Niyə görə osmanlılar 500 il keçməsinə baxmayaraq Şah İsmayıla nifrət edirlər ?
Burada yüz illərdir üstü açılmayan psixoloji bir səbəb var. Səbəb Səlimin Şah üzərində namərd, qürur verməyən, adam içərisinə çıxarıla bilməyən, sui-qəsdə oxşar qələbə qazanmağa məcbur olmasıdır. Gəlin, bu nifrətin üzərində bir az dayanaq. Şah İsmayıl Xətainin ölkəsinə soxulub, Ona, yəni bir Şaha, “Ay qorxaq, niyə qabağıma çıxıb mənnən vuruşmursan?! Get başına ləçək bağla!” məzmunlu təhqiramiz məktublar göndərib, Onu inadla döyüşə çağıran və məktublarında Ona heç vaxt “şah” deyə müraciət etməyən (ancaq Çaldıranda qələbədən dərhal sonra dünyanın dörd bir yanına Şaha qalib gəldiyini fəxrlə xəbər verən) bu Səlim, Çaldıranda vuruşma vaxtı bilirsinizmi harada idi? Öz çadırında gizlənmişdi! Çadırın deşiyindən cəng meydanına tamaşa edir, Şahın topla vurulmasını əmr edirdi. Şah İsmayıl isə Çaldıranda şəxsən döyüşə girmiş, güllə yarası alıb yaralananadək vuruşa-vuruşa Səlimin çadırına yaxınlaşmışdı. Şahın Çaldıranda göstərdiyi bahadırlığı düşmən olmaqlarına baxmayaraq o vaxtkı Osmaniyyə qaynaqları da etiraf etmişlər. Əvvəllər osmanilər, indi də türkiyəlilər, onlara gecə ikən hücum etməyən, səhərəcən yatıb dincəlsinlər deyə vaxt verən Şah İsmayılın – bu igid adamın qılınc-qalxanlı atlılar ordusunu top-tüfəng atəşinə tutmaqla qalib gəlməyə məcbur olmaqlarını və ən əsası da Səlimin öz çadırından çıxıb Şahla vuruşmaqdan boyun qaçırmasını Şaha (qəribədir, Səlimə yox, Şaha!) bağışlaya bilmirlər. Məncə, Koroğlu dastanında “Tüfəng çıxdı, mərdlik getdi” sözüylə nəzərdə tutulan osmanilərin həmin bu namərdliyidir. Təsəvvür edin, hökmdar hökmdarı açıq döyüşə çağırır, ancaq döyüş vaxtı özü çadırda gizlənir. Səlimin bu hərəkəti ümumtürk cəng qaydalarına görə bir dövlətin başını yerə soxan üz qaralığı və tarixi xəcalət idi. Əlbəttə, cəngdə hiylə işlətmək olar, ancaq Səliminki hiylə deyildi, oğuz terminologiyasında bunun adı “aldadıb ər tutmaq” idi. Şah İsmayıla əvvəllər osmanilərin, indi də türkiyəlilərin 500 ildir sönməyən kinlərinin səbəblərindən biri, bax budur. Səlimin vuruş meydanına girmədiyini bilə-bilə, osmanilərin Səlimi Çaldıran düzündə Şah İsmayılla guya at üstündə üz-üzə dayanmış miniatürlərini çəkməkləri də məhz həmin tarixi xəcaləti gizlətmək istədiklərindəndir. Türkiyə dövlətinin rəsmi dərsliklərində Şah İsmayıl Xətai hələ də rəzil düşmən adlandırılır, alçaldılır, guya arvadlarını meydanda qoyub qaçması, əyyaş olması və s. haqqında iftiralar həqiqət kimi tədris edilir; Türkiyə televiziya proqramlarında türkiyəli tarix professorları “azerilerin milli kahramanı” adlandırdıqları Şah İsmayılı ələ salırlar; Türkiyədə “qızılbaş” sözü hələ də söyüşdür. Osmaniyyənin bizdən qopartdığı kənd və şəhərlərdə əsir qalaraq, Şah İsmayıl qızılbaşlığını yaşadan ələvilərə əvvəllər Osmaniyyədə, indi də Türkiyədə zülm edilir. Anadoluda “Açılın qapılar, Şaha gedəlim” deyən neçə-neçə Pir Sultan Abdallar öldürülmüşlər. Nifrətin qatılığına baxın ki, M.Füzuli Şah İsmayılı mədh edib deyə, türkiyəlilər onu Y.Əmrə qədər qəbul etmirlər. Yeri gəlmişkən, sünni islamçı Erdoğan'ın nifrət etdiyi Bəşər Əsəd də bir ələvidir. 1993-cü ildə Sivasda Pir Sultan Abdal şənliyi keçirmək üçün toplanan ələvilərin qaldığı otelə od vurulmuş, nəticədə 30-dan çox ələvi intellektualı və sənət adamı diri-diri yandırılmış, Əziz Nesin son nəfəsində xilas ola bilmişdi. Bir sözlə, Çaldıran davam edir.
Akif Eyyub.
Akif Eyyub.