вторник, 27 января 2015 г.

Atatürkün Leninə Azərbaycanla bağlı məktubu üzə çıxdı –

Türkiyənin “TV NET” telekanalında türk araşdırmaçı və yazar Mustafa Armağan maraqlı bir faktı açıqlayıb. Belə ki, bu fakt zamanında Atatürk tərəfindən Leninə yazılmış məktubda öz əksini tapıb.
Atatürk imzalı Leninə yazılan bir məktubun 1964-cü ilə qədər bir çox kitablarda gizli saxlandığı və ya həmin maddədə yazılanların göstərilməyərək verildiyi bildirilib.
Həmin məktub Türkiyə Böyük Millət Məclisinin Moskva sovet hökumətinə “birinci təklifnaməsi” adı ilə tanınır.
Məktubda yazılmış təklifnamənin 2-ci maddəsində deyilir ki, “Bolşevik qüvvələri ingilis hərbi qüvvələrini çıxartmaq üzrə onlar əleyhinə hərəkata başlamasını təmin edərsə, Türkiyə hökuməti də imperialist erməni hökuməti üzərinə hərbi hərəkat icrasını və Azərbaycan hökumətini də bolşevik dövlətlər zümrəsinə daxil etməyi tahüd edər”
Tarixçi məktubun sonrakı səhifələrini oxuyaraq bu cümləni qeyd edib: “5 milyon rubl qarşılığında Türkiyə öz əli ilə Azərbaycanı Sovetlərə satıb”
Qeyd edək ki, Mustafa Armağanın açıqladığı fakt doğrudur və həmin sənəd Türk İnqilab Tarixi İnstitutu Arxivi 132/19543, sayfa 13-də yer almaqdadır. Bundan başqa Atatürk Araştırma Merkezi Başkanlığı, Atatürk’ün Tamim, Telgraf ve Beyannameleri, Türk Tarih Kurumu Basımevi, Ankara 1991, sayfa 318. mənbəsində də bu teleqraf mövcuddur.
Həmin teleqrafın orjinal mətni budur:
2- Bolşevik kuvvetleri Gürcistan üzerine askeri harekat yapar veyahut takip edeceği siyaset ve göstereceği tesir ve nüfusla Gürcistan’ın da Bolşevik ittifakına dahil olmasını ve içlerindeki İngiliz kuvvetlerini çıkarmak üzere, bunlar aleyhine harekata başlamasını temin ederse Türkiye Hükümeti de emperyalist Ermeni Hükümeti üzerine askeri harekat icrasını ve Azerbaycan Hükümetini de Bolşevik devletler zümresine ithal etmeyi taahhüt eyler. (Yəni, Azərbaycan hökumətini də bolşeviş dövlətlər qrupuna daxil etməyə söz verirəm).
Təəssüf ki, Mustafa Kamal Atatürk təkcə Ənvər və Nuru Paşaların dəstəyi ilə qurulan cümhuriyyətin yıxılması ilə kifayətlənmədi. Mustafa Kamal Paşa vəfat edənə qədər Azərbaycan Demokratik Cümhuriyyətinin qurucuları, xüsusilə Məmməd Əmin Rəsulzadə Türkiyədə “arzuolunmaz şəxs” elan olunmuşdular.

среда, 21 января 2015 г.

