воскресенье, 24 мая 2015 г.

GƏNCƏ ÜSYANI - 95 !!!

GƏNCƏ ÜSYANI - 95 !!!
______________________
Bu gün Gəncə Üsyanının başlanmasının 95 illiyidir!
Gəncə Üsyanı- Azərbaycan tarixinin ən şanlı, ən qürurverici səhifələrindən biridir!
Gəncə Üsyanı Millətimizin bir Qəhrəmalıq səlnaməsi, Xalqımız yazdığı Mərdlik və Əyilməzlik hekayəsidir!
95 il əvvəl, 1920-ci ilin məhz bu günü, yəni 24 May tarixində üçrəngli müqəddəs bayrağımız Azərbaycan səmasında yenidən yüksəldilərək iyun ayının 3-nə kimi şərəflə dalğalandı!
_________________________
Biz bu həftəmizi "Gəncə Üsyanı həftəsi" elan edirik!
Bu mərd babalarımızın qəhrəmanlığı və əyilməzliyi qarşısında göstərə biləcəyimiz ən cuzi təzim, anım və minnətdarlıq ifadəsi olar.
Beləliklə, "Gəncə Üsyanı həftəsi" çərçivəsində Üsyanının tarixiylə bağlı planlaşdırdığımız silsilə yazılardan ilk kiçik məqaləni sizə təqdim edirik.
------------
Gəncə Üsyanı. Başlanğıc.
Bildiyimiz kimi, 1920-ci ilin aprel ayında Rusiya XI-ci Qızıl Ordusunun gücü və "milli" bolşeviklərin vasitəçiliyi ilə Azərbaycan ərazisini zəbt etdi. Bununla 23 aylıq, gənc Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı.
İşğalın asan, demək olar ki müqavimətsiz ötüşməsinin bir çöx obyektiv və subyektiv səbəbləri var idi. Bu səbəblər və faktorlar toplusu, o cümlədən işğalın geosiyasi aspektləri haqda fikirlərimizi növbəti yazılarda mütləq bölüşəcəyik.
İndi isə keçək birbaşa Gəncə Üsyanının özünə, daha doğrusu hələlik onun baş vermə səbəblərinə.
Bolşevik işğalından sonra Azərbaycanın bütün bölgəldərində çox ağır bir vəziyyət yaranmışdı.
Ölkədə terror tüğyan edirdi, bolşevik ordusunun özbaşınalığı, təhqir və talanı baş alıb gedirdi.
Günahsız insanlar sorğusuz-sualsız güllələnir, millətimizin qaymağını təşkil edən aydınlar - ictimai, siyasi, dini xadimlər planlı şəkildə məhv edilirdi. Əhalinin mülkiyyəti və varı-yoxu bəy, xan, mülkədar, müsavatçı adı ilə müsadirə edilir, müqəddəs yerlər və milli duyğular aşağılanırdı.
Gəncədə ən görkəmli şəxsiyyətlər - Gəncəlilərin sevimlisi, şəhərin general-qubernatoru "Xudu Bəy"-Xudadat bəy Rəfibəylinin, İsmayıl xan Ziyadxanovun, Məmmədbağır Şeyxzamanlının həbs olunaraq güllələnməsi, Nəsib bəy Yusifbəylinin müəmmalı şəkildə yoxa çıxması, digər əslən Gəncədən olan ictimai-siyasi xadimlərin - Həsən bəy Ağayevin, Xəlil Xasməmmədovun, Fətəli xan Xoyskinin, Nağı bəy Şeyxzamanlının və başqalarının ölüm təhdidiylə vətəndən iraq salınması və digər tükürpədici olaylar, axır nəticə olaraq millətimizin haqlı hiqqətinə səbəb oldu və bütün Gəncə işğalçılara qarşı Xalq Üsyanına qalxdı.
Beləliklə, tariximizin ən şanlı səhifələrindən birini təşkil edən Gəncə Üsyanı başladı!
M.Ə. Rəsulzadə Gəncə Üsyanı və onun səbəbləri haqqında belə yazırdı:
"Ixtilaldan bir ay sonra artıq bütün Azərbaycan, məmləkətinin müdhiş bir istilaya məruz qaldığını acı bir surətdə dərk eyləmişdi.
...sərvət və samanının yağmaya getdiyini, ədəb və əxlaqi-milliyyəsinin fəna surətdə təhqirə məruz qaldığını duyunca, bittəb Xalq təhəmmül edəmədi.
Üsyan etdi.
Bu üsyan ibtida Gəncədə başladı.
Çarizmin qəddar generalı Knyaz Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən CAVAD XAN Şəhəri bu dəfə də kəndisini göstərdi!
Millətin təhəmmül edəmədiyi təcavüzlərə qarşı üsyankar ruhilə köpürdü!"
Gəncə Üsyanın birbaşa rəhbərlərindən biri olmuş polkovnik Cahangir Kazım bəy Üsyan öncəsi yaranmış durumdan və insanların keçirdiyi hisslər haqda belə yazırdı:
« İndi içində olduğumuz dəhşətə inanmaq istəmirdim.
Doğrudanmı bizlər – azərbaycanlılar belə asanlıqla, heç bir dirənişsiz və etirazsız öz zəngin və çiçəklənən ölkəmizi bolşevik vəhşilərinə buraxacaqdıq?..
