20 yanvar günü mən necə sağ qaldım?
6-cı sinifdə oxuyan qızımın: ”Ata 20 yanvar günü sən harada idin? O gün baş verənləri mənə danış” deməsi məni xəyalən 20 il öncəyə -1990-cı ilin 19-20 yanvar günlərinə apardı.
Yanvar ayı başlayandan Bakıda gərginlik daha da artırdı. Respublikanın o zamankı kommunist rəhbərliyi ya idarəetmədən Moskva tərəfindən məqsədli şəkildə uzaqlaşdırılmışdı, ya da çox qabiliyyətsiz olduğundan heç nə edə bilmirdi. Bu arada Bakıda yaşayan ermənilərə qarşı Moskvaya bağlı xüsusi xidmət orqanlarının iştirakı və təhriki ilə təxribatlar artırdı. O zamankı AXC-nin strukturları çox çalışırdılar ki, bu təxribatların qarşısı alınsın, heç olmasa bərə vasitəsilə ermənılərin Türkmənistan limanlarına salamat köçməsi təmin edilsin. Amma təxribatlar həm Qarabağ ətrafında, həm də Bakıda elə sürətlə artırdı ki, hətta bizlər – o zamankı tələbə gənclik də başa düşürdü ki, təxribatları artırmaqda Mərkəzin məqsədi Bakının yenidən işğalına zəmin yaratmaqdır. Aprel ayında Azərbaycan Ali Sovetinə seçkilər olmalıydı, AXC-nin qələbəsi bu seçkilərdə labüd görünürdü. AXC-nin çoxluq olacağı parlamentin isə elə ilk qərarının dövlət müstəqilliyinin elanı olacağı da şübhə doğurmurdu. Azərbaycanın dövlət müstəqilliyinin qarşısını almaq üçün nəhəng təxribat senarisi işə düşmüşdü. Böyük bəlanın yaxınlaşdığını hiss etsək də, onun qarşısını almaq iqtidarında deyildik. İmperiya hələ güclü idi. Gücümüzün qeyri-bərabər olduğunu bilsək də, hər kəs müqavimət haqqında düşünürdü. O zaman insanlar daha passianar, enerjili idilər. Həm də arxivlər yeni açılmışdı və xalq Azərbaycanın 1920-ci ilin 28 aprelində Qızıl Ordu tərəfindən aldadılaraq, müqavimətsiz işğal olunmasından çox acıqlı idi. Belə bir şəraitdə Bakının yenidən işğalına müqaviməti təşkil etmək məqsədi ilə Milli Müdafiə Şurası yaradıldı. İlk günlər şuranın yaranması AXC İdarə Heyyətində şərti olaraq “radikal” və “liberal” adlanan tərəflər arasında fikir ayrılığına səbəb olmuşdu. Amma sonrakı günlərdə Milli Müdafiə Şurasının fəaliyyəti AXC İdarə Heyyəti tərəfindən də zəruri sayılmış, bu quruma da rəhmətlik Əbülfəz Elçibəyin Sədrliyi razılaşdırılmışdı. Beləliklə, o zamankı cəbhədaxili diskussiyalarda əsasən Əbülfəz bəyin mövqeyini müdafiə edən tələbə hərəkatı da MMŞ-yə qoşulmuşdu. Mən və dostlarım- yurd birliyinin və tələbə hərəkatının fəalları MMŞ-də çalışırdıq. Ordu Bakı ətrafına cəmləşdikcə adamlar kortəbii şəkildə şəhərə giriş yolları üzərində barrikadalar qururdular. Yolların bağlanması üçün daha çox ağır yük maşınlarından istifadə olunurdu. Sovet qoşunlarının şəhərə girişinin qarşısını almaq əsl ümummilli ideyaya çevrilmişdi. Bakı əhalisinin tam əksəriyyəti bu prosesdə iştirak edirdi. Adamlar çox cəsarətli olmuşdular. Gözlənilən təhlükənin çox böyük və real olması dərk olunsa da heç kim qorxmurdu. Bəlkə də qorxanlar var idi. Amma onlar da ümumi fona xələl gətirməmək üçün qorxularını gizlədirdilər.


Əsgərlər əmri yerinə yetirib atəş açdılar. Atəşdən sonra ilk ağlıma gələn oldu ki, mən sağam, ani olaraq düşündüm ki, yəqin yaralanmışam, yara isti olduğundan hələ ağrını hiss etmirəm. Bədənimin müxtəlif nahiyələrini tərpədərək bir-neçə saniyəyə əmin oldum ki, allah bizi yenə saxlayıb. Komandir bizi qorxutmaq üçün əsgərlərinə bizi güllələmək əmri versə də, görünür onlara necəsə yuxarıya- başımızın üstündən atmaga işarə edib. Öz aləmində bizi qanuna təslim etmək qərarına gəlib. Amma bizi daimi gərginlikdə saxlayırdı. Bu arada məlum oldu ki, bizi əsir kimi saxlayan manqaya qarşı yaxınlıqdakı binadan atəş açılır.