Məhəmməd Əmin Rəsulzadənin məzarından eşidilən inilti -FOTOLAR


Məhəmməd Əmin Rəsulzadənin məzarından eşidilən inilti -


1955-ci il, 6 mart gecə saat, saat  on birə on dəqiqə qalır...
Bu zaman ayrılıq və xəstəliyin əldən saldığı zəif bir vücud sahibi üç dəfə “Azərbaycan! Azərbaycan! Azərbaycan!” deyərək dünyasını dəyişir.
Hər aldığı nəfəsi belə, Azərbaycanın adına bağlayan bir dahi həmin gecə üç dəfə bu sözü deyərək dünyadan köçür.
Ankara Universitetinin tibb  fakültəsində şəkər xəstəliyindən müalicə alan Rəsulzadə 71 yaşında dünyasını dəyişir.
Bu gün həmin tarixdən 59 il ötür. 1955 –ci ilin 6 mart tarixində üç dəfə söylənilən “Azərbaycan” kəlməsi 59 ildir ki, yol gəlir. Və yol gedə-gedə də özünün müdhiş funksiyasını yerinə yetirir.
Ömrünün son illərində də Rəsulzadə üzücü xəstəliyə baxmayaraq öz missiyasını layiqincə yerinə yetirir. Baxmayaraq ki, bu missiya ondan hər şeyi almışdı. Anası Maral xanım acından, xanımı Ümbülbanu isə ürəyi partlayaraq ölmüşdü. Oğlu Rəsul 21 yaşında ikən güllələnmiş, qızı Lətifə soyuqdan donaraq ölmüş, digər qızı isə itkin düşmüşdü. Bu dəhşətlərin hamısı məhz, bu ali missiyanın naminə edilirdi ki, Rəsulzadə də ömrünün sonuna qədər ona sadiq qalmaqla əsil dahi mərtəbəsinə yiyələnmişdi.
Ömrünün son illərində “Azadlıq” radiosunda etdiyi tarixi çıxış.
Rəsulzadənin məzarı  niyə inləyirdi?
Ötən əsrin 50-ci illəri… Artıq qoca Məhəmməd Əmin tək döyüşməkdən yorulub. Polyak xanımı Vanda və çiyin dostlarından başqa heç kimi düşündürmür. Hətta öləndə belə onun məzar başına getməyə qorxurlar. Ankaranın Əsri qəbristanlığındakı bu məzar belə kimlər üçünsə ləkəli idi. Amma Rəsulzadə irsinin araçdırıcısı Nəsiman Yaqublunun danışdığı bir əhvalat bu məzarın belə,nə qədər Azərbaycan fədaisi olmasına əyani sübutdur:
Ankaradan çıxan günü Əsri məzarıstanlığına - Məhəmməd Əmin Rəsulzadənin məzarı ilə vidalaşmağa getdim. Məzarın yanında dolanarkən qəfildən bir qoca yaxınlaşdı mənə. Sorğusuz, sualsız sözə başladı.
- Kecən il bu vaxtlar (yəni 1990-cı ilin yanvar ayı ) məzarıstanlığa gəlmişdim. Elə bu qəbrin yanından birdən inilti səsi eşitdim. Yaxınlaşıb bir az da diqqətlə qulaq asdım. Yanılmamışdım, səs bu qəbirdən gəlirdi. Ağrılı, şikayətli bir inilti səsi idi. Mən xoflanıb bu qəbirdən uzaqlaşdım. Bir müddət özümə gələ bilmədim. Əhvalatı kimə danışdımsa inanmadılar. Dedilər, səni qara basıb. Amma məni qətiyyən qara basmırdı. O qəbirdən inilti səsi gəlirdi:
Qəribə heyrət icində qocadan soruşdum:
- Siz kecən il yanvarın neçəsində olmuşdunuz burada?
Qoca dedi:
- Ayın ya on doqquzu idi, ya da iyirmisi. Çünki mən belə vaxt gəlib yaxın adamımın qəbrini ziyarət edirəm. Amma indiki kimi o səs yadımdadır. Qəbirdən ağrılı, şikayətli bir inilti səsi eşidilirdi.
Qoca bu sozləri deyib çıxıb getdi. Mən isə acı bir həqiqətin ağrısına bürünərək Ankaranın Əsri məzarıstanlığında, onun qəbri yanında donub qalmışdım. Və dərdli-dərdli düşünürdüm: Demək ayın 20-si günü o qanlı yanvarda xalqımızın günahsız qanı axıdılanda qəbirdə rahatlıq tapmamısan. İgid oğullarımız düşmən gulləsinə nahaqdan hədəf tutulanda dozə bilməyib soyuq məzarda inildəmisən. Qeyrətli cavanlarımız al qan içində çırpınanda, analar ağu deyib fəryad qoparanda dayana bilməmisən, ağlayıb şikayətlənmisən”.

Elmin Nuri

понедельник, 19 января 2015 г.

20 yanvar günü mən necə sağ qaldım?

20 yanvar günü mən necə sağ qaldım?