Doğrudanmı bu rüsvayçı zülmdən qurtulmaq üçün əlimizi ağdan-qaraya vurmayacağıq?..
Hanı bizim mənliyimiz?..
Hanı bizim şərəfimiz?..
Adamın içini oyub ağrıdan bu sualları hər bir azərbaycanlının, hər bir əsgərin, hər bir zabitin üzündən oxumaq olardı..»
"Azərbaycan" qəzetinin redaktoru, dahi Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəyli Gəncə Üsyanını belə qiymətləndirirdı:
“Gəncə Üsyanı- Millətimizin Şərəf və Namusunun yenidən kəsbi, etibar qazandığı bir dastandır!
Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsində millətimizə atılan şərəfsizlik ləkəsini silib götürdü!”
Gəncə Üsyanı 1920-ci il mayın 24-ndə başladı.
Üsyanı təşkilində və idarə olunmasında general-mayor Mirzə Qacar, polkovnik Cahangir Kazım bəy, general Cavad bəy Şıxlinski, general Teymur bəy Novruzov, Bağırbəy Rəfibəyli, Qaçaq Qəmbər, Sarı Ələkbər, Hacı Əsgər oğlu Məhəmmədəli, Tatoğlu Həsən, Hüsamətdin Tuğac və başqa mərd babalarımız idarə edirdilər.
Mayın 22-də Bağman məscidində Üsyanın rəhbərləri, öz partizan dəstələri ilə ayağa qalxacaq Sarı Ələkbər və Qaçaq Qəmbər, eləcə də Milli Ordunun tabor və bölük komandirləri birgə müşavirə keçirdilər və ümumi əməliyyat planını dəqiqləşdirdilər.
Mayın 24-ü, axşam saat 8-də tam döyüş gücüylə hücuma keçən taborlar sürətli həmləylə öncədən müəyyənləşdirilən yerləri tutdular və öz öhdələrinə düşən tapşırıqlarını gerçəkləşdirməyə başladılar.
İlk atəş səslərini eşidincə, əlinə nə gəldi silahlanan Gəncənin demək olar ki, bütün kişi əhalisi küçələrə axışdı!
Onların əsas qismi Qırmızı Ordu hissələriylə döyüşə girən partizan dəstələrinin köməyinə tələsdi, bir qismi də kiçik bolşevik hissələrin komanda heyətini tərksilah etdi.
Sıralarına minlərlə adi gəncəlinin də qoşulduğu Qaçaq Qəmbərin və Sarı Ələkbərin partizan dəstələri Bağman tərəfdən hücuma başlayaraq, Gəncə-çayını keçib, ermənilər yaşayan hissədə yerləşən Qırmızı Ordu bölüyünü tamamilə darmadağın etdilər!
Artıq axşam saat 11-də, demək olar, tam komanda heyəti və artilleriyasıyla birgə bütün Qırmızı Diviziya və bolşeviklərin "milli" başıpozuq-avantüristlərdən təşkil etdiyi «Şəriət Alayı» tərksilah olundu və 3000-dən artıq bolşevik şəhər həbsxanasına salındı.
Beləliklə, mayın 24-dü gecə Gəncə tam olaraq üsyançıların əlinə keçdi! Bundan sonra neçə gün şəhər ətrafında irili-xırdalı bir çox qanlı toqquşmalar baş verdi və bolşeviklər hər dəfə məğlubiyətə uğradılar.
Beləcə, qürurverici bir gün gəldi!
28 May İstiqlal Bayramında üç rəngli bayrağımizı Azərbaycan səmasında yenidən dalğalandıran yenə də Gəncə oldu !
Üsyanın rəhbərlərindən biri polkovnik Cahangir Kazım bəy bu gün haqda görün nə yazır, çox təsirlidir:
"Ağlagəlməz dərəcədə gözəl bir 28 may gəlmişdi!
Elə bil, ana təbiət də bu gündən dolayı sevinir və bərabər olmayan döyüşdə əldən düşən üsyançı xalqa təskinlik verirdi...
Həmin gün Azərbaycanın İstiqlalı münasibətilə Dairə Məhkəməsinin binasında axşam saat 8-də Şeyxülislam başda olmaqla ən hörmətli şəxslər toplaşmışdı. Ümumi durumla tanışlıqdan sonra, demək olar ki, toplaşanların hər biri öz fikrini söylədi.
Hamı sonacan mübarizəyə səsləyirdi. Qoy yenilək, amma düşmən yüzlərcə, minlərcə ölümüzün üstündən keçərək qələbə çalsın!
Qoy 28 may günü Vətən uğrunda canından keçən möhtəşəm qurbanlar günü kimi tariximizə yazılsın. Qoy 28 mayda düşmən qəddar və amansız dirənişlə, dişə-diş, qana-qan mübarizəylə üzləşsin. Qoy 28 may günü layiqli dirəniş möhtəşəm ruhumuzun, mənəvi qələbəmizin rəmzinə çevrilsin!.." Ardı var
Müzadil Zauroğlu.