Həmin azərbaycanlının atdığı atəş bəzən bizim yaxınlığımızdakı divara dəyirdi. Atəş Salyan kazarmaları deyilən hərbi hissəyə aid zabitlər üçün yaşayış binasından gəlirdi. (Təəssüf ki, sonralar çox çalışsam da həmin şəxsin kimliyini də, onun atışmasının nə ilə qurtarmasını da öyrənə bilmədim). Bizi əsir saxlayan hərbçilərin komandiri özünü söyərək bizi əmin edirdi ki, atılan atəşlər onun əsgərlərinə dəysə bu dəfə bizi dəqiq güllələyəcək. Yenə bəxtimiz gətirmişdi, soydaşımızın uzaqdan atdığı atəş heç kimə dəymirdi. Bu arada məlum oldu ki, bizi saxlayanlar hücum birləşməsinin əsgərləri imiş, onlar bizi başqa hərbçilərə təhvil verib irəli – şəhərin dərinliklərinə getdilər.
Dərindən nəfəs aldıq, ölümdən qurtarmışdıq, indi bizi sovet qanunları ilə həbs gözləyirdi. Həbsdən qurtarmaq üçün fikirləşməyə başladıq. Üstümdə MMŞ- nın vəsiqəsi var idi. Fikirləşirdim ki, sabah açılanda məlum olanda kı, biz axşam döyüş sursatı hesab olunan yandırıcı qarışıqlar dolu şüşələrlə tutulmuşuq, üstəlik mən MMŞ-nin rəsmisiyəm, bundan birbaşa AXC-yə ittiham üçün istifadə edəcəklər. Vəsiqədən xilas olmaq lazım idi. O isə mənim gödəkçəmin içəridən sol cibində idi. Əlimizi isə nəinki cibimizə, heç aşağı salmağa da qoymurdular. Saatlar keçdikcə soyuq və yuxusuzluq səbəbindən əsgərlər sayıqlığını itirirdilər. Mən də özümü yorğunluğa qoyub əllərimi yavaş-yavaş aşağı salırdım. Arabir əllərimin aşağı enməsindən hirslənən əsgərlər başımızın üstündən atəş açıb bizi bu şəkildə hədələyib intizama dəvət edirdilər. Bir-neçə dəfə yorulmaq səbəbindən əllərimi qismən aşağı endirmək fəndini işlətdikdən sonra əsgərlərin intizamsız bir adam olduğuma alışdırdım. Nəhayət əllərimi çiynim səviyyəsində endirib vəsiqəni birtəhər cibimdən çıxarıb dəmir şəbəkə qapının o biri tərəfinə tullaya bildim. Xeyli rahatladım, indi nəinki ölümdən, hətta təşkilatımızın mənə görə ittiham olunması perspektivindən də xilas olmuşdum. Bircə qalırdı yandiricı şüşələrə görə məsuliyyətdən qurtarmaq…

Xalqımızın tarixində çox şərəfli səhifələr var. Ancaq əminliklə deyə bilərəm ki, bu xalqın təkcə 20 yanvarda və şəhidlərin dəfn günü (Bakının hər küçəsini nəzarətdə saxlayan Sovet Ordusunu bir heç sayaraq) göstərdiyi rəşadət kifayətdir ki, bu xalqın böyüklüyü, cəsarəti qarşısinda baş əyəsən, onun uca millət olduğuna içdən inanasan. Xalqlar da insanlar kimi qəhrəmanlıqları hər gün, hər il etmirlər. Amma bir dəfə bu ucalığa yüksələnlərin bir daha qəhrəmanlıq etməyəcəyini heç kim düşünməsin.
P.S. 20 yanvar hadisələrindən təqribən 20-25 gün keçmişdi. Universitetdə idim. Hüquq fakultəsində kurs yoldaşım və dostum Rahim Hacıyev mənə yaxınlaşdı, qoltuğunda çoxlu qəzet var idi. Sovet Ordusunun mətbuat orqanı olan Krasnaya Zvezda qəzetini mənə göstərdi . Qəzetdə Sovet Ordusunun Bakıda qayda- qanun yaratmağından, MMŞ-nin silahlı dəstələrindən bəhs olunurdu. Foto yerində mənim həmin gecə çətinliklə dəmir qapının o tərəfinə ata bildiyim MMŞ vəsiqəmin iri planda şəklini vermişdilər. Rahim məqalədən xəbər tutan kimi qəzetin Bakıya gələn bütün nüsxələrini kiosklardan almışdı ki, yazı və çap olunmuş şəkil komendaturanın əlinə düşməsin.
Комментариев нет:
Отправить комментарий