Əli Kərimli
6-cı sinifdə oxuyan qızımın: ”Ata 20 yanvar günü sən harada idin? O gün baş verənləri mənə danış” deməsi məni  xəyalən 20 il öncəyə -1990-cı ilin 19-20 yanvar günlərinə apardı.
Yanvar ayı başlayandan Bakıda gərginlik daha da artırdı. Respublikanın o zamankı kommunist rəhbərliyi ya idarəetmədən Moskva tərəfindən məqsədli şəkildə uzaqlaşdırılmışdı, ya da çox qabiliyyətsiz olduğundan heç nə edə bilmirdi. Bu arada Bakıda yaşayan ermənilərə qarşı  Moskvaya bağlı xüsusi xidmət orqanlarının  iştirakı və təhriki ilə təxribatlar artırdı. O zamankı AXC-nin strukturları çox çalışırdılar ki, bu təxribatların qarşısı alınsın, heç olmasa bərə vasitəsilə ermənılərin Türkmənistan limanlarına  salamat köçməsi təmin edilsin. Amma təxribatlar həm Qarabağ ətrafında, həm də Bakıda elə sürətlə artırdı ki, hətta bizlər – o zamankı  tələbə gənclik də başa düşürdü ki, təxribatları artırmaqda Mərkəzin məqsədi  Bakının yenidən işğalına zəmin yaratmaqdır. Aprel ayında  Azərbaycan Ali Sovetinə seçkilər olmalıydı, AXC-nin qələbəsi bu seçkilərdə labüd görünürdü. AXC-nin çoxluq olacağı parlamentin isə elə ilk qərarının dövlət müstəqilliyinin elanı olacağı da şübhə doğurmurdu.  Azərbaycanın dövlət müstəqilliyinin  qarşısını almaq üçün  nəhəng təxribat senarisi işə düşmüşdü. Böyük bəlanın yaxınlaşdığını hiss etsək də, onun qarşısını almaq iqtidarında deyildik. İmperiya hələ güclü idi. Gücümüzün  qeyri-bərabər olduğunu bilsək də, hər kəs müqavimət haqqında düşünürdü. O zaman  insanlar daha passianar, enerjili idilər. Həm də arxivlər yeni açılmışdı və xalq Azərbaycanın 1920-ci ilin 28 aprelində Qızıl Ordu tərəfindən  aldadılaraq, müqavimətsiz  işğal olunmasından  çox acıqlı idi. Belə bir şəraitdə Bakının yenidən işğalına müqaviməti təşkil etmək məqsədi ilə Milli Müdafiə Şurası yaradıldı. İlk günlər şuranın yaranması AXC İdarə Heyyətində şərti olaraq “radikal”  və “liberal”  adlanan tərəflər arasında  fikir ayrılığına səbəb olmuşdu. Amma sonrakı günlərdə Milli Müdafiə Şurasının  fəaliyyəti  AXC İdarə Heyyəti tərəfindən də zəruri sayılmış, bu quruma da rəhmətlik Əbülfəz Elçibəyin  Sədrliyi razılaşdırılmışdı. Beləliklə, o zamankı cəbhədaxili diskussiyalarda əsasən  Əbülfəz bəyin mövqeyini müdafiə edən tələbə hərəkatı da  MMŞ-yə qoşulmuşdu. Mən və dostlarım- yurd birliyinin və tələbə hərəkatının fəalları MMŞ-də çalışırdıq. Ordu Bakı ətrafına cəmləşdikcə adamlar kortəbii şəkildə şəhərə giriş yolları üzərində  barrikadalar qururdular. Yolların bağlanması üçün daha çox ağır yük maşınlarından istifadə olunurdu. Sovet qoşunlarının şəhərə girişinin qarşısını almaq əsl ümummilli ideyaya çevrilmişdi. Bakı əhalisinin tam əksəriyyəti bu prosesdə iştirak edirdi. Adamlar çox cəsarətli olmuşdular. Gözlənilən təhlükənin  çox böyük və real olması dərk olunsa da heç kim qorxmurdu. Bəlkə də qorxanlar var idi. Amma onlar da ümumi fona xələl gətirməmək üçün qorxularını gizlədirdilər.