суббота, 23 мая 2015 г.

gercək mixaylo və anjelika..


Bir ideologiyanın ölümü

Bir ideologiyanın ölümü

İmam Xomeyni (r) ilk dəfə SEPAH-ın təhlükəsizlik xidmətindəki əməkdaşları Adsız Əsgər adlandırıb


İslam Keşikçiləri Korpusunun təhlükəsizlik xidməti əvvəlcədən iki qrupu nəzarətə götürmüşdü və bu qruplar xalqa qarşı təxribatçı qruplar sayılırdı. Onlardan biri Münafiqlər qrupu, digəri Tudə partiyası idi. Şəmsi 1358-ci il, ordibehişt ayının 2-də İmam Xomeyninin (r) göstərişi ilə İslam İnqilabı Keşikçiləri Korpusu yaradıldı. Təşkilat yarandığı zaman onun təhlükəsizlik xidməti də fəaliyyətə başladı. Bu bölmənin işi İslam Cümhuriyyətinə düşmən, dağıdıcı fəaliyyətlərlə məşğul olan şəxs və qrupların müəyyənləşdirilməsi idi. Göz qabağında idi ki, münafiqlər və Tudə partiyası ölkədə parçalanma aparmaq istiqamətində fəaliyyət göstərir. Tudə partiyası Rusiyanın İranda beşinci fəal sütunu sayılırdı. Bu partiyanın kökləri qədim idi, 10 min nəfərə yaxın üzvü vardı. Bu partiyanın cümhuriyyətə, xalqa qarşı fəaliyyətlərinin qarşısını almaq üçün İslam İnqilabı Keşikçiləri Korpusu göstəriş aldı. Adsız Əsgərlər bölməsi iki əməliyyatda təxribatla məşğul olan tudəçiləri həbsə almaqla ölkə daxilində bu xəyanətkar partiyanın həyatına son qoydu. Maraqlı sullardan biri budur ki, təhlükəsizlik xidmətinin yetərincə təcrübəyə malik olmayan gənc əməkdaşları İran tarixinin ən qədim və təcrübəli partiyasının başçılarını necə ələ keçirdilər? Bu tarixi hadisələrin təfərrüatı barədə məlumat toplamaq üçün uyğun sahənin qədim araşdırmaçılarından biri öz fikirlərini bölüşür. Bu araşdırmaçı Fars İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Sual: 60-cı illərin əvvəllərində münafiqlər kimi təxribatçı qruplar səhnədə ikən nə üçün Tudə partiyası hədəf seçildi?

