bəy də repressiyaya məruz qalıb.

Комментариев нет:

Отправить комментарий