19 yanvarda axşam televiziyanın enerji bloku partladılanda  hiss etdik ki, Sovet Ordusu  həmin gecə şəhərə girəcək. MMŞ-nin qərərgahı o zamankı Şmit adina zavodun  Mədəniyyət Sarayında yerləşırdi. MMŞ- nin fəalları olaraq  sərəncamımızda olan  telefonlu taksilərlə (o zaman bu yeganə mobil rabitə idi) şəhər ətrafında olan   barrikadalardakı vəziyyəti yoxlayırdıq. Qurd Qapısı deyilən yerdə toplaşanlarla görüşüb vəziyyəti öyrəndikdən sonra  20 yanvar  tərəfə yollandıq. Biz maşında sürücüdən başqa  3 nəfər idik. Tələbə hərəkatının fəallarından olan dostum  Seymur Babayev, Rabitə Nazirliyində çalışan bir cəbhəçi və mən. 20 yanvardakı taksidən bizə məlumat verdilər ki, ordu atəş açaraq  şəhərə daxil olur. Dərhal taksiyə 20 yanvara sürməsini söylədik. Yolda düşündük ki, 20 yanvara əliboş getməyək. Mətbuat prospektində BDU -nun yataqxanalarının yanında maşını saxladıq. Ertədən oğlanların birtəhər dilə tutub yataqxanaya göndərdiyi qızlar atəş səslərinə küçəyə çıxıb ağlaşırdılar. Onların köməyi ilə 1-2 dəqiqə ərzində xeyli yandırıcı, partlayıcı qarışıqlarla dolu şüşə qablar hazırlayıb (o zaman belə yandırıcı şüşələrlə hərbi texnikanın şəhərə girişının qarşısını qismən də olsa  alacağımızı düşünürdük.) sürətlə 20 yanvar tərəfə yollandıq. Prospekt boyu qarşımıza çoxlu sayda 20 yanvar tərəfdən qaçan adamlar gəlirdi. Onlar bizim yolumuzu kəsib maşınımızı saxlatmaq , bizi geri döndərmək istəyirdilər. Maşını saxlamadığımızı görüncə qışqıraraq, əl-qolları ilə bizə başa salmaq istəyirdilər ki, ora getmək olmaz, atirlar, adamları qırırlar. Amma biz sürətlə 20 yanvara doğru ğedirdik. Tbilisi prospektinə çıxmaq üçün sağa döndük. Tbilisi prospektinə çatan yerdə qəfildən yolun sağında, ağacların altında tankı, yanında da əsgərləri gördük.
Maşınımız çox sürətlə hərəkət edirdi. Maşının işığı əsgərlərə düşəndə onların atəş açmağa hazırlaşdığını gördük və instiktiv olaraq  nə qədər mümkünsə o qədər maşının döşəməsinə doğru əyildik. Dərhal və davamlı atəş açıldı. Maşın dərhal dayandı təkərlərini vurmuşdular. Möcüzə baş vermişdi, maşınımıza 7-8 metrlik məsafədən 30-40 güllə atılmışdı, güllələr  maşını deşık-deşık etmişdi, biz isə sağ-salamat idik. Vaxtında əyilə bilmişdik. Belə yerlərdə deyirlər ki Allah bizi saxladı. Yalnız sürücümüz əlindən yüngülcə yaralanmışdı. Başını, bədənini əyilərək güllədən qoruya bilsə də görünür peşə məsuliyyəti əlini sükandan çəkməyə qoymamışdı, həmin əlinə də güllə dəymişdi. Bizi maşından düşürüb faktiki əsir aldılar. Əmr etdilər ki, üzümüzü divara  çevirib, əllərimizi də yuxarı qaldıraq. Üzümüzü çevirdiyimiz divar isə indiki Nəqliyyat Nazirliyi binasının  həyətinə açılan (Tbilisi prospektini kəsən küçə tərəfdən) dəmir şəbəkə qapı idi). Üstümüzü yoxlayıb silahımız olmadığına əmin oldular. Maşını yoxlayıb yük yerindəki yandırıcı qarışıqlarla  dolu şüşə qabları tapdılar. Asvalta  çırpıb şüşə qabları sındırdılar. Hər şeyin bitdiyini düşündük. Komandir əsgərlərinə əvvəlcə atəşə hazır ol! əmrini verdi, sonra da  bizi güllələmək  əmrini verdi. Sovet Ordusunda ciddi hərbi hissədə xidmət etdiyimdən  o zaman orduda olan silahların demək olar hamısından 100-lərlə dəfə atəş açmışdım. Güllə səsi mənə qeyri-adi deyildi. Amma o günki güllələr təlimdə atılan güllə deyildi, bizə atılırdı.