Cavab: Təhlükəsizlik xidməti elə əvvəlcədən bir neçə qrupu nəzarətə götürmüşdü. Amma daha çox münafiqlər və Tudə partiyası fəal idi. Münafiqlərə Məsud Rəcəbi rəhbərlik edirdi. Tudə partiyası silahlı qarşıdurma yox, qiyam yolunu seçmişdi. Münafiqlər isə vətəndaş müharibəsinə hazırlaşırdı. Münafiqlərlə bağlı yeni qurulmuş cümhuriyyət kifayət qədər məlumatlı deyildi və bu təhlükə öncədən proqnozlaşdırılmırdı. Onlar hamıdan qabaq təşkilatlandılar və ciddi fəalliyyətə başladılar. Təbii ki, bu qrupun diqqətdən yayınmasının bir səbəbi də cümhuriyyətə qarşı təxribatların çoxluğu idi. Bu iki qrupdan əlavə ölkənin İraqın təcavüzü kimi bir problemi vardı. Kürdüstanda və başqa əyalətlərdə inqilaba zidd qüvvələr fəal idilər. Aydın məsələdir ki, Tudə və münafiqləri başqalarından fərqləndirən onların daha genişmiqyaslı əməliyyatlara hazırlaşması idi. Tudə həmin dövrdə təkcə Rusiyanın ümid bağladığı təşkilat deyildi. Bu təşkilata cümhuriyyətə qarşı olan əksər xarici qüvvələr ümidlə baxırdılar. Bir sözlə, təhlükəsizlik xidməti bu qərara gəldi ki, Tudə daha təhlükəlidir və bu partiyanın ləğv olunması zəruridir.

Sual: Necə oldu ki, çox təcrübəli tudəçilərə nəzarət və onların zərərsizləşdirilməsi təcrübəsiz gənclərə tapşırıldı?

Cavab: Öncə yada salmalıyıq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun vəzifələri nədir? İnqilab keşikçiləri konistitusiyanın 150-ci maddəsinə əsasən inqilab və onun nailiyyətlərini qorumağa vəzifəlidirlər. İnqilabın qorunması məsuliyyəti SEPAH-ın işini artırırdı. Şəmsi 1361-ci ildə inqilabın nailiyyətləri artıq ortada idi. SEPAH və onun təhlükəsizlik xidməti inqilabın keşiyində dayanmışdı. Bu təşkilat öz vəzifəsinə əməl edirdi. O üzərinə götürdüyü vəzifəni yerinə yetirmək üçün fəaliyyət göstərir və qeyri-qanuni heç bir addım atmırdı. Soruşursunuz ki, təcrübəli müxaliflərə nəzarət nə üçün təcrübəsiz gənclərə tapşırılmışdı? Bu sualı cavablandırmaq üçün öncə ölkədəki durumu yada salmaq lazım gəlir. Şah rejimi öz təhlükəsizliyini Qərb dövlətlərinə həvalə etmişdi. İranın təhlükəsizliyinə bir növ qərbdəki müttəfiqlər məsul idilər. Milli təhlükəsizlik deyilən bir sistem yox idi. İslam inqilabından sonra SEPAH Milli Təhlükəsizlik sistemi qurdu. Bu təşkilat da digər inqilabi təşkilatlar kimi şah aparatının məmurlarına etibar edə bilməzdi. Buna görə də gənc nəslin sorağına getdilər və çox mühüm postlar etiqadlı, sədaqətli gənclərə tapşırıldı. Əvvəlki rejimin təcrübələri nəzərdən keçirilir, öyrənilirdi. O zaman təhlükəsizlik xidmətindəki gənclər əsasən öz yaradıcılıqları ilə hərəkət edirdilər. Təbii ki, gənc olmalarına baxmayaraq təhlükəsizlik sistemi qurulurdu, müxtəlif istiqamətlərdə araşdırmalar aparılırdı. Doğrudan da, SEPAH-ın təhlükəsizlik bölməsi enerjili və fəal bir bölmə idi. Xatırlayıram ki, təhlükəsizlik xidmətinin fəaliyyətlərinin ilk dövrlərində həbsə alınan insanlara qarşı zərrəcə təzyiq yox idi. Həbsə alınanlara nəzakətlə yanaşırdılar və əksər etiraflar yatmış vicdanları oyatmaqla alınırdı. Müxalif qrup üzvlərindən biri izlənərkən çörək dükanına daxil olmuşdu. O çörək dükanına daxil olanda bir alıcı və bir çörək qalmışdı. Bu çörəyin yarısını ona vermişdilər. Sorğu zamanı ona demişdilər ki, çörək dükanında çörəyi səninlə bölən şəxsi tanıyırsan? O başa düşmüşdü ki, o çörək dükanına daxil olanda oradakı alıcı təhlükəsizlik xidmətinin işçilərindən imiş. Bir sözlə həbsə alınanlar həbsdən öncə o qədər diqqətlə izlənilirdilər ki, həbs olunduqları zaman qarşılarına qoyan məlumatları görüb özləri etiraf edirdilər.

Sual: İnqilabın qələbəsindən sonra müxalif və təxribatçı qruplara qarşı əməliyyatlarda xalqın iştirakı danılmazdır. Bu barədə nə deyə bilərsiniz?

Cavab: SEPAH-ın təhlükəsizlik qüvvəsi inqilabçı xalqla əl-ələ verərək işləyirdi. Əldə olunan müvəffəqiyyətlərdə xalqın rolu danılmazdır. SEPAH və onun təhlükəsizlik bölməsi cəmiyyətin əksər zümrələri ilə yaxın münasibətdə idi və bu zümrələrin köməyindən faydalanırdı. Bir gün bir xanım gəlib dedi ki, onların məktəbində bir müəllimin silahı var. Xanım çox maraqlı sual verirdi. Soruşurdu ki, müəllim inqilabçıdır, yoxsa müxalifətçi? Belə informasiyalar təhlükəsizlik xidmətinə çox kömək edirdi. Onlar bu xanımın verdiyi məlumatlar əsasında bir gizli qrupu aşkarladılar. Təhlükəsizlik bölməsinə cəmiyyətdən gələn informasiyalara kifayət qədər çox idi. Bir dəfə məlumat daxil olmuşdu ki, bir mənzildə yaşayan iki nəfərin hər gün küçəyə atdığı zibil 15 nəfərlik ailənin atacağı zibil qədərdir. Təhlükəsizlik xidmətinin gəncləri dərhal bu mənzili nəzarətə aldılar və məlum oldu ki, burada cümhuriyyətə qarşı fəaliyyət göstərən gizli qrup yerləşib.

Sual: Təhlükəsizlik xidməti saxlanılan şəxslərlə sorğuda sərtlik göstərirdimi?

Cavab: Mən saxlanılan şəxslərlə necə rəftar olunması barədə bir neçə xatirə danışmaq istəyirəm. Bir gün əməliyyat planı əsasında təhlükəsizlik xidmətinin işçilərindən biri inqilab düşmənlərindən birinin mənzilinə getməli idi. Bu şəxsin şəhərin görkəmli yerində böyük evi vardı. Evin qapsını döydüyü zaman həmin şəxsin xanımı qapını açmışdı. Məmur özünü təqdim edib demişdi ki, evdə axtarış aparmaqla bağlı məhkəmə qərarı var. Xanıma xatırlatmışdı ki, əgər müqavimət göstərilməsə çox sakit bir tərzdə tapşırılıq yerinə yetiriləcək və kimsə bu evdə axtarış aparılmasından xəbər tutmayacaq. Evdə axtarış zamanı növbə yataq otağına çatmışdı. Məmur demişdi ki, onlarla xanım əməkdaş gəlməyib və o özü yataq otağına daxil olmaq istəmir. Demişdi ki, mən sizə inanıram, bizimlə həmkarlıq edin və əgər bu otaqda bizim nəzərdə tutduğumuz nəsə varsa təhvil verin. Qadın bir qədər düşündükdən sonra yataq otağına daxil olmuş və təhlükəsizlik xidmətinin axtardığı sənədlərlə çıxmışdı. Əməliyyat beləcə tamamlanmışdı.

Bir gün təhlükəsizlik xidmətinin işçilərindən birini gənc bir əsgər işçi adı ilə çağırır. İşçi adı yalnız yaxın əməkdaşlar bilir. Məmur təəccüblə əsgərə deyir ki, siz səhv edirsiniz. Gənc əsgər deyir ki, mən sizi tanıyıram. Siz bir zaman mənim dayımın həbsi üçün evimizə gəlmişdiniz. Siz o zaman yataq otağına daxil olmadınız və bu işi evdə olanlara həvalə etdiniz. Sizin üzünüz və səsiniz yadımda qalıb. Sizin o zamankı mərdliyinizi unutmamışam. Siz gedəndən sonra sizin haqqınızda o qədər məhəbbətlə danışdım ki, ailə üzvləri təhlükəsizlik xidməti ilə həmkarlıq etdiyimdən şübhələndilər.