Əsgərlər əmri yerinə yetirib atəş açdılar. Atəşdən sonra ilk ağlıma gələn oldu ki, mən sağam, ani olaraq düşündüm ki,  yəqin yaralanmışam, yara isti olduğundan  hələ ağrını hiss etmirəm. Bədənimin  müxtəlif nahiyələrini tərpədərək bir-neçə saniyəyə əmin oldum ki, allah bizi yenə saxlayıb. Komandir bizi qorxutmaq üçün əsgərlərinə bizi güllələmək əmri versə də, görünür onlara necəsə yuxarıya- başımızın üstündən atmaga işarə edib. Öz aləmində bizi qanuna təslim etmək qərarına gəlib. Amma bizi daimi gərginlikdə saxlayırdı. Bu arada  məlum oldu ki, bizi əsir kimi saxlayan manqaya qarşı yaxınlıqdakı binadan atəş açılır.
Həmin azərbaycanlının atdığı atəş bəzən bizim yaxınlığımızdakı divara dəyirdi. Atəş Salyan kazarmaları deyilən hərbi hissəyə aid zabitlər üçün yaşayış binasından gəlirdi. (Təəssüf ki, sonralar çox çalışsam da  həmin şəxsin kimliyini də, onun atışmasının nə ilə qurtarmasını da öyrənə bilmədim). Bizi əsir saxlayan hərbçilərin komandiri özünü söyərək bizi əmin edirdi ki, atılan atəşlər onun əsgərlərinə dəysə bu dəfə bizi dəqiq güllələyəcək. Yenə bəxtimiz gətirmişdi, soydaşımızın uzaqdan atdığı atəş heç kimə dəymirdi. Bu arada məlum oldu ki, bizi saxlayanlar hücum birləşməsinin əsgərləri imiş, onlar bizi başqa hərbçilərə təhvil verib irəli – şəhərin dərinliklərinə getdilər.
Dərindən nəfəs aldıq, ölümdən qurtarmışdıq, indi bizi sovet qanunları ilə həbs gözləyirdi. Həbsdən qurtarmaq üçün fikirləşməyə başladıq. Üstümdə MMŞ- nın vəsiqəsi var idi. Fikirləşirdim ki, sabah açılanda  məlum olanda kı, biz axşam döyüş sursatı hesab olunan yandırıcı qarışıqlar dolu şüşələrlə tutulmuşuq, üstəlik mən MMŞ-nin rəsmisiyəm, bundan birbaşa AXC-yə ittiham üçün istifadə edəcəklər. Vəsiqədən xilas olmaq lazım idi. O isə mənim gödəkçəmin içəridən sol cibində idi. Əlimizi isə nəinki cibimizə, heç aşağı salmağa da  qoymurdular. Saatlar keçdikcə soyuq və yuxusuzluq səbəbindən əsgərlər sayıqlığını itirirdilər. Mən də özümü yorğunluğa qoyub əllərimi yavaş-yavaş aşağı salırdım. Arabir əllərimin aşağı enməsindən hirslənən əsgərlər başımızın üstündən atəş açıb bizi bu şəkildə hədələyib intizama dəvət edirdilər. Bir-neçə dəfə yorulmaq səbəbindən əllərimi qismən aşağı endirmək fəndini işlətdikdən sonra  əsgərlərin intizamsız bir adam olduğuma alışdırdım. Nəhayət əllərimi çiynim səviyyəsində endirib vəsiqəni birtəhər cibimdən çıxarıb dəmir şəbəkə qapının o biri tərəfinə tullaya bildim. Xeyli rahatladım, indi nəinki ölümdən, hətta təşkilatımızın mənə görə ittiham olunması perspektivindən də xilas olmuşdum. Bircə qalırdı yandiricı şüşələrə görə məsuliyyətdən qurtarmaq…