İmamın (r) qərargahını, Cəmaranı vurmaq əmri almış təyyarəçi Rükni istintaq zamanı bir istəkan südlə hər şeyi etiraf etdi. O xəstələnmişdi, soyuqlamışdı. Müstəntiq görmüşdü ki, Rükninin səhhəti ağırdır. Ona bir istəkan süd gətirmişdi. Rükni südü görəndə ağlamışdı. O heç vaxt ağlına gətirməzdi ki, böyük bir cinayətə yol verdikdən sonra onunla belə davaranacaqlar.

Bəli, İnqilab Keşikçiləri Korpusunun əməkdaşları, təhlükəsizlik xidmətinin məmurları ən qatı cinayətkarlarla nəvazişlə rəftar edirdilər. Bunlar şirin xatirələrdir və tam həqiqətdir. Mərhum İmam Xomeyni (r) ilk dəfə Adsız Əsgərlər deyə SEPAH-ın təhlükəsizlik xidmətindəki əməkdaşları çağırmışdı. Tudə partiyasının ləğvindən sonra İmam onlara belə müraciət etmişdi.

Sual: Hərbi sahə, yoxsa təhlükəsizlik sahəsi ağırdır?

Cavab: Hərbi müdafiə coğrafi mahiyyətə malikdir. Biz 8 illik müharibədə bunu gördük. Bu cəbhədə rəng ağ-qaradır. Yəni cəbhələr aydındır, qarşıda dayananın düşmən olduğunu bilirsən. Hərbi sahədə düşməni tanımaq asandır. Amma təhlükəsizlik xidmətində iş olduqca çətindir. Təhlükəsizlik xidmətinin iş sahəsi bütün ölkə ərazisidir və bu müdafiənin rəngi torpaq rəngindədir. Yəni inqilab düşmənləri xalqın arasında gizlənib. Təhlükəsizlik xidmətinin hədəfi insanların qəlbində özünə yer etmiş viruslarla mübarizədir. Bu asan iş deyil. Amma SEPAH və onun təhlükəsizlik xidməti bu günə qədər bu işin öhdəsindən layiqincə gəlib. Əgər hərbi sahədə sən irəliyə baxırsansa, təhlükəsizlik sahəsində hər tərəfə baxmalısan. Təhlükəsizlik sahəsində ön cəbhə, arxa cəbhə yoxdur. Hərtərəf cəbhə kimidir.

Təhlükəsizlik xidmətinin hədəflərindən biri də cəmiyyətdə dağıdıcı fəaliyyət göstərən xurafat, saxta irfançılardır. Cəmiyyətdə bəziləri insanları real həyatdan ayırmaqla dağıdıcı fəaliyyət göstərirlər. Onların fəaliyyətləri gizlidir və bunu müəyyənləşdirmək asan deyil. Bəli, təhlükəsizlik müdafiəsi hüceyrələrdə aparılan müdafiədir.

Sual: O zaman təhlükəsizlik nazirliyinin işi nə idi?

Cavab: Təhlükəsizlik Nazirliyi daha çox xaricdə fəaliyyət göstərirdi. Təbii ki, SEPAH-ın təhlükəsizlik xidməti ilə ölkə daxilində həmkarlıq da var idi.

Sual: Tudə üzvlərinin həbsində atışma baş verdi?

Cavab: Xeyr. Tudənin aparıcı fiqurlarının oxşarını düzəltmişdilər. Bu fiqurların birini izləyəndə o biri rahat öz işini görürdü. Tudə həm də silahlanmışdı. Amma silahdan istifadə etmirdilər. Hətta Tudəyə qarşı son əməliyyatda da silahdan istifadə olunmadı.

Vilayet.nur-az.com

понедельник, 18 мая 2015 г.

DÜŞMƏNİNİ TANI ! ! !

DÜŞMƏNİNİ TANI ! ! !
Şahe Acemyan - Qarabağ savaşına Suriyadan diaspora xətti ilə gətirilmiş erməni terrorçusu - 1992-1994-cü illər arası Qarabağ savaşında xüsusi fəallıq göstərmiş "Xaçlılar" dəstəsinin komandiri Qaro Kahkecyanın ən yaxın adamı idi.
Hal-hazırda İrəvanda yaşamaqda olan Acemyanın o murdar əlləri bir çox azərbaycanlının qanına batmışdır. O aktiv olaraq, həm internetdə, həm də realda "anti-Azərbaycan" təbliğatı aparmaqdadır. Yaşamağa və nəfəs almağa layiq olmayan bu alçaq tez-tez Qarabağ torpağını da ziyarət etməkdədir. Allah səbrimizi kəssin!

четверг, 14 мая 2015 г.

Ərdoğan utanmadı-etiraf etdi

Ərdoğan utanmadı-etiraf etdi

Erdogan
Ərdoğan Belçika səfərindən geri dönüb və jurnalistlərin suallarını cavablandırıb…
Almaniya və Belçika səfərindən dönən prezident Ərdoğan təyyarədə jurnalistlərə Səudiyyə Ərəbistanı və Qətərlə birlikdə təkfirçi təşkilatlara dəstək verdiyini təsdiqləyərək, “Müxaliflərin güc qazanmasında bölgədəki dost ölkələrin dəstəyi var”, -deyə etiraf edib.
Jurnalist: Suriyalı müxaliflərə kömək üçün Səudiyyə Ərəbistanı ilə razılaşma apardığımız iddiaları və “təlim vermə-təchiz etmə” proqramı ilə əlaqədar nələr demək istəyərsiz? – sualına Ərdoğan belə cavab verdi: “Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər və koalisiya qüvvələrinin əlbəttə bəzi işləri var. Bu iş təlim-təchiz çərçivəsində bir işdir. Təlim-təchiz işini biz də edirik”. Sərhədlərini minlərlə terroristin Suriyaya keçməsi üçün açan Türkiyə hökuməti terrorçulara hərbi təhsil və silahla təchiz etmədə, həmçinin əməliyyat otağına qədər hər cür dəstək verir. Son zamanlarda Türkiyənin dəstəyi ilə “Əl-Qaidə”nin Suriya qolu “Nusra Cəbhəsi” başda olmaqla təkfirçi terror təşkilatları, Türkiyədən sızan minlərlə terrorçu ilə birlikdə İdlip və Cisr əş-Şuğur şəhərlərinə irihəcmli hücumlar başladaraq, bu şəhərlərdə qorxunc qırğınlar törətdilər, minlərlə bölgə sakini evlərini tərk etmək məcburiyyətində qaldı.
Rasthaber-İslamazeri
Xəbərin başlığı Sizinyol.com tərəfindən müəyyən edilib.

пятница, 8 мая 2015 г.

Şuşa şəhərinin işğal olunması






Gün.Az-ın verdiyi xəbərə görə, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən, 289 kvadrat kilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı.

Şuşanın işğalı zamanı yerli əhalidən 200-ə yaxını şəhid, 150 nəfəri əlil olub. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. 552 körpə yetim qalıb, 22 minə yaxın insan öz yurdundan didərgin düşüb.

Şuşa şəhərinin tarixi və mədəniyyəti

Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib və ilk vaxtlarda şəhəri Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad adlandırırdılar. Onun hakimiyyəti illərində, yəni 1757-ci ilə qədər burada çoxlu abidələr tikilib. Onun oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib.

Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. Rusiyanın müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olub və inkişaf edib. Əsrlər boyu bu şəhər Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri idi və onun tarixi Azərbaycan dövlətinin tarixinin ayrılmaz bir hissəsidir.

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkarlıq məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.

Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. “Xəzinə qala” mağarası da orada yerləşirdi.

Şuşada ilk tamaşa isə 1848-ci ildə səhnələşdirilib. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə, Bakıda və Şuşada tamaşaya qoyulmağa başladı. 1870-ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə Muxtar tərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O dövrdə gənc müəllimlərdən Firudin bəy Köçərli, Bədəlbəy Bədəlbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qaryağdıoğlu bu tamaşada iştirak etmişdilər.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında Məcnun Leylinin qəbri üstündə səhnəsini musiqili tamaşa kimi 1897-ci ildə Şuşada Cabbar Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev tamaşaya qoyub.

Şuşanı məşhurlaşdıran qədim memarlıq və incəsənət abidələrinin hamısını sadalamaqla qurtarmaz. Burada təkcə rəsmən qeydə alınmış 170 memarlıq abidəsi və 160 incəsənət abidəsi var idi. Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuş Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, “Gəncə darvazaları”, qala divarı və s.

Şərqin konservatoriyası

“Şərqin konservatoriyası” adlandırılan Şuşa Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların vətənidir: Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov əslən şuşalıdır.

Azərbaycanın ilk peşəkar pedaqoqu olan görkəmli maarifçi, “Vətən dili”nin (II hissə) həmmüəllifi Səfərəli bəy Vəlibəyov, böyük ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltəraş Cəlal Qaryağdı və başqaları bu şəhərdə doğulub.