Bütün gecəni küçədə keçirməli olduq, gecə dəhşətli soyuq vardı. Mən diqqət etmişdim ki, bizi gecə ərzində bir neçə dəfə başqa-başqa yeni əsgərlərə təhvil verirdilər. Nə bizi tutub saxlayan zaman, nə də bir-birlərinə təhvil verən zaman protokol yazmırdılar. Səhər açılmağa başladıqca şəhərdə əllərinə keçən başqa adamları da komendant saatını pozduğu üçün  tutub bizə qoşurdular. Sayımız xeyli artmışdı. Artıq 20 yanvar səhəri açılmışdı. Xeyli təsadüfi adam tutmuşdular, sadəcə üstlərində sənəd olmadığı üçün. Dostlarımla qısa məsləhətləşmədən sonra zabitlərlə hüquq mübahisəsinə başladım. Onlara dedim ki, şəhərdə komendant saatının elan olunması barədə qərar əhaliyə əvvəlcə elan olunmalıydı ki, biz də üstümüzdə sənəd gəzdirək. Mən bununla həm də yoxlamaq istəyirdim ki, bizə gündüz nəzarət edən komanda bilirmi ki, bizi axşam hansı şəraitdə tutublar. Məlum oldu ki, bilmirlər. Hüquq mübahisəsi xeyli davam etdi və axırda zabit dedi ki, sənədlərinizi gətirsələr sizi buraxaram. Artiq 20 yanvar günorta çağları idi. Qrup yoldaşlarımdan birinin əmisi oğlunu təsadüfən Tbilisi prospektindən keçən gördüm. Onu səslədim, zabit etiraz etmədi, ondan xahiş etdim ki, mənim bir yaxın dostumla əlaqə saxlasın, bizim durumumuzu danışsın, o da bizlərin pasportlarını yıgıb gətirsin. 2-3 saatdan sonra dostum pasportlarla birlikdə gəldi. Bizi heç nə olmamış kimi azad etdilər. Həm ölümdən, həm də həbsdən qurtarmışdım, amma heç sevinə bilmirdim. O gecə verdiyimiz itkilərin miqyasından xəbərsiz olsam da   axşam çox adamın öldüyünü güman edirdim. Bakının işğalının da qarşısını ala bilməmişdik. Küçələrin hər birində zirehli texnika dayanırdı. Bütün gecəni yuxusuz və ağır streslə keçirsəm də meyitxanaya yollandım. Şəxsən tanıdıqlarımdan, yaxınlarımdan orada heç kimi tapmadım, bu da bir kiçik təsəlli idi, amma yolda tələbə hərəkatı fəallarından Ülvü Bünyadzadənin şəhid olduğunu öyrəndim. Sarsılmışdım, üzərimdə dağ kimi böyük ağırlıq hiss edirdim. Heç ağlıma da gəlmirdi ki, Bakının bu dəfəki işğalı cəmi 1 il 10 ay çəkəcək. Amma 1 gün sonra şəhidlərin dəfn mərasimində xalqın kütləvi iştirakını görəndə başa düşdüm ki, dünənki çarpışmada əsl uduzan imperiya oldu. Onun 20 yanvar “qələbəsi” pirr qələbəsi idi. Anladım ki, daha bu xalq heç vaxt imperiyanın tərkibində qalmayacaq. İlk fürsətdəcə müstəqilliyini elan edəcək.
Xalqımızın tarixində çox şərəfli səhifələr var. Ancaq əminliklə deyə bilərəm ki, bu xalqın təkcə 20 yanvarda və şəhidlərin dəfn günü (Bakının hər küçəsini nəzarətdə saxlayan Sovet Ordusunu bir heç sayaraq) göstərdiyi rəşadət kifayətdir ki, bu xalqın böyüklüyü, cəsarəti qarşısinda baş əyəsən, onun uca millət olduğuna içdən inanasan. Xalqlar da insanlar kimi qəhrəmanlıqları hər gün, hər il etmirlər. Amma bir dəfə bu ucalığa yüksələnlərin bir daha qəhrəmanlıq etməyəcəyini heç kim düşünməsin.
P.S. 20 yanvar hadisələrindən  təqribən 20-25 gün keçmişdi. Universitetdə idim. Hüquq fakultəsində kurs yoldaşım və dostum Rahim Hacıyev mənə yaxınlaşdı, qoltuğunda çoxlu qəzet var idi. Sovet Ordusunun mətbuat orqanı olan  Krasnaya  Zvezda  qəzetini mənə göstərdi . Qəzetdə  Sovet Ordusunun  Bakıda  qayda- qanun yaratmağından, MMŞ-nin silahlı dəstələrindən   bəhs olunurdu. Foto yerində mənim həmin gecə çətinliklə dəmir qapının o tərəfinə ata bildiyim MMŞ  vəsiqəmin iri planda şəklini  vermişdilər. Rahim məqalədən xəbər tutan kimi qəzetin Bakıya gələn bütün nüsxələrini kiosklardan almışdı ki, yazı və çap olunmuş şəkil komendaturanın əlinə düşməsin.