Şuşanın işğalında Rusiyanın 366-cı alayının 40 zirehli texnikası yaxından iştirak edib

1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyi ilə həyata keçirilib.
Erməni mənbələrinin məlumatına görə, şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tatevosyan hazırlayıb. O, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edib.

Ermənilər Şuşadakı gözlənilməzlik və təşkilatsızlıq amilindən istifadə edərək çaxnaşma yaradıblar və müdafiənin təşkilinə mane olublar. Bununla belə, küçə döyüşləri xeyli davam edib. Lakin möhkəmlənməyən özünümüdafiə qüvvələri və nizami ordu şəhəri tərk edib. Rusiya xüsusi bölmələrinin, əsasən Laqodexidə (Gürcüstan) yerləşən xüsusi təyinatlı əsgərlərin ermənilərin tərəfində döyüşdüyünü sübut edən faktlar var.

Qeyd etmək lazımdır ki, Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı.

Şuşanın təbii sərvətləri və tarixi abidələri talan olunur

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Belə ki, Şuşanın işğalı zamanı 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılıb.

O cümlədən, 5 minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib. Erməni vandalizmi təkcə canlılara deyil, həm də abidələrə qarşı çevrilib.

Belə ki, erməni millətçiləri Şuşa əhalisinə mənəvi-psixoloji zərbə vurmaqla, insanlara güllə atmaqla kifayətlənməyib, həm də dünya mədəniyyətinin inciləri, misilsiz sivilizasiya nümunələri sayılan tarixi abidələrə və Azərbaycan xalqının dünya şöhrətli korifey sənətkarlarının bu şəhərdəki heykəllərini də gülləboran ediblər.

Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.

Şuşanın təbiətinə sağalmaz yaralar vurulub

İşğal zamanı Şuşanın füsunkar təbiətinə də ciddi ziyan vurulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər ki, ümumi sahəsi 29356 hektar olan Şuşanın ərazisi müxtəlif müalicə əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəklərlə zəngindir. Qafqazın ən iri mineral bulaqlarından sayılan Turşsu və Şırlan məhz bu ərazidə yerləşir.

Şuşa rayonunda təsdiq edilmiş ehtiyatları 1143 min m3 olan və işğala qədər istismara cəlb edilən Şuşa üzlük daşı yatağı, ehtiyatları 397 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Keçəldağ gil yatağı, istismar ehtiyatları 50 min m3/ gün olan Şuşa yeraltı şirin su yatağı, müalicəvi əhəmiyyətə malik 60 min m3/gün və 25 min m3/gün olan Şirlan və Turşsu mineral su yataqları var.

1988-ci ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edirdi. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib.

Şuşanın “Haça yal” adlanan sahəsində uzun illər əkilərək becərilib, 1500-2000 ədəd palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazilərində müxtəlif vasitələrlə aparılmış videoçəkilişlərə baxaraq, təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair faktlar aşkarlayıb. Həmin sübutlar aşağıdakılardır:

- Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunub.

- Şuşanın Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində meşə sahəsi qırılaraq geniş düzənlik açılmış və orada inşaat işləri aparılıb.

- Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 m olan “Xan Mağarası” amansızlıqla məhv edilib.

- Şuşa şəhərinin yuxarı hissəsində Dörd yol adlanan yerdən yuxarı Laçın küçəsinin solunda, Q.Əsgərov küçəsində, 200-ə yaxın müxətlif növ iri diametrli çoxillik ağaclar kəsilib, ondan bir qədər irəlidə yolun sağında isə ağaclar bütünlüklə qırılıb.

- Zarıslı kəndində bütün ağaclar, o cümlədən məktəb həyətində olan dekorativ və meyvə ağacları tamamilə məhv edilib.

Dünya birliyi hələ də susur

Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ ərazisi üzərində yurisdiksiyası BMT, ATƏT, Avropa Şurası, habelə digər nüfuzlu beynəlxalq təşkilatlar və bütün dövlətlər tərəfindən dəfələrlə təsdiq edilib. Lakin Ermənistan Respublikası beynəlxalq hüquq normaları və dünya birliyinin mövqeyi ilə hesablaşmır.

BMT Təhlükəsizlik Şurasının İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, habelə AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 saylı Qətnamə və 1690 saylı Tövsiyənin qəbul edilməsinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları, o cümlədən Şuşanı azad etmir.